Albaniya eramızın hüdudlarında və ilk əsrlərində. Parfiyaya və Romaya
qarĢı mübarizə. Qafqaz Albaniyasının tarixi qonşu ölkələrdə baş verən siyasi
332
hadisələrlə çulğaşırdı. Bu, eramızdan əvvəl son əsrlərə - eramızın ilk əsrlərinə, yəni
Ön Şərqdə üstünlük uğrunda Roma ilə Parfiya arasında şiddətli mübarizədən xəbər
verən intensiv hərbi toqquşmalar zamanına da aiddir.
II Mitridatın (e.ə. 123-87-ci illər) vəfatından sonra Parfiya çarlığı zəiflədi. II
Tiqran (e.ə. 94-56-cı illər) "yetmiş vadini" geri aldı, Şimali Mesopotamiyanın və
Atropatenanın üzərinə atıldı. Bu zaman artıq iki koalisiya yaranmışdı: birinin başında
yeni ərazilər işğal etməyə can atan Roma dururdu, o birinə II Tiqran və Parfiya çarı
III Fraat (e.ə. 69-57-ci illər) tərəfindən müdafiə olunan Pont dövləti başçılıq edirdi.
Roma VI Mitridat Evpator ilə mübarizəyə Avreli Kottanı və Lisini Lukullu göndərdi.
Tezliklə Kotta darmadağın edildi, Lukull isə yerli sakinlərdən və Sullanın Kiçik
Asiyada qalan keçmiş döyüşçülərindən yeni legionerlər toplamağa başladı.
Romalılar hücum edərək şəhərləri bir-birinin ardınca alırdılar. II Tiqranla
toqquşma labüd idi. Plutarxın dediyinə görə, II Tiqranın yanında "ermənilər və
korduyenlər elli k yığma qoşun kimi cəmləşmişdilər, çarlar midiyalıları və adiabeiləri
gətirib gəlmişdilər, Babildə olan dəniz tərəfdən yığma qoşun, çoxlu ərəb və Kaspi
[sahillərindən] çoxlu alban və albanlarla qonşu olan iberlər gəlmişdi; çarları olmayan
və Araz [sahillərində] sürü otaran bir çox tayfalar da gəlmişdilər - [bəziləri] yardım
göstərmək, [başqaları isə] hədiyyə almaq məqsədilə".
Lukullun işini davam etdirmək gənc Roma sərkərdəsi Qney Pompeyin
öhdəsinə düşdü. Roma sərkərdəsi Ermənistandan Sevan gölünün yanı və Dilican
dərəsindən keçərək Qazax və Ağstafa tərəfə uzanan yeganə rahat ticarət yolu ilə
hərəkət edirdi. Anait məbədinin yaxınlığı romalılara bir çox cəhətdən sərfəli idi.
Qismən ona görə ki, müxtəlif əyləncələrlə müşayiət edilən Roma bayramları
yaxınlaşırdı. Albanlar əvvəlcə Roma sərkərdəsinə yol verməyə razı oldular. Lakin
dekabr ayında qeyd edilən Kron (Saturn) bayramı başlandıqda, azı qırx min alban
çağırılmamış qonaqların üzərinə hücum etdi.
Albaniya çarı Oroys Metell Kelerin üzərinə yeridi. Oroys qoşununun başqa bir
hissəsini Pompeyin, üçüncü bir hissəsini də Luki Flakkın üzərinə göndərdi.
Müvəffəqiyyət qazanılacağı təqdirdə albanlar romalıların hər bir düşərgəsini ayrılıqda
- Qney Pompeyin ordusunu hissə-hissə məhv etməli idilər. Lakin Metell Keler
həmləni dəf etdi. Luki Flakkın vəziyyəti bir qədər çətin oldu; bu zaman Pompey
birbaş Oroysa tərəf hərəkət etdi. Lakin romalılar üzbəüz sahilə keçmədilər, hücum
dayandırıldı və Pompey albanlarla barışıq sazişi bağlamağa məcbur oldu. Albanlar ilə
romalılar arasında başqa bir çarpışma Pompey Ermənistana qayıtdıqdan sonra baş
verdi. Dion Kassinin yazdığına görə, "Pompey albanlar ilə sülh sazişi, sonra isə elçilər
vasitəsilə Kaspi dənizinə qədər Qafqazın bəzi başqa sakinləri ilə müqavilələr bağladı".
Yadellilərə qarşı müharibədə albanlara köçərilər də kömək edirdilər, onlar
Qafqaz Albaniyasının müqəddəratında böyük rol oynayırdılar.
333
Sonrakı hadisələr göstərir ki, romalılar yalnız Kiçik Asiyada deyil, Qafqazda
da öz mövqelərini bərpa etməyə yenidən cəhd göstərirdilər. Mark Antoninin yaxın
silahdaşı, ağır piyada qoşun rəislərindən biri Publi Kanidi Krass həm Atropatena
yürüşündə fəal iştirak edir, həm də Albaniya ərazisinə soxulan romalılara başçılıq
edirdi.
Plutarxa əsasən, Kanidi iber və albanların basilevslərinə qalib gəlmişdi,
hərçənd Albaniyada uzun müddətə yerləşmək romalılar üçün çətin idi. Albanlara qarşı
yürüş eramızdan əvvəl 36-cı ildə Kellinin və Nervanın konsulluğu ilə bir vaxta, yəni
Mark Antoninin Atropatenaya hərbi yürüşü ilinə təsadüf etmişdi.
Ankira kitabəsi eramızdan əvvəl birinci yüzilliyin son illərində Albaniyada
təşəkkül tapmış siyasi vəziyyət haqqında mühakimə yürütməyə imkan verir. Bu
kitabda Roma imperatoru Avqustun adından deyilir ki, digər xalqlar sırasında albanlar
da romalılarla dostluq münasibətləri yaratmaq istəyirdilər,
Eramızdan əvvəl birinci əsrin başlanğıcı romalılar ilə Qafqaz xalqları arasında
daha intensiv münasibətlərlə əlamətdardır. Bu dövrün mənbələrində Albaniyanın da
adı çəkilir. Məsələn, devrilmiş Parfiya çarı I Vonon Ermənistana, sonra albanların və
skiflərin yanına qaçmağa cəhd göstərirdi.
Zaman keçdikcə Şərqdə romalıların nüfuzu güclənir. Tasitin yazdığına görə,
romalılar "Suriyadan Fərat çayına qədər (uzanan) çox böyük ərazini bütövlükdə dörd
legionun köməyi ilə tabelikdə saxlayırdılar, qonşuları iber və alban reksləridir; bizim
əzəmətimiz [onları] özgə hökmranlığından müdafiə edir". Korneli Tasit eramızdan
əvvəl 35-ci ildə Orodun rəhbərlik etdiyi parfiyalılar ilə iberlərin, albanların və
sarmatların birgə qüvvələri arasında baş vermiş hərbi əməliyyatı qeyd edir.
Antik Albaniya Romanın tərəfdarı olan qonşu İberiya ilə müttəfiqlik əlaqələri
saxlayırdı. İberlər ilə albanlar arasında yaxınlaşma meyli çar Oroysun və onun qardaşı
Kasisin zamanından başlanmışdı və yalnız Zober vaxtında deyil, daha sonralar da
davam edirdi. İosif Flavinin sözlərinə görə, imperator Tiberi "iber və alban
basilevslərini [Parfiya hökmdarı] Artaban ilə dərhal müharibəyə başlamağa razı
salmaq üçün onlara hədiyyə olaraq xeyli pul göndərmişdi. Lakin (iberlər və albanlar)
özləri (müharibə etməyə) razı olmadılar, Kaspi darvazasını açıb öz [torpaqlarından]
skiflərə sərbəst yol verərək onları Artabanın üstünə saldılar. Beləliklə, Artaban yenə
Ermənistandan məhrum oldu, Parfiya torpağı müharibə meydanı oldu, ən nüfuzlu
şəxslər öldürüldü, onların hər şeyi viran edildi, döyüşlərdən birində çarın oğlu özünün
bir neçə miriad qoşunu ilə birlikdə həlak oldu...".
Əldən-ələ keçən Ermənistan uğrunda Parfiya dövləti ilə Romanın hərbi
toqquşmaları II Artabanı İberiya və Albaniya ilə uğursuz mübarizəyə sövq etdi. Öz
azadlıqlarını qorumaq lazım gələndə iberlərin və albanların mənafeləri üst-üstə
düşürdü.
334
Sonralar başqa siyasi vəziyyət müşahidə edilir. Məsələn, iberlər ilə albanlar
arasında mübarizə Tasitin belə bir məlumatında əks olunmuşdur ki, 51-ci ildə İberiya
basilevsi "Farasman (öz qardaşı Mitridat ilə) müharibə etmək üçün bəhanə
uydurmuşdu, bəhanə isə bu idi ki, o, alban çarı ilə müharibə zamanı romalıları
köməyə çağıranda qardaşı (buna) müqavimət göstərmişdi" [12, 45].
Tasit məlumat verir ki, "Neron koqortalarını seçib qabaqcadan Kaspi
darvazasına tərəf göndərmişdi, (lakin) Albaniyada hazırladığı müharibəni
dayandırmış, Vindeksin üsyanını yatırmaq üçün (qoşunları) geri çağırmışdı".
İmperator Neronun albanlarla müharibəyə başlamaq hədələri haqqında Plini də
məlumat verir.
I Volegezdən sonra II Pakor (78-116-cı illər) Parfiyada çar oldu. Roma ilə
Parfiya arasında dinc münasibət heç də o demək deyildi ki, romalılar Ön Şərqi işğal
etmək fikrindən daşınmışdılar. Ələ imkan düşən kimi Roma qoşunları yad ölkələrdə
peyda olurdular.
Görünür, I əsrin axırlarında alban parfiyalılara qarşı hərbi əməliyyat aparan
Roma qoşunlarının rəisləri ilə ittifaq münasibətlərinə girmişdilər. Buna görə də
albanlar XII Fulminata legionu qoşunlarının ayrı-ayrı hissələrini öz ərazilərinə buraxa
bilərdilər. Ehtimal edildiyinə görə, romalıların Kaspi dənizi sahilində zühuru
Albaniyanın siyasəti ilə bağlı idi; bu zaman Albaniya cənub istiqamətində öz
torpaqlarını genişləndirə bilərdi. Romalıların Kaspi sahilində peyda olmasının, ola
bilsin, həm iqtisadi, həm də siyasi səbəbi vardır. XII Fulminata legionu 70-ci illərdən
başlayaraq daim Kappadokiyada olur və lazım gəldikcə ondan Kiçik Asiyada,
Suriyada və Qafqazda istifadə edilirdi. Kaspi dənizi sahilində aşkar edilmiş kitabədən
məlum olur ki, imperator Domisianın hakimiyyəti dövründə (81-96-cı illər) Roma
dəstələrindən biri Şərqin uzaq ölkələrinə yol axtara-axtara Qafqaz Albaniyasının
ərazisinə keçmişdi.
I əsrin sonu Kiçik Asiya və Qafqaz ölkələrinə siyasi, iqtisadi və mədəni təsir
göstərməkdə Roma ilə yarışan Parfiya dövlətinin dağılması ilə əlamətdardır. Bitib
tükənməyən sülalə çəkişmələri Parfiyanın mərkəzi hakimiyyətinin zəifləməsini
göstərir, məhz bu çəkişmələr nəticəsində bir çox müstəqil kiçik ölkələr - bu və ya
digər siyasi istiqaməti və istəyi ilə seçən çarlıqlar meydana gəldi. Belə ölkələrdən biri
də Qafqaz Albaniyası idi.
98-ci ildə Romada Trayan imperator oldu. O, Parfiya ilə müharibəyə
hazırlaşırdı, 114-cü ildə isə romalılar Arşakilərin hakimi Partamasirə qalib gəldilər.
