Sevgi Naminə



Yüklə 283,52 Kb.
səhifə3/5
tarix22.04.2017
ölçüsü283,52 Kb.
#15237
1   2   3   4   5

Çinarə o qədər çarəsiz vəziyyətdə qalmışdı ki, taleyini testlərə və kağızlardakı nəticələrə buraxmışdı. Sadəcə 1 cavab kifayətdir. Sadəcə 1 cavab! Birdən Çinarənin gözlərinə işıq gəldi. Müsbət cəhətlər tərəfdəki 6-cı cümləni yazdı:

6. O, mənə Sevgini göstərdi.

Və altdan xətt çəkərək yazdı: Davam!


***

Deyl Karneqi kitabında yazır:

Ailə həyatını xöşbəxt etmək üçün 7 qayda:

Qayda 1: Heç vaxt öcəşməyin!

Qayda 2: Öz partnyorunuzun xarakterini dəyişməyə çalışmayın!

Qayda 3: Tənqid etməyin!

Qayda 4: Səmimi minnətdarlıq bildirin!

Qayda 5: Azca diqqət yetirin!

Qayda 6: Nəzakətli olun!

Qayda 7: Ailə həyatının seksual aspekti haqqında kitab oxuyun!


Çinarə bu qaydaları əzbər bilirdi və hər birinə ailə həyatında ,sözsüz, əməl edirdi. Ama bəzən qaydalara tam riayət etmək belə, ailəni dağılmaqdan xilas etmir.

O, qaydaları sevmirdi. O, getmək istədi və getdi...

Sən həmişə mənə deyirdin: Heç vaxt kimisə və ya nəyisə itiməkdən qorxma! Həyatını qorxular içində keçirmə. Sənin həyatında ən vacib və birinci insan sən özünsən! özünü sev və özünə hörmət et! Kimisə bir gün titrsən, hətta bu mən olsam belə, həyata davam elə. Güclü ol! Öz gücünə inan! Daxilindəki Sənə inan!



Mən “yaxşı” deyirdim. Mən heç vaxt qorxularımı sənə büruzə vermirdim. Ama mən qorxurdum, Nurlan. Mən nə vaxtsa səni itirməkdən qorxurdum. Ama özümü güclü göstərməyə çalışırdım. Çünki sən zəifliyi, acizliyi xoşlamırdın. Bağışla, Nurlan. Mən səni aldadırdım. Mən zəif idim. Mən həmişə zəif olmuşam. Mən həmişə qorxurdum. Və bu qorxularım səni itirməmə səbəb oldu. Bağışla, Nurlan. Mən heç vaxt sən istəyən kimi güclü olmadım. Mən sənsiz güclü olmaq istəmirəm. mən zəif, ama sənin yanında olmaq istəyirəm. Sən qayıdacaqsan, elə deyilmi?”
-Bugünkü iclasın mövzusunu elan edirəm. –klinikanın baş həkimi qalın və ciddi səslə nitqinə başladı. Iri ağ lövhənin qarşısında dayanmışdı və projektor lövhəni işıqlandırırdı. Ağ lövhədə şəkillər, diaqrammalar, cədvəllər, sözlər peyda olurdu.

-Bugünkü iclasın mövzusu – son 6 ay ərzində klinikaya müraciət edən ailələrin sayı, onların sonrakı taleyi və klinikanın fəaliyyətinin nəticələridir.

Geniş, təmiz, işıqlı konfrans zalında həkimlər, psixoloqlar, hüquqşünaslar oturmuş, diqqətlə, hamı bir nəfər kimi, baş həkimə qulaq asırdılar.

-Hamıya aydındır ki, bizim klinikanın ən ali məqsədi, adından da məlum olduğu kimi, ailələrə yardım etmək və onları dağılmaqdan xilas etməkdir. Niyə? çünki ailə kiçik dövlətdir. Çünki hər şey ailədən başlayır. Çünki gələcək nəsillərin necə olacağı bugünkü ailələrdən asılıdır. Hamınıza məlumdur ki, əvvəlki dövr ilə indiki zəmanə çox fərqlənir. Bu fərqlilik ən çox da insanlarda və onların münasibətində təzahür edir. Kim nə deyir desin, nə qədər şikayətlənir şikayətlənsin, onsuz da biz keçmişi və keçmiş dəyərləri qeri qaytara bilmərik. Adı üstündə, keçmiş keçmişdə qaldı. Istəsək də, istəməsək də, biz indi, bu zamanda -21-ci əsrdə yaşayırıq. Və bu zamanın tələblərinə uyğunlaşmalıyıq. Eyni zamanda insanları xilas etməliyik. Biz artıq boşanmaların sayından, onların səbəblərindən dəfələrcə danışmışıq. Bizə artıq məlumdur. Biz diaqnoz qoymuşuq bu xəstəliyə və indi onu müalicə etməklə məşğuluq. Əgər min ailədən birini belə xilas etsək, bu dənizdə bir damla olsa belə, unutmayaq ki, damla da nəyəsə görə böyükdür. Və o damlalar birləşəndə okean belə yarana bilər. Nəsə...Keçək statistikalara...

baş həkim əlindəki çubuqla ağ lövhədəki cədvəli göstərdi.

-Son 6 ay ərzində klinikamıza 247 ailə müraciət edib. Bunların 58-i klinikamızın həkimlərindən, 13-ü hüquqşünaslarımızdan, qalanı isə psixoloq-məsləhətçilərimizdən məsləhət alıblar. Bu son 6 ay ərzində 247 ailədən 185-ni boşanmaqdan və dağılmaqdan xilas edə bilmişik. Məncə, bu yaxşı göstərici sayıla bilər, elə deyilmi? –zala müraciət etdi. Zalda əyləşənlər əl çaldılar. Baş həkim fəxrlə yenidən lövhəyə tərəf çevrildi.

-Ümid edirəm ki, növbəti illərdə bundan daha çox nailiyyətlər əldə edəcəyik. Keçək, bugünkü birinci problemin həllinə! Bu günlərdə hesablamalar və müşahidələrin nəticələrinə görə, boşanmaların bir qismi uşaq dünyaya gətirə bilməmə və sonsuzluq ilə bağlıdır. Insanlar əvvəlcə həkimlərə müraciət edir və bundan bir nəticə çıxmadıqda boşanmağa qərar verirlər. Və ən çox da tərk edilən qadınlar olur, baxmayaraq ki, problem çox vaxt kişilərdə olur. Əlbəttə ki, uşaq vacibdir hər ailə üçün. Ama boşanmaq üçün əsas deyil. Hörmətli həkimlər və psixoloqlar, müraciətim sizədir. Sizə müraciət edəndə, onlara uşaq evlərindən uşaq götürməyi məsləhət görün. Hamımız bilirik ki, dövlətimizin və imkanlı şəxslərin uşaq evlərinə, internatlara qayğısı çox böyükdür. Allaha şükür, hər şeylə təmin edirlər. Xəbərlərdə tez –tez eşidirik ki, filan iş adamları, filan müğənnilər uşaq evlərinə külli miqdarda vəsait xərcləyirlər. Onlar isti yataqlarda yatır, ən son müasir oyuncaqlarla oynayır, pambıq paltarlar geyinirlər. Ama heç kim başa düşmür ki, onlara bu lazım deyil. Onlar ata və ananın nə demək olduğunu bilmək istəyirlər. Mən bir şeyi başa düşmürəm. niyə övladlığa götürəndə yeni doğulmuş körpələri götürürlər? Səbəb 1: Ona görə ki, onlar istəmirlər ki, övladlığa götürdükləri uşaq heç vaxt bilməsin ki, valideynləri doğma valideynləri deyil. Yəni süni münasibətlər və saxtakarlıq üzərində qurulmuş hamilik...Halbuki, belə halların əksəriyyətində uşaq gec –tez bilir ki, onun atası və anası doğma valideynlə deyil. Və bu uşaq üçün daha ağır travma olur. Olmazmı ki, elə 5-6 yaşına çatmış, özünüdərkedən uşağı övladlığa götürəsən və ona hər şeyi olduğu kimi deyəsən: “Bax, mən sənin həqiqi atan, anan deyiləm. ama səni sevirəm. və sevmək üçün bioloji ata –ana olmaq lazım deyil”

Zalda sükut yarandı. Baş həkim bir anlıq öz uşaqlığına qayıtdı:


Uşaq evinin müdirəsi əlindən tutub, onu dəhliz boyu yeni valideynləri ilə tanış etmək üçün aparırdı. Dəhlizin sonunda 1 qadın və 1 kişi dayanmışdı.

-Fərhad, bax, bu sənin ailəndir. –müdirə onlara çatar –çatmaz mehribancasına gülümsəyərək dedi. Qadının çox nurani siması vardı. Əyildi, dizlərini yerə qoydu və Fərhada diqqətlə baxdı. Bu baxışlarda o qədər sevgi, o qədər mərhəmət var idi ki...

-Fərhad, mən səni aldatmayacam. Mən sənin öz anan deyiləm. ama səni sevirəm. həm də çox sevirəm. sevmək üçün bioloji ana olmaq lazım deyil.

Və onu qucaqladı. Və bu qucaq, bu isti qucaq...Fərhada elə bu lazım idi. Minlərcə valideynsiz uşaqlara lazım olan kimi...


Zaldakı hər kəs bilirdi ki,baş həkim götürülmə uşaqdır. Və o da öz uşaqlarının olmasına baxmayaraq, 2 qız uşağını evladlığa götürmüşdü. Valideynlərinin etdiyi bu xoşməramlı işi, o da davam etdirirdi. Sevgi birdən birə qazanılmır. Sevgi insandan insana ötürülür.

-Nəsə. –baş həkim keçmiş xatirələrdən ayrıldı. –Deməyim odur ki, uşağı olmayan ailələrə başa salın ki, uşağı övladlığa götürərkən yaşını nəzərə almasınlar. Belə çıxır ki, uşaq evlərində yeni doğulmuş uşaqlar uşaqdır, qalanları uşaq deyil? Uşaq həmişə uşaqdır. Uşağın həmişə sevgiyə, ailəyə ehtiyacı var. Bu fikri insanlara aşılayın. Uşaq evlərinə maddi yardım etməkdənsə, hər kəs 1 uşağı övladlığa götürsün.

Həkimlər, psixoloqlar, hüquqşünaslar əllərinin altındakı kağıza qeydlər aparırdılar.

-İkinci problem: Ailə münaqişələri ən çox böyüklərin –ağsaqqal və ağbirçək hesab etdiyimiz insanların ucbatından baş verir. Ona görə də seanslara ancaq boşanmaq üzrə olan cütlükləri deyil, onların qaynataları, qaynanaları, qayn, baldız, hətta uzaq qohumları belə, dəvət edilsin. Fikrimi belə izah edim: Əgər 1 adam bir gün özünü pis hiss edərsə, həkimə müraciət edir. Həkim diaqnozu tapmaq üçün xəstəni analizlərə, təhlillərə göndərir. Və sonda analizlərdən biri göstərir ki, xəstə nədən xəstələnib. Əgər ailə “xəstə” dirsə, onun bütün “orqanlarını müayinə etmək lazımdır. Çox təəssüflə qey etməliyəm ki, bəzən valideynlərin hədsiz sevgisi ailələrin dağılmasına səbəb olur. Ama əslində bu sevgi deyil. Çünki sevgi xudbin deyil. Sevgi paylaşımı sevir. Valideynlər isə elə zənn edirlər ki, əgər qızı və ya oğlu başqa birisini sevsə, valideyninə olan sevgisi azalacaq. Əslində isə sevgi paylaşılınca çoxalır, azalmır. Və valideynə olan sevgi ilə həyat yoldaşına olan sevgi eyni deyil. Fikrimi belə izah edim: Bir ağac təsəvvür edin. Həmin ağacın gövdəsi siz və sizin sevginizdir. Sizin vətənə olan sevginiz onun bir budağıdır, valideynlərinə olan sevgi digər budağı, işinizə olan sevdi daha başqa bir budağı, həyat yoldaşıınıza, uşaqlarınıza, iş yoldaşlarınıza, qonşularınıza, qohumlarınıza...Və beləcə, möhtəşəm, qollu-budaqlı bir ağac yaranır. Bax, bu qollu –budaqlı ağac sizin sevginizdir. Ağac heç vaxt bir budaqdan ibarət olmur. Sevgi təkcə bir yönümlü olmur. Insanlar bunu başa salmağa çalışın. Əsas da valideynlərə! Başa salın ki, övladlarının sevgisini itirməkdən və ya sevgilərinin azalmasından qorxmasınlar. Sevgi təkəbbürü və xudbinliyi sevmir. Sevgi paylaşdıqca çoxalır. Seanslarınıza valideynləri və qohumları da cəlb edin. Axtarın, soruşun, tədqiqat aparın, “xəstəliyin” dəqiq diaqnozunu tapın. Düzgün müalicə edin. Problemin kökünə kimi gedin.

Həkimlər və psixoloqlar yenə əllərində qələm, kağıza qeydlər aparırdılar.

-Və sonda – baş həkim bir az gülümsəyərək dedi. –Sonda istərdim ki, bu son 6 ay ərzində işçilərimizin –mənimlə bir yerdə işləyən həmkarlarımın iş fəaliyyətlərinin nəticəsi ilə sizi tanış edim.

Ağ lövhədə diaqramma görsəndi. Diaqrammanın aşağısında həkimlərin adı, şaquli xətt boyunca isə onların uğurlarının nəticə faizi qey olunmuşdu.

-Bayaq da dediyim kimi, bu son 6 ay ərzində bizə 247 ailə müraciət edib və bunlardan

176 –ı psixoloqlarımızdan məsləhət alıblar.-baş həkim əlindəki çubuqla diaqrammanı göstərdi. Çinarə diaqrammanın ilk xəttində adını gördü.

-Buradan da gördüyümüz kimi, 176 ailədən 87-i Çinarə xanıma, 53-ü Könül xanıma, 36 isə Zibeydə xanıma müraciət edib. Nəticələr göstərir ki, ən çox müsbət nəticəni Çinarə xanım əldə edib. Ona müraciət edən 87 ailədən 82-ni boşanmaqdan və dağılmaqdan xilas edib. Başqa psixoloqlarımızda isə bu göstərici daha aşağıdır. Buna görə də, Çinarə xanımı 82 ailəni boşanmaqdan xilas etdiyinə görə təbrik edir və alqışlayırıq..

Zaldakı hər kəs onu alqışladı. Kimisi ürəkdən sevinərək, kimisi həsədlə candərdi, kimisi qibtə ilə...Onun yerində olmaq, baş həkimin tərifini və alqışını qazanmaq istəyənlər çox idi. Ancaq bütün bunlar Çinarəyə insanda ikrah hissi oyadan iyrənc komediya kimi gəldi. İçindən var gücü ilə qışqırmaq istəyi keçdi:

-Söndürün işıqları! Qapadın pərdələri! Bəsdir yalançı aktrisanı alqışladınız! Mən yalançı qəhrəmanam! Mən başqalarının həyatını xilas edən, ama öz ailəsinin dərdinə dərman ola bilməyən yalançı qəhrəmanam! Mənə inanmayın! Mənim dediklərim səhvdir! Mən nəzəriyyəni əzbər bilirəm. təcrübə isə göstərdi ki, ayrılmamaq üçün qaydalar riayət etmək bəs deyilmiş. Mən yalançıyam! Sevgi haqqında şeirlər yazan, ama bircə dəfə də olsa, sevməyən şair kimi...Heç vaxt satdığı gülləri görməyən, ama onları müştəriyə tərifləyən kor gülsatan kimi... “Uğurlu biznesi necə qurmaq olar?” –ı tələbələr mühazirə deyən, ama bircə dəfə də olsa, biznes qurmayan iqtisad müəllimi kimi...Mən yalançıyam!!!!


-Çinarə xanımı yanıma dəvət edirəm –baş həkim Çinarənin daxili monoloqundan xəbərsiz şəkildə onu lövhənin yanına çağırdı. Çinarə ayağa qalxdı və gülümsəməyə çalışdı. Asta addımlarla gəlib, baş həkimin yanında dayandı. Auditoriyaya baxdı. Hamı ona qibtə edirdi. O, işində uğur və müvəfəqiyyət qazanmış bir qadın idi. Ama Çinarə sol tərəfdə, 2-ci sırada oturan Səmayəyə qibtə edirdi. O, həkim kimi elə də uğur qazanmamışdı. Ama çox gözəl bir ailəsi vardı. Və o, indi buradan evə gedəndə, əri, uşaqları onun yanında olacaq. O, sağ tərəfdə 6-cı sırada oturan Əminəyə qibtə edirdi. O, çox həyasız və güzəştə getməyən qadın idi, ama indi də əri onun yanında idi, və tez-tez işçilərə əri ilə çəkdirdiyi mehriban, səmimi foto şəkilləri göstərirdi.

-Çinarə xanım, -baş həkim Çinarəni fikir dumanından ayırdı. –Siz çox savadlı, qabiliyyətli bir qadın, işini məharətlə görən, insanların qəlbinə yol tapa bilən psixoloq və nümunəvi bir ailənin xanımısınız. Bizə öz uğurlarınızın sirrini açmaq istəyərdinizmi? Bəlkə bizimlə paylaşacaq, bizə demək istədiyiniz nəsə var ki, işçilərimiz sizdən nümunə götürsünlər. Onlar da işində sizin kimi, yüksək nəticələr əldə edə bilsinlər.

-Mən...Əvvəla...çox təşəkkür edirəm ki,...-Çinarənin dili topuq vurdu. Nə deyəcəyini bilmədi. bir anlıq Nurlanla keçən söhbətini xatırladı:
-İnsanlar süni məsləhəti sevmirlər –Nurlan demişdi: -Onlara nə qədər kitab cümlələri işlətsən, onlar sənə inanmayacaqlar. Onlara nə qədər “Xöşbəxtlik çox gözəl bir şeydir” desən də, onlar bu sadəcə 1 cümlə şəklində gəlib çatacaq. Bu, onlara təsir etməyəcək. Onlar sənə inanmayacaqlar. Onları inandıra bilməyəcəksən!

-Bəs necə etmək lazımdır?

-İnsanlar sevgini kitablarda oxumaq, mahnılarda tapmaq, filmlərdə təsirlənib ağlamaq istəmirlər. Insanlar sevgini həyatda yaşamaq istəyirlər. Onu hiss etmək, sevginin nə demək olduğunu özləri kəşf etmək istəyirlər. Təsəvvür et ki, sən deyirsən: “Sevgi uğrunda mübarizə aparmaq lazımdır”. Onlar bu sadə cümlə kimi gələcək. Nə sevgi? Məgər sevgi qalıb aramızda? Sənsə onları inandırmalısan ki, onların arasında sevgi qalıb. Sadəcə o gizlənib. Onu tapmaq. Sadəcə davalar, maddi problemlər, əsəbi gərginliklər onun üstünü örtüb. Və insanlar uçulmuş xarabalıqlar altında qalan sevgini oradan çıxartmaq və xilas etmək istəmirlər. Insanları inandırmalısan ki, hər şeydən əvvəl sevgini xilas etmək lazımdır. Onu sağaltmaq, yaraların sağalmasına diqqət və qayğı göstərmək lazımdır. Sonra isə sevgi özü hər şeyi xilas edəcək. Buna onları inandırmalısan!

-Necə?


-Özündən nümunə göstər. Insanlar canlı faktları xoşlayırlar. Məsələn, nağıllara inamı itmiş bi insan eşitsə ki, kiminsə həyatında möcüzə baş verib, bu möcüzə onun inamına təsir edəcək, və o, nağıllara yenə inanacaq. Onlara öz başına gələn möcüzədən danış. Məgər bir ikimiz də Sevgiyə inanmırdıq? Sonradan bildik ki, sən demə, biz eyni vaxtda, eyni ulduza baxaraq bir-birimizlə danışırmışıq, bir-birimizin adını belə bilmədən. sonradan bildik ki, bizdə nəyə inam vəya dəyişiklik eyni anda baş veribmiş. Bir –birimizdən xəbərsiz. Bəs bu möcüzə deyil? Ikimiz də romantik, ikimiz də eyni düşüncələrin sahibi, ikimiz də möcüzələrə və nağıllara inanan...Səncə, bu möcüzə deyil? Məgər insanın 2-ci ruhunu tapmaq hər adama nəsib olur? Məgər hər insan Sevgini görə bilir? Ama biz gördük. Çünki biz ikimiz də inanırdıq Allaha və Sevgiyə! Ikimiz də! Məgər səndən gözəl nümunə ola bilər pasiyentlərin üçün? Ona görə də onları inandırmalısan. Inandırmalısan ki, Sevgi var! Sadəcə insanlar onu görmək istəmirlər. Sevgi var! Sadəcə insanlar onu sekslə qarşıq salırlar. Sevgi var! Sadəcə insanlar sevgi uğrunda mübarizə aparmaq əvəzinə, nifrət etməyi seçirlər. Insanları öyrət ki, Sevgi var! Və sonda Sevgi qalib gələcək! Hər nə olursa olsun Sevgi qalib gələcək!...
-Mən...-Çinarə udqundu. –Mən sadəcə inanıram...İnanıram ki, insanlar, ailələr, münasibətlər nə qədər çətin mərhələlərdən keçsələr də, sonda Sevgi qalib gələcək. Insanlar sevgi uğrunda mübarizə aparmalıdırlar. –Çinarə yenə də udqundu. Öz dediyi sözlərə özü şübhə ilə baxırdı. Və sözlər boğazından çətinliklə keçirdi.

-Mən sadəcə insanları inandıra bilirdim. Daha doğrusu, bilirəm. mən əlavə heç nə demirəm. sadəcə onların daxillərindəki gizlənmiş, əsəb dağıntılarından uçub, xarabalıqlar altında qakan sevgilərini göstərib, onlara öz sevgilərini özlərinə kəşf etdirirəm. və onlar aşkarlayırlar ki, dərində yatan sevginin böyüklüyü müqabilində nifrətləri çox cılızdır. Mən insanlar öz sevgilərini özlərinə qaytarıram. Bu qədər! –deyib, Çinarə susdu. Hər kəs onun nitqini alqışladı. Çinarənin isə ürəyi sıxılırdı. Iclas bitər –bitməz zalı birinci tərk edən o oldu. iri addımlarla otağına doğru addımladı. ağlamaq üçün...Güzgüsü ilə dərdləşmək üçün...


Sən mənim müəllimim idin. Sən mənim psixoloqum idin. Sən mənim filosofum idin.

Sən mənim ağıllı dostum idin. Sən mənim həkimim idin. Sən mənim hər şeyim idin. Lənətə gəlsin, səninlə bağlı pis bir şey xatırlaya bilmirəm ki, zərrə qədər də olsa, əzabım azalsın. Sadəcə 1 kobud sözünü xatırlamıram ki, sənə nifrət edim, ya da səni adiləşdirim, ya da sənə hamı kimi baxa bilim ki, bu zəhrimara qalmış qəlb artıq bu qədər sıxılmasın. Axı bu qədər əzab niyə? niyə bu qədər yaxşı oldun? Niyə? axı bilirdin ki, mənim ən qatı düşmənim mədəniyyətsiz insandır. Niyə bircə dəfə də olsa söyüş söymədin ki, mən səni asanlıqla silə bilim həyatımdan? Bilirsən, necə əzab çəkirəm?! Bilirsən, sənin bu qədər yaxşı olmağın mənə nə qədər əzab verir? Niyə gözümdən düşmədin? Niyə bircə dəfə də olsa, yalan demədin ki, indi mənə səni unutmaq bu qədər çətin olur. Mən artıq belə bacarmıram! Daha bəsdir! Yetər! Yetəəəəəərrr! Yetər artıq! Məni məhv edəcək bu sonu bilinməyən yol...Sən qayıdacaqsan, elə deyilmi?”
***

Səhər saat 6:45. zəngli saat çalır. Çinarə yarıyuxulu halda zəngli saatı söndürür. Gözlərini açır. Və dərhal dünəni xatırlayır. Hıçqırıqlar, isterik hərəkətlər, ağlayışlar, dörd divar, üsyankar səslər...

Dünən axşam Çinarə üçün ağır oldu. Əsəbləri tab gətirmədi və o, isterika keçirdi. Durmadan qışqırır, ağlayır, nəsə yazır, sonra onları cırır, qaba atır və yandırırdı. Onunla birgə dinlədiyi mp3 diskləri qırır, DVD ləri sındırır, kitabları zibil qabına atırdı. Ona aid, onu xatırladan əşyaları məhv etməklə sanki qisas alırdı ya da içindəki əzabı azaltmaq istəyirdi. ağlayır, durmadan ağlayır, sonra sakitləşir, daha sonra yenə ağlayırdı...

Çinarə dünən axşamı yuxu kimi xatırladı və nə vaxt, necə yuxuya getdiyini xatırlamadı. Adətən göz yaşları ilə bitən gecələr özü ilə ümidsiz və gecədən heç fərqlənməyən sabahlar gətirir. Ama Çinarənin üzündə təbəssüm vardı. Yataqdan qalxdı. Pəncərəyə yaxınlaşdı və səmaya baxdı. Gülümsədi:

-Çox sağ ol Allahım –dedi pıçıltıyla.

Təşəkkür etdi. Çünki Allah onun yuxusuna şəhzadəsini göndərmişdi. Nurani siması, məsum çöhrəsi və mülayim baxışları olan bir şəhzadə. Çinarə yuxusunu xatırladı: O, sakitcə dayanmış, ona baxırdı. Üzündə təbəssüm vardı. Çinarəyə gülümsəyirdi. və birdən onu qucaqladı...


Bağışla məni, Nurlan. Mən acizlik və gücsüzlük göstərdim. Mən güclü olmalıyam. Sən qayıdanda məni əvvəlki kimi güclü görməlisən. mən Sevgi uğrunda mübarizə aparmalıyam. Axı Sevgi uğrunda mübarizə aparmağı sən mənə öyrətmişdin. Mən ayaqüstə, dimdik dayanmalıyam. Axı sən zəifliyi və iradəsizliyi sevmirsən. mən güclü olacam, Nurlan. Sən gələndə məni əvvəliki kimi güclü görəsən deyə. Yavaş –yavaş güclü olmağı öyrənirəm, Nurlan. Sevgi güclüdür. O, hər şeyə qalib gələ bilər. Sən indi yoxsan yanımda. Ama sevgin qəlbimdədir. Və əsas olan da budur. Bağışla, dünən sənin sevdiyin diskləri, kitabları atdım. Bağışla, bu ani isterika idi. Söz, bu gün gedib, onlardan yenisini alacam. Mən mübarizə aparacam, Nurlan. Nə qədər çətin olsa da, mən özüm özümlə mübarizə aparacam. Sevgi naminə! Sənin üçün! Sonda Sevgi qalib gələcək. Buna əminəm və inanıram. Sən qayıdanda sənin boynuna sarılacam. Kənara qoyacam bütün inciklikləri, qeruru. Səni necə çox sevdiyimi deyəcəm. səni bir də

buraxmayacam. Səni qucaqlayacam, bərk-bərk qucaqlayacam. Gözlərinə baxacam doyunca. Həsrət qaldığım qoxunu içimə çəkəcəm. saçlarını qarışdıracam. Səni necə çox sevdiyimi qışqıracam. Sən qayıdanda biz bir də ayrılmamaq üzrə birləşəcəyik. əvvəlkindən daha mehriban, daha möhkəm, daha sıx bağlarla. Bu, sadəcə bir sınaqdır. Mən bu sınaqdan üzüağ çıxacam. Biz bizə inanmayanlara yenə də sübut edəcəyik ki, Sevgi var! Əbədi Sevgi Var! Mən sənin gəlişini səbirsizliklə gözləyəcəm. sən qayıdacaqsan, elə deyilmi?”
***

Nəhəng çılçıraqlı zal. Şarmlı qadınlar və şık geyinmiş kişilər...

Bu gün “Hər şey gələcək üçün” adlı tədbirdə müxtəlif şirkətlərin, ictimai birliklərin, klinikaların nümayəndələri iştirak edirdi.

Fərhad işçilərinin toplaşdığı stola yaxınlaşıb gülərüzlə dedi:

-Xanımlar, bu gün çox gözəl görünürsünüz.

-Çox sağ olun, Fərhad müəllim. –klinikanın işçiləri eyni təbəssümü baş həkimə geri qaytardılar.

-Siz də çox yaraşıqlı görünürsünüz. Ağ xalat başqa, ama kostyum sizə lap çox yaraşır.

-Sizin kimi gözəl xanımların əhatəsində eybəcər olmaq mənə yaraşmaz.

Xanımlar gülüşdülər. Könül dirsəyi ilə Çinarəyə xəfifcə vurdu.

-Bu kişi də günü –gündən cavanlaşır.

Çinarə gülümsədi.

-Xanımlar, sizə bir məsələ haqqında danışmaq istəyirəm.

-Eee, Fərhad müəllim, heç olmasa burada iş barəsində danışmayın.-Könül dodağını büzdü. –Bir ətrafınıza baxın, gözəlliklərdən zövq alın. Musiqini dinləyin. Rəqs edin.

-İnsanların həyatını yoluna qoymayınca, mənə nədənsə zövq almaq haramdır.-Fərhad gülümsədi.

Çinarə bir anlıq baş həkimə qibtə ilə baxdı. 47 yaşı vardı. Ama o qədər enerjli, həyatsevər, məqsədli, yeni ideyalarla aşıb-daşan beynə sahib idi ki...Onun bu qədər çox insansevərliyi, insanlıq naminə bu qədər çox işlər görməsi Çinarədə bu insana qarşı böyük hörmət və rəğbət yaratmışdı. Fərhad yaxşı insan idi.

-Buyurun, Fərhad müəllim, sizi dinləyirik.-Çinarə xəfifcə gülümsədi.

-Çox sağ olun. Deməli belə, mövzumuzun adı: rayonlarda və kəndlərdə ailə problemləri!

-Özümü banketdə yox, iclasdaymışam kimi hiss edirəm.-Könül Çinarənin qulağına pıçıldadı.

-Bu aralar bir məsələ haqqında çox düşünürəm. statistikalar göstərir ki, rayonlarda və kəndlərdə qadın zorakılığı və ailə-məişət zəminində baş verən cinayətlərin sayı daha çoxdur. Biz bir klinika olaraq, bu statistikaya laqeyd qala bilmərik. Statistikalar göstərir ki, daha çox cənub və aran royonlarında bu hadisələr baş verir. Mən də belə qərara gəldim ki, biz bir klinika olaraq bəzi işçilərimizi rayonlara və kəndlərə göndərək. Bizə orada daha çox ehtiyac var, nəinki paytaxtda. Bakıda klinikalar, məsləhətxanalar çoxdur. Vəkil tapmaq çox asandır. Addımbaşı klinikadır. Ama rayonlarda bu yoxdur. Bir vətəndaş olaraq, bu məni narahat edir. Mən çox istərdim ki, klinikamızın bəzi işçiləri həmin rayonlarda da fəaliyyət göstərsinlər. Mən bayaq 2-3 şirkətlə bu məsələ haqqında danışdım. Onlar mənim bu fikrimi müsbət qarşıladılar. Və bu layihəni həyata keçirəcəyim təqdirdə, bu işə sponsorluq edəcəklərinə söz verdilər. Həmin rayonlarda işləyəcək işçilərimiz, fərqi yoxdur, həkim, psixoloq və ya hüquqşünas olsun, hər biri hər bir şeylə təmin olunacaq və məvacib daha yüksək olacaq. Hə, xanımlar, nə deyirsiniz bu məsələyə?

Xanımlar bir-birilərinə baxdılar.

-Axı bizim ailəmiz, evimiz buradadır –Könül narazı halda mızıldandı.-Bu necə olacaq? Ailəmizi atıb, necə gedək? Yəqin ki, həyat yoldaşlarımız buna icazə verməz.

-Mən heç kimi məcbur etmirəm. kim istəsə, könüllü şəkildə. Kim kənd həyatını sevirsə...Yaxşı xanımlar, bu təklifim barədə düşünərsiniz.-deyib, baş həkim onlardan uzaqlaşdı.

-Bu Fərhad müəllim də ki...-Könül donquldanmağa başladı. –Məgər bizim ailəmiz , şəxsi həyatımızı yoxdur? Bu ofisiantlar da gözə dəymir. Içməyə nəsə istəyirəm. nəsə. gedim görüm içməyə nəsə tapıram?-deyib, Könül Çinarədən uzaqlaşdı. Çinarə qayğılı baxışlarla ətrafına nəzər saldı. Bir –birindən dəbdəbəli geyinmiş xanımlar. Incə, zərif şarmlı siluetlər. Göz qamaşdırıcı libaslar. Yaraşıqlı, ziyalı bəylər. Əllərindəki qədəhlər. Üzlərindəki təbəssüm. Edilən söhbətlər, aparılan müzakirələr. Insanlar, insanlar, insanlar...

-Nurlan?-birdən Çinarənin bədənindən soyuq cərəyan keçdi.

Gözləmədiyin anda, gözləmədiyin məqamda. O, şirkət nümayəndələrinin arasında idi. O, da bu banketdə idi. Axı bu necə ola bilər? Məgər Nurlan Sinqapurdan gəlib???

Çinarə qeyri-ixtiyari addımlarla Nurlana yaxınlaşdı. Əzaları boşalmışdı, bütün bədəni iflic olmuşdu.

-Nurlan?-Çinarə şokda idi. Donuq gözlərlə Nurlana baxırdı. Ürəyinin ritmlərinin sayı artmışdı. Və nəbzi çox tez-tez vururdu.

Nurlan çaşqın halda Çinarəyə baxırdı.

-Nurlan, sən Bakıdasan?-Çinarə hələ də şokda idi.

-Artıq 2 həftədir ki, Bakıdadır. –Nurlanın əvəzinə iş yoldaşı Rövşən cavab verdi.

-2 həftə?-Çinarənin nitqi kəsilmişdi. Bir anlıq bu 8 ay ərzində yaşadıqlarını xatırladı: keçirdiyi isterikalar, sıxıntılar, göz yaşları, əsəb travmaları, yaranan ümidlər, yenidən sönən ümidlər, boşa çıxmış terapiya cəhdləri, durmadan təhlil və analizlər aparmaq, ətrafdakı insanların reaksiyası, vurulan mənəvi baltalar, zərbələr, hər şeyə və hər kəsə rəğmən vuruşmaq, vuruşmaq, vuruşmaq, ayaq üstə qalmağa çalışmaq, yıxılmamağa çalışmaq....Nəyə görə? Kim üçün? 2 həftədir Bakıya gələn, ama bircə dəfə belə, bunu xəbər etməyən insan üçün?


Yüklə 283,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin