STENOKARDİYA
STENOKARDİYA
STENOKARDİYA
Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının
28 noyabr 2008-ci il tarixli 28 saylı qərarı ilə təsdiq edilmiş “Sabit
stenokardiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”
əsasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzində hazırlanmışdır.
Bukletdə dərc olunanlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
baş kardioloqu ilə razılaşdırılmışdır.
Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə islahatları
çərçivəsində ictimai səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər
proqramı əsasında çap edilmişdir.
Stenokardiyalı xəstələrin nəzərinə!
Xəstəliyin proqnozunu yaxşılaşdırmaq, miokard infarktı
və ölümün qarşısını almaq, simptomları azaltmaq və
ya tam aradan qaldırmaq üçün stenokardiyalı xəstə
bunlara əməl etməlidir:
Spirtli içkilərdən və tütünçəkmədən imtina etməli;
Yağlı qidalar qəbul etməməli (xolesterinsiz qidaya
üstünlük verməli);
Faydalı qidalardan istifadə etməli (meyvə, tərəvəz);
Yalnız həkimin təyin etdiyi dərman preparatlarından
istifadə etməli (tanış, qonşu və s. dediyi dərmanı
içməməli);
Əsəb gərginliyindən uzaq olmalı;
Qan təzyiqini daim nəzarətdə saxlamalı;
Qanda şəkəri olan xəstələr daim endokrinoloq
nəzarətində olmalı;
Təmiz havada piyada gəzməli (ən azı gündə 30 dəq.);
Müalicə rejiminə düzgün riayət etməli;
Lazımi müayinələrdən vaxtında keçməli (EKQ,
EXO, laborator müayinələr);
Artıq bədən çəkisindən azad olmalı.
STENOKARDİYA
Stenokardiya tutmalarını
əmələ gətirən səbəblər:
Fiziki gərginlik
(hərəkət, yüksəkliyə
qalxma, ağırlıq
qaldırma);
Emosional stress
(şad və bəd xəbər);
Qan təzyiqinin
yüksəlməsi;
Çoxlu miqdarda qida
qəbulu;
Soyuq havanın təsiri.
Stenokardiya nədir?
Stenokardiya və ya “döş inağı”, adətən, döş
sümüyünün arxasında tutmaşəkilli, sıxıcı, kəskin
ağrı və narahatlıq hissi ilə, ağrının sol çənəaltı
nahiyəyə, sol qola yayılması ilə müşayiət
olunan xəstəlik halıdır. Bu ağrının yaranmasına
səbəb ürəyi qidalandıran damarlarda qan
dövranının pozulması və nəticədə oksigen
çatışmazlığının baş verməsidir.
Stenokardiyanın yaranmasında
rol oynayan risk amilləri:
Tütünçəkmə;
Spirtli içkilərdən
istifadə;
Piylənmə (maddələr
mübadiləsinin
pozulması);
Qan təzyiqinin
yüksəlməsi;
Şəkərli diabet (digər
endokrin xəstəliklər);
Emosional gərginlik.
Risk amilləri öz mənfi təsirini
göstərərək xəstəliyi ciddiləşdirir!
Stenokardiya zamanı ürək damarları ateroskleroz
və tromboz nəticəsində daralır. Risk amillərinin
təsiri isə aterosklerozun inkişafına səbəb olur. Xəstə
düzgün və mütəmadi müalicə olunmadıqda,
bu, damarın tıxacı ilə nəticələnir: ürəyin qan ilə
təminatı tam pozulur və infarkt kimi ağırlaşmalara
gətirib çıxarır. Bu vəziyyətin davam etməsi
təhlükəlidir, hətta xəstənin ölümü ilə nəticələnə bilər.
Kardioloqun qəbulunda olan zaman ona
aşağıdakılar barədə mütləq məlumat verin:
Döş qəfəsində olan ağrıların xarakteri;
Əmələ gələn ağrının müddəti;
Ağrının yaranma səbəbi (həyəcan, əsəb
gərginliyi və s.);
Soyuq havanın təsiri.
Stenokardiyaya əhalinin 45-60 yaşlı təbəqəsi,
kişilər və xəstəliyə irsi meylliliyi olanlar
arasında daha çox rast gəlinir.
Yadda saxlayın!
Qadınlarda klimakterik dövrdə
stenokardiyaya tutulma riski dəfələrlə artır.
Stenokardiyalı xəstələrdə
yanaşı gedən xəstəliklərin
ayırd edilməsi vacibdir:
Hipertoniya;
Ürək çatışmazlığı;
Ürəyin qapaq
xəstəlikləri;
Şəkərli diabet;
Piylənmə (maddələr
mübadiləsinin
pozulması).
Risk qruplarına aid olan
insanlarda stenokardiya
xəstəliyini ağırlaşmalar
yaranmadan aşkar
etmək üçün onlar ən azı
ildə iki dəfə kardioloqun
(ürək həkiminin) qəbulunda olmalı, EKQ, rent-
gen (onurğanın döş fəqərələrinin müayinəsi) və
qanın laborator müayinəsindən keçməlidirlər.
Stenokardiya tutması
zamanı nə etməli?
Əgər siz döş qəfəsində tutma şəklində ağrı hiss
etmişsinizsə, bu ağrı sol qola və kürək nahiyəsinə
yayılıbsa, bu hal ilkin stenokardiya əlamətidir:
onda mütləq dilin altına nitroqliserin qoymalı, əgər
imkan varsa, oturmalı, sakitləşməli və qan təzyiqi
yüksəlibsə, təzyiqi aşagı salan dərman içməlisiniz.
Diqqət!
Əgər qan təzyiqi aşağıdırsa,
nitroqliserindən istifadə edərkən ehtiyatlı olmalı!