Sərraf Şiruyə
30
YAZMIRAM
Niyə Allahdan, arvaddan yazmırsan deyənlərə
Mənim mövzum hünər, zəhmət, vətəndir,
Nə arvaddan, nə Allahdan yazmıram.
İnciyən incisin, küsən də küssün,
Bilmədiyim gavı-mahdan yazmıram.
Allah yaradıcı, qadın müqəddəs,
Həcvə salım, lağa qoyum necə bəs?
Şeirdi həyatdan eşitdiyim səs,
Ələhəmdən, Bismillahdan yazmıram.
Həqiqətdi Qurandakı yazılar,
Tərsə yozur bic mollalar, qazılar.
Şəriətə lağ etməsin tazılar,
Baş əyirəm, Yədullahdan yazmıram.
Könlümə el, obam, həm anam gözəl,
Əhdi saf, eşqi saf o, sonam gözəl,
Vətənim laləzar, zamanam gözəl,
Amandan yazmıram, ahdan yazmıram.
Düz havadır Şiruyənin çaldığı,
Təmiz addı bu həyatdan aldığı.
Hərdən-hərdən arvad evdə saldığı,
Nə davadan, nə günahdan yazmıram.
|