Standartların kateqoriya və növləri Plan Standartların kateqoriyaları. Standartlara olan tələblər



Yüklə 44,61 Kb.
tarix27.11.2016
ölçüsü44,61 Kb.
#296
M Ü H A Z İ R Ə 3
Standartların kateqoriya və növləri
Plan

  1. Standartların kateqoriyaları.

  2. Standartlara olan tələblər.

  3. Standartların əsas obyektləri.

  4. Standartların növləri.



Standartların kateqoriyaları.

«Standartlaşdırma haqqında» Azərbaycan Respublikasının 16 aprel 1996-cı ildə qəbul olunmuş və 8 oktyabr 1996-cı ildə Respublika Prezidentinin fərmanı ilə qüvvəyə minmiş Qanununa əsasən Respublikada standartlaşdırma üzrə aşağıdakı kateqoriyalı normativ sənədlər hazırlanır və tətbiq edilir:



  1. Azərbaycan Respublikasının dövlət standartları (AZS).

  2. Texniki-iqtisadi və sosial informasiya təsnifatları (TİSİT).

  3. Sahə standartları (SSAZ).

  4. Dövlətlərarası standartlar (QOST).

  5. Texniki şərtlər (TŞAZ).

  6. Müəssisə standartları (MS).

  7. Elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları (ETMCS).

Bu qanuna əsasən Respublikada standartlaşdırma sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanı tərəfindən standartlaşdırma sisteminə daxil olan normativ sənədlərin vahid dövlət qeydiyyatı və uçotu təmin edilir, onların ümumrespublika və sahə fondları yaradılır.

Standartların yuxarıda göstərilmiş kateqoriyalara bölünməsi onların təsir dairəsindən asılı olaraq həyata keçirilir.

Hər bir qrup standartlar üçün onların mütləq tətbiq olunma sahəsi, standartlaşdırma obyektləri və təsdiq edilmə qaydaları müəyyənləşdirilmişdir.

Dövlət standartları kütləvi təkrar istehsal və istifadə perspektivinə malik olan məhsullar (işlər, xidmətlər) üçün işlənib hazırlanır. Bu standartlar məcburi və tövsiyə olunan tələbləri nəzərdə tutur.



Standartlara olan tələblər.

Dövlət standartlarına olan məcburi tələblərə aşağıdakılar aiddir:

  • məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi;

  • məhsulların (məmulatların) texniki, texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması;

  • məhsulların (işlərin, xidmətlərin) əsas istehlak xassələri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, nişanlanması, daşınması, saxlanması, utilləşdirilməsi qaydaları;

  • ölçmələrin dəqiqliyini və vəhdətini təmin edən metroloji norma, qayda, tələb və müddəalar;

  • məhsulların (işlərin və xidmətlərin) elm, texnika və texnologiyanın inkişafina uyğunluğu;

  • məhsulların (işlərin, xidmətlərin) təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələbləri;

  • məhsulların istehsalı, istifadəsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı bütün resurslardan səmərəli istifadə, həmçinin məhsulların (işlərin, xidmətlərin) texniki sənədləşdirilməsi qaydaları;

  • standartlaşdırma sisteminin dövlət standartları ilə müəyyənləşdirilən digər tələblər.

Dövlət standartlarının məcburi tələblərinə müvafıq standartların təsiri şamil edilən bütün icra hakimiyyəti orqanları və təsərrüfat subyektləri tərəfindən əməl edilməlidir. Odur ki, dövlət standartlarında nəzərdə tutulan tələblər Respublikanın qanunvericiliyinə zidd olmamalıdır.

Dövlət standartlarının tövsiyə olunan tələbləri aşağıdakı hallarda şərtsiz yerinə yetirilməlidir:

  • bunlar qanunvericilik aktlarında nəzərdə tutularsa;

  • bu tələblər məhsulun işlənməsi, hazırlanması və göndərilməsi üzrə müqavilədə göstərilmişdirsə;

  • məhsulu hazırlayan (tədarükçü) tərəfındən məhsulun həmin tələblərə uyğunluğu bəyan edilmişdirsə.

Dövlət standartlarının əsas obyektləri

Dövlət standartlarının əsas obyektləri aşağıdakılardır (standartlaşdırma obyektləri):

  • ümumtexniki və təşkilati metodik qaydalar və normalar (xətti ölçülərin normal sıraları, dişli ötürmələrin dəqiqlik normaları, müsaidələri və oturtmaları, yivlərin ölçüləri və müsaidələri, üstün tutulan ədədlər və s.);

  • elmi-texniki terminlər və işarələr;

  • ölçü vahidləri və ölçü vahid etalonları;

  • normativ-texniki, konstruktor, texnoloji, texniki- iqtisadi, istismar və təmir sənədləri sistemi;

  • sahələrarası tətbiq olunan məmulatların dəqiqlik normaları;

  • sahələrarası tətbiq edilən istehsal-texniki təyinatlı məhsullar (dəzgahlar, kənd təsərrüfatı maşınları, elektrik maşınları, kompressorlar, ölçü cihazları, nasoslar, sənaye və kənd təsərrüfatı xammalı və s.);

  • ölçmə vasitələrinin, maşınların dövlət sınağı;

  • texniki-iqtisadi informasiyanın sinifləşdirilməsi və kodlaşdırılması sistemləri;

  • texniki təhlükəsizlik, əməyin mühafızəsi, sənaye və məişət sanitariyası sahəsində qoruyucu tərtibatlar və digər məmulatlar.

Standartlaşdırma üzrə tələbləri təmin etmək məqsədi ilə eyni istehlak və ya funksional təyinatlı müəyyən növ məhsul istehsal edən (iş görən, xidmət göstərən) təsərrüfat subyektləri üçün sahə standartları və texniki şərtlər hazırlanır və qəbul edilir. Bu cür normativ sənədlər dövlət standartları müəyyən edilməmiş məhsullar (işlər, xidmətlər) üçün, həmçinin mövcud dövlət standartlarının tələblərini sərtləşdirmək və ya artırmaq zərurəti yarandıqda hazırlanır. Bununla yanaşı, hazırlanan sahə standartları və texniki şərtlər dövlət standartlarının məcburi tələblərinə uyğun olmalı və bütün hallarda vətəndaşların və dövlətin mənafelərinə zidd olmamalıdır. Bu sənədləri qəbul edən müvafiq dövlət icra hakimiyyəti orqanları həmin sənədlərin dövlət standartlarının tələblərinə uyğunluğuna görə məsuliyyət daşıyırlar.

Sahə standartlarının tətbiqi sahədaxili müəssisə və təşkilatlar tərəfındən məcburidir. Bu standartların tətbiqi eyni zamanda həmin sahənin məhsulundan istifadə edən digər sahələrin (sifarişçilərin) müəssisə və təşkilatları üçün də məcburidir.

Dövlət standartlarının tələblərinin təmin edilməsi, eləcə də istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə hər müəssisə özü müstəqil olaraq müəssisə standartı hazırlayır və qəbul edir. Bu standartlar ancaq həmin müəssisədə tətbiq olunan normalar, qaydalar, tələblər, üsullar, məmulatlar, alətlər və s. obyektlər üçün hazırlanır.

Son vaxtlar müəssisə standartları geniş tətbiq olunur. Onlar məhsulun keyfiyyətinin kompleks idarə olunmasının əsasını təşkil edir. Bu standartlar müəssisənin fəaliyyətinin bütün sahələrini əhatə edir və dövlət standartlarının tələblərini hər bir işçi yerinə, hər bir icraçıya çatdırmağa şərait yaradır. Bu standartlar texnoloji və nəzarət tərtibatlarının unifikasiyasının inkişafına təsir göstərir, xammalın, materialın, enerjinin rasional istifadə olunmasını təmin edir. Müəssisə standartlarının sayı getdikcə artır. Məsələn, ZİL istehsalat birliyində (Moskva) 5500-dən çox müəssisə standartı tətbiq olunur.

«Standartlaşdırma haqqında» Azərbaycan Respublikasının qanununa əsasən müxtəlif bilik və ictimai-kütləvi fəaliyyət sahəsində aparılan tədqiqatların, təcrübələrin, sınaq və işləmələrin nəticələrindən istifadə etmək və onları yaymaq üçün müvafiq elmi-texniki və mühəndis cəmiyyətləri, digər ictimai biliklər öz standartlarını qəbul edə bilərlər.

İnformasiya fondunun yaradılması və aktuallaşdırılmasını, istehlakçıların Azərbaycan Respublikasının dövlət standartları, beynəlxalq, regional və başqa ölkələrin milli standartları, dövlətlərarası standartlar, texniki-iqtisadi və sosial informasiya təsnifatları haqqında rəsmi məlumatla təmin edilməsini Azərdövlətstandart həyata keçirir.



Standartların növləri

Dünya təcrübəsində olduğu kimi, Azərbaycan Respublikasında AZS 1.0-96 standartına uyğun olaraq standartlaşdırma obyektlərinin spesifık xüsusiyyətlərinə və onlara qoyulan tələblərin məzmununa görə standartlaşdırma üzrə müxtəlif kateqoriyalı normativ sənədlər üçün aşağıdakı növ standartlar işlənib hazırlanır:



  • əsasverici standartlar;

  • məhsul, xidmət üçün standartlar;

  • proseslər üçün standartlar;

  • nəzarət metodları (sınaq, ölçmə, analiz) üçün standartlar.

Əsasverici standartlar müəyyən fəaliyyət sahəsi üçün ümumi təşkilati-metodik müddəaları, həmçinin məhsulun yaradılması və istifadəsi proseslərində elmin, texnikanın və istehsalatın müxtəlif sahələrində qarşılıqlı anlaşılmanı, texniki vəhdəti və qarşılıqlı əlaqəni təmin edən ümumtexniki tələbləri, normaları və qaydaları təyin edir. Normativ sənədlərin bu növü elə təşkilati prinsipləri və müddəaları, tələbləri, qaydaları və normaları təyin edir ki, onlar bu sfera üçün ümumi xarakter daşıyır və həm elm, həm də istehsalat üçün ümumi məqsədlərin yerinə yetirilməsinə köməklik göstərir. Bütövlükdə bu tələb, qayda və normalar məhsulun (xidmətin) işlənməsi, istehsalı və istismarı zamanı ətraf mühitin mühafizəsini, onun insanın həyatı, sağlamlığı və əmlakı üçün təhlükəsizliyini təmin edirlər.

Əsasverici standartlara misal kimi Dövlət standartlaşdırma sisteminin təşkili üzrə aşağıdakı normativ sənədləri göstərmək olar: AZS 1.0-96, AZS 1.2-96, AZS 1.3-96, AZS 1.4-96, AZS 1.5-96, AZS 1.6-96. Bu standartlar faktiki olaraq əsasverici standartlar kompleksidir. Bu standartlar kompleksi mahiyyətcə ümumi xarakterli və qarşılıqlı əlaqəli normativ sənədlərin birləşməsidir. Burada müxtəlif səviyyələrdə tətbiq olunan standartların bir-birinə və qanunvericiliyə zidd olmamalarını təmin etmək üçün müddəalar vardır.

Məhsul (xidmət) üçün standartlar həmcins məhsul (xidmət) qrupuna və ya konkret məhsula (xidmətə) tələbləri təyin edir. Bu normativ sənədlərin iki növ müxtəlifliyi vardır:


  • ümumi texniki şərtlərin standartları;

  • texniki şərtlərin standartları.

Bununla yanaşı, həmcins məhsullar qrupuna ayrı-ayrı tələblər qoyan standartların işlənib hazırlanması da mümkündür. Məsələn, təsnifatlaşdırma, sınaq metodları, saxlanma və nəqletdirmə qaydaları və s. üçün standartlar işlənib hazırlanır.

Ümumi texniki şərtlərin standartları eynicinsli məhsul qrupu üçün ümumi olan və onun optimal səviyyəsini təmin edən norma, qayda və tələbləri müəyyənləşdirir. Keyfiyyət səviyyəsi konkret məmulatın layihələndirilməsi zamanı nəzərdə tutulmalı və onun istehsalı zamanı təmin olunmalıdır.

Məhsulun növündən və təyinatından asılı olaraq, onun fıziki-mexaniki xassələrinə (möhkəmlik, bərklik, elastiklilik, yeyilməyə davamlılıq və s.), etibarlılığına və uzunömrlülüyünə, texniki-estetik göstəricilərinə, məhsulun istehsalında istifadə olunan xammala, yarımfabrikatlara və s. tələblər müəyyənləşdirilə bilər.

Ümumi texniki şərtlərin standartları adətən aşağıdakı bölmələrdən ibarət olur: təsnifatlaşdırma; əsas parametrlər (ölçülər); keyfıyyət parametrlərinə, qablaşdırmaya, nişanlamaya ümumi tələblər; təhlükəsizlik tələbləri; ətraf mühitin mühafizəsi tələbləri; məhsulun qəbul qaydaları; nəzarət, nəqletdirmə və saxlanma metodları; istismar, təmir və utilləşdirmə qaydaları. Keyfiyyət parametrləri kimi standartlarda elə tələblər nəzərdə tutulur ki, onlara riayət edilməsi məcburidir və onlar yoxlanıla bilər. Bu cür parametlərə məhsulun etibarlılıq, təyinat, erqonomik, texnolojiliiik xarakteristikaları aiddir.

Standartın tərkibində bu və ya digər bölmələrin olması standartlaşdırma obyektinin xüsusiyyətlərindən və ona qoyulan tələblərin xarakterindən asılıdır.



Texniki şərtlərin standartı konkret məhsula, o cümlədən onun müxtəlif markalarına və ya modellərinə hərtərəfli tələbləri təyin edir. Bu tələblər məhsulun istehsalına, göndərilməsinə, istismarına (istehlakına), təmirinə və utilləşdirilməsinə aiddir. Həmin tələblər mahiyyətcə ümumi texniki şərtlərin standartına zidd olmamalıdır. Texniki şərtlərin standartında standartlaşdırma obyektinə aid olan konkretləşdirilmiş əlavə tələblər də (əmtəə nişanı haqqında göstəriş, əgər bu nişan qoyulmuş qaydada qeydiyyatdan keçmişdirsə; uyğunluq nişanının istifadəsi, əgər məmulat sertifikatlaşdırılmışdırsa; təhlükəsizlik və ətraf mühitin mühafizəsinə dair xüsusi tələblər) verilə bilər.

Xidmətlərin standartlarında standartlaşdırma obyektlərinin bütün mümkün olan və zəruri aspektlərinə tələblər qoyulur. Bu standartlarda aşağıdakılar öz əksini tapa bilər:



  • xidmətlər üzrə terminlər və təyinlər;

  • konkret xidmətiərin şərti işarələri;

  • xidmətlərin təsnifatlaşdırılması və onların əsas parametrlərinə (təyinat göstəricilərinə) tələblər;

  • xidmətlərin keyfiyyət səviyyəsinin əsas göstəricilərinə tələblər;

  • xidmətlərin göstərilmə şəraitinə (rejimə, gigiyenaya, komforta, mədəniyyətə) və kompleksliliyinə tələblər;

  • təkrar xidmət göstərmə şərtlərinə (o cümlədən pulsuz və ya güzəştli) tələblər;

  • xidmətlərin insanın həyatı, sağlamlığı və əmlakı üçün təhlükəsizliyinə tələblər;

  • xidmətlərin göstərilməsi zamanı ətraf mühitin mühafizəsinə tələblər;

  • göstərilmiş xidmətlərin nəticələrinin qəbul qaydalarına və vasitələrinə tələblər;

  • xidmətlərin reqlamentləşdirilmiş parametrlərinə və keyfıyyət göstəricilərinə, nəzarət metodlarına və vasitələrinə tələblər;

  • göstərilmiş xidmətlərin nəticələrinin reqlamentləşdirilmiş tələblərə uyğunluğunun təsdiqlənmə metodlarına tələblər.

Proseslər üçün standartlar müxtəlif fəaliyyət növlərində istifadə edilən proseslərdə müxtəlif işlərin (əməliyyatların) yerinə yetirilmə ardıcıllığı və metodlarına (üsullarına, rejimlərə, normalara), həmçinin proseslərin öz təyinatına uyğunluğunu təmin edən əsas tələbləri təyin edir.

Proseslər (işlər) üçün standartlar məhsulun ömür tsiklinin müxtəlif mərhələlərində, yəni onun işlənib hazırlanması, istehsalı, istismarı (istehlakı), saxlanması, nəqletdirilməsi, təmiri və utilləşdirilməsi mərhələlərində həyata keçirilən konkret iş növlərinə tələblər qoyur. Bu standartlarda məmulatın avtomatlaşdırılmış layihələndirmə metodlarına, modul konstruksiyalaşdırılmasına, məhsulun istehsalının texnoloji proseslərinin prinsipial sxemlərinə, texnoloji rejimlərə və normalara tələblər verilə bilər. Burada texnoloji prosesləri yerinə yetirən zaman insanların həyatı və sağlamlığı üçün təhlükəsizlik tələbləri xüsusi yer tutur. Bu tələblər müəyyən avadanlıqların, alətlərin, tərtibatların və köməkçi materialların istifadə edilməsi zərurətindən irəli gəlir.

Texnoloji əməliyyatların aparılması zamanı texnologiyanın ətraf mühitə müxtəlif təsirlərinin buraxıla bilən normaları standartlaşdırılır. Bu təsirlər ekoloji cəhətdən təhlükəli olan kimyəvi (zərərli kimyəvi maddələrin tullantıları), fiziki (radiasiya şüalanması), bioloji (mikroorqanizmlərlə yoluxma) və mexaniki (arxitektur tikililərin dağılması) xarakter daşıya bilər. Ekoloji tələblər ətraf mühit üçün potensial zərərli materialların və xammalın tətbiq olunma şəraitinə, təmizləyici qurğuların effektiv işinin parametrlərinə, qəza tullantıları və onların nəticələrinin ləğv edilməsi qaydalarına, axar sularla çirkləndirici tullantıların buraxıla bilən yığılma normalarına toxuna bilər.

Nəzarət metodları (sınaq, ölçmə, analiz) standartları işlərin (əməliyyatların) ardıcıllığını, üsullarını (qaydaları, rejimləri, normaları), onların yerinə yetirilməsi üçün lazım olan texniki vasitələri təyin edir. Bu standartlar məhsulun keyfıyyətinə qoyulan məcburi tələblərin obyektiv qiymətləndirilməsini yüksək dərəcədə təmin edən nəzarət metodlarının tətbiqini tövsiyə edir. Nəzarətin, sınaqların, ölçmələrin və analizin ancaq standartlaşdırılmış metodlarından istifadə etmək lazımdır, çünki bu metodlar beynəlxalq təcrübəyə və qabaqcıl nailiyyətlərə əsaslanır. Bu metodlardan hər birinin özünəməxsus xüsusiyyəti vardır, lakin standartlaşdırılmalı bir neçə ümumi müddəaları da qeyd etmək lazımdır. Onlar aşağıdakılardır: nəzarət vasitələri və köməkçi qurğular; nəzarətin hazırlanması və aparılması qaydası; nəticələrin işlənməsi və tərtib edilməsi qaydaları; metodun buraxıla bilən xətası.

Standart adətən, məhsulun bir keyfıyyət göstəricisini qiymətləndirmək üçün bir neçə nəzarət metodikalarını tövsiyə edir. Bu, o məqsədlə edilir ki, metodikalardan biri zəruri hallarda arbitraj rolunu oynasın. Lakin onu da yadda saxlamaq lazımdır ki, metodikalar heç də həmişə tam qarşılıqlı əvəzolunan deyildirlər. Bu cür hallar üçün standartda ya bu və ya digər metodun seçilməsi şəraitinə görə dəqiq tövsiyə verilir, ya da onların fərqləndirici xarakteristikaları üzrə məlumatlar verilir.






Yüklə 44,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin