III BAŞLIQ
{Evtidemlə, tanrılarla bağlı danışıq}
Sokrat öz arxadaşlarına söz danışmağın incəliklərini öyrətməkdə, onları söz deyişmələrinə çəkib, tutarlı danışıq öyrəncələrinə alışdırmaqda, tələsməyi sevməzdi: öyrəncilərinin ərdəmli olmadan, belə bacarıqlara yiyələnməsini gərəksiz bir iş sayardı. Ərdəmli olmayıb, belə bilikləri öyrənənlər, onun düşüncəsinə görə, bir az da çox əyriliyə yuvarlanırlar, yamanlıq eləməkdə də qat-qat artıq zirək olurlar.
O, hamısından öncə, dinləyicilərinə, tanrılara yüksək sayğı göstərməyi aşılamağa çalışırdı. Tanrılara sayğı göstərməklə bağlı, Sokratın neçə-neçə danışıqlarını eşitdiklərini deyən çoxlu adamlar vardır; mən isə onun Evtidemlə bu konuda danışığına tanıq olmuşdum.
-Mənə de görüm, Evtidem,- Sokrat soruşdu,- tanrıların insana gərək olan nə varsa, necə qayğı ilə, yerli yerində yaratdıqlarını, oturub özün üçün düşünüb, ayırd etmisənmi?
-And olsun Zevsə, düşünməməişəm.
-Sən bunu bilməmiş deyilsən, hamısından(hər şeydən) gərəkli olan işıq, tanrıların bizə sovqatıdır!
-And olsun Zevsə, elədir,- Evtidem dedi,- işıq olmasaydı, gözlərimizin görməyinə baxma, hamımız korlar kimi gəzərdik.
-Sonrası, bizə dincəlmək gərək olduğunun qayğısına qalıb, bunun üçün ən yaxşı yarayan qaranlıq gecəni də, tanrılar bizə ərməğan eləyiblər.
-Elədir, buna görə də biz tanrılara sayğılarımızı yetirməlyik.
-Görürsən, günəş öz işığı ilə bizə günün hansı çağının olmasını, başqa bu sayaq nələrisə anlamaqda yardım eləyir, gecənin qaranlığında yan-yörəmizi görüb ayırd eləmək üçünmü, gecənin hansı çağı olmasını, habelə bu kimi başqa gərəkən nələrisə ayırd edə bilməyimiz üçünmü, tanrılar ulduzların ışığı ilə də bizə yardım eləyirlər!
-Mən bilən bunlar, elə buna görədir də var.
-Sonra, tanrıların yaratdığı ay,- bizə gecənin hansı çağı olmasından başqa, bir də ilin aylarını ayırd eləməkdə də yardım eləyir.
-Elədir, - Evtidem dedi.
-Buna nə deyirsən, tanrıların verimi ilə, torpaq bizim bütün yeyəcəklərimizi yetirir, bunun üçün də tanrılar ilin əkin-biçinə yarayan çağlarını ayırd eləmişlər, bu çağlarda biz özümüzü il uzunu doyuracaq yeyəcəkləri bol-bol yetişdirə bilirik.
-Bütün bunlarda, tanrıların insanlara böyük sevgisi duyulmaqdadır,- bunu
Evtidem dedi.
-Eləcə də tanrılar bizə çox gərəkli olan suyu vermişlər, onun içirib, dirçəltdiyi torpaq, ilin uyğun çağlarında üstündə minbir gözəlliklər, o sıradan bizim yeməyimizi də yetirir; suyu özümüz də içirik, yemək-içməyimizi də onunla bişiririk, hara tərpənsən, susuz keçinmək olmur, deyəsən, yer üzündə suyun belə çoxluğunu da, tanrılar elə buna görə eləmişlər?
-Bunda da tanrıların insanlara qayğısı görünməkdədir.
-Tanrılar bizə odu verməsəydilər, soyuqdan qorunmağı, qaranlığı qovmağı, bütün işimizə yarayacaq ürətimləri(istehsalatı) bacarardıqmı? Bir sözlə, yaşamımıza gərəkən nə varsa, az-çox işimizə yarayanların hamısı, od olmadan başa gəlmir.
-Elə bunu da tanrıların insanlara olan sevgisinin adına yazmaq olar, - Evtidem dilləndi.
-Günəşin qışdan sonrakı dönüşünə bax, yerə oracan yaxınlaşır da, bitkilərin birilərini göyərdib boy atdırır, o birilərini yetişdirib soluxdurur; bu işləri yerinə yetirib, yerə bundan artıq yaxınlaşmaqdan çəkinir, sanasan bizi ölçüyəgəlməz istisi ilə yandırıb yaxmamaq üçün geri dönüb, uzaqlaşır. Ancaq haracan uzaqlaşacağını da, eləbil qabaqcadan ölçüb-biçir, qışda dönüb qayıtdığı yerdən, bir az da o yana keçərsə, soyuqdan donub ölərdik, ancaq o nə etdiyini bilirmiş kimi, yenidən dönüb bizə sarı qayıdır, göydə ancaq bizim işimizə yaramaq üçün dolanır.
-And olsun Zevsə, görünən budur, tanrılar bunu da insanların yararı üçün eləyirlər.
-Bu da aydın görünmürmü, birdən gözlənilmədən düşsəydilar, biz nə istiyə, nə də soyuğa dözə bilərdik, ancaq günəş elə yavaş yaxınlaşıb, elə də yavaş uzaqlaşır, biz istinin-soyuğun ən çoxuna da alışa bilirik. Buna nə deyəsən?
-Mən indi artıq düşünməyə başlayıram, görəsən tanrıların insanların işini-gücünü yoluna qoymaqdan başqa da bir qayğıları varmı? Bu sözümün üstündə dayanmaqdan məni azacıq çəkindirən, tanrıların bizim üçün yaratdıqlarının, başqa varlıqların da işinə yaramasıdır.
-Sən yoxsa, başqa varlıqların insanın, dolanışığına yardımçı olmaq üçün yaradıldığını da bilmirsən? Hansı başqa varlıq, qoyun-keçidən, mal-qaradan, at-eşşəkdən insan kimi yararlana bilir? Bitkilərdən insan kimi yararlana bilən başqa bir varlıq tanıyırsanmı?—insanlar göyərtilərdən tutmuş ağaclara kimi, bitkilərdən elə yararlar götürürlər, deyəsən bu heyvanlardan götürdükləri yararlardan az deyil, bir də görürsən yaşadığı yerdən asılı olaraq, insanlar heyvanlardan çox bitkilərdən yararlanıb yaşayırlar, başqa biriləri ağartı ilə: süd, qatıq, pendir, bir də ətlə keçinirlər; bundan başqa insanlar bir çox heyvanları ələ öyrədirlər, onlardan dolanışıqlarında, desən lap savaşlarında da yararlanırlar.
-Bunları çox da düz deyirsən, Sokrat. Mən bunu da demək istəyirəm, bizdən qat-qat güclü olan heyvanları da insan ələ öyrədə bilir, onlarla öz gərəyincə, istəyincə davrana bilir.
-Bu yer üzündə, neçə-neçə biri-birindən ayrı olan, gözəl, gərəkli nəsnələr vardır, tanrılar insana: onları ayırd etmək, onların öz işlərinə gərəyini anlamaq, onlardan yararlana bilmək bacarığını vermişlər. Bunları bacarmaq üçünsə tanrılar bizlərə anlaq vermişlər, biz onun yardımı ilə duyduqlarımızı düşünüb-daşınaraq, hansı nəsnələrin nəyə yaraya biləcəyini anlaya bilərək, onların gərəkli olanlarından yararlana, gərəksizlərindən qoruna bilirik. Tanrılar bizə danışa bilmək bacarığı vermişlər, biz ona arxalanıb, biri-birimizdən gərəkli olan bilgiləri öyrənə, sonra bunu başqalarına da öyrədə bilirik, öz yaşamımızı düzənləmək üçün yasalar düzəldib, dövlət yaradıb, beləliklə də işlərimizi elliklə qabağa apara bilirik. Buna nə deyəsən?
-Ancaq bir söz demək olar: tanrılar insanlara, ölçüyəgəlməz qayğı göstərirlər.
-Biz gələcəkdə nə baş verəcəyini bilmədiyimizdən, uğurumuza çıxacaqları öyrənmək istəyirik, tanrılar bu işdə də bizə yardımçı olurlar, fal açmaqla soruşuruq, onlar bizə olacaqları da, onları necə qabaqlamağı da öyrədirlər.
-Səni isə Sokrat, mən deyərdim, tanrılar başqalarına baxmış bir az da üstün tuturlar: sən durub soruşmamış, onlar sənə nəyi eləməyi, nəyi isə eləməməyi öyrədirlər.
-Mənim dediklərimin doğruluğuna inanmaq üçün, tanrıların sənin gözünə öz görkəmlərində görünməsini gözləməyə dəyməz, sənin eləcə onların yaratdıqlarına dərindən-dərinə baxmağın da yetər, onlara tapınıb, sayğı duyasan. Bunu da biləsən, tanrılar özləri də bunun yolunu göstərirlər: onlar gözümüzə belə görünmədən, bütün gərəkən yaxşılıqlarını bizə göndərirlər, kainatı belə gözəl, bitkin qurub, yaradıb, onu bu durumda saxlayan da onlardır, elə bu yaşamın yararsızlaşdırdığı nəsnələrin çürüməsi, ağqrınmaq(xəstəlik), qocalıq, habelə, ildırım yeyinliyi ilə,- özü də yanılmadan doğulan düşüncələrimiz də, onların istəmi ilə baş verir, bax beləcə, sayagəlməz yaratdıqlarını gördüyümüz, kainatı yönətdiyini duyduğumuz tanrılar, bizim üçün gözəgörünməz olaraq qalırlar. Bunu, az qala, günəşlə bizim aramızdakı durumla da tutşdurmaq olardı: özlüyündə hamıya görünür, ancaq başını qaldırıb ona dik baxmağa qoymur, baxanda, gözlərin görməkdən qalır. Tanrının qulluqçuları da, elə bilirəm sən də buna inanırsan, gözəgörünməzdir: görürsən, ildırım bir anın içində necə göydən yerlərə düşür, qabağına çıxanları aşıb keçir; ancaq bir kimsə onun necə gəldiyini, necə nəyisə vurduğunu, necə qayıdıb getdiyini görə bilmir; küləklərin də özlərini görmürük, ancaq əsdiyini duyuruq, elədiklərini görürük. Lap sonuncu, insanın öpözü(ruhu): insanda olanlardan tanrılara ən çox yaxın olanı, bizim bütün elədiklərimizi yönətdiyi aydınca bilinsə də, ancaq özü gözəgörünməz deyilmi? Bütün bunları biləndən sonra, gözəgörünməz nəsnələrə inamsız yanaşmaqdan daşınıb, tanrılar özlərinin varlığını necə göstərirlərsə, elə bu gerçəklərə baxmaqla, onların güclərini anlamalı, tanrıları böyük sayğılarla anmalıyıq.
-Mənə gəlincə, Sokrat,- Evtidem dilə gəldi,- tanrılara sayğızılığımdan danışıq belə ola bilməz, mən bundan arxayınam; ancaq məni şaşırdan bilirsənmi nədir?- mənə elə gəlir, yer üzündə, tanrıların elədiklərinin qarşılığında, onların ulu adlarına insanların göstərdikləri sayğılar yetərli deyil, sözün düzü, insanların haçansa, tanrıların ad-sanına yaraşan sayğılar göstərməyi bacaracağına, inanmağım gəlmir.
-Yox, Evtidem, buna görə sarsılmağa dəyməz. Haçan Delf tanrısından soruşursan: “tanrıların bəyənməsi üçün nəyi, necə eləyək?” - bilirsənmi O, nə deyir: “Dövlətinizin öyrətdiyi kimi eləyin”; dövlətlər isə öyrədir: hamı öz gücü çatandan tanrılara qurbanlar verib, bununla da onlara öz sayğılarını yetirməlidir. Tanrıları, onların özlərinin istədiyindən də yaxşı anmaq, sayğı duyurmaq olarmı? Ancaq tanrıların adına verilən bu qurbanlara axça qızırqanmağa dəyməz: beləsi varsa, deməli, o tanrılara sayğısılıq eləyir. Beləliklə də tanrıları, olanından, gücün çatandan, verdiyin qurbanlarla andınsa, onda qorxmadan onların göndərəcəyi yaxşılıqları da gözləməyə dəyər: sağlam düşüncəsi olan kimsə yaxşılıqları bir başqasından yox, onu eləməyi bacarandan gözləməlidir, bu yaxşılığı da öz istədiyinə görə yox, onun istəminə görə aldığını anlamalıdır; tanrıların istəmini özünə yaramağa yönəltməyin isə bir yolu var, onlara bacardıqca artıq tapınmaq.
Belə danışıqları ilə də, özünün yaşamında göstərdiyi örnəklərlə də, Sokrat yan-yörəsindəki adamları, tanrıqanlığa(möminliyə), ərdəmliyə yönəldirdi.
Dostları ilə paylaş: |