SəRBƏst iŞ Tələbə: Əliyeva Fidan



Yüklə 81,46 Kb.
tarix13.05.2022
ölçüsü81,46 Kb.
#57799
kiçik qruplar


AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ



SƏRBƏST İŞ

Tələbə: Əliyeva Fidan

Fakültə: Məktəbəqədər Təhsil

İxtisas:Korreksiyaedici təlim

Qrup: KRT2001B

Fənn:Sosial Psixologiya

Müəllim:Səbinə Əlizadə

Mövzu: Kiçik qrupların tədqiqinin sosioloji istiqaməti

Bakı-2022


Kiçik qrupların tədqiqinin sosioloji istiqaməti

Cəmiyyət insanların mürəkkəb birliyi kimi müxtəlif sabitlik dərəcəsinə, miqyasına və məzmununa görə fərqlənən sosial qrupların məcmusunu təşkil edir. Sosioloji ədəbiyyatda «sosial qrup» anlayışı ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur. Bu aşağıdakı səbəblərlə izah oluna bilər. Əvvəla, sosiologiyada bir çox anlayışlar sosial praktika nəticəsində meydana gəlir, elmə tətbiq olunmağa başlayır və bu zaman müxtəlif çalarları ifadə edir. İkincisi, belə çətinliklərin yaranması bu prosesdə müxtəlif növ topluların təşəkkülü və iştirakı ilə şərtlənir. Bu səbəbdən də sosial qrup anlayışını müəyyən etmək üçün onlar arasındakı müəyyən tipləri ayırmaq lazım gəlir. Sosiologiyada «qrup» anlayışı kimi təklif olunan bir sıra sosial birlik növləri vardır. Məsələn, bir neçə fərd müəyyən fiziki məkanda müvəqqəti olaraq məskunlaşır. Eləcə də eyni vaqonda bir neçə gün yol gedən, müəyyən anda eyni meydanda olan, eyni küçədə yaşayan insan toplularını elmi mənada sosial qrup adlandırmaq olmaz. İnsanların belə toplusuna «aqreqasiya» deyilir. «Aqreqasiya» latın dilində müəyyən fiziki məkanda toplanmış şüurlu surətdə qarşılıqlı fəaliyyətdə olmayan insanların mexaniki birliyi mənasını ifadə edir. Başqa bir halda bir və ya bir neçə oxşar xüsusiyyətli fərdləri birləşdirən topluya da qrup deyilir. Məsələn, abituriyentlər, siqaretçəkənlər, qocalar və s. Lakin bunlara da elmi baxımdan sosial qrup demək doğru olmazdı. Bir neçə oxşar xüsusiyyətlərə görə birləşən belə insan toplusunu ifadə etmək üçün «sosial kateqoriya» termini daha münasibdir. Bəs onda sosial qrup nədir? Sosial qrup başqalarına münasibətdə qrup üzvünün hər birinin ümumi marağını nəzərə almaqla fəaliyyət göstərən fərdlərin birliyidir. Bu tərifə görə sosial qrup üçün zəruri olan iki əsas şərt vardır: 1) onun üzvləri arasında qarşılıqlı fəaliyyətin olması; 2) hər bir qrup üzvünün ümumi marağının nəzərə alınması. Bu tərifə görə, nəqliyyat dayanacağında avtobus gözləyən bir neçə nəfəri qrup hesab etmək olmaz. Lakin onlar söhbətə başladıqda, gözləmə ilə əlaqədar birlikdə qarşılıqlı fəaliyyətə keçdikdə müəyyən sosial qrup keyfiyyəti əldə edirlər. Lakin bu cür qruplar bilərəkdən deyil, təsadüf nəticəsində əmələ gəlirlər. Burada sabit maraqlar yoxdur, qarşılıqlı fəaliyyət isə birtərəfli olur. Belə öz-özünə əmələ gələn qeyri-sabit qruplar kvaziqruplar adlanır. «Kvaziqrup» latın dilində «sosial qrupa bənzəyən» mənasını ifadə edir və aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir: 1) öz-özünə əmələ gəlmə; 2) qarşılıqlı əlaqələrin qeyri-sabitliyi; 3) müştərək hərəkətlərin qısamüddətliliyi və s. Aqreqasiyalar kvaziqrupa, kvaziqruplar isə öz növbəsində sosial qrupa çevrilə bilər. Hər bir fərd həyatının müxtəlif anlarında bir neçə qrupun iştirakçısı ola bilər. Sosial qrupları müxtəlif meyarlara görə təsnif etmək mümkündür. Təsnifat əsas qrup növlərini ayırmağa və qiymətləndirməyə, həmçinin qrupdaxili və qruplararası qarşılıqlı münasibətləri müəyyən etməyə imkan verir. Hər bir fərd onun mənsub olduğu bəzi qruplar toplusunu ayıra və onları «mənim» kimi müəyyənləşdirə bilər. Bu - «mənim ailəm», «mənim komandam», «mənim dinim» və s. ola bilər. Belə qruplar inqrup sayıla bilər, yəni bəzilərində fərd özünün mənsubiyyətliliyini hiss edir, digərlərində isə başqa üzvlərlə eyniləşərək «biz» inqrupunun üzvlərini qiymətləndirir. Fərdin aid olmadığı digər qruplar - başqa ailələr, kompaniyalar, dini qruplar bu fərd üçün altqrup sayıla bilər, fərd isə bunu simvolik olaraq «biz» yox, «başqaları» adlandıra bilər. Ədəbiyyatda sosial qrupların müxtəlif təsnifatından istifadə olunur. Bu baxımdan Q. M. Andreyevanın təsnifatı maraq doğurur. O. təsnifatı bu cür aparır: 1) şərti və real qruplar; 2) böyük qruplar; 3) kiçik qruplar; 4) referent qruplar. Şərti qrup - aparılan tədqiqat üçün vacib olan hər hansı bir və ya bir neçə ümumi əlamətlərə görə qruplaşan insanların ixtiyari birliyidir. Şərti qruplar dedikdə, bir-biri ilə real surətdə əlaqəsi olmayan, lakin müəyyən əlamətlərə görə ayırd edilən insanlar nəzərdə tutulur. Belə əlamətlərə fərdin cinsi, yaşı, peşəsi, təhsil səviyyəsi, gəlir dərəcəsi və s. aiddir. Bu qrupa daxil olan insanlar lazım gəldikdə bir-birini müdafiə edə bilirlər (məsələn, sürücü həmrəyliyi). Real qrup - real münasibətlərlə qarşılıqlı əlaqələrdə olan insanlar birliyidir. Real qruplar arasında böyük və kiçik sosial qruplar fərqləndirilir. Böyük qrupda bütün üzvlərin bir-birini şəxsən tanıması və onların arasında əlaqələrin vasitəsiz baş verməsi mümkün deyildir. Böyük qruplara adətən siniflər, sosial təbəqələr, millətlər, siyasi partiya birlikləri, qadınlar, 52 gənclər, idman və s. ittifaqlar və birliklər aiddir. Böyük qruplar qeyri-mütəşəkkil, daxili səbəblərdən yarana bilər (məs., kortəbii tətil hərəkatı iştirakçıları, izdiham və s.). Təşkil olunmuş böyük qruplar cəmiyyətin tarixi inkişafı prosesində əmələ gələn sabit yaranmanı (məs., siniflər, etnoslar və s.) təmsil edir. Kiçik qrup - tərkibinə görə azsaylıdır (2 nəfərdən 35-ədək adam). Belə qrupların üzvləri bir-biri ilə bilavasitə şəxsi ünsiyyətdə olurlar. Kiçik qrupları həmçinin kontakt qrupları da adlandırırlar. Sosiologiyada kiçik qrupların aşağıdakı təsnifatı qəbul olunmuşdur: 1) formal və qeyri-formal; 2) ilkin və təkrar; 3) üzvlük qrupu. Formal qrupda üzvlərin vəziyyəti və davranışı rəsmi təşkilatçılıq və sosial institutların qaydaları ilə tənzimlənir. Formal qrupa nümunə olaraq tələbə qruplarını göstərmək olar. Çünki burada həm miqdar, həm quruluş, həm funksiyalar, həm tədris prosesi və həm də formal liderlik (qrup nümayəndəsi) ali məktəbin qaydalarına əsasən nizamlanır. Formal qrupun xarakter xüsusiyyəti ondan ibarətdir ki, şəxslərarası münasibətlər rəsmi çərçivə daxilində təşəkkül tapır. Bu münasibətlər üstünlük vermə və maraq qarşılıqlı rəğbət əsasında qurulanda qeyri-formal qrup yaranır. Qeyri-formal qrup - həmfıkirlərin, dostların və başqalarının əhatəsidir. O, həm formal qrup çərçivəsində, həm də onsuz yarana bilər. Məsələn, məkan-ərazi yaxınlığı əsasında (qonşular, həmyerlilər); maraq birliyi əsasında (pokerlər, qeyri-formallar); şəxsi rəğbət əsasında (dostlar, tanışlar) və s. Belə qeyri-formal qruplarda şəxslərarası münasibətlər aydın əks olunur və burada ciddi təşkilatçılıq çox da vacib deyil. Burada qaydalar əksər hallarda ənənələrə, hörmətə, şəxsiyyətə, rəğbətə, adətə, maraqların ümumiliyinə əsaslanır. İlkin və təkrar qruplar. Fərdlər arasındakı qarşılıqlı münasibətlərin fərqi ən çox ilkin və ikinci qrupda özünü büruzə verir. İlkin qruplarda qrupun hər bir üzvü başqa bir üzvü şəxsiyyət və fərd kimi görür. Belə bir görümün nailiyyəti intimliyin, şəxsiyyət təcrübəsinin bir çox elementlərini yaradan sosial münasibətlər vasitəsilə baş verir. Ailə qruplarında onların üzvləri çalışırlar ki, sosial münasibətləri qeyri-formal və mülayim etsinlər. Onlar bir-birini, ilk növbədə, şəxsiyyət kimi maraqlandırır, ümumi ümid və hisslərə malikdirlər və ünsiyyət zamanı öz tələbatlarını tamamilə ödəyirlər. Təkrar qruplarda sosial münasibətlər şəxssiz, birtərəfli və utilitar xarakter daşıyır. Burada başqa üzvlərlə şəxsi dostluq münasibətləri vacib deyil, lakin sosial rollar bunu tələb etdiyi üçün bütün kontaktlar fəaldır. «İlkin» və «təkrar» qruplar terminləri qrupşəkilli qarşılıqlı əlaqələrin növlərini mövcud qrupun başqa qruplar sistemində əhəmiyyətinin göstəricilərindən daha yaxşı xarakterizə edirlər. İlkin qrup obyektiv məqsədlərin ifadəsi kimi, məsələn, istehsalatda özünü göstərə bilər. Lakin o, qrup üzvlərinin qarşılıqlı insani münasibətlərini, emosional təminatını daha çox ödəyə bilər, nəinki geyimi və yaxud istehsalat məhsullarının faydalılığını. Təkrar qrup isə qarşılıqlı dostluq münasibətləri şəraitində fəaliyyət göstərməsi keyfiyyəti ilə fərqlənir, lakin onun mövcudluğunun əsas prinsipi spesifık funksiyaları yerinə yetirə bilməsidir. Beləliklə, ilkin qrup həmişə qrup üzvləri arasındakı qarşılıqlı əlaqəyə, təkrar qrup isə məqsədə əsaslanır. Referent qrup - ya real qrup, ya da şərti qrupdur. Burada fərd özünü nümunə ilə öz davranışını və özünüqiymətləndirməni əlaqələndirir. Bəzən referent qrupla inqrup uyğun ola bilər. Məsələn, yeniyetmə öz komandasına müəllimlərinin düşündüyündən də artıq dərəcədə istinad edir. Altqrup da həmçinin referent ola bilər. Altqruplar fərdlər tərəfındən adətən stereotip kimi qavranılır. Hansısa bir qrupun hərəkətini qiymətləndirərkən çox vaxt arzularımızdan əlavə qrupun hər bir fərdinə, bizim zənnimizcə, qrupu bütövlükdə xarakterizə edən bəzi cizgiləri aid edirik. Məsələn, belə bir fikir mövcuddur ki, guya bütün zəncilər avropoid irqindən olan adamlardan daha ehtiraslıdırlar (hərçənd əslində belə deyil), bütün fransızlar - yüngül xasiyyətlidirlər, ingilislər - özlərinə qapılan və dinməzdirlər. Stereotip pozitiv (xeyirxahlıq, cəsarətlilik), neqativ (prinsipsizlik, qorxaqlıq) və