Sevgi Naminə



Yüklə 283,52 Kb.
səhifə2/5
tarix22.04.2017
ölçüsü283,52 Kb.
#15237
1   2   3   4   5

-Ama olsa, de, yaxşı? –Çinarə doluxsunmuşdu.

-Yaxşı, yaxşı, həyatıma başqa qadın girən kimi, deyəcəm- Nurlan gülümsədi...
Çinarə gözlərini açdı. Birdən güzgüdə öz baxışları ilə qarşılaşdı. Yorğun, ümidsiz, dərinliklərində əzab və qorxu daşıyan baxışlar...
Onun təbəssümü...mən onun təbəssümünüə vurulmuşdum. Onun təbəssümü...Lənətə gəlsin. Indi ona o qədər ehtiyacım var ki...Onun qayğıkeş baxışlarına o qədər ehtiyacım var ki...Onun qucağına o qədər ehtiyacım var ki...Haradasan, Nurlan? Mən daha bacarmıram...
Qapı döyüldü.

-Buyurun-Çinarə güzgüdən uzaqlaşdı.

-Olar? –içəri təxminən 40-45 yaşlarında bir qadın daxil oldu. yanında 15-16 yaşlı qız var idi.

-Buyurun- Çinarə onlara masanın önündəki kresloda yer göstərib, özü də stolun arxasına keçdi.

-Mən qızıma görə gəlmişəm. –qadın narahat halda dilləndi. Çinarə qeyri-ixtiyari qıza baxdı. Onu diqqətlə nəzərdən keçirib, qeydlər götürmək üçün əlinə qələm aldı.

-Buyurun danışın.

-Qızım abituriyentdir. Axır vaxtlar çox oxuyur deyə, yuxusuzluqdan əziyyət çəkir. Həm də çox həyəcan keçirir...
***

Telefon artıq 7-ci dəfə idi ki, xoş və sakit melodiyası ilə çalırdı. Çinarə isə telefonu açmaq istəmirdi. Donuq gözlərlə çarpayının yanındakı dolabın üstündəki titrəyən telefona baxırdı. Telefon susdu. Çinarə yatağında tərpənmirdi. Sadəcə baxırdı. Sonra telefon yenidən çalmağa başladı. Və yenə dolabın üstündə titrəyərək qəribə səs çıxarmağa başladı...

Bir azdan ev telefonunun səsi dəhlizdən gəldi. Çinarə heç bir səsə reaksiya vermirdi. Uzun çağırışlardan sonra hər iki telefon susdu. Və Çinarə gözlərini yumdu.
Heç olmasa yuxuma gəl. Yalvarıram. Yuxuda da olsa, görüm səni...”
Ancaq qapının tıqqıltısına oyananda anladı ki, o, qarmaqarışıq yuxu görüb və bu qarmaqarışıqlıqda o yox idi. Sinif yoldaşları, uzaq qohumları, naməlum məkanlar, dağınıq sujetli hadisələr vardı, ama o, yox idi. Qapı isə hiddətlə döyülürdü. Çinarə bu səsə də reaksiya verə bilmirdi. Birdən sanki qəfildən ayıldı. “Bəlkə bu odur” ümidiylə çarpayısından sıçradı.

Bəlkə o, qayıdıb. Bəlkə ünvanımı anamgildən öyrənib. Bəs onda niyə mənə zəng vurmayıb? Bəlkə vurub. Səhv xatırlamıramsa, telefonum bayaq zəng çalmışdı. Əlbəttə, bu odur!”

Çinarənin beynindən yataq otağından qapıya qədər yüzlərcə fikir və ehtimal keçdi. Qapını açanda ümidləri çilik –çilik olub, ətrafa səpələndi.

-Ay qız, haradasan? –Zümrüd təlaş içində içəri daxil oldu. –Bayaqdandır neçə dəfə zəng vurmuşam, həm evə, həm mobilə. Niyə cavab vermirsən? düşünmürsən ki, mən narahat ola bilərəm?!

-Ana? –elə bil quyunun dibindən səs gəldi.

-Bu nə görkəmdir, Çinarə? Bu nə sir-sifətdir? Saçın –başın nə gündədir? Gözünün altı şişib. Niyə bu gündəsən?

Anasının sözləri Çinarəyə radio verilişi kimi gəlirdi. Sadəcə qulaq asmaq, sonra isə heç qulaq asmamaq. Çinarə yataq otağına keçib, dolabın üstündəki telefonu götürdü. Gələn zənglərə və mesajlara baxdı:

3 zəng və 3 mesaj –bacısı Kəmalədən.

2 zəng –anasından. (Zümrüd mesaj yaza bilmirdi)

1 zəng –atasından. ( atası başa düşürdü ki, birinci zəngə cavab verməyibsə, deməli, başqa zənglərə də cavab verməyəcək.)

1 zəng və 2 mesaj –rəfiqəsi Aytəkindən.

Bütün mesajların məzmunu eyni idi:

“Çinarə, telefonu aç. Narahatam səndən.”

-Başa düşmürəm, axı bu qədər zənglər , mesajlar nəyə lazımdır? Mən ölməmişəm.

-Ama ölüyə bərabərsən. –Zümrüd keçib, Çinarənin yanında oturdu.-Bu nə haldır? Səni bu qədər düşgün bilməzdim. Gedib, qoy cəhənnəmə getsin.

-Ana, xahiş edirəm, onun haqqında pis sözlər demə.

-Hələ də onu müdafiə edirsən? bu qədər olanlardan sonra?

-Heç nə olmayıb. Bu mənim şəxsi məsələmdir.

-Bəsdir, sən Allah. Artistlik eləmə. özünü güclü göstərməyə çalışırsan, ama necə zəif olduğunu və əzab çəkdiyini mən bilirəm. sən ana deyilsən. ona görə də heç vaxt məni başa düşməyəcəksən. ama mən anayam. Gözlərimin qarşısında qızımın şam kimi əriyib bitməsinə şahidlik edə bilmərəm. Dur, -Zümrüd qızının qolundan tutub, özünə tərəf çəkdi. –Dur, əl-üzünü yu! Makyaj elə. Qoca qadına oxşayırsan. Öz həyatını yaşa. Heç kimə görə depressiyaya düşmək lazım deyil. Dur, paltarını geyin, gedirik.

-Hara?


-Alış-verişə.

-İstəmirəm.

-Yaxşı, onda təzə restoran açılıb. Deyilənə görə, yeməkləri çox dadlıdır. Ora gedək.

-İstəmirəm.

-Yaxşı, onda Səmayə xalangilə gedək. Sən onu xoşlayırsan. Baməzə qadındır. Əminəm ki, sənin kefini açacaq.

-Ana, başa düşmürsən? heç nə istəmirəm. mənim üçün fərqi yoxdur. Mənim üçün heç nəyin fərqi yoxdur artıq. Bu məndə heç nəyi dəyişdirməyəcək!

-Bəsdir, Çinarə. Özünü lap uşaq kimi aparırsan. Ayıl! Özünə gəl!

-Ana, xahiş edirəm, tək qalmaq istəyirəm.

-Qoy o Nurlan əlimə keçsin...-Zümrüd fınxırdı.

Çinarə yorğun gözlərini bir nöqtəyə zilləmişdi. Sanki transda idi. Eyni sözləri təkraralayıb dururdu:

-Mən Nurlanı sevirəm. mən onu çox sevirəm. mən Nurlanı sevirəm. mən onu çox sevirəm.

-Çinarə, özünə gəl! Dəli olma! Axı sən psixoloqsan!

-Məgər psixoloqlar robotdur?-Çinarə gözünü zillədiyi nöqtədən çəkməyərək zırıldadı: -Məgər psixoloqların emosiyaları yoxdur? Məgər mən dəli ola bilmərəm?

-Sən zəifsən,Çinarə. Sən səfeh romantiksən. sən həmişə belə idi. Uşaqlıqdan belə idin. Nağıllarla yaşayırdın. Möcüzələrə inanırdın. Əbədi sevginin mövcudluğuna inanırdın. Ama gördün? Sonda mən deyən düz çıxdı. sevgi yoxdur! Üstəlik, əbədi sevgi heç yoxdur! Sadəcə ehtiras var kişilər üçün. O da sönəndən sonra atılırsan. ən yaxşısı, dünyaya uşaq gətir. Sevgini uşaqlarına ver. Mənim sevgim sizsiniz. Bu , min illərdir ki, belədir və belə də olacaq! Həyatın qanunları budur. Əbədi Sevgi deyilən bir şey yoxdur! Bəsdir, özünü aldatdın.

-Ana, indi səninlə danışmaq istəmirəm. bilirsən, niyə? sən ürəyimi sındırırsan. Onsuz da mən indi elə vəziyyətdəyəm ki, yüz yerə parçalanmışam. Onları bir az da sən parçalama. Qoy, heç olmasa, özümü toplamaq asan olsun...
***

Payızın ilk addımları...



Külək sadəcə bir dəfə soyuq hava üfürdü və insanlar dərhal pencəyə büründülər. Qəribədir...İnsanları idarə edən fəsillər...

Sevdiyim fəsli sənsiz yaşamaq. Ən çox bu yandırır məni. Hava soyuqlaşan kimi sənə sığına bilməmək. Boşluqda hara gedəcəyini bilmədən ortalıqda qalmaq. Çarəsizliyin sümüyünü gəmirməsi. Payız və sənsizlik...

Onlar məni anlamır. Hər kəs öz beyninə görə mühakimə edir. Onları qınamıram. Onlar bilmirlər nə olan şeydir Sevgi! Onlar heç vaxt görməyiblər Sevgini! Atama görə Sevgi ibadətdir. Anama görə Sevgi pul və gücdür. Bacıma görə qadının hər bir ehtiyacını qarşılayan xoşxasiyyətli ər. Mənə görə...Mənə görə Sevgi sənsən. yaxşılarınla, səhvlərinlə, doğrularınla sənsən! olduğun kimi. Hərdən düşünürəm niyə məhz sən? cavab tapa bilmirəm. yaraşıqlı olduğuna görə? Yox! Məncə, səndən yaraşıqlı olanlar

çoxdur. Ağıllı olduğuna görə? Yox! Mədəni olduğuna görə? Yox! Bəs nəyə görə? Lənətə gəlsin, axı nəyə görə sən? məhz Sən! başqa hem kim, məhz sən! cavab çox sadədir: Çünki Sən! heç bir səbəb axtarmadan Sən!”
-Səni bu qədər zəif bilməzdim. –Aytəkin rəfiqəsinin yorğun simasına baxıb, köks ötürdü. –Axı kişi kimdir ki, mən ondan ötrü ağlamalıyam, depressiyaya düşməliyəm və ya yuxuma haram qatmalıyam? Kişilər sadəcə əyləncə üçün lazımdır. Sadəcə ehtirası söndürmək üçün. Kişilər qadınlardan necə istifadə edirlərsə, qadınlar da kişilərdən elə istifadə etməlidir.

Aytəkin: 26 yaşı var. Evli deyil və heç evlənmək barədə düşünmür də. Çinarə bunun səbəbini yaxşı bilirdi: Aytəkinin “ailə” “ nikah” məfhumuna nifrət etməsinin səsbəbi –atasının onları tərk etməsi idi. Bir çox ailələrdə baş verən hadisə: Evin kişisi rus bir qadına vurulur və ailəsini ataraq Rusiyaya gedir. Böyük travma yaşayan qadın aldadılmaq və xəyanət olunmaq əzabını yaşamaqla yanaşı, maddi qayğılar, çarəsizlik...

Və anasının hər göz yaşına şahid olanda Aytəkin kişilərə daha çox nifrət edirdi. Əslində Çinarə rəfiqəsinin bu fikirlərini anlayırdı. Başa düşürdü ki, əgər o da Aytəkinin həyatını yaşasaydı, bəlkə o da belə düşünərdi. Insanlar müxtəlif düşünürlər, çünki müxtəlif həyat yaşayırlar. Aytəkin üçün nikah, evlənmək elə də vacib deyildi. Çünki o, həyatında nikahın tənha qalmamağa və tərk edilməməyə zəmanət olmadığına şahid olmuşdu. O, görmüşdü ki, nikahlı, namuslu qadınlar çox asanlıqla tərk edilir, xəyanət olunur və əzab çəkir. Indi onun şəxsi biznesi və sevgilisi vardı. Və sevgilisi ona sadəcə yaxşı vaxt keçirmək və yataqda lazım olurdu.

-Aytəkin, sevgiyə inam barəsində səninlə mübahisə etməyəcəm. yaşadıqlarını bilirəm və səni başa düşürəm. bu , sənin düşüncən və sənin həyat tərzindir.

-Kişilər zibildir! Kişilər alçaqdır! –Aytəkin hirslə əlindəki boş plastik kofe stəkanını sıxdı: -Kişilər xəyənatkardır. Kişilər yalançıdır. Kişilər satqındır. Kişiləri ancaq bir şey maraqlandırır: Seks! Əgər onlarla 1 gün yatmasan, səni silib, üstündən tapdayıb, gedib, fahişə ilə yatacaqlar. Onlar üçün fərqi yoxdur, təki onların heyvani hissləri təmin olunsun.

