Şəngülüm, Şüngülüm, Məngülüm



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix13.04.2017
ölçüsü0,56 Mb.
#13892
1   2   3   4   5

Taxta qılınc 

 

Biri var idi, biri yox idi, bir padşahın bir oğlu, bir də arvadı var idi. Bir gün bu 



padşah oğlunu, vəzirini, vəkilini götürüb qoşun ilə şikarə çıxır. Xeyli ov elədikdən 

sonra, bir gözəl çəməndə çadır qurub, oturaq edirlər. 

   Padşahın oğlu həya etdiyindən, öz çadırını bir kənarda qurur. Padşah oğlunu çox 

istədiyindən, tez-tez onu yoxlar. Yenə də qalxıb oğlunu yoxlamağa gedir. Gəlib 

çadıra girdikdə, baxıb görür ki, çadırın dalından bir qızıl ilan daxil olub oğlunu 

çalmaq üzrədi. Tez padşah başmağının bir tayını su ilə doldurub, ilanın qabağına 

qoyur. İlan su içir qayıdır. Padşah oğlunu oyadıb deyir: 

   - İstəkli oğlum! Bir çörəyim övsanata keçdi, qalx, burada yatmaq məsləhət deyil. 

   Padşah əhvalatı ona söyləyərək, oğlu ilə bərabər öz çadırına qayıdır. Bir az sonra 

köçüb şəhərə gedirlər. Bu əhvalatdan bir neçə gün sonra, padşahın arvadı bərk 

naxoşluyur. Oğlunu yanına çağırıb, ona belə bir vəsiyyət edir. 

   - İstəkli oğlum! Bu xəstəlikdən mən qalxmayacağam, öləcəyəm. Mən öləndən 

sonra atan gedib başqa-arvad alacaq. Təzə aldığı arvad səni yola aparmayacaq. 

Atan ilə sənin aranda zidlik düşəcək, get-gedə zidlik artacaq. Atan qeyzə gəlib səni 

öldürmək istəyəcək. Atanı o məqama qoyma! Baş götür bir müddət vilayətindən 

çıx, get! Yolda hər kəs ki, sənlə yoldaş oldu, çörəyi yeyəndə, sən öz çörəyini 

ortaya qoy! Hərgah yoldaşın çörəyin çox hissəsini sənin qabağına qoysa onunla 

yoldaş ol, yox, qabağına qoymasa, onda ondan ayrıl! Bir də yoldaşınla bir çayın 

kənarına yetişsən, sən ona təklif elə ki, gəl dalıma min, səni sudan keçirdim. Əkər 

o səni dalına alıb, sudan keçirtsə, onda onunla yoldaş ol, yox, sənin dalına minsə, 

onunla yoldaş olma, tez ondan ayrıl! 

   Bu sözləri söyləyib ana vəsiyyətlərin tamam eləyir. Oğlan ağlayıb ayağa qalxır, 

anasının əlindən öpüb otaqdan çıxır. 

Bir neçə gündən sonra, padşahın arvadı ölür və bir müddətdən sonra, padşah gedib 

bir arvad alır. Bu təzə arvad nanəcib olduğundan, oğlanı yola verməyib hər nə ilə 

mümkündüsə atası ilə onun arasına zidlik salmağa çalışır. Odur ki, şahzadə 

anasının vəsiyyətinə əməl edib, baş götürür, atasının vilayətindən çıxıb gedir. 

   Eşit, səni deyim şahzadədən. 

   Şahzadə yolda həmin çadır qurduqları yerdə bir cavan oğlana rast gəlir. Oğlan 

ondan haraya getdiyini soruşur.    Şahzadə: 

   - Başqa bir vilayətə - deyib cavab verir. 

   - Mənim adım Taxta Qılıncdı. Məni özünlə bərabər götür - deyib cavan oğlan 

şahzadədən rica eləyir. Xülasə, yoldaş olurlar. Bir qədər yol gedəndən sonra, bir 

yerdə oturub çörək yemək istəyirlər. Şahzadə bir çörək çıxardıb ortaya qoyur. 

Oğlan çörəyi kəsib çox hissəsini şahzadənin, az hissəsini öz qabağına qoyur. Oğlan 

görür ki, anasının vəsiyyət elədiyi kimi yoldaşlığa layiq bir oğlandı. Çörək yeyib 

yola düşürlər. Yolda bir çaya yetişirlər. Şahzadə ona təklif eləyir ki, gəl dalıma 

min, səni sudan keçirdim. Oğlan razı olmayıb, şahzadəni dalına alıb sudan keçirir. 

Bir müddət keçəndən sonra bir şəhərə yetişirlər, burda ev tutub mənzil eləyirlər. 

Ertəsi gün oğlan padşahın oğluna deyir ki: 

   - Qardaş, sən evdə otur, mən gedim qazanım, gətirim, bərabər yeyək! 

 

26



   Oğlan gedib, gündə qazanıb gətirirdi, bəham yeyirdilər. Bir gün belə, beş gün 

belə, axırda padşahın oğlu fikir eləyir ki, nə vaxta kimi bu oğlan qazanıb gətirəcək, 

mən də yeyib bekar evdə oturacağam. Mənim də iş görməyim lazımdı. Bu fikir ilə 

başmağın geyib, evdən kənara çıxır, küçələri dolanır, bir vaxt baxıb görür ki, 

hündür bir imarətin pəncərəsindən gözəl bir qız baxır. Qızı görüb ona aşiq olur. 

Demə, bu imarət padşahınkı, qız da padşahın qızı imiş. Padşahın oğlu fikirli 

mənzilə qayıdır. Bir az keçir, yoldaşı gəlir. Oğlan baxıb görür ki, şahzadə çox 

bikeyfdi. Bundan səbəbini xəbər alır. Şahzadə əhvalatı ona danışır. Oğlan gülüb 

deyir: 

   - Elə bundan ötəri bikeyf olmusan? Bu ki, asan işdi. Yaxın bir vaxta o qızı sənə 



alaram. 

   Sabahısı gün oğlan gedib elçi daşının üstündə oturur. Padşaha xəbər gedir ki, elçi 

gəlib. Həmin saat adam göndərirlər ki, gedin görün, sözü nədi. Oğlan cavab verir 

ki: 


   Padşahın qızın qardaşım üçün istəyirəm. 

   Padşah xəbər göndərir ki, mənim imarətim kimi bir imarət tikdirsə, qızımı 

verərəm. Oğlan qəbul eləyir. Ertəsi gün xalq yuxudan oyananda baxıb görürlər ki, 

padşahın evin qabağında bir ev tikilib ki, padşahın evindən min dəfə artıq. Oğlan 

padşaha xəbər göndərir ki, ev hazırdı. Padşahın deyəcək sözü olmayıb, qızı verir. 

Toy olur, şahzadə qızın yanına getmək istəyəndə oğlan deyir: 

   - Qardaş, hələ dayan, qoy qabaqca mən gedim gəlim, sonra sən get! 

   Şahzadə qəbul eləyir. Oğlan qızın yanına gəlib onun ağzından üfürür. Həmin saat 

qızın ağzından bir-birinin ardınca on bir ilan çıxır. Hər birisi çıxdıqca istəyir ki, 

oğlanı vursun. Amma oğlan zirəklik edib, bir-bir on birini də öldürür. Sonra 

qulağını qızın ağzına qoyub, görür ki, bir ilan da qalıb. Xülasə, qayıdıb oğlanı qızın 

yanına göndərir. 

Demə ki, bundan qabaq qızı kimə verirlərmiş, əvvəlinci gecədə ilanın biri çıxıb 

oğlanı vurub öldürürmüş. Bununla qızı bir neçə ərə veriblər, ilanlar öldürüb. Odu 

ki, padşah yəqin edibmiş ki, bu oğlan da sabah salamat çıxmayacaq. 

   Ertəsi gün sübh tezdən padşah bir adam göndərir ki, oğlandan bir xəbər gətirsin. 

Gəlib görürlər ki, oğlan sağ salamat oturub qız ilə söhbət edir. Bu xəbəri padşaha 

aparanda padşah əmr eləyir ki, camaat üç gün şadlıq eləsin. 

   Xülasə, bir müddət burada qaldıqdan sonra, şahzadə öz vilayətinə qayıtmaq 

fikrinə düşür. Padşahdan rüsxət istəyir, çox təkiddən sonra padşahdan izin alır. 

Padşah bunlara çoxlu mal, qızıl-gümüş, dövlət verib yola salır, əmr eləyir ki, üç 

mənzil bunları ötürsünlər. Müxtəsər, şahzadə oğlanla əvvəl görüşdükləri yerə 

gəlirlər. Burada oğlan şahzadəyə deyir. 

   - Qardaş, tay ayrılmalıyıq. Bu mal, dövləti də, qızı da bahəm qardaşlıqda gərək 

yarı bölək! 

   Şahzadə razı olur. Hər şeyi bölürlər. Ancaq bölünməmiş bir dəvə, bir qatır, bir də 

padşahın qızı qalır. 

   Oğlan deyir: 

   - Bunları da yarı bölməliyik. 