Fest məlumat verir ki, "[Trayan] albanlara reks verdi, iberləri və başqa xalqları Roma
təbəəliyinə qəbul etdi". Mövcud rəyə görə, Albaniyanı çıxmaqla Qafqaz 2-3 il
ərzində, yəni Trayanın vəfatınadək nominal olaraq Romaya tabe idi. Festdən gətirilən
parçaya əsasən güman etmək olar ki, Roma yerli basilevslərdən birinin Albaniyanı
idarə etməsinə razılıq vermişdi, yəni bu zaman kəsiyində Qafqaz Albaniyasının
335
Romaya meyli göz qabağında idi. Hadriannın vaxtında (117-138-ci illər) romalılar
Şərqdə istila edilmiş torpaqları əllərində saxlaya bilmədilər; Hadriann parfiyalılar ilə
mehriban qonşuluq əlaqələri saxlayırdı, ermənilərin öz çarının olmasına icazə
vermişdi, amma albanlar ilə dostluq münasibətlərində idi, albanların rekslərinə
səxavətlə hədiyyələr verirdi, hərçənd onlar hüzuruna gəlməkdən boyun qaçırmışdılar.
Sonrakı hadisələr göstərdi ki, Roma Parfiya ərazisindən keçmədən Şərq
ölkələri ilə daimi əlaqə saxlaya biləcəyinə ümidini itirmirdi. Yəqin ki, bu cəhət
Qafqaz ölkələrinin - İberiya və Albaniyanın siyasi meylində az rol oynamırdı. Dion
Kassi məlumat verir ki, təqribən 133-cü ildə "İudeya müharibəsi qurtardı. Başqa bir
müharibə Farasman tərəfindən albanların torpağından başlandı... [müharibə] Midiyanı
bərk sarsıtdı, Ermənistana və Kappadokiyaya da toxundu və ona görə qurtardı ki,
albanlar bir tərəfdən Vologezin hədiyyələri ilə ələ alındılar, digər tərəfdən isə
Kappadokiya hakimi Flavi Arriandan qorxurdular". Hadisələr məhz 130-cu illə 136-cı
il arasında, Flavi Arrian Kappadokiyanın hakimi olanda cərəyan edirdi. III əsrin
başlanğıcında Roma nəzərə çarpacaq dərəcədə zəifləyirdi: quldarlıq təsərrüfatları
dağılır, əyalətlərin separatizmi artır, barbarlar sərhədi daha tez-tez pozurdular. İranda
isə başqa hadisələr baş verir: 234-cü ildə Papakın oğlu Artaşir Parfiyanın sonuncu çarı
V Artabana qalib gəlir və nəhəng çarlığın çarı olur. Albaniyanın İran və Roma ilə
qarşılıqlı siyasi münasibətləri xeyli dəyişir. Bu zaman Roma imperiyası artıq Şərqi
Qafqazın siyasi tarixində böyük rol oynamır; onun yerini yeni Sasanilər dövləti tutur.
I Şapurun hakimiyyəti illərində (242-272) Roma ilə Sasanilər İranı arasında mübarizə
qızışır. Bu zaman Ön Şərq ərazisində əhali axını müşahidə edilir. Məsələn, Movses
Xorenatsı məlumat verir ki, təqribən 242-ci ildə Şimalın qoşun başçılarından olan
Mamqun adlı birisi öz adamları ilə farsların tərəfinə keçmişdi. I Şapur Ermənistana
qoşun başçısı göndərir. Roma ilə İran arasında mübarizə Roma imperatoru Valerianın
gözlənilmədən əsir tutulması ilə qurtarır (260-cı il), Valerian İran çarını müşayiət edir,
Şapur ata minmək istəyəndə onu məcbur edirlər ki, əyilib belini çarın ayağının altına
versin, Yuli Kapitolin bildirir ki, albanlar da baktriyalılar, iberlər, tavroskiflər kimi
Valerianın əsir tutulması münasibətilə Saporun (Şapurun) göndərdiyi məktubları
qəbul etmədilər, Roma başçılarına məktub yazaraq Valerianı əsirlikdən qurtarmağa
kömək edəcəklərinə söz verdilər. Digər tərəfdən, Zərdüşt dini mərkəzində Sasani çarı
I Şapurun kitabəsində çarlığın digər vilayətləri ilə yanaşı, təkcə Atropatenanın deyil,
Albaniyanın da adı çəkilir.
Eramızın hüdudunda və ilk əsrlərində Ģimaldan Albaniyanın və bitiĢik
vilayətlərin ərazisinə köçərilərin girməsi. Albaniyanın və bitişik vilayətlərin ərazisinə
Şimaldan köçəri ünsürlərin girməsi eramızın hüdudunda və ilk əsrlərində xüsusilə
güclənirdi. Yazılı qaynaqlar və arxeoloji məlumat bu zaman Albaniya ərazisinə sarmat-
massaget-alan tayfalarının soxulduğunu sübut edir.
336
I əsrin son sülsündə Mingəçevir zonasında yeni qəbir tipləri və dəfn adətləri
meydana gəlir. Burada ölüləri küplərdə dəfn etmək adəti qalmaqla bərabər, katakomba
qəbirlərə, deformasiya olunmuş kəllələrə təsadüf olunur ki, bu da alanlara xas olan etnik
əlamətdir. Arxeoloji abidələr eramızın ilk əsrlərində və hətta bir qədər qabaq Dağıstan
ərazisinə sarmat-massaget-alan tayfalarının soxulmasını göstərir. Cənub rayonları
Mazkut çarlığının tərkibinə daxil olan Dağıstanda sarmat və sarmatvari simalı bir çox
maddi mədəniyyət abidələrinin olması arxeoloji materiallarda təsdiq edilir. Burada
sarmat yaraq-əsləhəsi, müxtəlif növ toqqalar, muncuqlar və s. az deyildir. Ayrı-ayrı
ünsürləri Azərbaycan ərazisindəki Yaloylutəpə keramikasına yaxın olan sarmat
keramikasına da rast gəlinir. Dağıstan zonasında və ondan cənubda yerləşən rayonlarda
alanlardan əlavə aorslar olmuşdu; aorsların izləri Tarki qəbiristanında tapılmışdır,
Görünür, aorslar özləri Aral-Sırdərya vilayətlərindəndir və massaget
konfederasiyasına daxil idilər. Kaspinin şimal sahilində, daha qərbdə və cənub-qərbdə
yerləşən vilayətlərə aorsların və digər Orta Asiya tayfalarının yeriməsini, yəqin ki,
"toxar istilası" ilə əlaqələndirmək lazımdır.
Eramızdan əvvəl son üç əsrdə aorslar Kaspinin şimal və şimal-qərb sahillərində
yerləşən vilayətlərdə hökmranlıq edən ən güclü birlik idi. Strabonun dediyinə görə, onlar
"ermənilərdən və midiyalılardan mübadilə qaydası ilə hind və Babil malları alır, dəvə
karvanları ilə daşıyıb satırdılar". Özlüyündə təkcə bu cəhət Dağıstan və Azərbaycanın
Kaspisahili zolağında aors ünsürləri roluna və əhəmiyyətinə şəhadət verə bilər. Elə
burada qeyd etmək lazımdır ki, Həştərxan sarmatlar qrupunun, yəni aorslarla
tərəddüdsüz əlaqələndirilə bilən qrupun keramikası ilə Azərbaycanın Yaloylutəpə
mədəniyyətində oxşar cəhətlər vardır. Azərbaycanın küp qəbirlərində olan sarmat
ünsürlərini də, görünür, aorsların təsiri ilə izah etmək lazım gəlir.
Bütün bunlar belə hesab etməyə əsas verir ki, hələ eramızın hüdudunda sarmat-
massaget-alan dairəsi tayfaları Dərbənd keçidi vasitəsilə Azərbaycanın Kaspiboyu
zolağının ərazisinə soxulurlar.
Erməni müəlliflərinin Kaspinin qərb sahillərində məskunlaşmış tayfalar kimi
xatırlatdıqları mazkutlar, şübhəsiz, massagetlərin eynidir. Massagetlərin göstərilən
vilayətdə, albanların qonşuluğunda sakin olmasından antik müəlliflər də bəhs edirlər. I
əsrdə Parfiya-Roma münasibətləri ilə əlaqədar olaraq xatırladılan dövlət məhz burada
yaradılmışdı. Həmin dövlət Mazkutlar çarlığıdır, ərəb müəlliflərinin Maskat
adlandırdıqları dövlətdir.
Bu rayonun toponimiyasında və onun tat əhalisinin dilində skif-sarmat-alan
ünsürlərinin izləri vardır. Məsələn, Samur və Rubas çaylarının (Maskat ərazisində) adları
osetin dilində (bu dil öz mənşəyini alan dilindən alır) müvafiq surətdə "dələ" və "tülkü"
deməkdir. Abşeron yarımadasında Maştağa (Maşqata) kəndinin adı "massagetlər" kimi izah
edilir. Maşkur xoronimi, müvafiq surətdə ermənicə Mazkut və ərəbcə Maskat xoronimləri
də massagetlərin adından götürülmüşdür. Dərbənddən cənubda yerləşən rayonun - Çora
337
(Çola) keçidinin adını da, görünür, skif-sarmat dil materiallarının köməyi ilə izah etmək
olar.
Azərbaycanın Kaspisahili zolağı arxeoloji cəhətdən zəif tədqiq edilmiş olsa da,
təsdiq etmək olar ki, bu zonada sarmat-massaget-alan mədəniyyətlərinin aşkar izləri
vardır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, daş qutularda (Şamaxı zonası) dəfn
edilənlər arasında qafa tası deformasiya edilmiş fərdlərə rast gəlinir. Dəfn qaydasının
xüsusiyyətləri - ölünün uzanmış halda qoyulması, od mərasiminin kəskin surətdə nəzərə
çarpan əlamətləri, meyitlərlə birlikdə itlərinin basdırılması və i.a. da sarmat-alan
təsirindən xəbər verir.
Yuxarıda göstərilən və Azərbaycanın şimal-qərb rayonlarının avtoxton əhalisinin
mədəniyyətinə yabançı olan hallar bu əraziyə yeni etnik ünsür gəldiyini tam aydınlığı ilə
sübut edir.
Yazılı qaynaqlarda olan məlumat belə hesab etməyə imkan verir ki,
Azərbaycanın adı çəkilən rayonlarına alanların gəlməsi I əsrə aiddir və onların
Zaqafqaziya ölkələrinə və daha cənuba məlum yürüşü ilə bağlıdır; İberiya çarı ilə ittifaqda
olan alanlar Daryal keçidindən addayıb "çox böyük bir kütlə ilə heç nədən
şübhələnməyən midiyalılara basqın etdilər və "...hər yeri viran qoyaraq Ermənistana
çatdılar".
Azərbaycanın sahil zolağının massaget-alan tayfaları, görünür, hələ uzun
zaman etnik və siyasi cəhətdən real qüvvə idilər.
O ki qaldı Azərbaycanın şimal-qərb vilayətlərində olan alan ünsürünə, o, yəqin
ki, VII əsrin axırlarına yaxın tarix meydanından çıxmağa başlamış və qonşu tayfa
qrupları tərəfindən assimilyasiyaya uğradılmışdı. Məhz bu zaman xristianlığın təsiri
altında katakombalar və onlarla bağlı mərasimlər dəfn praktikasından qeyb olmağa
başlamışdı.
338
XVI F Ə S İ L
ANTĠK ALBANĠYANIN MƏDƏNĠYYƏTĠ
Albaniyanın maddi mədəniyyət abidələri. Azərbaycan ərazisində aparılmış
arxeoloji tədqiqatlar sayəsində Albaniyanın zəngin maddi mədəniyyəti üzə
çıxarılmışdır. Maddi mədəniyyət abidələri hər şeydən əvvəl yaşayış məskənləri,
müxtəlif tikililər və qəbirlərdən, habelə ayrı-ayrı əşyalardan ibarətdir. Bunların tədqiqi
gedişində çoxlu məişət, təsərrüfat, ibadət əşyaları və sənətkarlıq məmulatları
tapılmışdır.
Alban məskənləri materialının öyrənilməsi ictimai-iqtisadi münasibətləri
səciyyələndirmək üçün xüsusilə böyük əhəmiyyətə malikdir. Yaşayış məskənləri
əsasən çay kənarlarında, münbit torpaqlara malik, strateji cəhətdən əlverişli və b. k.
sahələrdə yerləşirdi.
Bəzi məskənlər xüsusi qazılmış dərin xəndəklərlə də qorunur (Qəbələ,
Qalagah, Şortəpə), daşdan hörülən müdafiə hasarları (Qırlar), yaxud torpaq səd və ya
xəndək (Şortəpə) ilə dövrələnirdi. Hasarlarda darvaza qoyulur və darvazadan təpənin
ətəyinə pilləkən enirdi.
Memarlıq formalarının erkən dövrü üçün əsasən çiy kərpicdən hörülən,
(36x36x14 və 42x42x12 ölçülü) dördkünc yaşayış otaqları səciyyəvidir (Qəbələ, Mil
düzündə Qaratəpə). Otaqların yeri gil məhlul ilə şirələnirdi. Kiçik otaqlarla yanaşı,
Şərq memarlığına məxsus formalarda tikilmiş, böyük, sütunlu salonları olan saray
tipli binalar da vardı; sütunların daş bazaları qalmışdır (Sarıtəpə, Xınıslı, Qəbələ). İri
binalar üçün əsas tikinti materialı çiy kərpic idi. Çox qalın divarların bünövrələri
çaydaşından qoyulurdu. Məskənlərin mərkəzi binaları - qəsr və ya akropol -
künclərdən kvadrat bürclərlə möhkəmləndirilirdi (Qırlartəpə). Zəlzələ təhlükəsi çox
olan rayonların memarlığında daş hörgüyə arada ağac tirlər (kətil) qoyulurdu ki, bu da
tikintinin davamlılığını artırırdı.
Binaların damı kirəmitlə örtülürdü (Qəbələ, Mollaisaqlı), divar və döşəmələri
palçıqla suvanırdı. Arxeoloji qazıntılardan hörmə çubuq izləri ilə birlikdə suvaq
qalıqları aşkar edilmişdir. Tikintidə ağacdan geniş istifadə edilirdi; kömürləşmiş ağac
materialı qalığı bunu aydın göstərir.
Məskənlərin ərazisində çoxlu (məsələn, Mingəçevirdə 23-ə
qədər) dulus kürəsi
vardı. Mədəni təbəqələrdən metallurgiya ilə
bağlı materiallar: butalar (Qalagah),
tökmə üsulu ilə bəzək şeyləri hazırlamaq üçün daş qəliblər (Şortəpə) və s. tapılmışdır.
Eramızdan əvvəl III əsrin axırlarından Qəbələnin Çaqqallı, Qala və Səlbir
hissəsində zəngin həyatın varlığı təsdiq edilmişdir. Qəbələ möhkəm müdafiə tikililəri
ilə əhatələnmişdi. Hasarların hörgüsündə gildən, çiy kərpicdən, daşdan və bişmiş
kərpicdən istifadə olunmuşdur. Çaqqallının müxtəlif yaşayış və ictimai binalarının
339
xarabalıqları 50 hektardan çox ərazidə yerləşir. İctimai binalardan birinin divarlarının
qalınlığı 2 metrə yaxın olub, bir neçə salonu vardı. Salonların sütunlarının
oturacaqları zövqlə yonulmuş sal daşlardandır. Binanın üstü yüksək keyfiyyətli
kirəmitlə örtülmüşdü, kirəmitə ustaların damğaları və başqa fərqləndirmə nişanları
vurulmuşdu. Qafqaz Albaniyasının antik dövrü üçün səciyyəvi olan keramika, şüşə
qablar, gümüş piyalələr, metal əmək alətləri, silah, antropomorf və zoomorf terrakot
heykəlciklər, qızıl sırğalar, metaldan, sümükdən müxtəlif bəzək şeyləri və i.a. böyük
sənətkarlıqla hazırlanmışdır. Təsərrüfatın müxtəlif sahələri, sənətkarlıq, daxili və
xarici ticarət, habelə pul tədavülü intensiv inkişaf edirdi.
Anbarları, müxtəlif mallar doldurulmuş sandıqları möhürləyərkən tətbiq edilən
möhürlər və ya bullalar (möhür vurulmuş gil parçaları), habelə çoxlu dən daşları,
ərzaq saxlanılan iri küplər eramızdan əvvəl III-II əsrlərdən intensiv təsərrüfat və
ticarət həyatının səciyyəvi əlamətlərini əks etdirir.
Azərbaycanın müxtəlif rayonlarında: Qaraköbər (Ağcabədi rayonu), Qalatəpə
(Beyləqan rayonu), Əmirvan, Seyidtala (Qəbələ rayonu), Vardanlı (Oğuz rayonu),
Şəkili, Kürdüvan, Talıstan, Uzunboyalar (İsmayıllı rayonu), Canaxar, Xuçbala (Quba
rayonu), Çıraqlı, Dağkolanı, Bağırlı, Qalacıq (Şamaxı rayonu), Kirzan (Qazax
rayonu), Torpaqqala (Qax rayonu), Urseki, Tarki, Turpaqqala (Dağıstan), habelə
Fizuli, Gəncə, Şəmkir rayonlarında, Alazan çayı hövzəsində və Kür ilə Araz
arasındakı ərazidə xeyli yaşayış məskənləri üzə çıxarılıb öyrənilmişdir. Qədim qəbir
abidələrinin tədqiqi Albaniya əhalisinin dünyagörüşünü, dini və etnik fərqlərini əks
etdirən zəngin material vermişdir. Qeyd etmək lazımdır ki, bir qəbiristanın hüdudları
daxilində çox vaxt ölülər müxtəlif qaydada dəfn olunmuşdur; eyni zamanda məskənin
ətrafında bir neçə qəbiristanın olması halları da məlumdur.
Ölülər dördkünc, dəyirmi, ovalşəkilli torpaq qəbirlərdə, küplərdə, taxta
qutularda, saxsı təknədə, çiy kərpicdən hörülmüş qəbirdə, daş qutularda, habelə
katakombalarda dəfn edilirdi. Məsələn, Nüydü, Qəbələ, Yaloylutəpə, Uzunboylar
üçün torpaq qəbirlər, Qaraköbər qəbiristanı üçün küp qəbirlər, Xanlar üçün (Gəncə
yaxınlığında) çiy kərpicdən hörülmüş qəbirlər, Mollaisaqlı üçün saxsı tabutlar
səciyyəvi olduğu halda, Şamaxı və Mingəçevir məzarıstanlarında bir qəbiristanın
hüdudları daxilində bir neçə tip qəbirlər məlumdur ki, bu da görünür, müxtəlif etnik
qrupların mövcud olması ilə bağlıdır. Bu və ya digər dəfn qaydalarına görə müxtəlif
arxeoloji mədəniyyətləri də bir-birindən ayırmaq mümkündür. Məsələn, ölünün
bükülü vəziyyətdə qoyulduğu, özünəməxsus səciyyəvi keramikası olan torpaq qəbirlər
müstəqil arxeoloji mədəniyyət kimi ayrılmış və ilkin aşkara çıxarıldığı yerə görə,
"Yaloylutəpə mədəniyyəti" adını almışdır.
Bu mədəniyyətin keramikası üçün ən səciyyəvi tiplər üçqulaq, uzun novçalı,
yumru gövdəli, lentvari qulplu, yaxşı bişirilmiş qara və ya qırmızı rəngli, bir və
340
üçayaqlı qablardan ibarətdir. Sonralar bu mədəniyyətə mənsub qəbirlər və keramika
Albaniyanın bütün ərazisində üzə çıxarılmışdır.
Torpaq qəbirləri antik dövrdə də Albaniya ərazisində geniş yayılmış qəbir
abidələrinin ən sadə və qədim tipidir. Bunlar əsasən dördbucaq və oval formasındadır.
Ölüləri qəbirə az və ya çox bükülmüş vəziyyətdə qoyurdular; oturmuş vəziyyətdə, sağ
və ya sol böyrü üstə dəfn etmək hallarına da rast gəlinir. Adətən qəbrin ölçüləri dəfn
edilən şəxsin ölçülərindən böyük götürülürdü; bəzən eni 2 metr və uzunu 4 metrə
qədər olurdu. Qəbrə ölü ilə birlikdə müxtəlif məişət əşyaları və qurbanlıq heyvanların
cəmdəkləri də qoyulurdu. Məsələn, İsmayıllı rayonunun ərazisində yerləşən
Uzunboylar qəbiristanının eramızdan əvvəl III-II əsrlərə aid qəbirlərinin birindən 70
saxsı qab, altı nizə ucluğu, bir neçə oraq və bıçaq çıxmışdır. Burada 7 bütöv qoyun-
keçi skeleti, bir bütöv inək skeleti və i.a. da vardı.
Torpaq qəbirlər alban dövrünün bir çox abidələrindən - Mingəçevirdə,
Yaloylutəpədə, Qəbələdə (Qəbələ rayonu), Xınıslıda, Çıraqlıda (Şamaxı rayonu),
Nüydüdə, Qırlartəpədə (Ağsu rayonu), Torpaqqalada (Qax rayonu), Uzunboylarda
(İsmayıllı rayonu), Kişdə (Şəki), Şəmkirdə, Xuçbalada (Quba rayonu), Tarkidə
Qarabudaqkənddə, Şarakunda (Dağıstan), Alazan çayının vadisində və başqa yerlərdə
olan abidələrdən məlumdur. Adlarını çəkdiyimiz bütün abidələri səciyyələndirən
ümumi cəhətlərlə yanaşı, bəzi
məhəlli xüsusiyyətlər də vardır. Məsələn, Mingəçevirdə
qəbirlərin demək olar hamısında skelet azacıq bükülü vəziyyətdə idi və başı əsasən
şimal-şərqə tərəf qoyulmuşdu. Qəbirdə zəngin avadanlıq, o cümlədən keramika,
dəmir silah və əmək alətləri, bəzək şeyləri, sikkələr, möhürlər və i.a. vardı.
Tapıntıların təhlili göstərilən qəbirləri eramızdan əvvəl V-III əsrlərə aid etməyə imkan
verir.
Ölülərin çox bükülü vəziyyətdə dəfn edildiyi torpaq qəbirlər Yaloylutəpədə,
Nüydüdə, Xınıslıda üzə çıxarılmışdır və əsasən eramızdan əvvəl III-I əsrlərə aiddir.
Adı çəkilən abidələr arasında Nüydü xüsusi yer tutur. Burada keramika ilə yanaşı,
çoxlu nizə ucluqları və bir tunc dəbilqə də tapılmışdır. Nüydüdə zəngin bər-bəzək
dəsti - qolbaqlar, üzüklər, asma bəzəklər, boyunbağılar, qadın tacları (çələngləri)
aşkar edilmişdir. Qəbirlərin birindən yerli ustalar tərəfindən zərb olunan sikkə
dəfinəsi tapılmışdır. Maddi mədəniyyətin qeyd edilən bütün kateqoriyaları yerli
ustaların məhsuludur.
Qədim Şamaxı, Qəbələ, Bərdə və b. qəbiristanların öyrənilməsi zamanı üzə
çıxarılmış gümüş və qızıl məmulatı diqqəti cəlb edir. Qırlartəpə məskəninin
yaxınlığında yerləşən, içərisində keramik qablar olan torpaq qəbirdən döymə üsulu ilə
hazırlanan iki gümüş piyalə tapılmışdı. Burada yerli sənətlər haqqında müəyyən
təsəvvür yaradan silah və bəzək şeyləri də aşkar edilmişdir.
Albaniya ərazisində iri küplərdə dəfn etmək adəti geniş yayılmışdı. Belə
qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağətəyi rayonlarda, Kür çayının
341
sahillərində qeydə alınmışdır. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi,
Qəbələ rayonlarında, Mingəçevirdə, Qalatəpə xarabalıqlarının ətrafında, başqa
rayonlarda yüzlərlə küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti ən qədim
əsrlərdən başlanmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda Ön Asiyada və Qafqazda
geniş yayılmışdır. Albaniyada bu adət eramızdan əvvəl I minilliyin ikinci yarısından
ta eramızın VIII əsrinədək mövcud olmuşdur.
Albaniyanın qəbir abidələrinin başqa bir tipi ölülərin gil tabutlarda dəfn
edilməsidir. Bu dəfn adətinin İsmayıllı rayonunda Mollaisaqlı, Hacıhatəmli və
Qalagah kəndləri ətrafında, Qəbələ rayonunda, Quşlar və Savalan kəndlərinin
yaxınlığında, habelə Şamaxı rayonunda yayıldığı öyrənilmişdir. Saxsı təknə yaxud
tabutlar əsasən bir-biri ilə birləşən iki hissədən ibarətdir; divarlarında bir neçə kiçik
deşik vardır. Kiçik gil tabutlar böyük tabutlardan yalnız ölçüsü ilə deyil, forması ilə
də fərqlənir, onların bir və ya iki tutacağı vardır, deşikləri yoxdur, uzunsovdur, oval
və ya dördbucaq şəklindədir; skeletlər bükülü vəziyyətdə sol və ya sağ böyrü üstə
qoyulmuşdur. İstiqamət müxtəlifdir, lakin sifət əksər hallarda şərqə tərəf
yönəldilmişdir. Avadanlıq əsasən baş hissədə, mərhumun üzü qarşısında və ayaq
tərəfdə qoyulmuşdur. Tabutlardan kənarda zərif düzəldilmiş saxsı qablar
yerləşdirilirdi. Qəbirlərin içərisində şüşədən, pastadan, mərmərdən və i.a. hazırlanan
çoxlu muncuq, habelə tunc qolbaqlar, üzüklər, müxtəlif asma bəzəklər və maral
təsvirli metal lövhə aşkar edilmişdir. Gil tabutlarda dəfn etmək adəti vaxt etibarilə
əsasən Yaloylutəpə mədəniyyəti dövründə, yəni eramızdan əvvəl III əsrdən eramızın
I-II əsrlərinə qədər olan dövrə uyğun gəlir.
Tarixi Albaniyanın ərazisində katakomba, taxta qutu və çiy kərpic qəbirlər
aşkara çıxarılmış və öyrənilmişdir. Qəbirlərin bu tipi Azərbaycan ərazisinə sarmat-
massaget-alan və digər irandilli tayfalar tərəfindən gətirilmiş və yerli əhali arasında
qismən yayılmışdır.
Katakombalarda olan taxta qəbirlərdə maddi mədəniyyətin yüksək inkişaf
səviyyəsini əks etdirən zəngin dəfn avadanlığı vardı. Bu tip qəbirlər eramızın I-IV
əsrlərinə aid edilir; bunlar yalnız Mingəçevirdən tapılmışdır. Taxta qəbirlərdə ölülər
bir qayda olaraq qoşa dəfn edilir, onlar üz-üzə, bükülmüş vəziyyətdə, başları cənub-
şərqə tərəf qoyulurdu. Dəfn avadanlığı taxta qəbirin həm içərisində, həm də bayırında
yerləşdirilirdi; ona keramikadan əlavə, dəmir qılınclar, xəncərlər, bıçaqlar, gümüş
piyalələr, qızıl və gümüş zinət şeyləri, üzük-möhürlər və i.a. daxil idi. Bu tip qəbirlər
zadəgan zümrəni əks etdirir.
Albaniyanın maddi mədəniyyəti qəbir tikililərinin başqa bir tipində -Xanlar
rayonunda, Mingəçevirdə, Sabirabad rayonu ərazisindəki Cəfərxan kəndinin
yaxınlığında tədqiq edilmiş çiy kərpic
qəbirlərdə də öz əksini tapmışdır. Ölünün tək
dəfn edilməsi bu qəbirlər üçün səciyyəvidir. Burada ölü arxası üstə uzadılırdı. Bu tip
342
qəbirlərdən əldə edilən materiallardan bəlli olur ki, onlar iki eranın ayrıcına və
eramızın ilk əsrlərinə aiddir.
Ayrı-ayrı yerlərdə indiyədək qalmaqda olan metal, daş və ağac əmək alətləri
Albaniyanın iqtisadiyyatını öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. Bunlar dəmir
oraqlar, çapacaqlar, bıçaqlar, qayçılar, bizlər, iynələr, dən daşları, kirkirə daşları,
sürtgəclər, bülöv daşlardan ibarətdir.
Xınıslı, Nüydü, Qırlartəpə, Yaloylutəpə, Qaraköbər, Torpaqqala və
Albaniyanın digər məskənlərində forması və ölçüsü müxtəlif olan əl dəyirmanları, o
cümlədən qayıq şəklində çox iri dən daşları aşkar edilmişdir. Eramızın I-II əsrlərindən
başlayaraq işlədilən kirkirə daşlarının tapılması dən üyüdülməsinin yeni, mütərəqqi
üsullarının tətbiqi ilə bağlıdır. O dövrdə xeyli miqdarda dişli oraqların olması
əkinçilik sahəsində, xüsusən biçin prosesində əmələ gələn tərəqqini arxeoloji
cəhətdən təsdiq edir. Arxeoloji tədqiqatlar zamanı aşkar edilən bitki qalıqları
Albaniyada əkinçiliyin inkişafı və istehsal olunan məhsulların çeşidi haqqında
mühakimə yürütməyə imkan verir.
Dulusçuluq məmulatı Qafqaz Albaniyası iqtisadiyyatının və mədəniyyətinin
daha da inkişaf etdiyini göstərir. Eramızdan əvvəl I minilliyin ikinci yarısında
Yaloylutəpə keramikasının yeni səciyyəvi formaları - qonşu ölkələrin keramikasından
fərqlənən süddanlar, birayaqlı və üçayaqlı vazalar meydana gəlir. Yaloylutəpə
keramikası Şirvan, Şəki, Zaqatala bölgəsi, Gəncə-Qazax, Mil-Qarabağ düzü, Alazan
və Kür hövzəsi, habelə Dağıstan ərazisində olan abidələrdən məlumdur. Yuxarıda
qeyd edilmiş rayonlar üçün səciyyəvi olan keramika kompleksinin yeknəsəqliyi
vahid, səciyyəvi iqtisadiyyata, mədəniyyətə və əraziyə malik əhalinin etnik
yekcinsliyinə sübutdur.
Albaniya ərazisində xeyli miqdarda dəmirçilik məmulatı üzə çıxarılmışdır;
onların böyük bir qismi yerli ustaların məhsuludur, bununla birlikdə gətirilmə
əşyalara, başlıca olaraq zərif qab-qacağa və bəzək şeylərinə də təsadüf edilir.
Albaniyanın yerli xammala əsaslanan metallurgiyası və metalişləmə sənəti yüksək
kamillik səviyyəsinə qalxmışdı.
Alban cəmiyyətinin əyanlar təbəqəsinin məişətində geniş istifadə olunan
gümüş və mis qab-qacaq cəmiyyətin sosial cəhətdən yekcins olmadığını da aydın
bildirir.
Metal qablarla yanaşı, şüşə məmulatı da geniş yayılmışdı. Albaniyada şüşə qab
istehsalının eramızın II-III əsrlərindən meydana gəldiyi ehtimal edilir. Əvvəlki dövrdə
isə bunlar bir qayda olaraq Şərq ölkələrindən gətirilirdi.
Zərgərlik də nəzərə çarpacaq dərəcədə inkişaf etmişdi. Arxeoloji tədqiqatların
gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək şeyləri öz formalarının və istifadə
olunmuş materialların rəngarəngliyi ilə fərqlənir. Bunlar metaldan, şüşədən, gildən,
pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Bəzək şeylərinin
343
tərkibinə qadın tacları (çələngləri), boyunbağılar, qolbaqlar, üzüklər, asma bəzəklər,
sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və i.a. daxildir. Əsasən
Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qəbələ, Qaratəpə, Qalagah, Şortəpə, Qırlıtəpə və
digər Albaniya abidələri qazıntılarından məlum olan, nəcib metallardan və qiymətli
daşlardan hazırlanmış bəzək şeyləri müəyyən qrup təşkil edir.
Bəzək şeylərinin böyük bir qrupu antik dövrdə geniş yayılmış qolbaqlardan
ibarətdir. Qolbaqlar tuncdan, gümüşdən, qızıldan, dəmirdən hazırlanırdı. Ayrı-ayrı
keramik qolbaq nümunələri də məlumdur. Qolbaqların ön kəsiyi dairəvi yaxud
üçbucaqvaridir, çox vaxt zoomorf başcıqlar şəklində düzəldilən ucları bəzilərində
aralıdır, səthi ya saya, ya da ornamentlidir; bu qolbaqlar yalnız bəzək şeyləri deyil,
həm də qədim albanların ideoloji təsəvvürlərini əks etdirən ayin əşyaları idi.
Boyunbağılar əsasən o dövrün ən erkən qəbirlərinin materiallarından tanışdır.
Ucları bir qədər genişləndirilmiş, bitişdirilməmiş, batıq ornamentlə bəzədilmişdir.
Alban kişi və qadın qəbirlərində tez-tez üzük və sırğalara rast gəlinir - bunlar formaca
bir-birindən fərqlidir. Onlar əlvan metallardan, dəmir və sümükdən düzəldilirdi.
Üzüklər tökmə və döymə üsulu ilə düzəldilir; bəzən qiymətli daşlardan və şüşələrdən
qaş qoyulur, zoomorf təsvirlər, həndəsi ornamentlərlə təchiz olunurdu. Qaşlı üzüklər
möhür rolunu oynayırdı və xronoloji cəhətdən, bir qayda olaraq, qaşsız üzüklərə
nisbətən daha sonralara aiddir. Üzük-möhürlərin xarici nümunələri adətən
Romadandır. Onlar Qafqaz Albaniyasının Roma ilə geniş əlaqələrə malik olmasını
təsdiq edir.
Bəzək şeyləri arasında sırğalar xüsusi yer tutur. Qızıl sırğalar Mingəçevir,
Yaloylutəpə, Xınıslı, Qalagah, Şatırlı (Bərdə) və başqa yerlərdə aşkar edilmişdir.
Qeyd etmək maraqlıdır ki, Şatırlı antik məskəni yaxınlığında olan qəbiristanda qazıntı
zamanı müxtəlif zərgərlik məmulatı ilə birlikdə tökmə üsulu ilə sırğalar və digər
bəzək şeyləri hazırlamaq üçün işlədilən daş qəliblər tapılmışdır.
Bəndlər bəzək şeyləri arasında mühüm yer tutur. Gümüş, tunc, dəmir bəndlərə
qəbirlərin əksəriyyətində təsadüf edilir. Əcnəbi bəndlər, əsasən Roma bəndləri
çoxdur. Arxeoloji qazıntılar nəticəsində əsasən tuncdan olan çoxlu miqdarda müxtəlif
sancaqlar üzə çıxarılmışdır. Onlardan bəzilərinin başı tunc zəncirlərlə bəzədilmişdir.
Rəngarəng toqqalar, piləklər, asma bəzəklər və xüsusilə həm yerli ustalar
tərəfindən düzəldilən, həm də kənardan gətirilən müxtəlif muncuqlar da külli
miqdarda tapılmışdır. Muncuqlar əsasən antik dünyanın məşhur mədəniyyət
mərkəzlərindən gətirilirdi və digər gətirilmə materiallarla birlikdə bunlar sübut edir ki,
eramızdan əvvəl IV-I əsrlərdə və eramızın I-II əsrlərində Qafqaz Albaniyası Qara
dənizin şimal sahilində yerləşən şəhərlərlə, Parfiyanın, Romanın, Mesopotamiyanın,
Misirin, Hindistanın, Suriyanın şəhərləri ilə geniş ticarət əlaqələri və mədəni əlaqələr
saxlamışdır. Albaniya ərazisində ehtiyatı bol olan əlvan daşlar keyfiyyətdə ən yaxşı
344
gətirilmə nümunələrdən geri qalmayan bəzək şeyləri və möhürləri düzəltməkdə yerli
sənətkarlar üçün xammal mənbəyi idi.
Miladdan əvvəl I minilliyə və miladın ilk əsrlərinə aid olan, əsasən hellinizm
dövlətlərində, Romada kəsilmiş sikkələrdən ibarət dəfinələr və ayrı-ayrı sikkələr,
habelə albanların öz sikkələri aşkara çıxarılıb öyrənilmişdir. Gümüş alban sikkələri
Bərdə, Xınıslı, Qəbələ, Nüydü, Qırlartəpə abidələrindən məlumdur. Aşkara çıxarılmış
sikkə dəfinələrinin tədqiqi göstərir ki, həmin sikkələr eramızdan əvvəl III əsrin
axırlarından etibarən Albaniyada zərb edilib yayılmışdır.
Dostları ilə paylaş: |