Susma, ürək…
21
Qəsdə girsə tutar səni dilindən,
Açar döyüş kəmərini belindən.
Qılınc-qalxanını alıb əlindən,
Qaytarıb başına çaxar bu dünya.
Şiruyə, urvalıq deyilmiş unu,
Bilinməz əvvəli, görünməz sonu.
İstəsə ağ edib qırmızı donu,
Boyuna kəfəntək taxar bu dünya.
İNSAN
Hamıdan, hər şeydən qoruna bilər,
Özünü-özündən qoruyan insan,
Düşər el gözündən, ölər ölməmiş,
Bədliyi ortaya soruyan insan.
Yaraşıq gəlibdir insan cahana,
Aqil deyək öz-özünü qanana,
Düşməz xəcalətə, düşməz ziyana,
Yaxşını, yamanı arayan insan.
İnsanlar üçündür şöhrət də, ad da,
Şiruyə, nə varsa bu kainatda,
Ölməzlik qazanar, qalar həyatda,
Vətənə, xalqına yarayan insan.
|