Xəbərdarlıq siqnalları və davranış qaydaları. MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası belədir:
Xəbərdarlıq siqnallarının həm respublika MM idarəsi tərəfindən verilib, regional şöbələrə, şəhərlərə və rayon mərkəzlərinə çatdırılması mümkündür, həm də siqnal, məlumat və xəbərlər şəhər, rayon və obyekt MM qərargahlarının özləri tərəfindən verilə bilər. Birinci halda – respublika MM idarəsindən, yaxud onun regional şöbələrindən, rayon mərkəzlərinə çatdırılan siqnallar yerli qərargah tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər və əhali xəbərdar edilməlidir.Rəhbər-heyət iş və mənzillərdəki telefon vasitasilə xəbərdar edilir.
Əhaliyə siqnal, xəbər və məlumatlar iş və yaşayış yerlərindən müvafiq MM rəhbərləri tərəfindən, eləcə də yerli radioyayım şəbəkəsi ilə çatdırılır.
İstehsal, sosial və digər təşkilatların rəhbərlərinə rayonun, bir sıra hallarda isə paralel nazirliyin MM qərargahları xəbər verirlər. Obyektlərdə isə öz növbəsində əvvəlcədən avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi yaradalır, eləcə də rabitə və xəbərdarlıq sxemi tərtib edilir.
Xəbərdarlıq sxemi obyektdə rəhbər heyətin, MM qüvvələrinin və digər işçilərin iş və işdənkənar vaxt xəbərdar edilməsi qaydasını müəyyən edən sənəddir.
Siqnal və sərəncamları tez çatdırmaq üçün vacib obyektlərin MM-ni mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar. Belə sistem obyektin özündə də yaradıla bilər.Mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminin tərkibi S-40 və S-28 elektrik sirenalarından məsafədən idarəetmə və məcburi çağırış aparaturundan (MN-MÇA) və rabitə xətlərindən (kanallarından) ibarətdir.
S-40 elektrik sirenası küçələrdə qoyulmaq üçündür, səsi 300-700 metrdən eşidilir. S-28 sirenası isə sənaye müəssisələrinin səs-küylü sexlərində qoşulur. Məsafədən idarəetmə və məcburi çağırmış P-160 aparaturu elektrik sirenalarının mərkəzdən işə qoşulmasını, xəbərdarlıq siqnalları vermək üçün radioyayım qovşağı proqramının məsafədən məcburi surətdə dəyişdirilməsini, eləcə də rəhbər heyətin iş və mənzil telefonlarına çağırış siqnallarının məcburən verilməsini təmin edir.Aparatura saz telefon şəbəkəsinin danışlıq gedən və ya baş xətləri üzrə işləyir.
Beləliklə, bütün bu vasitələrdən istifadə rayonlarda, obyektlərdə təhlükə yarandığı barədə «Hamının diqqətinə!» xəbərdarlıq siqnalını əhaliyə çatdırmağın vahid sistemi yaradılır.
Sonra müəllim qeyd edir ki, təbii fəlakət və qəza baş verən, yaxud, belə təhlükə yaranan hallarda, habelə düşmən basqını barədə əhalini xəbərdarlığın əsas üsulu radio və televiziya vasitəsilə şifahi xəbərlərin verilməsidir. Belə xəbərlərdən əvvəl hökmən «Hamının diqqətinə!» siqnalı elan edilməlidir.
Müəllim əldə olan xəbərvermə vasitələrindən – elektrik və əl sirenalarından, yaxud bu siqnallar yazılmış maqnitofon lentindən, vallardan istifadə etməklə siqnalı, eləcə də «Hava həyəcanı», «Hava həyəsanı qurtardı», «Kimya həyəcanı», «Radiasiya təhlükəsi», həmçinin müxtəlif təbii fəlakət və istehsalat qəzaları barədə xəbərlərin məzmununu dinləyicilərə çatdırır, belə hallarda əsas davranış qaydalarını imkan dairəsində izah edir.
Sonra o, qeyd edir ki, təhlükə potensiallı obyektlər yerləşən sahələrdə isə, həmçinin lokal (məhəlli) xəbərdarlıq sistemi də yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid bir struktura birləşdirilmiş xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsədi – fövqəladə hallar yarandığı barədə həmin obyektin işçilərini, habelə ehtimal olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir.
Lokal xəbərdarlıq sisteminin quraşdırılması sxemi və iş prinsipi, məsələn, kimyəvi təhlükəli müəssisələrdə belə ola bilər: kimyəvi təhlükəli obyektin radiotranslyasiya (radioyayım) qovşağı-buradan yaşayış məntəqəsinə əvvəlcədən çəkilmiş xüsusi kabel xətti və son xəbərvermə vasitələri – elektrik sirenaları, küçələrdəki səsucaldan cihazlar və mənzillərdəki radio reproduktorlar. Burada elektrik sirenaları ancaq «Hamının diqqətinə!» siqnalını vermək, küçə və mənzil radio reproduktorları isə hadisə şifahi xəbər və məlumatları, eləcə də davranış qaydalarını elan etmək üçündür.
Təhlükə barədə siqnal və məlumatlar obyektin radioyayım qovşağından ya bilavasitə, ya da şəhərin (rayonun) mərkəzi radioyayım qovşağı vasitəsilə verilə bilər. Güclü qəzalar zamanı şəhərin lokal xəbərdarlıq sistemi ilə əhatə olunmamış rayonlarda əhalini xəbərdar etmək və onların zəhərli zonaya girməsinin qarşısını almaq məqsədilə səs ucaldan səyyar vasitələrdən də istifadə etmək mümkündür.
Vəzifəli şəxslərə isə operativ məlumatları obyektin və şəhərin avtomat-telefon stansiyalarında quraşdırılmış məcburi çağırış telefon dayağı vasitəsilə çatdırmaq daha məqsədə uyğundur.Müəllim izah edir ki, lokal xəbərdarlıq sistemindən istifadə qaydası belədir: «kimyəvi təhlükəli obyektdə güclü, təsirli, zəhərli maddələrin ətrafa yayılması ilə baş verən qəza hallarında növbətçi dispetçerin fəaliyyət qaydası haqqında birtipli təlimat» mövcuddur.
Sənədə görə, belə obyektlərdə fövqəladə hallar yaranarkən müəssisənin növbətçi dispetçeri obyektdəki bütün işçilərə, həmçinin 2.5 km-dək radiusda yerləşən digər müəssisələrin, idarə və təşkilatların rəhbərlərinə, eləcə də əhaliyə xəbər vermək üçün müstəqil olaraq qərara gəlmək səlahiyyətinə malikdir. Deməli, o, belə hallarda heç bir əlavə göstəriş gözləmədən müəssisənin rəhbərliyinə, işçilərinə, qəza xidmətlərinin (qazdan xilasetmə, yanğınsöndürmə, tibb xidmətlərinin) növbətçilərinə MM qüvvələrinə, digər idarə və təşkilatların rəhbərlərinə yerli hökumət orqanlarına, şəhərin (rayonun) fövqəladə hallar komissiyası və MM qərargahlarının növbətçisinə, habelə əhaliyə xəbər verməlidir.
MM qərargahı əvvəlcədən yazılmış siqnalı və xəbərlərin mətnlərini texniki vasitələrlə elan edərək, bundan sonrakı davranışı nizama salır. Adətən, xəbər və göstərişlərin mətnlərini proqnoz məlumatları əsasında müxtəlif variantlarda tərtib edib qərargahların operativ növbətçilik otaqlarında saxlayırlar.Məşğələyə yekun vurulması (məşğələnin araşdırılması).
Mülki Müdafiə İdarəsi idarəetmə prosesində məlumatların toplanması və sistemləşdirilməsi, sərəncamların, siqnalların tez və dəqiq çatdırılması üçün texniki vasitələrdən geniş istifadə etməyə çalışmalıdır. Kiçik şəhərlərin, kənd rayonlarının və obyektlərin MM qərargahlarında bu məqsədlə vahid formalı formalaşdırılmış sənədlərdən, operativ vəziyyətin dəyişməsi, göstərilən maqnit əsaslı iş xəritəsindən kodlaşdırılmış danışıq və siqnal cədvəllərindən, zəhərlənmə zonaların xəritələrdə qeyd etmək üçün şablonlardan, müxtəlif sənədlərin blanklarından və idarə prosesini sürətləndirən digər sadə vasitələrdən istifadə olunur.