Ayrılıq belə düşdü
13
Hikmət idin sən ağıllı baş üçün,
Ümid idin gözdən axan yaş üçün.
Qurud, motal, yağ-bal idin qış üçün,
Kərmə, yappa, qalaq idin, Daşkəndim.
Yadımdadır babaların dediyi,
Tufan varsa açma keçid, gədiyi.
Qocaların xoşladığı, yediyi –
“Kətə çörək”, quymaq idin, Daşkəndim.
Qorqud baba deyib sənin yaşını,
Şah Xətai öpüb torpaq, daşını.
Sən kəsmisən Selikovun başını,
Gavırlara qınaq idin, Daşkəndim.
Əvəzin yox idi halal zəhmətdə,
Sədi idin, Bəhlul idin hikmətdə.
Adın çəkilərdi hər xoş söhbətdə,
Könüllərə qonaq idin, Daşkəndim.
Tarixi varaqla baxaq keçmişə,
Keçmiş bizə dərs veribdi həmişə.
Hanı Hacı Rəhim dada yetişə,
İgidlərlə qoçaq idin, Daşkəndim.
Qafil olduq düz görmədik hədəfi,
Açammadıq düyün düşən kələfi.
Yaralıdı, səslə Aşıq Nəcəfi,
Erməniyə yasaq idin, Daşkəndim.
|