Sahib
1.bölüm
Soyuq qış küləyi daha da güclənirdi. Hətta evin pəncərələri belə şaqqıldayırdı. Sahib sobanın yanında oturub qızınırdı. O fikirli-fikirli, narahat halda, nəzərlərini küləyin təsirindən şaqqıldayan pəncərədən çəkməyərək xəyala dalmışdı. Sahib, nəhayət, ayağa durub, divanda oturdu. Narahatçılıq, əsəbilik onun bütün varlığını sarsıtmışdı. O, bu halda, özüdə bilmədən yuxuya getdi. Sahib çox qəribə və maraqlı bir yuxu gördü. O, yuxuda gördü ki, hündür dağın zirvəsindədir. Dağın zirvəsindən aşağı enərək yoluna davam elədi. O, ayaq saxladı, ətrafına göz gəzdirdi. Heç kəs yox idi. Sanki, bu yerlərə elə bil insan ayağı dəyməmişdi. Sahib yoluna davam elədi. Bir az getmişdi ki, onun diqqətini uzaqdan iki qapı cəld etdi. Sahib gördüyü qapılara tərəf istiqamət alaraq həmin tərəfə getdi. Nəhayət, o, gəlib çatdı. Bu iki qapı bir-birinə yaxın idi. Amma bu qapıların arxasında balaca hasar var idi ki, bu qapıları bir-birindən ayırırdı. Sahib ətrafa göz gəzdirdi. O, hər iki qapıya yaxın yerdə ağac gördü. Bu ağacların yarpaqları, budaqları qurumuşdu. Ətrafda, sanki hər şey dağılmışdı. Sahibə elə gəldi ki, o, dünyanın sonuna gəlib çıxıb. Ətrafdan əcaib səslər gəlirdi. O, buradan uzaqlaşmaq istədi. Çünki, əcaib səslər, üfunət iyilər, gördüyü bu vahiməli mənzərələr onun ürəyini sıxdı. O, getmək istədi. Amma onu bir maraq saxladı. Görəsən, bu qapıların o tərəfində nə var? O, belə qərara gəldi ki, qapıları açıb içəri daxil olsun. Sahib birinci qapını açıb içəri daxil oldu. O, içəridə çox da uzun olmayan pilləkən gördü. Bu pilləkənin yanında iki qara it var idi. Bu itlər Sahibi görən kimi hürməyə başladılar. Sahib bir az qorxmağa başladı. Amma bu itlər hürüyəndən sonra sakitləşdilər. Bundan sonra Sahib yavaş-yavaş pilləkənləri çıxaraq yuxarı üz tutdu. O, bir az çıxmışdı ki, yenə də itlərlə, hətta çaqqallarla üz-üzə gəldi. Onlar hürüməyə başladılar. Sahib yenə də qorxdu. O fikirləşirdi: “ Bu nədir? Mən hara gəlib çıxmışam?”. O, geri qayıtmaq istədi. Amma gördü ki, həmin itlər, çaqqallar sakitləşdilər. Sahib ayaq saxladı. O, yaxında yenə bir qapı gördü. Asta-asta hərəkət edərək həmin qapıya yaxınlaşdı. Sahib gördü ki, həmin hürən itlər, çaqqallar ona baxırlar. Bundan sonra o, qapını açaraq içəri daxil oldu. Sahib içəridə belə bir mənzərənin şahidi oldu: Burada hamı yeyib-içir, sərxoş olur, əylənirdilər. Hətta bu yeyib-içən, sərxoş olan insanların sifətləri it, çaqqal, meymun sifətlərinə çevrilir, sonradan öz sifətlərinə qayıdırdı. Bu elə bir aləm idi ki, hamı şərab içməkdən, sərxoş olmaqdan, əylənməkdən, hətta lüt, çılpaq qızlarla əylənməkdən başqa heç bir işlə məşğul olmurdular. Sahib burada öz kazino dostlarını da gördü. Onlar Sahibi görən kimi onun yanına gəldilər. Onlar dedilər:
-Sahib, sən bura xoş gəlmisən. Gəl sən də bizimlə əylən. Şərab iç, görürsən, nə qədər gözəl qızlar var. Ürəyin hansını istəyir?
Sahib dostlarının sifətinə baxdı. Onların sifəti gah qızarır, gah da ilan, meymun, çaqqal cildinə girirdi. Hətta burada qumar oynayanlar da var idi. Sahibin ürəyi artıq sıxılırdı. O, belə cavab verdi:
-Siz oturun. Mən buradan uzaqlaşmaq istəyirəm. O, sanki bu iyrənc dünyadan uzaqlaşmaq istəyirdi. Sahib birdən uzaqdan uzun bir pilləkən gördü. O, maraqla tez bu pilləkənə yaxınlaşdı. Orada heç kəs bu pilləkənə fikir vermirdi. Hamı öz kefində idi. Görəsən, bu pilləkən nə üçündür? O, yavaş-yavaş pilləkənlə gedərək yoluna davam elədi. Sahib pilləkənlə yuxarı üz tutduqca əvvəl getdiyi yerin səsləri get-gedə uzaqlaşırdı. Sahib pilləkənlə bir qədər çıxdıqdan sonra gördü ki, sağında və solunda yekə bir divar var. Artıq heç bir səs də gəlmirdi. O, geri qayıtmaq istədi. Birdən onun gözü yuxarıda qara, nəhəng bir qapıya sataşdı. O fikirləşdi ki, bəlkə, bu qapını da açıb içəri daxil olsun? Amma bu qapının görkəmi vahiməli idi. O, yenə də qorxmağa başladı. O fikirləşirdi ki, geri mi qayıtsın, yoxsa, gəldiyi yolu davam edib qapını mı açsın? O, belə qərara gəldi ki, gedib həmin qapını da açsın. Sahib pilləkənlə çıxaraq həmin qapıya yaxınlaşdı. O, qapını açmaq istəyirdi ki, qapı öz-özünə açıldı. Sahib
Dostları ilə paylaş: |