Seksual meyl pozğunluqları mövzusunun müzakirəsinin əhəmiyyəti



Yüklə 323,73 Kb.
Pdf görüntüsü
tarix28.12.2016
ölçüsü323,73 Kb.
#3722


Seksual meyl pozğunluqları mövzusunun müzakirəsinin 

əhəmiyyəti 

Şahin Böyükağa oğlu Əlibəyli 

 

The importance of discussing the theme of sexual desire 

disorders  

Shahin Boyukaga oglu Alibeyli 

 

Важность обсуждения темы расстройств сексуального 



влечения 

Шахин Боюкага оглы Алибейли 

 

 

Seksoloji  pozğunluqlar  həm  seksual  disfunksiya,  həm  də 



parafiliyalar şəklində meydana çıxa bilir. Buna görə seksual meylin 

təkcə kəmiyyətcə pozğunluqları haqqında deyil, eyni zamanda onun 

keyfiyyətcə  normadan  kənara  çıxması  barəsində  dürüst  elmi 

məlumatların verilməsi lazım gəlir. 

Seksual həyatın bir çox aspektlərinin gizlədilməsi və onların 

üstündən sükutla keçilməsi arzu olunmayan nəticələrə gətirib çıxarır. 

Ancaq bəzi məsələlər var ki, bədbəxt hadisələrin baş verməməsi və 

xoşagəlməz  əlamətlərin  büruzə  olunmaması  üçün  müvafiq 

qabaqlayıcı tədbirlər görülməsindən ötrü onların məhz vaxtında aşkar 

edilməsi zəruridir. 

Bir  çoxları  fikirləşə  bilər  ki,  əgər  insan  özü  psixi  və  fiziki 

cəhətdən tamamilə normaldırsa, sağlamlığına heç bir şübhə etmirsə, 

onun  seksual  meyl  pozğunluqları  və  cinsi  cinayətlər  haqqında 

bilgilərə ehtiyacı yoxdur. Hətta bəzilərinin qənaətinə görə, hər hansı 

qeyri-adi seksual meyl forması barəsində məlumat verilməsi «ideya» 

kimi  çıxış  edərək  bunu  həyatda  təkrarlamaq  fikrini  formalaşdıra, 

necə  deyərlər,  dəlinin  yadına  daş  salırmış  kimi  effekt  doğura  bilər. 

Ancaq seksual meyl pozğunluqları və cinsi cinayətlər haqqında elmi 

məlumatların, mötəbər bilgilərin əldə edilməsi bir neçə cəhətdən artıq 

zərurətə çevrilmişdir. 




Birincisi,  elektrotexnika  və  rabitə  vasitələri  sahəsində 

misilsiz nailiyyətlər əldə edilməsi nəticəsində insanların informasiya 

əldə etməsi imkanları hədsiz dərəcədə artmışdır. Lap ucqar kəndlərdə 

yüksək  sürətli  internetdən  istifadə  etməyin  mümkün  olduğu  bir 

zəmanədə  müəyyən  seksual  pozğunluq  formasını  insanlardan  gizli 

saxlamağın  məntiqsizliyi  qəbul  edilməlidir.  Nəzərə  almaq  lazımdır 

ki, araşdırıcı, yaradıcı insanlar üçün faydalı internet resursları olduğu 

kimi,  cəmiyyəti  əxlaqsızlığa  sürükləyən,  özbaşınalığa  çağıran, 

intisamsızlığa  səsləyən,  hətta  bəzən  təxribatçı  xarakter  daşıyan  və 

çox  ziyanlı  olan  məlumatların  kütləvi  şəkildə  yayıldığını,  uydurma 

xarakterli  zərərli  materialların  geniş  vüsət  tapdığını,  aşağı 

dünyagörüşünə  malik  savadsız  şəxslərin  lüzumsuz  və  azdırıcı 

fikirlərilə  dolu  forumların,  müasir  kompüter  proqramlarının  geniş 

imkanları  hesabına  montaj  edilməklə  ərsəyə  gətirilən  və  əslində 

çaşdırıcı məqsəd güdən fotoqrafiyaların, çirkabla dolu olan və məkrli 

olduğu  dərhal  sezilən  neçə-neçə  pornosaytın  misli  görünməmiş 

dərəcədə geniş bir miqyasda təsir etdiyini heç bir vəchlə inkar etmək 

olmaz.  Hətta  sağlam  düşüncəli  və  düzgün  əqidəli  adamlara  onların 

xətərsiz  ötüşmədiyi  göz  qabağındadır.  Bunların  hamısından  baş 

çıxarmaq, necə deyərlər, doğrunu yalandan ayıra bilmək üçün elmi 

məlumatlara ehtiyac durmadan artır. 

İkincisi,  normal  cinsi  həyat  sürən  insan  bu  və  yaxud  digər 

seksual  kənarlanması  olan  şəxslə  toqquşduqda,  üzbəüz  gəldikdə, 

yaxud  onu  öz  tələbatını  qeyri-adi  şəkildə  ödəməyə  çalışdığı  vaxtda 

yaxaladıqda  baş  verənləri  düzgün  qiymətləndirmək  və  mövcud 

vəziyyətdən rahatlıqla çıxmaq üçün məlumatlılıq çox kara gəlir. Bir 

tərəfdən  parafiliyalı  insanın  hərəkətinə  düzgün  olmayan,  yersiz  və 

nəzakətsiz  şəkildə  kəskin  reaksiya  verməklə  onu  özünüöldürmə 

həddinə qədər gətirmək olar. Digər tərəfdən ictimai yerdə təsadüfən 

parafiliyalı adamın seksual ehtirasının qurbanı və yaxud şahidi olan 

şəxsin  taktika  baxımından  namünasib  gedişi  arzu  olunmayan 

nəticələrə gətirib çıxara bilər. Belə hallarda seksual pozğunluğu olan 

adamın  qəzəbinə  tuş  gəlmək,  onun  zorakı  hərəkətlərinə  məruz 

qalmaq  (zorlanmaq),  hətta  daha  faciəli  situasiyalarda  olmaq  (çox 




ciddi  bədən  xəsarəti  almaq,  öldürülmək  və  sairə)  tamamilə 

mümkündür. 

Üçüncüsü, yaxın bir adamın, qohumun, qonşunun,  dostun, 

tanışın, bir yerdə çalışdığı kollektiv üzvünün hər hansı seksual meyl 

pozğunluğundan əziyyət çəkdiyinə əmin olduqda, yaxud «müəyyən 

məsələdən» söz düşəndə onun biganə qalmadığından şübhələndikdə, 

beləsinə  vaxtında  dəstək  olmaq,  düzgün  və  səmərəli  kömək  edə 

bilmək  üçün  heç  olmasa  istiqamət  verməkdən  ötrü  yenə  elmi 

səviyyədə məlumatlar lazım gəlir. 

Dördüncüsü,  seksual  meylin  normal  məcradan  çıxması 

barəsində  səhih  məlumat  əldə  edilməsi  hər  bir  insana  ayrılıqda 

seksual-erotik  aktivliyini  sağlam  şəkildə  mülahizə  etməyə,  «incə 

sahə»  hadisələrinə  qətiyyətlə  yanaşmağa,  özünün  intim  həyatdakı 

davranışına düzgün qiymət verməyə yardım edə bilər. 

Beşincisi,  seksual  meyl  pozğunluqları  probleminin  doğru 

başa  düşülməsi  insana  partnyoruna  münasibətində  daha  ədalətli 

mövqe tutmaqda çox kömək edə bilər. Deyək ki, ər-arvaddan birini 

«adi»  seksual  əlaqə  qane  etmir,  onda  həmin  şəxs  yavaş-yavaş 

əqidəsində  möhkəmlənməkdə  olan  «marağını»  artıq  gizlətmək 

istəmir, «Kamasutra»nın təqdim etdiyi pozaları bircə-bircə sınaqdan 

keçirməyə  başlayır,  istədiyini  tapmağa  çalışır.  Qarşı  tərəf  onun  «nə 

itirdiyini»  başa  düşə  bilmir,  əldə  edə  bilmədiyini  durmadan 

«axtarmasını» gördükdə rahatlığı köklü şəkildə pozulur, onun normal 

səviyyədə  cərəyan  etmiş  cinsi  aktdan  niyə  həzz  ala  bilməməsinə 

ancaq  təəccüblənir  və  canının  qorxusundan  tez  bu  «manyakın» 

əlindən  xilas  olmaq  üçün  yollar  axtarır.  Bəzən  tərəflərdən  birinin 

yataqda sadəcə «taktikanı» dəyişmək təklifi digərinə çox dəhşətli bir 

hal  kimi  görünür.  Cinsi  aktı  «ünvansız»  səmtə  meyl  etdirmə  istəyi 

partnyoru  tərəfindən  heç  cür  başa  düşülmür.  Üstəlik,  belə  partnyor 

dərhal ondan aralanmağa, qəlbini didib-dağıdan bu kabusdan tezliklə 

uzaqlaşmağa  qərar  verir.  Çaşqın  vəziyyətdə  yaxşı  düşünə 

bilmədiyindən  özünü  itirmək  həddinə  çatan  adam  gələcəyini 

təsəvvürünə gətirməkdə aciz ola, bundan sonra necə hərəkət etməyi 

və  nələr  törətməyi  sadəcə  bacarmaya  bilər.  Boşanmaq  üçün 




məhkəməyə  müraciət  etmək,  həyat  yoldaşını  götürüb  «müalicə» 

üçün psixiatrın, seksoloqun qəbuluna getmək, məsləhətləşmək üçün 

psixoloqun  və  yaxud  başqa  bir  mütəxəssisin  yanına  yollanmaq, 

partnyorunun  yaxınlarını  xəbərdar  edib  bununla  bağlı  müzakirələr 

aparmaq, bəlkə hələ tələsməyib gələcəkdə «dil tapa biləcəyinə» ümid 

etmək  –  bütün  bunlar həll edilməmiş  olaraq  qalır və  konkret cavab 

gözləyir.  Çarəsiz  vəziyyətə  düşdüyünü  zənn  edən  insan  karıxaraq 

bəzən falçı, cadugər kimi vicdansızların toruna düşür. Oxşar mənzərə 

yeni ailə quran hər bir gəncin başına gələ bilər. Halbuki seksual meyl 

kənarlanmaları  barəsində  düzgün  təsəvvürə  malik  olan  insanın 

soyuqqanlı davranmaqla çox qısa zaman ərzində məsələyə aydınlıq 

gətirməsi,  lazımi  tədbirlər  görməsi,  vəziyyətin  kifayət  qədər  ciddi 

olduğu  hallarda  heç  olmasa itkisiz  ötüşməsi  və  partnyorunun tibbi-

psixoloji  yardım  almasına  şərait  yaratmaqla  savab  bir  iş  görməsi 

mümkündür. 

Altıncısı,  seksual  sahədə  istənilən  qeyri-adi  hadisənin 

respublikamızda  rast  gəlinə  bilməsi  istisna  edilmir.  Azərbaycan 

dünyanın  bir  hissəsidir,  buna  görə  də  ölkəmiz  planetdə  baş  verən 

hadisələrdən  kənarda  qala  bilməz.  Son  illərdə  sürətlə  inkişaf  edən 

Azərbaycanın  dünyaya  inteqrasiyası  bu  baxımdan  diqqətli  olmağın 

zəruriliyini bir daha artırır. Xeyli sayda vətəndaşımız müxtəlif xarici 

ölkələrə  səyahət  edir,  dünyanın  əksər  yerlərindən  ölkəmizə  turistlər 

gəlir.  Şübhəsiz  ki,  əlaqələrin  genişlənməsi  fonunda  bəzi  məkrli 

qüvvələrin fəallaşaraq lazımsız adət və ənənələrini xalqımıza sırımaq 

istəməsi  mümkündür.  Müdrik  xalqımız  milli-mənəvi  dəyərlərimizi, 

əxlaqi  keyfiyyətlərimizi  nə  qədər  qorumağa  çalışsa  da,  ayrı-ayrı 

insanların  xain  qüvvələrə  qoşulması,  vətənə  dönük  çıxması  istisna 

edilmir. Xüsusən seksual sahədə inqilab etmək istəyənlər canfəşanlıq 

göstərirlər.  Respublikamızda  irimiqyaslı  beynəlxalq  tədbirlərin 

keçirildiyi  ərəfədə  belə  yaramaz  insanların  daha  artıq  dərəcədə 

aktivləşməsinin  dəfələrlə  şahidi  olmuşuq.  Müvafiq  dövlət  orqanları 

tərəfindən  vaxtında  lazımi  tədbirlərin  görülməsi,  həmçinin 

vətənpərvər  insanların  iradə  nümayiş  etdirməsi  sayəsində  qara 

qüvvələrin  öz  planlarını  həyata  keçirməsi  mümkün  olmamışdır. 




İnsanları  seksual  sahədə  özbaşınalığa  çağıranlarla,  əxlaqsızlığa 

sürükləyənlərlə  mübarizədə  ən  güclü  silahlardan  biri  elmi 

məlumatlara istinad edən maariflənmənin təşkil edilməsidir.    

Nəhayət,  yeddincisi,  müəyyən  bir  seksual  kənarlanmanın 

yaranmasının qabağını almaqdan ötrü uşaqları tərbiyə edən zaman bu 

sahədə  müvafiq  bilgilərdən  istifadə  olunması  zəruridir.  Açıq-saçıq 

səhnələrin  geniş  yer  aldığı,  bir  çox  hallarda  qeyri-normal  meyl 

formalarının  sanki təbliğ  edildiyi  «müasir»  serialları azyaşlıların  da 

izləyə  bildiyi  bir  vaxtda  onların  suallarını  cavabsız  qoymaq 

istəməyən valideynin səhv izahat verməsi həyatın ağuşuna təzə-təzə 

atılmaqda  olan  şəxsiyyətin  psixoseksual  inkişafına  sadəcə  sarsıdıcı 

zərbə endirə bilər. 

Təxminən  25–30  il  bundan  əvvəl  cəmiyyətdə  əxlaqsızlığın 

geniş  yayılması  haqqında  nəinki  yazmaq,  hətta  bərkdən  danışmaq 

belə  qəbahət  sayılırdı.  Böyük  imperiyanın  yürütdüyü  siyasətin 

təsirinin  labüd  nəticəsi  olaraq  belə  bir  istiqamət  götürülmüşdü  ki, 

bizə  nəyi  deyirdilərsə  dərhal  buna  inanmalı  və  təkrar  etməli  idik, 

daha  onun  əleyhinə  çıxmağa,  fikir  və  münasibətimizi  bildirməyə, 

iradımızı bəyan etməyə, təklifimizi çatdırmağa sadəcə haqqımız yox 

idi, sanki hər şey əlimizdən alınmışdı. Yüksək kürsülərdən beyinlərə 

amiranə  şəkildə  yeridilirdi  ki,  bizim  cəmiyyətdə  ələyrilik,  oğurluq, 

quldurluq,  özbaşınalıq,  vəzifədən  sui  istifadə  etmə,  yalançılıq, 

xəyanət, fahişəlik, narkomaniya, homoseksualizm, zoofiliya və başqa 

heç bir neqativ hal ola bilməz. Bunlar yalnız kapitalizm cəmiyyətinə, 

burjua  ölkələrinin  vətəndaşlarına  xas  olan  eybəcər  hallardır, 

mütərəqqi  düşüncəli  insanların  belə  yaramaz  hərəkətlər  etməyə 

sadəcə  ehtiyacı  yoxdur.  Heç  kim  deyə  bilməzdi  ki,  yalan  pərdəsi 

altında  cəmiyyətdə  bütün  neqativ  hallar  gizlincə  inkişaf  edəcək, 

danılmaz  faktlar  kimi  ortaya  qoyulacaqdır.  «Bizdə  seks  yoxdur»  – 

deyənlər çox  keçmədən başa  düşdülər  ki,  insanları uçuruma  aparan 

pozğun həyat tərzi artıq genişlənmiş və ölçüsü günbəgün artmışdır. 

Hər  hansı  bir  şeyin  inzibati  tədbirlərlə  qadağan  olunması 

məsələnin  doğru  həlli  yolu  deyildir,  çünki  belə  qadağa  müəyyən 

müddət  keçdikdən  sonra  həmişə  əks  effektə  səbəb  olur,  vəziyyətin 




kifayət  qədər  gərginləşməsinə  gətirib  çıxarır.  Uzun  müddət  seks 

mövzusunun  məhz  qapalı  olması,  müzakirəyə  şıxarılmaması 

ucbatından  qadağa  götürüldükdən  sonrakı  dövrdə  anlaşılmaz 

vəziyyət  yaranmışdı.  Hər  şeydən  öncə  aşağı  keyfiyyətli  bulvar 

məhsullar yığını sel kimi ortaya tökülməyə başladı. Cildi və səhifələri 

çılpaq şəkillərlə bəzədilmiş qəzet və jurnallarda seksual həyat daha 

maraqla qarşılanan bir mövzuya çevrilmişdi. Hətta maddi cəhətdən 

varlanmağı  hər  şeydən  üstün  tutan  bəzi  vicdansız  müəlliflər 

informasiya  qıtlığından  məkrli  şəkildə  istifadə  edərək  keyfiyyətsiz 

kitablar nəşr etdirməklə insanlara sırımağa başlamışdılar. Həqiqətdə 

insanların düzgün elmi məlumatlara malik kitablara ehtiyacı vardır. 

Seksoloji  məlumatların  azlığı  çoxlu  problem  yaradır.  Axı, 

cinsi həyatla bağlı məhdud məlumata malik insanlar bir sıra hallarda 

çətinliklərlə üzləşirlər. 

 

İstifadə olunmuş mənbələr 



 

1. Əlibəyli Şahin Böyükağa oğlu. Seksual meylin keyfiyyət 

pozğunluqlarının  fenomenologiyası  və  təsnifatı  [Mətn].  Bakı, 

«Gənclik» nəşriyyatı, 2005, 530 səh.  

2.  Еникеева  Диля  Дэрдовна.  Сексуальная  патология 

(серия  «Беседа  с  доктором»)  [Текст].  В  двух  книгах,  вторая 

книга, Москва, издательство «Бином», 1997, 192 стр.  

3.  Кон  Игорь  Семѐнович.  Введение  в  сексологию 

[Текст].  Монография.  Учебное  пособие.  Москва,  издательство 

«Медицина», 1988, 320 стр.  

4.  Кон  Игорь  Семѐнович.  Введение  в  сексологию 

[Текст].  Монография.  Учебное  пособие.  Издание  второе, 

дополненное  /  Рецензент:  профессор  Георгий  Степанович 

Васильченко. Москва, издательство «Медицина», 1989, 336 стр.  



Yüklə 323,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin