Siyasi mədəniyyət — mənəvi mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyət politologiya elminin mühüm anlayışlarından biridir. Siyasi mədəniyyət anlayışı iki mənada işlənir. Geniş mənada siyasi mədəniyyət bəşər cəmiyyətinin yaratmış olduğu ümumi mədəniyyətin bir hissəsi kimi işlənir. Yəni bu halda iqtisadi mədəniyyət, dini mədəniyyət, əxlaqi mədəniyyət və s. kimi hər bir cəmiyyətdə siyasi mədəniyyət də mövcuddur. Onlar bir-biri ilə sıx bağlıdır. Dar mənada siyasi mədəniyyət hər bir fərdin, sosial qrupun, sinfin və ya millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətdə, siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülür.
«Siyasi mədəniyyət» anlayışını politologiya elminə ilk dəfə Amerika politoloqları Q.Almond və S.Verba gətirmiş və onu politologiya elminin mühüm kateqoriyalarından biri kimi şərh etmişlər. Q.Almond və S.Verba «Vətəndaş mədəniyyəti» əsərində siyasi mədəniyyətin cəmiyyətin siyasi sistemində, siyasi rejimlərdəki rolunu yüksək qiymətləndirərək belə bir ümumi nəticəyə gəlmişlər ki, demokratiyanın inkişafı və demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl, yüksək siyasi mədəniyyət tələb edir və onun sayəsində mümkündür.
Siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir. Siyasi mədəniyyətin subyekti cəmiyyət, siniflər, sosial qruplar, siyasi partiyalar, təsisatlar, şəxslər və s. ola bilər.
Siyasi mədəniyyətdən bəhs edən alimlər, eləcə də politoloqlar onun təsnifatını verməyə çalışmışlar. Burada onlar müxtəlif amillər əsasında siyasi mədəniyyətin müxtəlif tiplərini, yaxud növlərini qeyd edirlər. Q.Almond və Q.Pauel siyasi mədəniyyətin iki əsas tipini müəyyən etmişlər. Birincisi, ənənəvi siyasi mədəniyyət - bu əsasən ayrı-ayrı siyasi sistemlərdə nəsildən-nəslə verilərək davam etdirilən mədəniyyətdir ki, artıq o, ənənəyə çevrilmişdir və bir çox ölkələrdə ondan geniş istifadə edilir. Bu halda bəzi xalqlar dövlətçilik sahəsində, onun idarə olunması və keçmiş qaydaları qoruyub saxlaması təcrübəsini mühafizə edərək nəsildən-nəslə verib ənənəyə çevirmişlər. Siyasi mədəniyyətin ikinci tipi kimi dünyəvi siyasi mədəniyyəti ön plana çəkən Q.Almond qeyd edir ki, bu zaman dövlətçilikdə, idarəçilikdə ümumiyyətlə, siyasi sistemdə praqmatizm əsas götürülür, habelə yeni siyasi partiyalarla, yeni quruluşlarla sazişə girilir, yeni dövrün tələbləri nəzərə alınır. Siyasi mədəniyyət cəmiyyətin siyasi həyatında davranış normalarını, fəaliyyət qaydalarını müəyyən etməklə yanaşı, həm də bu norma və qaydaları təyin edir.
Dostları ilə paylaş: |