   Qılıncın çəkib əvvəl dəvəni, sonra qatırı ortadan yarı bölür. Növbə qıza gəldikdə, 

şahzadə nə qədər yalvarırsa qızı bölməsin, oğlan razı olmur. Axırda şahzadə təklif 

 

27



eləyir ki, cəmi dövlət onun olsun, ancaq qız bunun olsun. Oğlan yenə razı olmur. 

Sonra şahzadə təklif eləyir ki, qızı bütöv götürsün. Yenə də oğlan razı olmur, 

götürüb bir ağaca sarıyıb, qılıncı çəkib qaldırır, istəyir ki, qızın başın üzsün. Qız 

qorxusundan qusur, ağzından axırıncı ilan düşür.    Bundan sonra oğlan qılıncı yerə 

qoyub şahzadəyə deyir: 

   - Mənə mal, dövlət, qız lazım deyil. Məqsədim həmin ilanı qızın ağzından 

çıxartmaq idi. Bu çıxmasaydı, bir gün çıxıb səni həlak edəcəkdi. İndi bu malı, 

dövləti, qızı götürüb atanın yanına get! Bir də məlumun olsun ki, mən insan 

deyiləm. Mən həmin ilanam ki, atan yaxşılıq edib başmaq tayında mənə su 

vermişdi. İndi mən yaxşılığın borcundan çıxdım. Xudahafiz! 

   Bunu deyib oğlan bir ilan olub, bir deşiyə girib, gözdən itir. Bundan sonra 

şahzadə atasının vilayətinə gəlir. Atası oğlunun gəlmək xəbərini eşidib pişvaza 

çıxır, onları cəlalla şəhərə gətirir. Təzədən toy başlanır. Onlar yeyib, içib yerə 

keçir, biz də yeyib, içək dövrə keçək! Göydən üç alma düşdü, biri mənim, biri 

nağıl deyənin, biri də qulaq asanın.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

28



Sehirli şamdan 

 

 



Biri var idi, biri yox idi, bir padşah var idi. Onun gözləri neçə vaxt idi ki, kor 

olmuşdu. Nə qədər loğman gəlmişdisə, onu sağalda bilməmişdi. Bir dəfə bir 

loğman gəldi, padşahın gözlərinə baxıb dedi:  

   -Padşah sağ olsun, sənin gözlərinin dərmanı var, amma əlçatmaz yerdədir.  

   Padşah soruşdu:  

   -Sən yerini de, mən tapdıraram.  

   Loğman dedi:  

   -Ağ dəryada bir xallı bulaq var, onun qanı gözlərinə dərmandır.  

   Loğman sözlərini qurtaran kimi padşah car çəkdirdi, bütün balıqçıları yığdırdı. 

Ağ dəryanın sahilinə, sonra da oğlunu çağırıb dedi:  

   -Oğul, bir dəstə adam götür, həmin xallı balıq çıxana kimi nə qədər balıq varsa, 

hamısını tutdurub tökdür qırağına.  

   Oğlan balıqçılara əmr elədi ki, kim xallı balığı tutsa çoxlu bəxşiş alacaq. 

Balıqçılar torlarını atıb balıq tutmağa başladılar. Birdən tordan xallı balıq çıxdı. 

Oğlan baxıb gördü ki, bu elə qəşəng balıqdır ki, adam sağ əlini kəsməyə qıyar, 

amma onun ölümünə qıymaz. Oğlan heyfsilənə-heyfsilənə istədi balığın başını 

kəssin. Birdən balıq dilə gəlib dedi:  

   -Ey oğlan, məni öldürmə, vaxt gələr sənə lazım olaram.  

   Oğlan fikrindən keçirdi ki, atamın gözü bəlkə heç açılmadı. Bu balıq ki dil açıb 

belə yalvardı, yaxşısı budur, onu buraxım. Oğlan balığı atdı dəryaya. Sonra üzünü 

balıqçılara tutub dedi:  

   -Əgər bu sirri bir adam açsa, başını bədənindən üzəcəyəm.  

   Balıqçılar and içdilər ki, bu sirri açmayacaqlar. Oğlan onların zəhmət haqqını 

verib yola saldı. Sonra qayıdıb atasının yanına gəldi və dedi:  

   -Ata, nə qədər axtardıqsa, xallı balığı tapa bilmədik.  

   Padşah bir söz demədi. Lənət mərdimazara, deyiblər, bir gün gəlib xəbər verdilər 

ki, ey padşah, sənin gözünün dərmanı olan xallı balığı balıqçılar tutmuşdular. 

Amma oğlun onu tordan açıb dəryaya buraxdı. Padşah bu sözü eşidən kimi əmr 

elədi ki, oğlunun boynu vurulsun. Vəzir, vəkil padşaha yalvardılar ki, bir qələtdi 

eləyib, oğlunu öldürmə. Padşah dedi:  

   -Yox, gərək ölsün. O mənim ölməyimi istəyir ki, taxt-tacıma sahib olsun.  

   Padşah yola gəlmirdi, axırda ağsaqqal, qarasaqqal yalvardılar ki, heç olmasa 

oğlunun ölümündən keç, sürgün elə. Padşah bir az yumşalıb onların sözünü eşitdi. 

Dedi ki, onda çıxıb torpağımdan getsin.  

    Padşah oğlu həmin gün yola düşdü. Ağ dəryanın qırağı ilə gedirdi, yolda bir 

oğlana rast gəldi. Oğlan soruşdu:  

   -Qardaş, hara belə?  

   Şahzadə cavab verdi:  

   -Heç özüm də bilmirəm. Baş götürüb gedirəm, ayağım hara, başım da ora.  

   Oğlan dedi:  

   -Elə mən də sənin kimiyəm. Gəl yoldaş olaq.  

   Padşah oğlu dedi:  

 

29


   -Yoldaş yox, lap gəl qardaş olaq.  

   Hər ikisi dostlaşıb başladılar yol getməyə. Bir az gedəndən sonra oğlana yolda 

rast gələn adam dedi:  

   -Qardaş, soruşmaq ayıb olmasın, nə peşənin sahibisən?  

   Padşah oğlu dedi:  

   -Heç bir peşəm yoxdur.  

   Oğlan dedi:  

   -Eybi yoxdur, mən yaxşı həkiməm. Şəhərləri, kəndləri gəzərik, nə qazansam, 

səninlə yarı bölərəm, dolanarıq.  

   Xeyli yol gedib bir şəhərə çatdılar. Həmin şəhərin padşahının bircə qızı var idi. 

Yeddi il idi ki, qızın dili tutulmuşdu. Padşah əhd eləyibmiş ki, hər kim qızımın 

dilini açsa, qızı ona ərə verəcəyəm, aça bilməsə boynunu vurduracağam. Qızı 

almaq həvəsinə düşən həkimlər hər gün gəlirdilər, heç bir əlac eləyə bilmirdilər.  

   Padşahın oğlu ilə həkim də gəlib həmin şəhərə çıxdılar. Gördülər bir adamı dar 

ağacından asıblar. Xəbər aldılar ki, bunu niyə asıblar? Adamlar dedilər:  

   -Padşahın bir qızı var, yeddi ildir ki, dili tutulub. Bu həkim gəlmişdi ki, onun 

dilini açsın. Aça bilməyib, padşah da asdırıb. 

Həkim bu sözü eşidən kimi yoldaşını da götürüb getdi padşahın yanına. Ədəblə baş 

endirib dedi:  

    -Mən gəlmişəm qızının dilini açım.  

   Padşah oğlanı xoşsifət götüb dedi:  

   -Ey cavan, indiyə kimi qırx həkim gəlib, heç biri qızımın dilini aça bilməyib, 

hamısını öldürtmüşəm. Yazıqsan, sənə heyfim gəlir. Aça bilməsən boynunu 

vurduraram.  

   Oğlan dedi:  

   -Padşah sağ olsun, mən o ölənlərdən artıq deyiləm ki, aça bilməsəm, öldürərsən. 

İzin ver, gedim qızının yanına.  

   Həkim yoldaşını da götürüb getdilər qızın yanına. Bu tərəfdən də padşah, vəzir, 

vəkil getdilər qızın evinə, başladılar xəlvətcə qulaq asmağa. Həkim qızın yanına 

girəndə ona heç bir söz demədi. Otaqda ləl-cəvahirata tutulmuş gözəl bir qızıl 

şamdan var idi. Üzünü şamdana tutub dedi:  

   -Salam, ay qızıl şamdan.  

   Bu həmin qızıl şamdan idi ki, qıza ölmüş anasından yadigar qalmışdı. Qız onu 

özündən artıq sevirdi. Anası öləndən sonra qız and içmişdi ki, yeddi il dinib-

danışmayacaq. Ona görə də özünü lallığa vurmuşdu.  

   Həkim oğlan şamdana salam verəndən sonra dedi:  

   -Ey qızıl şamdan, bu gecə sənə qonağam. Bir nağıl söyləyəcəyəm, qulaq asıb 

cavab verərsən. Ay qızıl şamdan, günlərin bir günü bir dərzi, bir dülgər, bir həkim 

yoldaş olub yol gedirdilər. Bir qədər yol gedib meşədə axşamladılar. Gördülər 

yuxuları gəlir, fikirləşdilər ki, üçü də birdən yatsa gecə onları qurd-quş yeyər. Odur 

ki, növbə ilə yatmağı qərara aldılar. Çöp atdılar, ilk gözləmə növbəsi dülgərə 

düşdü. Əlinin qabiliyyətini göstərmək üçün o ülgüclə ağacdan bir qız düzəltdi. 

Gecədən bir xeyli keçdi. Gözləmə növbəsi dərziyə çatdı. Dərzi də əlinin 

qabiliyyətini göstərmək üçün bir dəst paltar tikib qızın əyninə geyindirdi. Səhərə 

 

30


yaxın növbə çəkmək həkimə düşdü. O da öz bacarığını göstərmək üçün ona 

dərman verib cana gətirdi. Səhər açıldı, dülgər dedi:  

   -Bu qızı ağacdan yonub əvvəlcə mən düzəltmişəm, odur ki, qız mənimdir.  

   Dərzi dedi:  

   -Paltarını mən tikmişəm, qız mənə düşür.  

   Həkim dedi:  

   -Ona canı mən vermişəm, mənim olmalıdır.  

   Qızın üstündə dava düşdü. İndi ay qızıl şamdan, söylə görüm o qız üç yoldaşın 

hansının olmalıdır?  

   Qızıl şamdandan cavab çıxmadı.  

   Oğlan dedi:  

   -Ay qızıl şamdan, cavab ver, yoxsa sənə bir ağac vuracağam ki, qırıq-qırıq 

olacaqsan.  

   Şamdan yenə cavab vermədi. Oğlan geri çəkilib şamdanı vurmaq istəyəndə qız 

dözə bilmədi, dilə gəlib dedi:  

   -Ay oğlan, şamdan da danışarmı? Ona dəymə, qoy mən deyim.  

   Oğlan dedi:  

   -De görüm, düzmü tapacaqsan?  

   Qız dedi:  

   -Dülgər zəhmət çəkib dülgərlik haqqını, dərzi də paltar haqqını alsın. Qıza can 

verən həkimdir, canı pulla satın almaq olmaz. Deməli, qız həkimin olmalıdır.  

   Padşah, vəzir, vəkil, qapıdan qızın danışdığını eşitdilər. İçəri girib oğlandan 

razılıq elədilər. Padşah öz əhdini yerinə yetirib çoxlu cehiz, qul-qaravaşla qızını 

verdi oğlana. Həkim qızı götürüb dostu padşah oğluyla bərabər gəldilər həmən 

dəryanın qırağına ki, orada dost olmuşdular. Bu yerlərdən keçəndə qız dedi:  

   -Ey həkim, siz böyük bir hiylə ilə məni danışdırıb əhdimi pozdunuz, mən bilmək 

istəyirəm görüm, siz kimsiniz, məni hara aparırsınız?  

   Həkim dedi:  

   -Mən balıqlar padşahının oğluyam. Hər dona girməyi bacarıram. Bir gün mən bu 

Ağ dəryada üzürdüm. Balıqçılar məni tora salıb tutdular. Mənim qanım padşahın 

gözünə dərman idi. Bu oğlan məni öldürməyib salamat buraxdı. İndi mən səni 

cehizli, qul-qaravaşlı bağışladım bu oğlana. Bu gündən sən mənim bacım, padşah 

oğlu da yeznəmdi. Nə vaxt sizə lazım olsa, gəlib Ağ dəryanın qırağında məni 

səslərsiniz.  

   Oğlan bunu deyib qanından bir az şüşəyə tökdü, verdi padşah oğluna, dedi:  

   -Apar atanın gözünə sürt, yaxşı olsun.  

   Həkim təzədən onlarla vidalaşıb balığa döndü, özünü dəryaya vurub gözdən itdi.  

   Padşah oğlu qızı götürüb gəldi atasının şəhərinə. Ata-anası ilə öpüşüb-görüşdü. 

Balığın qanından atasının gözlərinə sürtdü. Padşahın gözləri açıldı.  

   Padşah böyük bir məclis düzəldib şəhəri bəzətdi, oğlunu qırmızı geyindirib öz 

yerinə taxta çıxartdı. Qırx gün, qırx gecə oğluna toy elədi. Onlar xoş gün görüb, 

ömür keçirdilər. Siz də ömrünüzü xoş günə calayasınız.  

 

 

 



 

31


Nar qızı 

 

 



Biri vardı, biri yoxdu, bir padşahın bir oğlu vardı. Bu oğlan bir gecə yatıb yuxuda 

Nar qızını gördü və ona aşiq oldu. Sübh olanda vəziri çağırıb yuxusunu ona 

söylədi, dedi:  

- Gərək gedib Nar qızını mənə alasan.  

Vəzir ərz elədi:  

- Başqa hər nə əmrin varsa, söylə yerinə yetirim, amma onu gətirməyi mənə 

tapşırma. Onu mən bacarmaram, çünki Nar qızı devlərin içindədi.  

Padşah oğlu dedi:  

- Hökmən gərək gedəsən. Yoxsa boynunu vuraram.  

Vəzirin əlacı kəsilib razılıq verdi. şahzadə buna xeyli pul verib, tədarük görüb yola 

saldı. Vəzir gedəndə bazardan bir qır-saqqız aldı. Bir müddət yol gedəndən sonra 

gəlib bir evə çıxdı. İçəri girəndə baxıb gördü ki, burda bir qarı oturub ki, alt dodağı 

yer süpürür, üst dodağı göy süpürür. Qarı bunu görəndə sevinib dedi:  

- Qadan alım, nə yaxşı gəldin, altı ay olar ki, adam əti yeməmişəm. Tez gəl, səni 

yeyim. Yoxsa oĞlanlarım gəlib səni mənim əlimdən alıb yeyərlər, mənə bir şey 

verməzlər.  

Bu sözləri eşidəndə vəzir qarının ağzına bir qədər qır-saqqız tulladı. Qarı saqqızı 

çeynəməyə başladı və yazığı gəlib bunu yemədi. Vəzir özü də sehr bilirdi. Qarının 

oğlanları gəlməyə yaxınlaşanda sehr oxuyub, bir çuvalduz oldu, girdi deşiyə. Bu 

halda oğlanlar evə gəlib analarına dedilər:  

- Ana, adam-badam iyisi gəlir, yağlı badam iyisi gəlir. Qatır gələr - dırnaq salar, 

quş gələr - qanad salar. De görək, bura kim gəlmişdi?  

Qarı cavab verdi:  

- Bura kimsə gəlməyib, yəqin özünüz adam tapıb yemisiniz, iyi dişlərinizin 

dibindən gəlir. Hərgah bura adam gəlsə, yeyərəm, sizə də saxlıyaram.  

Qarının oğlanları inanıb yatdılar. Sübh olanda genə işlərinə getdilər.  

Oğlanlar gedən kimi vəzir genə də adam olub, qarıdan Nar qızının yerin soruşdu.  

Qarı cavab verdi:  

- Onu görmək müşküldü, bu fikirdən əl çək. Devlər səni öldürərlər.  

Vəzir cavab verdi:  

- Hər nə olsa, gərək gedəm, o qızı tapam.  

Qarı gördü ki, əlac yoxdu, Nar qızının yerin söyləyib dedi:  

- Buradan bir az uzaqda bir baĞ var. O bağda nar ağacı var. Ağacın başında üç nar 

var. Amma ağacın ətrafında devlər keşik çəkirlər. Gərək o narları elə dərəsən ki, 

devlərin xəbəri olmasın.  

Vəzir qarıdan Nar qızının yerini öyrənəndən sonra yola düşüb, haman bağa yetişdi. 

Divardan baxıb gördü ki, doğrudan da devlər keşik çəkirlər. Qorxusundan əfsun 

oxudu, bir milçək olub, divarın arasında gizləndi. Gecə yarısı, devlər yuxuya 

gedəndə xəlvətcə gedib bu üç narı üzüb geri qayıtdı. Devlərin ondan xəbərləri 

olmadı.  

Vəzir kənara çıxan kimi dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər 

kimi gəlib öz şəhərlərinə çatdı.  

 

32


Bir kənarda oturub əvvəlcə narın birini parçaladı. İçindən bir şey çıxmadı. 

İkincisinnən də bir şey çıxmadı. Üçüncüsünü parçalayanda içindən bir gözəl qız 

çıxdı. Qız nardan çıxan kimi, böyüyüb on beş yaşında bir nazənin sənəm oldu. 

Vəzir istədi ki, onu padşaha aparsın.  

Qız dedi:  

- Məni bu hal ilə aparma. Get, libas gətir geyinim. Özü də toy edin, sonra aparın.  

Vəzir qızı bir çinarın başında qoyub gəldi, əhvalatı evdə söylədi, həm də şahzadəyə 

dedi ki, toy tədarükünə başlasın. Vəzirin qulluqçusu su üçün qab götürüb, haman 

çinarın dibindəki quyuya tərəf gəldi. Baxıb gördü ki, suda gözəl bir qızın əksi 

görünür. Yuxarı baxanda gördü ki, çinarın başınla bir nazənin sənəm əyləşibdi. 

Qulluqçu əhvalatı bilirdi. Bu da çinarın başına çıxıb qız ilə bir az söhbət eləyəndən 

sonra itələyib qızı quyuya saldı, özü onun yerində oturdu. Nar qızı quyudan çıxıb, 

kənarda bir gül aacı oldu.  

Qərəz, toy tədarükünü gördülər. şahzadə paltar götürüb, vəzir, vəkil və xeyli qoşun 

ilə qızı aparmaa gəldilər. Gəlib gördülər ki, aacın başında bir qara qız əyləşib. 

şahzadə vəzirdən soruşdu:  

- Bu qız niyə belə qaradı?  

Vəzir təəccüb edib dedi:  

- Acdır, həm də yəqin günün qabaında qalıb, odu ki qaralıb.  

Xülasə, qara qızı götürüb şəhərə gəldilər. Toy edib şahzadəyə tapşırdılar.  

Vəzir çinarın dibindəki güldən bir dəstə dərib gətirdi evlərinə. Ertəsi gün bunu 

şahzadənin arvadı qara qıza göndərdi. Qara qız bu gülü alıb pəncərədən eşiyə atdı. 

Gül dönüb oldu bir çinar aacı.  

Bir ildən sonra şahzadənin həmən qara qızdan bir olu oldu. Arvad şahzadəyə dedi:  

- Çinarı kəsdirib uşaa beşik qayıtdırarsan.  

şahzadə çinarı kəsdirib, taxta yondurdu. Bu taxtanın birini bir qarı aparıb evində 

taxçaya qoydu. Hər gün bu qarı gedib bazardan yun alıb, əyirib satar, qazancı ilə 

dolanardı. Bir gün genə gedib, bazardan on girvənkə yun aldı, evə qoyub, getdi. Bu 

zaman taxta dönüb Nar qızı olub evi süpürdü, bir yaxşı plov bişirdi. Plovun 

üstündən bir az yeyib qalanını qarıya saxladı. Bundan sonra Nar qızı yunun 

hamısını darayıb cəhrədə əyirdi, genə də taxta olub, taxçada öz yerində oturdu. 

Qarı evə gələndə gördü ki, ev təmiz süpürülüb, yun tamam daranıb, əyirilib. Ocaa 

baxanda gördü ki, plov da dəmdədi. Qarı bu işə təəccüb elədi. Həmin gün ipi 

aparıb bazarda satdı. Ertəsi gün bu əhvalat genə oldu. Belə-belə hər gün qarı hər 

şeyi hazır gördü. Axırda gedib əhvalatı qonşularına söylədi. Qonşuları buna 

məsləhət gördülər ki, evdə gizlənib pussun. Qarı bu sözə əməl edib, ertəsi gün 

bazara getmək bəhanəsilə bir tərəfdə gizləndi. Bir də baxıb gördü ki, şahzadənin 

evindən gətirdiyi taxta dönüb bir qız oldu. Evi təmiz süpürüb, yunu daradı, əyirdi. 

Sonra yaxşı bir plov bişirib üstündən bir az yedi, qalanını genə ocaĞın üstünə 

qoydu. Bu halda qarı gizləndiyi yerdən tez çıxıb qızı tutdu. Qız buna yalvarıb dedi:  

- Bu sirri heç kimə söyləmə.  

Qarı cavab verdi:  

- Xatircəm ol, söyləmərəm. Burda mənim yanımda qal, mənə kömək et.  

Qız buna razı olub, qarının yanında qaldı. Bir gün şəhərə xəbər çıxdı ki, padşahın 

oğlu səfərə getmək istəyir. Ona görə də bir ayın müddətində hər kəs ata yaxşı 

 

33



baxsa, ona padşah çox pul verəcək. Bu xəbəri eşidəndə Nar qızı qarıya yalvarıb 

dedi:  


- Gedib şahzadədən sən də bir at al.  

Qarı cavab verdi:  

- Bizim nə otumuz var, nə arpa-samanımız, nə də tövləmiz. Atı saxlaya bilmərik, 

daşı ətəyindən tök.  

Qız dedi:  

- Sən get, al gətir, sonrası mənim işimdi.  

Xülasə, qarı gedib şahzadədən at istədi. şahzadənin adamları onu başdan eləmək 

üçün bir arıq at verdilər. Qarı da atı evə gətirdi. Qız atı görəndə bir o tərəfə üfürdü, 

bir bu tərəfə üfürdü. Çoxlu arpa-saman oldu. Qız atı töyləyə çəkib, burada ona 

baxmaĞa başladı.  

Ay tamam olanda atları yığdılar. şahzadə atlara baxanda heç birisini bəyənmədi. 

Bu halda şahzadəyə xəbər verdilər ki, bir at da filan qarıda qalıb. şahzadənin 

adamları gəlib qarının qapısını döyəndə, qarı qabağa çıxdı, baxıb gördü ki, atı 

aparmağa gəliblər. Gedib qıza xəbər verdi.  

Qız söylədi:  

- Get, atı ver aparsınlar.  

Adamlar gəlib töyləyə girəndə, at bunları yanına qoymadı. Qabağa keçəni 

dişləyirdi, dala keçəni təpiklə vururdu. Xülasə, apara bilməyib, gedib şahzadəyə 

xəbər verdilər. Bu dəfə şahzadə adamları götürüb özü gəldi. Nə qədər çalışdılarsa 

da, atı tövlədən çıxarda bilmədilər. Axırda qarını çağırıb dedilər:  

- Atı kim bəsləyibsə, gəlsin tövlədən çıxartsın.  

Nar qızı bunu heç kəs tanımasın deyə, başına bir palaz parçası salıb, gəlib tövlədən 

atı çıxarıb şahzadəyə verdi. Qərəz, bir növlə atı apardılar.  

O zaman qayda beləydi ki, şahzadələr səfərə gedəndə üstü inci-muncuq ilə tikilmiş 

paltar geyərlərmiş. Odu ki, şahzadə bir dəst paltar alıb əmr elədi ki, şəhərdə nə 

qədər inci-muncuq tikməkdə ustad arvad varsa, gəlib bunun paltarına inci-muncuq 

tiksinlər.  

 

Bu xəbəri eşidəndə Nar qızı qarıya yalvardı ki, qarı buna da izin versin, gedib 



padşahın paltarına inci-muncuq tiksin. Qarı izin verdi.  

Xülasə, arvadlar, qızlar, şahzadənin evinə toplandılar. şahzadənin arvadı inci-

muncuqları gətirib ortaya qoydu. Arvadlar da növbə ilə, oxuya-oxuya tikməyə 

başladılar. Növbə Nar qızına çatanda oxumağa başladı:  

- Mən bir Nar qızı idim, incim, düzül, düzül!  

Almadan qırmızı idim, incim, düzül, düzül!  

Çıxdım ağac başına, incim, düzül, düzül!  

Qız belə söyləyəndə padşahın arvadı qara qarabaş mətləbi anlayıb ölümünü 

gözünün qabağına gətirdi. Bir tərəfdən də padşahın oğlu gəlib pəncərənin 

qabaĞında oturub arvadların oxumasına qulaq asırdı. Qara qarabaş, arvadların 

utanmasını bəhanə edib, şahzadəyə dedi:  

- Pəncərənin qabağından get. Arvadlar utanırlar.  

şahzadə pəncərənin qabağından çəkildi. Qız oxumağa başlayanda genə pəncərənin 

qabağına gedib, qulaq asdı.  

 

34


Qız dedi:  

- Qara qarabaş gəldi, aftafanı doldurdu, incim, düzül, düzül!  

Aftafanı vurdu daşdan-daşa, incim, düzül, düzül!  

Çıxdı, qondu ağac başına, incim düzül, düzül!  

Qara qarabaş baxıb gördü ki, şahzadə genə pəncərədən baxır. Nə qədər elədisə 

şahzadəni pəncərənin qabağınnan uzaqlaşdıra bilmədi. Bu halda vəzir də gəldi. 

Bərabər qızın sözlərinə qulaq verdilər. Qız sözünə davam edib, dedi:  

- Məni ağacdan saldı quyuya, incim, düzül, düzül!  

Bitdim, oldum gül ağacı, incim, düzül, düzül!  

Məndən bir dəstə gül dərdilər, incim düzül, düzül!  

Məni şah evinə gətirdilər, incim, düzül, düzül!  

Bu sözləri vəzir eşidəndə şahzadəyə dedi:  

- Mənim gətirdiyim qız budu. Qulaq ver, görək daha nə söyləyəcək.  

Qız sözünə davam edib dedi:  

- Otaqdan məni tulladılar, küllüyə, incim, düzül, düzül.  

Qalxdım oldum çinar ağacı, incim, düzül, düzül!  

Mənim taxtamdan qarı apardı, incim, düzül, düzül!  

İndi gəldim inci düzməyə, incim, düzül, düzül!  

Vəzir şahzadəyə dedi:  

- Yəqin, bu həmin mən gətirdiyim qızdı.  

Həmin saat arvadları yola salıb, onu saxladılar. Vəzir bundan soruşdu:  

- Sən Nar qızısanmı?  

Qız cavab verdi:  

- Bəli!  

Qız üstəlik əhvalatı başdan-ayağa bunlara söylədi. Bundan sonra qırx gün, qırx 

gecə toy eləyib, Nar qızı şahzadəyə aldılar. Qara qarabaşı da bir xam atın 

quyruĞuna bağlayıb, səhraya buraxdılar. At onu dağa-daşa çırpıb parça-parça 

eləyib öldürdü.  

Nağıl qurtardı. Siz sağ, mən salamat.  

 

 



 

 

 



 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin