E x e k r a t. And olsun tanrılara, Fedon, mən sizin düşdüyünüz durumu çox yaxşı anlayıram. Bayaqdan sənə qulaq asıram, sonra da az qala özüm-özümdən soruşmaq istəyirəm: ”Sokratın dedikləri elə inandırıcı idi, sanasan, onları danmağa yer qoymamışdı, ancaq indicə deyilənlər, onun dediklərini laxladıb, yerindən oynatmırmı?” İndiyənəcən öpözün uyumluğa(harmoniyaya) bənzədilməsi mənim lap ürəyimdən soraq verirdi. Bundan danışılanda bir anlıq mənim özümün də, çoxdan elə beləcə düşndüyümü də anmışdım, ancaq budur, indi məni, öpözün bədənlə bir yerdə ölmədiyinə inandırmaq üçün, gərək kimsə ortaya büsbütün başqa bir tutarqalar qoysun. Səni and verirəm Zevsin adına, ardını danış! Sokrat dediklərinin doğruluğunu göstərmək üçün bundan sonra nə demişdi? Onundamı sizlər təki, bu deyilənlərdən qanı bərk qaralmışdı, yoxsa özünü tox tutub, araşdırmalarının ardını danışmağa başlamışdı? Onun bu dönə dedikləri yerinə düşürdü, yoxsa yox? Nə olar, bunları bizə bir yerli-yataqlı danışsana!
F e d o n. Bilirsən, Exekrat, mənim Sokratın danışıqlarına vurğunluqla qulaq asmağım çox olub, ancaq bu anlarda onun dediklərindən duyduğum vurğunluq bir başqa, sözlə deyiləsi deyildi. O, bundan qabaq deyilənlərin yanlış olduğuna bizi inandıran ən gərəkli cözləri tapıb deməyi bacardı, düzü burada bir gözlənilməzlik də yox idi. Ancaq mənim o anlarda aşıb-daşan vurğunluğum büsbütün başqa bir nədəndən oldu, birincisi o, gənc arxadaşlarının onun dediklərinə qarşı çıxıb dirənmələrini, bilsən necə də bir sevinclə, açıqürəkliklə, deyərdim lap coşqunluqla, qarşılayırdı, sonrası, onların dediklərindən bizim başımızı itirib sarsıldığımızı da, dərindən-dərinə anlayıb duyurdu, sonuncusu isə, o gözgörəti, bizi bütün bu şaşqınlığımızdan necə də bir zirəkliklə çıxara bilirdi. Biz savaşda yenilib, başını götürüb qaçan döyüşçülərə bənzəyirdik, o isə bizi saxlayıb, ürəkləndirib, yenidən savaşa qatılmaq üçün geri qaytarırdı, biz də onunla birgə, onun öndərliyi ilə, lap başlanğıcdan başlayıb, deyilənlərin hamısını yenidən araşdırmağa başlayırdıq.