XARAKTER - bədii əsərdə müəyyən fərdi əlamət və keyfiyyəti olan ətraflı, mükəmməl, hərtərəfli işlənmiş insan surətlərinə deyilir.
Xarakter problemi bütün tarixi dövrlərdə fəlsəfənin, psixologiyanın, sosiologiyanın, ədəbiyyatşünaslığın diqqət mərkəzində olmuşdur. Hər hansı bir tarixi epoxada yaranan incəsənət əsərlərinə çox zaman sosial mühit və onun yetirdiyi xarakter prizmasından baxılmışdır. Xarakter ictimai mühitin mənfi və müsbət, zəif və qüvvətli cəhətlərinin aynasına çevrilmişdir.
Görkəmli fılosof Hegel konfiiktlə xarakteri dialektik vəhdətdə götürməyin zəruriliyini xüsusi vurğulamışdır. O, xarakterə üç nöqteyi-nəzərdən yanaşmağı lazım bilirdi: "Əvvələn, biz ona (xarakterə - R. Y.) fərdiyyət, özlüyündə zəngin xarakter kimi baxmalıyıq. İkincisi, xarakter özünü aydın xarakter kimi göstərməlidir. Üçüncüsü, vahid xarakter bu aydınlıqla birləşməli, subyektivlik vasitəsilə sarsılmaz xarakter kimi özünü göstərməlidir. Əgər xarakterdə dərin subyektivizm yoxdursa, yalnız bir arzunu ifadə edirsə, o, məntiqsiz, zəif, gücsüz olur."
Hegel xarakterin çoxcəhətli olmağını tələb edir, sosial cəhətlərlə fərdi cəhətlərin qovuşuğunu xarakter üçün mühüm amil sayırdı. O, yazırdı ki, xarakter başqa xüsusiyyətlərini öz subyektivliyi ilə qovuşdurmalıdır. Xarakter aydın şəkildə olmalı və bu aydınlıq öz-özünə sadiq qalan gücə, qüdrətə, vahid pafosa malik olmalıdır.
Hegel xarakter müstəqilliyini də mühüm amil hesab edirdi: "Əsl xarakter öz xüsusi təşəbbüsü ilə fəaliyyt göstərir, heç kəsi ürəyinəyaxın buraxmır ki, onun əvəzinə fıkirləşsin, məsələ həll etsin. Əgər o, müstəqil surətdə hərəkət edirsə, fəaliyyətinin bütün günahlarını, onun məsuliyyətini öz üzərinə götürməyə hazır olacaqdır." (Yenə orada).
Bədii fərdiləşdirməyə mühüm diqqət yetirən Hegel çox doğru qeyd edirdi ki, əgər belə fərdiləşdirmə yoxdursa, onda həmin qüvvələr incəsənət sahəsində yeri olmayan ümumi fıkirlərlə, yaxud abstrakt mülahizələrlə təqdim olunacaqlar.
Aristoteiə görə xarakteri doğuran iki səbəb vardır. Fikir və xarakter sayəsində adamlar ya müvəffəq olur, ya da uğursuzluğa düçardır. Faciədə altı hissənin olmasını tələb edən filosof belə hesab edirdi ki, bu ünsürlərdən biri də xarakterdir. O, xarakterin nəzərə alınası dörd mühüm cəhətini fərqləndirir:
"Birincisi və ən mühümü budur ki, xarakterlər gərək nəcib olsun. Təsvir olunan şəxs xarakterə o zaman malik ola bilər ki, deyildiyi kimi, nitqində, yaxud hərəkətində necəliyindən asılı olmayaraq, hər hansı iradi istiqamət olsun; lakin xarakter məhz o zaman nəcib ola bilər ki, iradənin də nəcib istiqamətini təmsil eləsin. Bu isə hər bir adamda ola bilər: qadın nəcib də olur, qul da, hərçənd ki, ola bilər onlardan birincisi aşağı, ikincisi isə tamam dəyərsiz məxluqdur. İkinci cəhət budur ki, xarakterlər gərək yaraşsın; məsələn, xarakteri mərdanə göstərmək olar, amma mərdanə, yaxud zəhmli olmaq qadına yaraşmır. Üçüncü cəhət budur ki, xarakterlər gərək həqiqətə uyğun olsun; bu indicə deyildiyi kimi, yaraşan və mənəviyyatca nəcib xarakterin yaradılmasından nə isə fərqli bir şeydir. Dördüncü cəhət isə budur ki, gərək xaraktcr ardıcıl olsun. Hətta təsvir olunan şəxs əgər ardıcıl deyilsə və xaraktercə bu cür təsəvvür olunursa, onun bu qeyri ardıcıllığını da ardıcıl göstərmek lazımdır." (Aristotel. "Poetika", Bakı, 1974, s. 78-79).
Aristotelin, Lessinqin, Şillerin, Hegelin, rus inqilabçı demokratlarının xarakter haqqında mülahizələrindən bəhrələnən marksizm-leninizm klassikləri xarakterin mahiyyətini, onun incəsənət əsəriərində rolunun materialist şərhini verməyə çalışmaqla bu problemin tədqiqi üçün yeni istiqamət verirdilər.
Hər hansı bir toxumun cücərib ağaca dönməsi üçün onun səpildiyi torpağın münbitliyi nə qədər vacibdirsə, insan xarakterinin formalaşmasında da mühitin rolu bir o qədər böyükdür. Görkəmli fransız yazıçısı Bualo təsadüfi yazmırdı: "Öz qəhrəmanınızın xarakterini hər bir şəraitdə gözləyib saxlamağa çalışın. Qəhrəmanın mənsub olduğu ölkəni və zəmanəni öyrənin, həmişə yadda saxlayın ki, bütün bunlar qəhrəmanın xarakterinə təsir edir, onun təbiətinə öz möhürünü basir".
Bu danılmaz həqiqətdir ki, "insanı təbiət yaradır, cəmiyyət isə onu inkişaf etdirir və yetişdirir" (Belinski). İnsanın xarakteri mühitlə, üzvü olduğu cəmiyyətlə, kollektivlə sıx qarşılıqlı əlaqə prosesində, ictimai münasibətlərin təsiri altında formalaşdığı üçün cəmiyyətin, xalqın, kollektivin psixologiyasını öz üzərində cəmləmiş olur. Deməli, cəmiyyətin sosial inkişafı ayrı-ayrı fərdlərin də xarakterinin inkişafına zəmin yaradır. F. Engels F. Lassala yazdığı məktubda onun "Frans fon Zikkengen" əsərinin qəhrəmanlarını öz həvəsləri, şıltaqlıqları vasitəsi ilə deyil, tarixi axın nəticəsində hərəkət etmələrini yüksək qiymətləndirirdi.
Ədəbiyyatşünasların əsərlərində haqlı olaraq xarakter və mühit problemi bədii metodun özəyi adlandırılır. Döğrudan da, qəhrəmanların yaşadığı mühitin ictimai mənzərəsini başa düşmədən onun xarakterindəki ayrı-ayrı cəhətlərin mənbəyini müəyyənləşdirmək də mümkün olmazdı.
Tanınmış ədəbiyyatşünas E. Qorbunova özünün sanballı tədqiqatında (“İdei, konfliktı, xarakterı”. M., 1969). çox doğru qeyd edirdi ki, hər cür personajı xarakter adlandırmaq olmaz. Burada bütün iş fərdiləşdirmədədir.
Türkmən ədəbiyyatşünası C. Allakovun fıkrincə: "Milli xarakteri səciyyələndirən xüsusiyyətlər müsbət və mənfi obrazların realist planda fərdiləşdirilməsi yolu ilə aşkara çıxarılır."
Şəxsiyyətin formalaşmasmda ictimai-tarixi şərait həlledici olduğundan, xarakterdə milli cəhətlərin mövcudluğu qanunauyğun haldrr. Xalqın məişətini, adət-ənənələrini, onun psixologiyasını, əsrlərin sınağından çıxmış əxlaq normalarını nəzərə almadan canlı insan xarakterləri yaratmaq mümkün deyildir. S. Vurğun insandaki milli xüsusiyyətləri düzgün və bütün rəngarəngüyi ilə canlandırmağı böyük və parlaq xarakterlər yaratmaq üçün zəruri şərt hesab edirdi.
Zahiri görkəmin, geyimin təsviri xarakterin milli müəyyənliyi üçün əhəmiyyətli görünsə də, başlıca şərt deyildir. Qoqol "Puşkin haqqında bir neçə kəlmə" adlı məqaləsində yazırdı ki, həqiqi millilik ... xalq ruhunu təsvir etməkdədir. Şair büsbütün özgə aləmi təsvir etdikdə belə, milli şair olmaqla qalır, çünki bu aləmə öz milli stixiyasının gözü ilə, bütün xalqın gözü ilə baxır.
Səməd Vurğunun "Əgər bir rus kommunist olmuşsa, öz rusluğundan çıxarmı? Əksinə, o bir rus kimi daha güclü olur" - sözləri ilə Rəsul Həmzətovun "Sən deyirsən insan gərək avar, dağıstanlı deyil, sadəcə sovet insanı olmalıdır. Ancaq, məsələn, mən özümü həm avar, Dağıstanın oğlu, həm də SSRİ vətəndaşı hesab edirəm. Bu anlayışlar məgər bir-birini inkar edir?" - mülahizələri arasında bir yaxınlıq, doğmalıq vardır. Müxtəlif illərdə söylənmiş bu fikirlərin hər ikisi eyni tənqid obyektinə - adamların xarakterindəki milli cəhətləri ört-basdır etmək istəyənlərə qarşı yönəlmişdi.
"Bütün zamanlar üçün yarayan eyni milli stereotip yoxdur. Millilik həmişə zidd tərəflərin fasiləsiz mübarizəsində formalaşır və öz mürəkkəb yoluna davam edir" (Q. Lomidze). Cəmiyyətin inkişafı, müxtəlif xalqlarla qarşılıqlı ünsiyyət xarakterdəki milliliyin yeni-yeni cəhətlərlə zənginləşməsinə səbəb olur.
"Neçə ki, ədəbiyyatın əsas predmeti insan və onunla bağlı problemlərdir, həmişə insan xarakterləri və onun sosial tipləri yazıçıların diqqət mərkəzində olacaqdır." (Q. L. Abramoviç. “Vvedenie v literaturovedenie”. Moskva, 1979).
Xarakter yaratmaq və insan taleyinin rəngarəng cəhətlərini təsvir etmək həyatın inkişaf qanunauyğunluqlarını açmaq vasitəsidir. Ona görə ki, qəhrəmanın xarakterindəki ən fərdi cəhətlər belə cəmiyyətin ictimai əxlaq qaydaları ilə qırılmaz surətdə əlaqədardır.
Xarakteri şərtləndirən əsas cəhətləri onun mənsub olduğu, təmsil etdiyi ictimai mühitdə axtarmaq lazımdır. Məhz bu aparıcı sosial cəhətlər özlüyündə fərd olan qəhrəmanı tip səviyyəsinə qaldırır.
ƏDƏBİYYAT SİYAHISI Rəhim Əliyеv. Ədəbiyyаt nəzəriyyəsi. – Bаkı: Mütərcim, 2008.
N.Şəsizadə. Azərbaycan ədəbiyyatşünaslığı. Bakı, 1997