Sosial-mədəni (Ali psixi funksiyaların tarixi-mədəni inkişaf nəzəriyyəsi)
nəzəriyyədə uşaqların aparıcı fəaliyyəti haqqında
Hər bir peşəsini sevən tərbiyəçi-müəllimin məqsədi uşaqların inkişaf
etməsi
üçün ən səmərəli və uğurlu öyrətmə yolunu seçmək və tətbiq etməkdir. Gəlin
razılaşaq ki, bu heç də asan deyil və nəzərə alsaq ki, məktəbəqədər dövr 1-6 yaşlı
uşaqları əhatə edir,
o zaman bu, məsələni bir az da çətinləşdirir. Müxtəlif elm
sahələri bu problemi araşdırmaqda davam edir və müasir psixo-pedaqoji elm bir sıra
uğurlu təlim yolları təklif edir.
XX əsrin məşhur alim və psixoloqu L.S.Vıqotskinin insanın psixoloji
periodizasiyası (dövrləşmə) bu gün də öz aktuallığını itirməmişdir. Vıqotskinin
periodizasiyası bir çox tədqiqatlarda mərkəzi mövqe tutur.
Bu periodizasiya ilkin
variantında insan şəxsiyyətinin necə dəyişdiyini başa düşmək üçün yaş dövrlərini
mərhələlərə bölməyi təklif edirdi. Vıqotski xüsusilə uşaqlıq dövrü ilə maraqlanırdı və
bu heç də təsadüfi deyildi. Psixoloqa görə, şəxsiyyətin əsasları məhz erkən dövrdə
qoyulur, bu dəyişikliklər insan həyatının növbəti hissələrinə də təsir göstərir. Yaş
periodizasiyası müəyyən yaşda olan bir insanın şəxsiyyətində hansı dəyişikliklərin
olacağını proqnozlaşdırmağa imkan verir. Ali psixi funksiyaların tarixi-mədəni inkişaf
nəzəriyyəsi köhnəlmir, əksinə, dünya alimləri tərəfindən
getdikcə daha çox
araşdırılır və maraqla qarşılanır. Bu məqalədə sosial-mədəni nəzəriyyələrdən biri
olan ali psixi funksiyaların tarixi-mədəni inkişaf nəzəriyyəsi vasitəsi ilə uşaqlar üçün
“Səmərəli təlim nədir?” sualına cavab axtarılacaq.
Təlim prosesində iki tərəfin fəaliyyəti nəzərdə tutulur: bir tərəf bilik və bacarığı
ötürür, digər tərəf isə bu bilik və bacarığı qəbul edir. Bu cür fəaliyyətin nəticəsində
ikinci tərəf bilməyəndən bilənə, bacarmayandan bacarana çevrilir. Təlim haqqında
bu cür baxış bucağı çox yayğındır. Lakin müəllimin və öyrənənin olması
hər bir
fəaliyyəti hər zaman təlimə çevirirmi? Təəssüf ki, xeyr. Hər hansı bir təhsil
müəssisəsinə (uşaq bağçasından tutmuş universitetə qədər)
mütəmadi gedib-
gəlmək o demək deyil ki, həmin şəxs biliciyə çevriləcək. Bu hal bağça uşaqları,
şagirdlər, hətta tələbələr arasında da eynidir. Niyə doğru məlumatın ötürülməsi hələ
onun mənimsənilməsi demək deyil? Niyə öyrənəni biliciyə çevirmək çətindir?
Aşağıda qeyd olunan situasiyanın təhlili bu suallara cavab verməyə kömək edəcək.
İbtidai sinif müəllimləri bu həqiqəti yaxşı bilirlər: hər hansı bir mövzu
öyrədildikdən sonra şagirdlərin 90%-dən çoxu testin öhdəsindən gəlir. Müəllim bu
mövzunun mənimsənildiyini düşünüb, yeni bir mövzunu öyrətməyə keçir. Lakin bir
müddətdən
sonra uşaqlar keçilmiş, amma təkrarlanmayan material üzərində
yenidən test işlədikdə ikinci testin nəticələri, bir qayda olaraq, xeyli zəif olur. Aydın
olur ki, şagirdlər çox şeyi unudublar və hətta bir neçə həftə əvvəl asanlıqla yerinə
yetirdikləri tapşırıqda indi çətinlik çəkirlər.
Bu niyə baş verir? Səbəbləri aşağıdakılardır:
Verilən situasiyada ilk testin yaxşı nəticələri uşağın biliksizdən bilikliyə
çevrilməsi ilə deyil, öyrənənin yaddaşının xüsusiyyəti ilə bağlıdır. Onlar tapşırığın
həlli üçün lazım olan üsulları və alqoritmi sadəcə yadlarında saxlayıblar. Belə
hallarda müəllim öyrənmənin nəticələri ilə deyil, psixi proses – yaddaşın funksiyaları
ilə qarşılaşır. Yaddaşın əsas funksiyalarından biri də unutmaqdır!
Bu fenomen
yaşından asılı olmayaraq bütün öyrənənlər arasında baş verir.
Müəllim və öyrənənin birgə fəaliyyəti olmadığı halda belə, həqiqi öyrənmə
prosesi olan situasiyalar da mövcuddur. Məsələn, bəzən uşaqlar xarici dildə çoxsaylı
cizgi filmlərinə baxdıqdan sonra tədricən bu dildə danışmağa başlayırlar. Müəllim,
ev tapşırığı,
testlər olmasa belə, bu cür fəaliyyətlərin nəticəsində uşaq xarici dili
bilməyəndən həmin dildə danışana çevrilir. Qeyd edilən nümunədən görünür ki,
zahirən təlim prosesinə bənzəməyən fəaliyyət öyrənmə ilə nəticələnir.
Beləliklə, müəllim və uşağın bir yerdə olması öyrənmənin baş
verəcəyinə heç
də zəmanət vermir. Əgər uşağın özünün real fəaliyyəti yoxdursa, heç bir müəllim
uşağın zehni inkişafına təsir edə bilməz. Belə olan halda müəllimin bilikləri uşağın
beyninə birbaşa "köçürməsi" mümkün deyil.