qarışıq (almanlar intizamlı olsalar da, qəddardırlar, azərbaycanlılar qonaqpərvər olsalar da, unutqandırlar) ola bilər. Bir dəfə yaranan stereotip (fərdi fərqlər nəzərə alınmadan) müvafiq altqrupun bütün üzvlərinə şamil edilir. Sosial stereotiplərin yaranma mexanizmi tam tədqiq olunmayıbdır. Stereotiplər daim yaranır, dəyişilir və yox olur; bütün bunlar sosial qrupun üzvləri üçün vacibdir. Onların köməkliyi ilə bizi əhatə edən altqruplar haqqında yığcam və lakonik məlumat əldə edirik. Belə məlumat bizim digər qruplara münasibətimizi müəyyənləşdirir, əhatəmizdə olan qruplarsa altqrupun nümayəndələri ilə ünsiyyətdə davranış xəttini müəyyən etməyə imkan yaradır. İnsanlar stereotipləri şəxsiyyətin əsas cizgilərinə nisbətən daha tez qəbul edirlər. Beləliklə, altqrupda yalnız bəzi şəxsiyyətlər qrupun normativ və müqayisə referent funksiyalarını tam ayırd edə bilirlər, stereotiplər isə bir çox kəskin və incə mülahizənin nəticəsi kimi meydana çıxırlar. Sosiologiyada qrupların öyrənilməsinin başlanğıcı əmək məhsuldarlığının sosial amillərdən istifadə etməklə, yeni vasitələrinin axtarışı ilə bağlıdır. Belə planların reallaşdırılması istiqamətində ilk addımlardan biri E. Meyonun 1927-1932-ci illərdə apardığı Xottorn tədqiqatlarıdır. Onlar göstərdilər ki, işçilər üçün daha əhəmiyyətlisi özünün 53 hansı qrupa aidliyini dərk etməsi hesab olunur. Bundan əlavə, qrupa qəbul olunma cəhdi fəhlə üçün rəhbərliyin onun əməyini tənzimləmək tədbirlərindən daha qiymətlidir. E. Meyonun fikrincə, nəzarətedici və tənzimləyici hissə kiçik əlaqələndirici qrup olur. Kiçik qrupların öyrənilməsinin digər istiqamətini Y. Morenonun sosiometrik metodu təşkil edir. Sosiometriyanın məqsədi insanın əməyini və həyatını həm işdə, həm də istehsalat mühiti xaricində ona müsbət təsir bağışlayan insanlar arasında təşkil etməkdən ibarətdir. Bu metodun əsasında şəxslərarası münasibətlərin yaxşılaşdırılması və təkmilləşdirilməsi yolu ilə qrupun səmərəli idarə olunmasını həyata keçirmək mümkündür. Sosioloji ədəbiyyatda sosial qrupun bir neçə inkişaf fazası göstərilir. A. V. Petrovskinin konsepsiyasına uyğun olaraq qrupun inkişaf fazası aşağıdakı meyarlarla müəyyən olunur: birincisi, qrupda şəxslərarası münasibətlərin vasitəli ifadə dərəcələri, birgə fəaliyyətin məzmunu ilə; ikincisi, birgə fəaliyyətin ictimai əhəmiyyəti ilə. Bu meyarlar əsasında A. V. Petrovski kiçik qrupun aşağıdakı inkişaf fazalarını qeyd edir: • diffuz (qarışıq) qrup - ümumi birlik, birgə fəaliyyətin məzmunu (məqsədi, əhəmiyyəti və dəyəri) ilə vasitəliliyi olmayan şəxsiyyətlərarası münasibətlər; • qrup-assosiasiya (ümumi birliyə mənsubluq gələcək birgə hərəkətlərin səmərəliliyi şəraiti kimi dərk edilir); • qrup-kooperasiya (şəxslərarası münasibətlərin hər kəs üçün əhəmiyyəti birgə fəaliyyətin məzmununda dərk edilir); • qrup-kollektiv (şəxslərarası münasibətlər qrupşəkilli fəaliyyətin şəxsiyyət əhəmiyyəti və ictimai cəhətdən qiymətliliyi ilə dərk edilir); • korporasiya (bu qrupda şəxsiyyətlərarası münasibətlər qrupun üzvləri üçün xüsusi əhəmiyyətli, bəzən də qrup fəaliyyətinin məzmununa görə antisosial vasitə ilə ifadə olunur). Sosial qrupun fəaliyyətinə müxtəlif əlaqə üsulları ilə təsir göstərilməsi A. Bavelas tərəfindən öyrənilmişdir. O, məhdud vaxt ərzində sadə məsələlərin həllində «şturval» əlaqə üsulunun yüksək effekt verdiyini göstərir. Bu halda qrupun üzvlərinin bir-biri ilə əlaqələri istisna edilir və onlar yalnız liderlə əlaqəyə girə bilərlər. A. Bavelas yaradıcı işlərin həlli üçün «çevrə» əlaqə üsulunun daha əlverişli olduğunu göstərir. Belə ki, bu şəraitdə qrupun hər bir üzvü qarşılıqlı surətdə məlumatları bölüşmək imkanına malik olur. Bu isə məsələnin həllinin yeni istiqamət üzrə aparılmasına şərait yarada bilər. Qrup daxilində olan əlaqələrin öyrənilməsi xüsusi əhəmiyyətə malikdir. Məlumdur ki, qrup daxilində hər bir üzvün müəyyən rolu vardır. Bu rol daim dəyişir və təkmilləşir. 3. Sosial qrupların dinamikası Sosial qruplar həmçinin onları canlı sosial qarşılıqlı təsirdə nəzərdən keçirməyə imkan verən dinamik xüsusiyyətlərə də malikdir. Belə xüsusiyyətlərə qrupun ölçüsü, onun daxili strukturu (liderlər, sıravi üzvlər, autsayderlər), qrup daxilində rəhbərlik üslubu, qrup davranışı ilə bağlı spesifık sosial həyat fenomenləri aiddir. Qrupun ölçüsü artıq öz-özlüyündə qrupdaxili qarşılıqlı təsiri əsasən müəyyənləşdirir. Ən sıx və məna ifadə edən münasibətlər iki adamdan ibarət qruplarda (diada) - ərlə arvad, sevgililər, yaxın dostlar arasında yaranır. Diadada hisslər və emosiyalar, bir qayda olaraq, böyük qruplardakına nisbətən daha mühüm rol oynayır. Ancaq gözlənilənin əksinə olaraq, diadadakı münasibətlər daha böyük qruplardakına nisbətən daha kövrək olması ilə fərqlənir və burada ümidlərin boşa çıxmasına daha çox rast gəlinir. Qrupa üçüncü üzvün əlavə edilməsi - triadanın yaranması sosial vəziyyəti köklü şəkildə dəyişdirir. Qrupdaxili «fraksiyaların» yaranması, iki nəfərin üçüncüyə qarşı ittifaqı, boykotlar, lider və autsayderin ayrılması və s. kimi yeni imkanlar əldə edilir. Bəzi sosioloqların tədqiqatlarının nəticələrinə görə, kiçik qrupun üzvlərinin optimal sayı beş nəfər olmalıdır. Bu halda heç bir çıxılmaz qrupdaxili vəziyyət ola bilməz, çünki həmişə çoxluğun rəyini asanlıqla ayırd etmək mümkündür. Bundan başqa, belə qrupda azlıqda qalmaq heç də təcrid olunmaq demək deyildir. Belə qrup kifayət qədər böyükdür: orada insanlar özlərini tam «sosial» hesab edə bilərlər - rollarını dəyişdirə, öz rəylərini sərbəst şəkildə izhar edə və özlərinin haqlı olduqlarına ətrafındakıları inandıra bilərlər. Təsəvvürünüzə gətirin ki, voleybol komandası bombardirsiz, ordu zabitlərsiz, müəssisə direktorsuz, universitet rektorsuz, orkestr dirijorsuz və gənclər qrupu başçısızdır. Ümumi rəhbərlik olmadan insanlar öz fəaliyyətlərini əlaqələndirməkdə çətinlik çəkirlər. Deməli, qrup mühitində bəzi üzvlər, bir qayda olaraq, digərlərinə nisbətən daha çox təsir qüvvəsinə malik olurlar. Biz belə fərdləri liderlər adlandırırıq. Kiçik qruplar lidersiz keçinə bilirlər, lakin iriölçülü qruplarda rəhbərliyin olmaması xaosa (qarmaqarışıqlığa) gətirib çıxarır. Kiçik qruplara, bir qayda olaraq, iki lider tipi xasdır. Birinci tip - «mütəxəssis-sosioloqdur». O, cari məsələləri qiymətləndirmək və onları yerinə yetirmək üzrə fəaliyyətin təşkili ilə məşğul olur. İkinci tip - «mütəxəssis-psixoloqdur». O, insanlar arasında yaranan problemlərin öhdəsindən yaxşı gəlir, onlar arasındakı 54 gərginliyi aradan qaldırır, qrupda həmrəylik ruhunun yüksəlməsinə kömək edir. Rəhbərliyin birinci tipi qrup məqsədlərinə çatmağa yönəlmiş instrumental rəhbərlikdir; ikinci tip isə qrupda harmoniya və həmrəylik abhavasının yaranmasına yönəlmiş ekspressiv rəhbərlikdir. Bəzi hallarda eyni bir insan öz üzərinə bu rolların hər ikisini götürür, amma adətən bu rolların hər biri ayrı-ayrı rəhbərlər tərəfindən yerinə yetirilir. Rollardan heç biri digərindən daha vacib hesab edilə bilməz, hər bir rolun nisbi əhəmiyyətini konkret vəziyyət diktə edir. Liderlər insanlara təsir etmək üçün müxtəlif üslublardan istifadə edirlər. K. Levin rəhbərlik üslublarının klassik tədqiqatını aparmışdır. Bu tədqiqat zamanı 11 yaşlı oğlanlardan ibarət qruplarla işləyən yaşlı rəhbərlər rəhbərliyin üç üslubundan birindən istifadə etmişdilər. Avtoritar üslubda rəhbər qrupun fəaliyyətinin əsas istiqamətini müəyyən edir və hər mərhələ üzrə təlimat verirdi, buna görə də oğlanlar gələcək tapşırıqlar barədə aydın təsəvvürə malik idilər. Rəhbər həmçinin iş üçün tərəfdaşları təyin edir, müsbət və tənqidi qiymət verir və qrupun fəaliyyətində iştirakdan kənarda qalırdı. Bunun əksinə olaraq, demokratik üslııbda rəhbər oğlanlara qərarların qəbul olunmasında iştirak etməyə icazə verir, işin yalnız ümumi məqsədlərini ümumi şəkildə təsvir edir, bu məqsədlərə çatmağın variantlarını təklif edir, qrupun üzvlərinə istədikləri kəslərlə işləməyə icazə verir, oğlanların nailiyyətlərini obyektiv şəkildə qiymətləndirir və özü qrupun fəaliyyətində iştirak edirdi. Nəhayət, neytrallıq üslubu rəhbərin passiv mövqeyini nəzərdə tuturdu: o, materiallar, məsləhətlər verir və yalnız qrupun üzvlərinin xahişi ilə onlara köməklik edir, işin nəticələrinə qiymət verməkdən imtina edirdi. Tədqiqatçılar müəyyən etmişlər ki, rəhbərliyin avtoritar üslubu qrup üzvlərinin tam gücdən düşməsinə gətirir və onlarda rəhbərə qarşı düşmənçilik hissləri yaradırdı. Məhsuldarlıq yalnız rəhbərin iştirak etdiyi zaman yüksək olaraq qalırdı, amma o, gedən kimi məhsuldarlıq da əhəmiyyətli dərəcədə azalırdı. Demokratik rəhbərlik üslubunda qrupun üzvləri dərin razılıq hissi keçirirdilər, qrupun tapşırıqlarına daha çox yönəlmişdilər və daha mehriban idilər, müstəqillik (xüsusilə də rəhbər olmayanda) və şəxslərarası aqressivliyin aşağı səviyyəsini nümayiş etdirirdilər. İşə qarışmamaq üslubu aşağı məhsuldarlığa və şəxslərarası aqressivliyin yüksək səviyyəsinə gətirib çıxarmışdı. Lakin qeyd etmək lazımdır ki, eksperiment demokratik əsaslarla tərbiyə almış yeniyetmələrlə keçirilmişdi. Başqa şəraitdə və başqa mədəni mühitdə avtoritar rəhbərlik üslubu daha üstün ola bilər. İnkişaf etməkdə olan ölkələrdə avtoritar liderlərin faizi belə fərz etməyə imkan verir ki, yüksək gərginlik şəraitində ölkənin əhalisi direktiv idarəçiliyə üstünlük verə bilər. Lakin belə bir izahat da ağlabatandır ki, qeyd olunan şəraitdə avtoritar hökmdarlar üçün hakimiyyəti ələ keçirmək və onu əldə saxlamaq daha asan olur. Sosioloji ədəbiyyatda liderliyin üç funksiyası göstərilir: 1) təşkilatçılıq; 2) informasiya; 3) sosiallaşma. Birinci funksiya nəzərdə tutur ki, lider qrupun məqsədini müəyyən edir, qərar qəbulunu, aktual və perspektiv məqsədlərin yerinə yetirilməsi yollarını, üsul və vasitələrin planlaşdırılmasını təşkil edir, onların birgə səylərini əlaqələndirir və s. Qrup fəaliyyətinin səmərəli olması naminə zərurı informasiyanın toplanılması, işlənilməsi, onların qrup üzvlərinə vaxtında çatdırılması informasiya funksiyasının əsas cəhətini təşkil edir. Sosiallaşma funksiyası isə liderin müəyyən keyfiyyətləri formalaşdırmaq və tərbiyə etmək məqsədilə qrup üzvlərinə göstərdiyi təsirləri əks etdirir. Qədim atalar sözünə görə, «əl çox olanda iş daha rahat gedir». Lakin aydın olur ki, bu atalar sözü gerçəkliyə uyğun gəlmir. Məsələn, gözləmək olardı ki, üç adam kanatı tək adama nisbətən üç dəfə çox intensivliklə, səkkiz adam isə səkkiz dəfə çox güclə dartacaq. Əslində isə tamamilə tərsinə alınır. Tədqiqatlar göstərir ki, əgər ipi dartan bir adamın sərf etdiyi qüvvə 4 kq-a bərabərdirsə, üç nəfərdən ibarət qrupda hər bir adamın sərf etdiyi qüvvə 3,6 kq, səkkiz nəfərdən ibarət qrupda isə 1,9 kq təşkil edir. Bunun səbəblərindən biri kimi qüvvələrin düzgün əlaqələndirilməməsini göstərmək olar. Lakin eksperimentin iştirakçılarının gözlərini bağlayıb, onları inandıranda ki, onlar kanatı təkbaşına yox, bir qrup adamla birgə dartırlar, onda onlar da özlərinə həddindən artıq zəhmət vermirdilər. Aydındır ki, insanlar qrupda işləyərkən özlərini müstəqil işdəkinə nisbətən daha az gücə salırlar - bu fenomen «sosial laqeydlik» adlanır. Buradan belə bir nəticə çıxarmaq lazım deyil ki, kollektiv fəaliyyətə son qoymaq lazımdır. Qruplar cəmiyyətin həyatında birinci dərəcəli rol oynayırlar və bir adamın görməyə qadir olmadığı hər hansı işi yerinə yetirməyə qadirdirlər. Məsələn, anonim alkoqoliklər, narkomanlar, tək valideynlər və arıqlamaq istəyənlərin qrupları, eləcə də «özün-özünə kömək et» prinsipi ilə fəaliyyət göstərən digər qrupların işi göstərir ki, qruplar hansı təsir imkanlarına və hansı uğurları qazanmağa qadirdir. Sosial laqeydlik effekti belə fərz etməyə imkan verir ki, qrupun ölçüsü ilə fərdlərin motivasiyası arasında tərs asılılıq mövcuddur. Bununla sıx bağlı olan fenomen sosial kimi müəyyən olunmuşdur. Bu elə situasiyadır ki, burada qrupun üzvləri öz şəxsi maraqlarının maksimal ödənilməsi ilə kollektiv uğurun maksimum artırılması arasındakı ziddiyyətlə rastlaşırlar. Gəlin görək ki, düşmənlə döyüşün həlledici mərhələsindən qabaq səngərə düşmüş əsgərin hansı seçimi var. Hər bir əsgər fıkirləşə bilər ki, sağ qalmaq üçün səngərdə qalmaq daha ağlabatan seçimdir. Lakin bütün əsgərlər 55 belə bir qərar qəbul etsələr, onda döyüş, heç şübhəsiz, uduzulacaq və hamı məhvə məhkum olacaqdır. Bir çox sosial dilemmalarda belə bir ehtimal mövcuddur ki, qrupun hər hansı bir üzvü ümumi işin xeyrinə hərəkət edə biləcək və bu zaman başqasının şəxsi töhfəsinə ehtiyac qalmayacaqdır. Bəs hansı sosial mexanizmlər fərdləri eqoizm mülahizələrini rəhbər tutmamağa, kollektivizm ruhunda hərəkət etməyə təhrik edə bilər? Hər şeydən əvvəl, bu, fərdin ümümi rifahına xələl gətirən hərəkətləri məhdudlaşdıran sosial nəzarət mexanizmləridir. Çox vaxt bu funksiyanı müxtəlif resurslara nəzarəti tənzimləyən dövlət öz üzərinə götürür. Qrup normaları çox vaxt həmin məqsədə qeyri-formal sanksiyalar vasitəsilə çatır. Lakin insanları birgə hərəkət etməyə və cəmiyyətə uyğun davranış modellərini seçməyə həvəsləndirən digər vasitələr də mövcuddur. Bu mexanizmlərin arasında elələri var ki, onlar qrup sərhədlərini qeyd edir və çox güclü qrup eyniləşdirilməsinin inkişafına kömək edir. Hətta daha çox, əgər fərdlər hiss edirlərsə ki, onların digər insanlarla əməkdaşlığı mükafatlandırılır (məsələn, gəlirlərdə və digər nemətlərdə bərabər iştirak şəklində), bu halda onlar eqoist, fərdiyyətçi davranışa daha az meylli olurlar. Daha bir strategiya - qrup təfəkkürüdür, lakin onun dağıdıcı nəticələri haqqında biz indi söhbət açacağıq. 1961-ci ildə Kennedinin administrasiyası Kubaya uğursuz müdaxilə etdi. Kubanın ərazisinə müdaxilə üçün ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində xüsusi hazırlıq keçmiş Kuba mənşəli 1400 nəfərdən artıq muzdlunun çox hissəsi öldürüldü və ya Kastronun qoşunları tərəfindən əsir götürüldü. Bu uğursuzluq nəinki Kastronun mövqelərini gücləndirdi, həm də Kubanın SSRİ ilə ittifaqını möhkəmləndirdi. Bunun nəticəsində Sovet hökuməti Kubada nüvə başlıqlı raketləri yerləşdirməyə cəhd etdi. Sonralar prezident Kennedi özünə belə bir sual verməli oldu: «Biz belə ağılsızlığa necə yol verdik?». Prezident və onun müşavirləri nəinki Kastronun ordusunun gücünü düzgün qiymətləndirməmiş, hətta bir çox hallarda lazımi məlumatları da ala bilməmişdilər. Görkəmli tədqiqatçı Ervin Yanis belə bir fərziyyə irəli sürür ki, prezident və onun müşavirləri qrup təfəkkürünün çox sıx əlaqəli qruplarda qərarın qəbul edilməsi prosesinin qurbanı olmuşlar. 19-20 yanvar 1990-cı ildə Azərbaycan xalqı da belə bir yanlış və cinayətkar qrup təfəkkürünün qurbanı olmuşdur. Belə ki, həmin dövrdə SSRİ-nin prezidenti olmuş Qorbaçovun göstərişi ilə Sovet Ordusu Bakıya hücum etmiş, qanlı qırğın törətmişdir. Nəticədə 131 nəfər öldürülmüş, 747 nəfər yaralanmış, 400 nəfər isə həbs edilmişdir. Belə qrupların üzvlərini konsensusun saxlanması məsələsi o qədər narahat edir ki, bu, onların tənqidi qabiliyyətlərinə mənfı təsir göstərir. Qrup təfəkkürü halında qrupun üzvləri belə bir illüziyanın təsiri altında olurlar ki, onlar qərarları könüllü surətdə qəbul edirlər; bu isə hipertrofik əminliyə və riskə getmək üçün daha böyük hazırlığa gətirib çıxarır.

Ədəbiyyat:

  1. Abdullayev Ə. . Dil, siyasət, sosial tərəqqi. B., 1985

  2. . 2. Abbasova Q. Y. Elmin və təhsilin sosiologiyası. B., 2002.

  3. . Abbasova Q., Hacıyev Z. Sosial fəlsəfə. B., 2.2001. 5. Ağayev T. B. Sosiologiyaya dair sxemlər. B., 2002.

Yüklə 81,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin