36. Sosial stratifikasiya təlimi.
Bununla əlaqədar mövcud cəmiyyətdəki sosial strukturun hərtərəfli təhlil olunmasında Qərbdə çoxdan dəbdə olan sosial stratifikasiya təlimi mühüm rol oynayır. Strata latınca təbəqə deməkdir. Bu anlayış ictimai elmə geologiyadan keçmişdir. Həmin təlimin yaradıcılarından olan P.Sorokin yazırdı: «Sosial stratifikasiya mövcud insanlar məcmusunu (əhalini) öz iyerarxalı dərəcəliliyi ilə götürülən siniflərə parçalamaq deməkdir. Onun əsasını və mahiyyətini hüquq və imtiyazların, məsuliyyət və öhdəliklərin arasında sosial dəyərlərin, hakimiyyətin və təsirin olub-olmaması təşkil edir» .
Əlbəttə, Sorokin sinif dedikdə təbəqələri başa düşürdü. Bununla belə göstərilməlidir ki, sosial stratifikasiya hər bir cəmiyyətdə mövcud olur. Həm də cəmiyyət nə qədər çox mütəşəkkildirsə və normal fəaliyyət göstərirsə, onun stratifikasiya səciyyəsi də bir o qədər dolğun ifadə olunur.
Stratifikasiya təlimi müasir cəmiyyətin sosial strukturunda aşağıdakı altı meyar üzrə bir-birindən fərqlənən stratları ayırır:
Birincisi, peşə nüfuzu. Cəmiyyətdə müxtəlif peşələr və buna müvafıq olaraq həmin peşələrdə çalışan insan qrupları arasında nüfuza görə fərqlər vardır.
İkincisi, hakimiyyət və əzəmət. Bu meyar cəmiyyətdə insanların hakimiyyətdən istifadə olunmasma və öz əzəmətlərinə görə olan müxtəliflıyi ifadə edir.
Üçüncüsü, gəlir və sərvət. Məlumdur ki, gəlir və sərvətin miqdarına görə insanlar eyni deyildir. Onların əldə olunması üsullarından (irsən miras qalan və yaxud peşə sahibinin özünün əldə etdiyi gəlir və sərvət) asılı olmayaraq həmin göstəriciyə görə insan qrupları bir-birindən fərqlənirlər.
Dördüncüsü, təhsil və bilik səviyyəsi. Tarixən insanlar öz təhsil və biliyinə görə eyni olmamışlar. Bu əlamət onların sosial roluna və cəmiyyətdə yüksəlmə imkanlarına ciddi təsir göstərir. Səciyyəvi cəhət burasıdır ki, həmin əlamətin rolu getdikcə artmaqdadır.
Beşinci meyar dini mənsubiyyət, dini mərasimlərin yerinə yetirilməsi dərəcəsidir.
Nəhayət, altıncı meyar insanların qohumluq əlamətlərinə görə fərqləndirilməsidir. Qeyd olunmalıdır ki, bu göstərici cəmiyyətdə mühüm rol oynayır. Belə ki, nəslin davam etdirilməsində, uşaqların tərbiyəsində, qohumlar arasında münasibətlərin mənəvi, psixoloji və digər baxımdan tənzimlənməsində o əhəmiyyətli yer tutur.
Dostları ilə paylaş: |