Çinarə susurdu. Ama içində dua edirdi:

Allahım, hər şey sənin əlindədir. Inşallah bir gün Aytəkin də əsl sevgiyə rast gələr və o da Sevgini görər. Ən azından içindəki illərdir yığılıb toplanan qəzəb və nifrət məhv olar. Hər şey sənin əlindədir,Allahım. Ona kömək et! Ona rəhm et! Qoy o, səni və Sevgini kəşf etsin.Amin”

-Aytəkin, sən...

-Çinarə, mən haqlıyam. Çünki mən reallığı danışıram. Sən həmişə belə idin: səfeh romantik. Hələ o vaxtdan bizim qızlar yüzü ilə gəzib fırlananda, vaxtını xoş keçirəndə, sən sadəlövhcəsinə deyirdin ki, mən ancaq və ancaq gələcək həyat yoldaşımı sevəcəm. hələ onu tanımamışdan onu sevirdin. Deyirdin, mənim sevgim tək və əbədi olacaq. Səfehsən, sən Çinarə! Sən o vaxt tanımadığın həyat yoldaşını arzulayıb, səfeh kimi ulduzlara baxanda, sənin o gələcək həyat yoldaşın hansısa fahişə ilə orqazm keçirirdi. Və sən heç onun yadına da düşmürdün!

Allahım, ona rəhm elə. İçindəki nifrəti, qəzəbi məhv elə. Onu başa düşürəm. ona kömək ol, Allahım. Izn ver, qoy o da Sevgini görsün.”

-Ayıl, Çinarə! Əl çək bu səfeh xəyallardan! Əbədi Sevgi deyilən bir şey yoxdur! Kişilər sadiq deyillər! Onlar üçün fərqi yoxdur, sən namuslusan ya yox. Əsas odur ki, vaxtını xoş keçir. Kişilər köçəri quşdurlar. Əgər uçmaq istəyirlərsə uçacaqlar. Mənim atam kimi. Sənin Nurlanın kimi!

-Nurlan haqqında belə danışma!

-Bəsdir, sən Allah! Nurlanı bu qədər ideallaşdırma! O da minlərlə kişi kimidir. Biri mənim atam! Atam niyə görə atdı bizi? Ona görə ki, rus qadın xoş xasiyyətli və mülayim idi? Əlbəttə ki, yox! Bəlkə də bu şəhərdə mənim anamdan üzüyola, namuslu, mülayim qadın yoxdur. Ona görə ki, rus qadın atamın azğınlaşmış seks fantaziyalarını sözsüz yerinə yetirirdi. Deməli, secgi və namus yoxdur. Seks var! Ehtiras var!

Çinarə susurdu. Ona görə yox ki, o, Aytəkinin dedikləri ilə razılaşırdı. Ona görə ki, o, istəyirdi ki,Aytəkin içindəki nifrəti qusub, rahatlaşsın. Onsuz da heç nə və heç kim Çinaərnin düşüncələrini və Nurlana olan Sevgisini dəyişdirə bilməzdi. Çünki Çinarə Sevgini görmüşdü...

Insanlar necə də cahil və səbrsizdirlər. Onlar dərhal mühakimə etməyi xoşlayır və həyata öz dar prizmalarından baxmağı xoşlayırlar. Onlar möcüzə gözləyirlər, ama möcüzələrə inanmırlar. Onlar Sevgi yaşamaq istəyirlər ama Sevgiyə inanmırlar. Qəribədir...

-Kişilər ancaq yataqda lazımdır!

Elə bu an Aytəkinin mobil telefonu zəng çaldı. Zəng vuran sevgilisi idi. Aytəkin əsəbi halda telefonunun ekranını düz Çinarəyə tutdu.

-Bax, o, zəng vurur. Ama mən indi əsəbiyəm və onun səsini belə, eşitmək istəmirəm.-deyib, Çinarənin gözləri qarşısında telefonun “NO” düyməsinə basdı.

-Ama o, yenə zəng vuracaq. Çünki ona mən lazımam! Yataqda! Mənə isə nə vaxt seks lazım olsa, o vaxt da zənglərinə cavab verəcəm. Əgər bu münasibət xoşuma gəlməsə, başqa bir münasibətə başlayacam. Və heç vaxt tərk edilə tərəf mən olmayacam! Heç vaxt heç kim məni tərk edə bilməz! Heç vaxt heç bir kişi məni ağlada bilməz!

Çinarə Aytəkinə baxırdı. Bir həkim kimi...Beynində onun hərəkətlərinin səbəbini analiz edirdi: O, qürurlu və güclü görünməyə çalışırdı. Ama daxildə o qədər əzab çəkirdi ki...Heç vaxt kimisə sevə bilməyəcəyini anlamağın əzabı! Hər seksdən sonra axıdılan göz yaşlarının əzabı! Heç vaxt Sevginin nə demək olduğunu bilməyəcəyinin əzabı! Və bu əzablara görə Aytəkin qəlbində atasını minlərcə dəfə lənətləyirdi. Çinarə Aytəkini başa düşməyə çalışırdı və susrdu. Bir anlıq Nurlanla olan söhbəti xatırladı:


Çinarə bərk əsəbiləşmişdi. Və evdə hirsindən ora-bura vurnuxurdu.

-Axı o, düz fikirləşmir. Ona səhv olduğunu demək lazımdır.

Nurlan Çinarəyə yaxınlaşdı və Çinarənin üzünü əllərinin arasına aldı:

-Çinarə, hamı sənin kimi düşünə bilməz! insanlar müxtəlifdir, beyinlər müxtəlifdir.

-Axı...

-Çinarə, mübahisə cahil insanların işidir. Başqalarının fikirlərini qəbul etməyən insan cahil insandır. Həmişə qırmızı şüşədən səmaya baxan insan elə biləcək ki, səma qırmızı



rəngdədir. Sən nə qədər “ səma mavi rəngdədir” desən də, o, səni başa düşməyəcək. Onunla mübahisə etməkdənsə, ona səmanın əsl rəngini göstər, onu inandır. Yox, əgər , bundan sonra da o inanmayacaqsa, onda ediləcək heç bir şey yoxdur. Onu başa düşməyə çalış. Hər beyin həqiqəti dərk etməyə bilər.

-Nurlan, sən çox humanistsən. ama elə insanlar var ki, sənin humanistliyindən sui-istifadə edirlər. Sən susduqca, onlar özlərinin haqlı olduğunu zənn edirlər.

-Hər şey dərketmə ilə əlaqədardır. Əgər beyin dərketməyə, dəyişməyə, həqiqəti öyrənməyə meylli deyilsə, sən nə etsən belə, onlar dəyişməyəcək. Ona görə də, mübahisə etmə.
Çinarənin qəlbindən qəfil sızıltı keçdi. Bütün ruhunu sarsıdan sızıltı...

Nurlan...Nuraln...Sən fərqli idin...Sən çox fərqli idin..Sən hamı kimi düşünmürdün..



Sən...Sən...Sən...”

-Namus boş şeydir-Aytəkin davam edirdi.-Məsələn, sən! sadəlüvhcəsinə öz “qəhrəmanını” gözlədin. Qəhrəmanından əvvəl də, sonra da ona sadiq qaldın. Bəs o, nə etdi? Səni atdı! Getdi! Heç nə olmamış kimi!

-O, sadəcə...

-Bəsdir, sən Allah! Onu müdafiə etmə! Bəsdir, özünü aldatdın! Sən namuslu oldun. Və buna görə də nə mükafat aldın? Tərk edilmək!

-İnsan namusunu kiməsə görə saxlamır. Özünə görə saxlayır. Məsələn, sənin anan! Atan onu atıb getdi. Ama o, atandan sonra heç bir kişiyə yaxın durmadı və sizi böyütdü. Deməli, insan namusunu kiməsə görə saxlamır. Kim deyir ki, namuslu insan mükafat almalıdır və ya namuslu qadın daha yaxşı həyat yaşamalıdır? Hər şey beyindən və ordakı düşüncədən asılıdır. Mən namusumu mükafat alacağıma görə saxlamıram. Mən səni də ittiham etmirəm və sənin düşüncələrinə və həyat tərzinə hörmətlə yanaşıram. Ama heç vaxt həyata öz dar pəncərəndən baxma! Mən Nurlanı həmişə sevmişəm. onu tanımamışdan əvvəl də sevmişəm, sonra da sevmişəm. və həmişə də sevəcəm. mən həmişə möcüzlərə və Sevgiyə inanırdım və inanacam. Mən həmişə namusumu qorumuşam və qoruyacam da!

-Mən səni heç vaxt başa düşmədim və düşməyəcəm də!

Çinarə güldü. Nurlanın sözlərini xatırladı. Aytəkin səmaya qırmızı şüşədən baxanlardan idi...

***


Bilirsən, səni niyə sevirəm? Çünki sənin qəlbində nifrət yoxdur. Heç kimə qarşı kin və nifrət bəsləmirsən. sən indiyə qədər tanıdığım, gördüyüm, danışdığım insanlardan fərqlənirsən. İnsanlar daxillərində gizli nifrət bəsləyirlər, çünki heç kim heç kimi başa düşmək istəmir. Insanlar istəyir ki, hamı onların doğruları ilə yaşasın, hərəkət etsin. Anlaşılmazlıq qəzəbə, daha sonra isə nifrətə çevrilir. Və insanlar asanlıqla nifrət edirlər. Sənsə belə deyildin. Düzdür, sən də cəmiyyətdəki nöqsanlara, çatışmazlıqlara qarşı qəzəbli olurdun. Ən çox da insanların cahilliyi və mədəniyyətsizliyi səni qəzəbləndirirdi. Ama nifrət etmirdin. “Yazıq neyləsin? Yəqin elə mühitdə böyüyüb ki, orada heç mədəniyyət yan keçməyib belə. Nə bilmək olar, bəlkə mən də həmin mühitdə böyüsəydim, ondan da bətər olardım” deyirdin. Və sənin qəlbin...Mən sənin qəlbinə

vurulmuşdum. Orada zərrə qədər də olsa, kiməsə və ya nəyəsə qarşı nifrət yox idi. Axı onlara necə göstərə bilərəm qəlbini? Axı onlar səni adi –minlərlə insan kimi, xarici görkəmin altında gizlənən nurlu qəlbini görməyiblər. Kaş ki onlara göstərə biləydim nə olan şeydir Sevgi! Ama Sevgi elə bir hissdir ki, onu dərk etməlisən və yaşamalısan. Allah sevgisi kimi...Biz heç vaxt Allahı görməmişik və heç kim də görməyəcək. Ama biz onu sevir və ona inanrıq. Çünki onun sevgisini hiss edirik. Hiss ediriksə, deməli, yaşayırıq. Yaşayırıqsa, deməli, dərk edirik. Nurlan, mən səni dərk edirəm,yaşayıram və hiss edirəm. Sən gələcəksən, elə deyilmi?”
***

Musiqilər...7 not üzərində bəstələnən müxtəlif mövzulu, müxətlif ifalardan, müxtəlif sözlərdən və notlardan ibarət musiqilər...Sözlərdən ibarət və sadəcə musiqi alətlərindən ibarət musiqilər...Kimlərinsə qəlbinin məhsulu...Bəstəkarların qəlblərinin simləri olan musiqilər...İnsan ruhunun qidası və xilaskarı musiqilər...

Ama bəzən musiqilər də susur...

Kitablar. Müxtəlif mövzulu, müxtəlif dillərdə, müxtəlif müəlliflər tərəfindən yazılan kitablar. Fəlsəfi, detektiv, romantik kitablar...İnsanın ən yaxın dostu olan kitablar. Insanın beyin məhsulu olan kitablar. Insana həiqəti pıçıldayan kitablar...

Ama bəzən də kitablar da susur...

Filmlər. Müxtəlif mövzulu, “happy end”lə bitən yerli və xarici filmlər...Real və fantastik hollivud filmləri və saf sevgini təbliğ edən bollivud filmləri...İonsanın həyatına təsir edən filmlər...

Ama bəzən filmlər də susur...
Bezdirdi məni bu səssizlik. Artıq bu sonu gəlməyən kabusdan oyanmaq istəyirəm. sənsizlik yuxusundan ayılmaq istəyirəm. məncə, yetərincə uzun oldu bu yuxu. Nurlan, sənsiz yetərincə qaldım. Məncə, bu qədər sınaq bəsdir. Mən o qədər güclü deyiləm. özün də yaxşı bilirsən bunu. Mən hər şeydə güclüyəm, ama sənə qarşı zəifəm. mənim ən böyük zəifliyim səsnsən. Nurlan....Sən gələcəksən, elə deyilmi?”
Çinarə iş masasının arxasında oturmuşdu. Qarşısında qalaq-qalaq vərəqlər, psixloji testlər:

“Niyə məhz onu sevirsən?” testi.

“O,sənin üçün nə qədər önəmlidir?” testi.

“Bir –birinizə uyğunsunuzmu?” testi.

Və sairə sairə...

Çinarə artıq minlərcə dəfə etmişdi bu testləri və cavabları məlum idi: Siz bir-birinizə uyğunsunuz. Bu sevgi uğrunda mübarizə aparmağa dəyər.

Çinarə artıq bezmişdi bu sözlərdən. insana süni rahatlıq verən testlər və onların cavabları. Hə, tutalım ki, testlərin cavabında hər şey idealdır. Bəs həyatda? Hansı testdə yazılıb ki, Nurlan nə vaxt gələcək? Hansı testdə yazılıb ki, Nurlanla əbədi sevgi yaşamaq olarmı? Hansı testdə yazılıb ki, onlar yenidən birləşəcəkmi?
Çinarə anlayırdı ki, onun suallarının cavabı heç bir psixoloji testdə deyil. Onun suallarının cavabı həyat və zaman adlı testin nəticəsində gizlənib. Ya A bəndidir ya da B bəndi.

A bəndi: Onu sevmək. Və hər nə olursa olsun yenə də sevmək.

B bəndi: Onu unutmaq və heç nə olmamış kimi yeni həyata başlamaq.

Nə A bəndinin, nə də B bəndinin cavabı yox idi. Hansı bəndi seçirsən seç, onun cavbını həyat və zaman verəcək. A bəndində səbrli olmaq, əzab çəkmək, gözləmək, hər nə olursa olsun sevgini qorumaq var idi. B bəndində daha rahat və asan yol var idi: At, tərk et, çıx get və yeni həyata başla!

“Məgər o, səni atmadı?-Çinarənin daxilində yenə ikiləşmə gedirdi. Heç bilmirdi sual verən kim idi, cavb verən kim. Ama durmadan daxilində sorğu-sual gedirdi: Qəlblə məntiqin sorğu –sualı.

-Hə, O, atdı, getdi. O, istədiyi kimi hərəkət etdi. Bəs mən niyə hələ də onu gözləməliyəm? o, öz azadlığı naminə sevgini qurban verdi. Onda zərrə qədər də məni itirmək qorxusu olmadı. O, rahatlıqla məni atıb getdi.

-Bəs sevgi?

-Hansı sevgi?

Bir anlıq daxili sükut yarandı. Sonra qeyri-iradi Çinarənin gözləri güldü.

-Hə, Sevgi. O, mənə Sevgini göstərdi. Mən onun sayəsində Sevgini gördüm. Axı bu hər adama müyəssər olmur. Demək olar ki, hamı seks yaşayır: evlilər də, evli olmayanlar da, normal insanlar da, cinsi azlıqlar da. Ama Sevgini hər adam görmür. Hər adam onu yaşamır. O, mənə Sevgini göstərdi və getdi...

-O, sənə seçim verdi.

-Nə seçimi?

-Sən ona sadiq qalacaqsan yoxsa yox.

-Görəsən, həqiqətənmi o, məni sınayır? Bilmək istəyir görəsən, mənimlə əbədi sevgi yaşamaq olar ya yox? Səncə o, qayıdacaq?

Növbəti cavab gəlmədi. sükut...Ağ və dərin sükut...

Çinarə ağ vərəqi götürdü. Ortasında qələmlə uzun şaquli xətt çəkərək iki yerə böldü. Sol tərəfinə yazdı: mənfi cəhətləri. Sağ tərəfinə yazdı: müsbət cəhətləri.

Əvvəlcə mənfi cəhətlərini yazmağa başladı:

1. O, çox özünəqapalıdır.

2. O, heç kimin fikrini nəzərə almır və öz doğruları ilə yaşayır.

3. O, istənilən anda insanı yarı yolda qoya bilər.

Çinarə qələmin saxladı və yazdığı 3 –cü cümləyə təkrar-təkrar baxdı.

Məncə, elə 3-cü cümlə yetər ki...

Çinarə bir andaca məyus oldu. yazmağa davam etdi.

4. Onunla rahat həyat yaşamaq olmaz. hər an gözləmədiyin hadisə baş verə bilər. O, qeyri-adidir. Hər kəs kimi deyil...

5. Onunla “happy end” mümükün deyil. O, “happy end”lərə inanmır.

Çinarə yazmağa daha heç nə tapmayıb, keçdi vərəqin sağ tərəfinə: müsbət cəhətləri:

1. O, çox mülayim və mərhəmətlidir.

Elə ilk cümlədən Çinarənin çöhrəsində təbəssüm yarandı. Yazmağa davam etdi.

2. O, çox mədənidir. Işlətdiyi cümlələr elə nəzakətlidir ki...Ən hirli vaxtında belə, onun dilindən söyüş və ya təhqir eşitməmişəm.

Çinarə bir anlıq Nurlanın qəzəbli anını gözlərinin önünə gətirdi:
-Hardadır? Axı bura qoymuşdum. Hara qoymusan onları? Mənim əşyalarıma toxunma!

O, ən qəzəbli vaxtında belə, cəlbedici və xarizmatik idi. Cahil insanların əsəbiləşməsi vəhşilik, mədəni insanların əsəbiləşməsi isə xarizmatikdir.

-Mən dəyməmişəm. –Çinarə pəncərəyə tərəf qısılmış və balaca uşaq kimi ehtiyatla Nurlana baxırdı.

Indi xatırladı. Çinarə heç vaxt Nurlana səsini qaldırmamışdı. Ona görə yox ki, bilirdi ki, Nurlanın həyasız qadınlardan xoşu gəlmir. Ona görə ki, bilirdi ki, heç 2 dəqiqə keçməmiş Nurlan onu gəlib qucaqlayacaq və “bağışla” sözünün əvəzinə onu öpəcək.

Və o qucağı qazanmaq üçün Çinarə uşaq kimi göz yaşı tökməyə razı idi.
3. Onun qəlbində zərrə qədər də olsa, nifrət yoxdur. Onun nurlu qəlbi var. Və bu, əsas və yetərli səbəbdir.

Görəsən, valideynləri haradan bilirdilər ki, onun qəlbi nurlu olacaq? Və ona görə də adını Nurlan qoydular. Doğrudan da, insanın adı ilə onun şəxsiyyəti arasında mistik bir əlaqə var. Hər adın daşıdığı məna və onun insan həyatına təsiri...

Əvvəl ona Nurlan deyil, babasının adını - Əzizağa qoymaq istəyiblərmiş. Sonra son anda atası fikrini dəyişir və deyir:

-Oğluma heç kimin adını qoymayacam. Düşər düşməzi olar. Qoy oğlum kiminsə adını daşımasın, kiminsə həyatını yaşamasın. Öz şəxsi adı və müstəqil düşüncəsi, özünəməxsus həyatı olsun. Və ad kitabından ona ad seçirlər: Nurlan.

4.O, çox ağıllıdır. O, çox dərin düşünür və cavabları, sualları, danışığı çox fəlsəfidir. O, məndən qat-qat ağıllıdır. Ona qibtə edir, və mən də ona çatmağa, onun zəka səviyyəsinə çatmaq istəyirdim...O, çox zəngin bir xəzinə idi...

5. O, çox cəsarətlidir. O, mənə də cəsarətli olmağı öyrətdi. Onu tanıyana qədər cəsarətsiz, kompleksli, qorxaq biri idim. O, mənə özüm kimi olmağı öyrətdi. Öz müstəqil qərarlarıma görə hərəkət etməyi öyrətdi. O, mənə özgüvəni öyrətdi. Onu tanımayan qədər, valideynlərimin qayğısı altında, onların diktəsilə, onların iradəsi ilə hərəkət edə, onların qərarlarından və qanunlarından kənara çıxmayan, daim qorxu və cəsarətsizlik kompleksi keçirən bir qız idim. O, mənə azadlığı göstərdi. O, mənə valideynlərimə hörmətsizlik etmədən, öz qərarlarımla yaşamağı öyrətdi...

Çinarə dayandı. Onun müsbət cəhətlərini yazdıqca, qəlbindəkı sızıltı yenidən baş qaldırırdı. Çinarə artıq heç nə yaza bilmədi. qələmini yerə qoydu. Kağızın həm sağ, həm də sol tərəfinə baxdı. 5-ə 5. müsbət və mənfi cəhətlərin sayı eyni idi. Axı nəsə qalmalı idi qeyd olunası. Nəsə...Hər hansı bir keyfiyyət. Rəqəmlərin nisbətini dəyişəcək bir şey. Sanki nisbət pozularsa, Çinarə qalib gələcəkmiş kimi. Sanki onun bundan sonrakı həyat müqəddaratı bu nisbətdən asılı imiş kimi: tamam yoxsa davam?


Yüklə 283,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin