18 noyabr 1991-ci il, Şuşa.
Susma, ürək…
151
BU YERDƏ
Qartal zirvələrdə dayanıb məğrur,
Kəkliklər qonubdu daşa bu yerdə.
Qıy vurur göylərdə tülək tərlanlar,
Ceyranlar dolanır qoşa bu yerdə.
Diskinmiş marallar geriyə baxır,
Əlik qayalıqdan dərəyə baxır,
Xoruz kəkələnib fərəyə baxır,
Təb-ilham lazımdı coşa bu yerdə.
Güney yaydı quzeyində buz donur,
Şəlalələr yatağını hey yonur.
Könüllər bu dağdan o dağa qonur,
Dönübdü elə bil quşa, bu yerdə.
Örtsə də günəşi bulud bir anlıq,
Yoxdu zirvələrdə çiskin, dumanlıq.
Sürgünə düşübdü, burda yamanlıq,
Qərq olub sükuta, huşa bu yerdə.
Burda ovçu yoxdu, burda tor yoxdu,
Burda güllə yoxdu, burda zor yoxdu,
Burda yaman ocaq, yaman qor yoxdu,
Kimdi ki, həddini aşa bu yerdə.
Dostlar bir-birinin pasibanıdı,
Hər şirin kəlmələr can dərmanıdı.
Sevgi sevgisinin mehribanıdı,
Çıxmaz arzu, dilək boşa bu yerdə.
|