“EŞİDİB-BİLDİKLƏRİMDƏN” YAZISININ
MÜƏLLİfİ ƏNVƏR NƏZƏRLİYƏ
AÇIQ MƏKTUB
Hörmətli, Ənvər müəllim, mən Sizi ilk dəfə “Məcməüş-şüəra” (“Şair lər
məclisi”) və “Füzuli” ədəbi məclislərindən şəxsən tanıdım, amma hələ ali
məktəb illərindən haqqınızda eşitmişdim. Sizin 1937-ci il repressiyasının
qurbanı olmuş Hacıbaba Nəzərli ocağından olduğunuzu bilirdim. Sizin
ailənin çəkdiyi ağrı-acılardan az-çox xəbərim var idi. Mən bu ədəbi məc-
lislərə gəlib-gedərkən sizin səmimiliyinizin, sadəliyinizin, yüksək savad-
lılığınızın, başqalarından fərqli olaraq dözümlülüyünüzün şahidi oldum.
“Füzuli” məclisində qəzəllər oxunarkən haqq dünyasına qovuşmuş rəh-
mətlik Hacı Mail tez-tez sizə müraciət edib sizin fikrinizi öyrənərdi. Bu
sizin klassik şeir forması olan əruza bələdliyinizdən və əruz sahəsində
qazandığınız mükəmməl bilikdən xəbər verirdi. Sizin 2006-cı ildə işıq üzü
görmüş və mənə bağışladığınız “Ürək təranələri” divanınızı oxuyarkən
onun axıcılığının şahidi oldum. Bu divanda dilimizin şirinliyinin qorun-
ması, dilimizdə işlənməyən ərəb-fars tərkibli sözlərin qəzəllərinizdə ol-
maması sizin ustad şairliyinizdən xəbər verir. Ona görə də sizin kimi ustad
sənətkarı şəxsən tanıdığıma görə qürur hissi keçirirəm. Qürur duyuram ki,
siz mənim 2002-ci ildə çapdan çıxmış “Kiminə acı dünya, kiminin tacı
dünya” kitabımda gedən qəzəllərin redaktoru olmusuz. Əziz ustad! Siz
ilhamlı şairsiz, fəqət bununla bahəm həm də gözəl şərqşünassınız, məhz
ona görə də əruzda diliniz belə rəvandır.
Arzu edərdim ki, Sizin könül oxşayan qəzəlləriniz muğam oxuy-
an xanəndələrimizin diqqətini çəksin və dillərinin əzbəri olsun. Ənvər
müəllim, mənim məqsədim sizin qəzəlləriniz haqqında fikir yürütmək
23
deyil, bu fikri hörmətli akademikimiz Vasif Məmmədəliyev kifayət qədər
açıqlayıb.
Əziz ustad, mən sizin mənim və mənim kimi bir çoxlarının nəzər-diq-
qətini cəlb etmiş və marağına səbəb olmuş “Eşidib-bildiklərimdən” yazınız
haqqında ürək sözlərimi söyləmək istəyirəm. 2008-ci il may ayının 10-dən
maraqlı ədəbi orqan olan “Kredo” qəzetində ardıcıl olaraq sizin “Eşidib-
Bildiklərimdən” yazınız çap olunur. Mən bu yazıya publisistik yox,
mənsub olduğunuz nəslin timsalında dəyərli bir tədqiqat əsəri, yaşadığımız
dövrün ağrılı-acılı, nəşəli-ələmli, yüyrək dilli həyat dastanı, həyat hekayəsi
deyərdim. Əziz ustad, sizin qəzəllərinizdə olduğu kimi bu hekayətdə də
axıcı yazı diliniz var. “Eşidib-bildiklərimdən” hekayəti təkcə bir nəslin
həyat yoluna çıraq tutmur, bu Vətənimiz müstəmləkə məngənəsində bo-
ğularkən onun övladlarının başına gələn acılı-şirinli, maraq dolu ömür
tarixçəsidir.
Sizin əminiz Hacıbaba Nəzərli nəslinin başına gələn müsibətlər əsilli,
ziyalı ailələrin hər birinin ağrılı taleyindən keçib. Mən özüm də bəy nəsilli
ailənin övladıyam. Babamın, babamın atasının, əmisinin başına gətirilmiş
fəlakətlərin acı hekayəsini dönə-dönə rəhmətlik atamdan eşitmişdim. Əziz
ustad, çar Rusiyasının sonlarına və sovet dövrünə tutduğunuz sənət çırağı
sizin gözəl publisist-tədqiqatçı kimi istedadınızı üzə çıxardıb. Bu yazını
mütəmadi qəzetdə çap edən “Kredo” qəzetinin baş redaktoru Əli Rza
Xələfliyə də öz minnətdarlığımı bildirirəm, çünki o, tariximizin dünəninə
çıraq tutan belə maraqlı yazının qəzetdə işıq üzü görməsinə imkan yaradıb.
Hörmətli ustad, sovet dövrü bizim Vətənimizin tarixinin bir hissəsidir, çün-
ki biz də bu dövrdə doğulmuşuq və bu dövrün daşıyıcılarıyıq. Ona görə də
bu dövr həm müsbət, həm də mənfi cəhətləri ilə olduğu kimi öyrənilməli
təzə doğulanlara, yəni gələcək nəslə doğru-düzgün çatdırılmalıdır. Siz
həmin zamanlarda müxtəlif məsul vəzifələrdə çalışmış, həmin vəzifələrin
ağrı-acısını, şirinini-şəkərini dadmış insansınız. Nəzərli ocağının atəşindən
doğan şölələr sizin könlünüzə işıq salmış, heç bir qadağaya, qorxulara bax-
mayaraq o dövrdə oxuyub yüksək mənsəblərə çatmısınız. Bu o zamankı
dövrdə hər adamın işi deyildi. Çoxları öz ata-babalarının soy adını belə
gizlətdiyi halda, Siz Nəzərli soyuna sadiq qalıb onun adını öz işiniz və
xeyirxah əməllərinizlə işıqlandırmısınız. Hörmətli ustad, siz böyük Şəh ri-
yarın “Heydərbabaya salam” poemasının bu tayda ilk dəfə mətbuat səhi-
fəsində üzə çıxmasına nail olmusunuz. Böyük Şəhriyar da, Siz də mənim
24
ən çox sevdiyim şairlərdənsiz. Siz Vəli Axundovdan bu hekayətdə xoş
sözlər yazırsız. O mənim atamın ana tərəfdən qohumudur və mən onun
haqqında yazılan bu xoş sözlərə görə qürur hissi keçirirəm. Siz Bağırovun
amansızlığından, Hacıbaba Nəzərliyə tutduğu divandan söhbət açırsınız.
İnanırsınız, bu sətirləri oxuyanda dəhşətə gəldim. Böyük çıxmasın, mənim
“Bizi özümüzdən qoru, Allahım” şerim burda lap yerinə düşür. Deyəsən
bizim özümüzün özümüzə etdiyimizi heç kim bizə etməyib. Bir də ki,
özgənin etdiyi pislik adamı o qədər yandırmır axı?! Deyəcəksən ki, qanı
qanımdan deyil, canı canımdan. Biz bu müsibətləri az-çox o dövrün canlı
şahidi olmuş qocalarımızın dilindən hərdən bir pıçıltılarla eşidərdik. Bu
pıçıltılar onların qanına, canına hopmuş qorxudan nişan verirdi. Bu qorxu
indi də bizim qanımızda var, genlərlə keçib bizə! Bəli, biz həmin qorxu-
nun canlı daşıyıcılarıyıq!.. Budur Bağırovların millətimizə vurduğu ağır
mənəvi zərbələrin acı təzahürü!
Hörmətli ustad, siz məsul vəzifələrdə çalışdığınız vaxtlar, xarici ölkə-
lərdə səfərlərdə olduğunuz zamanlar barədə hekayətdə maraqlı məqamları
nəql edirsiz. İraqda səfərdə olarkən hüzr yerinə getməyiniz haqqındakı
əhvalatdan bəhs edirsiniz. Hüzr mərasimində oradakı adət-ənənənin canlı
şahidi olmusuz. Yas mərasimində hüzrə gələnlərə az miqdarda acı kofe
paylanılırdı. Siz də həmin kofedən dadmalı olmusunuz. Bu acı kofe yas
sahibinin dərdinə şərik olmanı təcəssüm etdirirdi. Bunu mən mərhum
yazıçımız Əzizə Cəfərzadənin də dilindən eşitmişdim. Təəssüflər olsun ki,
bizdə yas mərasimləri varlılıqdan, kasıblıqdan asılı olmayaraq bir şouya
çevrilib. Yasa gələnlər bərbəzəkli təamlarla dolu olan süfrəni görəndə heç
olmasa üzdən də olsa kədərlənməyi unudurlar. Vallah, indiki qəbiristanlıqlar
heykəltəraşların açıq səma altında emalatxanasına bənzəyir.
Hərdən mənə elə gəlir ki, bizlərin çoxunda nə Allaha, nə də islama etiqad
var. Sadəcə olaraq, din bizim məişətimizə mövhumatla və vərdişlə daxil olub.
Siz 1968-ci ildə o vaxtkı Çexoslovakiyada Sovet İmperiyasının
törətdiyi qırğının nəticəsi olaraq Türkiyədə başınıza gələn əhvalatdan bəhs
edirsiz. Türk xalqının sovetdən gələn nümayəndə qrupunu necə nifrətlə
qarşılamağı və türk hökumətinin məcbur olub bu qrupu üç gün adada
giz lətməyi maraqlı tarixi məqamdır. Siz bu məqamı açıqlayıb o dövrün
daşıyıcıları olan biz insanlara çatdırırsınız. Hörmətli Ənvər müəllim, Siz
sovet dövrünün təhsil sistemindən bəhs edirsiz və maraqlı açıqlamalar
verirsiz. Doğrudan da o dövrdə təhsil çox güclü idi. Adi ailələrdən tut-
25
muş yüksək, çinli ailələrə kimi hamı ali təhsil arzusuyla aşıb-daşır və
hamı bu arzuya yetmək üçün çalışırdı. İndiki kimi bilik almaq üçün nə
uşaqlara müəllim tutulardı, nə də onların nazı ilə oynanılardı. Heç kəsin
əlindən kitab düşməzdi yerə, hamı savadlanmağa can atardı. Kitabxanalar
qələbəlik olardı. Sadə ailələr də uşaqlarını oxutdurmağa cəhd edərdi. Onda
da tanışlıqla, “dayı” ilə oxuyanlar çox idi. Əslində bu təhsil sistemi sovet
quruluşuna xidmət üçün qurulmuşdu. Ümumilikdə götürdükdə isə müsbət
mənada milləti savadlanmaya aparırdı. İndi də oxuyanlar az deyil, amma
savadlılar azlıq təşkil edir. İnternet, kompüter məişətimizə daxil olandan
cavanlarda kitaba maraq azalıb. Yeni texnikanı bilmək irəli getməkdir, an-
caq kitabı əlindən yerə qoymamaq şərti ilə… Mən də kompüterdən istifadə
edirəm, ancaq kompüter kitab deyil axı. Çox qabağında oturanda insanda
beyin yorğunluğu, rahatsızlıq yaradır. Hörmətli ustadım Ənvər Nəzərli,
mən sizin yazdığınız bu hekayəti başdan-başa nəql etmək fikrində deyiləm,
ancaq mənə təsir edən bir çox məqamları sizinlə bölüşmək istədim. Bir
də bir istəyimi sizə yetirmək istəyirəm. Yaxşı olardı ki, “Eşidib-bildik-
lərimdən” hekayəti qəzetdə sona çatdıqdan sonra kitab şəklində işıq üzü
görsün. Bu həm tədqiqatçılar üçün, həm də yaxın keçmişimiz olan və artıq
bir tarixə dönən sovet dövrünün yadda qalan səhifələrinin gələcək nəsillərə
ötürülməsi üçün dəyərli bir vasitə olardı.
Və arzum budur ki, mənə də “Eşitdiklərim-bildiklərimdən” kitabının
bir nüsxəsini öz dəsti-xəttinizlə ərməğan edəsiz. Sizə möhkəm can sağlığı
və yaradıcılıq uğurları eşqilə Şadiman.
10.11.2008
Dostları ilə paylaş: |