Fərdi yanaşma prinsipi. Məktəbəqədər qrupda olan uşaqların hər biri özünəməxsus fərdi xüsusiyyətlərə malik olur. Bu prinsip tərbiyə işində uşağın olduğu kimi-bütün xüsusiyyətləri, imkanları, üstün və zəif cəhətləri ilə birlikdə qəbul edilməsini nəzərdə tutur. Hər bir uşaq öz inkişafı, tərbiyəsi və mühitlə qarşılıqlı təsir imkanına malik olan xüsusi fərdi bir şəxsdir. Buna görə də hər bir konkret uşaqla münasibətdə onun öz fərdi, o cümlədən təbii imkanlarını tam dolğun şəkildə reallaşdırması üçün şərait yaradılmalıdır. Fərdi yanaşma prinsipinin mahiyyəti ondan ibarətdir ki, pedaqoji fəaliyyət uşağın fərdiliyini və maraqlarını nəzərə almağa yönəlib, bu əsasda qurulur və həyata keçirilir. Bu baxımdan fərdi yanaşma prinsipi ilə bağlı bəzi tələbləri gözləmək lazımdır: a) işə başlamazdan əvvəl uşağı yaxşı öyrənmək mühüm şərtdir. Belə ilkin diaqnostika uşağın fərdi xüsusiyyətlərini daha yaxşı üzə çıxarmağa imkan verir; b) pedaqoji iş prosesində hər bir uşaq üçün daha “rahat” şərait yaratmağa çalışmaq lazımdır. Pedaqoji müşahidələr göstərir ki, qrupda olan uşaqların heç də hamısının təfəkkürü, diqqəti, yaddaşı qavrayışı və s. eyni olmur. Onlardan biri görüb eşitdiklərini tez qavrayır, tez də unudur, digəri isə gec qavrayır, lakin öyrəndiyini uzun müddət yadında saxayır. Biri diqqətini yaşına uyğun bir işin üzərində xeyli saxlaya bilir, digəri bunu edə bilmir. Tərbiyəçi uşaqların bu üsusiyyətini nəzərə almasa, məşğələni lazımı səviyyədə qura bilməz. Ona görə də tərbiyəçi hər bir uşağın qüvvətli və zəif cəhətlərini vaxtında öyrənməli, qüvvətli cəhətlərini inkişaf etdirməli və onlara istinad edib çatışmazlıqları aradan qaldırmalıdır. Beləliklə fərdi yanaşma həm qabiliyyətli, həm zəif, həm də orta səviyyəli uşaqlara tətbiq etməlidir
Uşaq bağçasında təlimin metodları.
Təlim prosesində tərbiyəçi müxtəlif metodlardan istifadə edir. Uşaq bağçasında təlimin metodları məktəbəqədər yaşlı uşaqların bilik, bacarıq və vərdişlərinin müvəffəqiyyətlə həyata keçirilməsi və öyrənmə marağının inkişaf etdirilməsinə xidmət edir. Tərbiyəçi təlim prosesində istifadə edəcəyi metodları və tərzləri (tərz - bu və ya digər metodun elementinə, hissəsinə deyilir) qabaqcadan müəyyən edir və bunların vasitəsilə təlimin səviyyəsini yüksəldir. Metod - yunanca “methodes” sözündən olub şərh, izah qaydası “nəyəsə yol, idrak yolu” deməkdir. Yəni, metod dedikdə müəyyən fəaliyyət sahəsində məqsədə nail olmaq üçün yol nəzərdə tutulur. Uşaq bağçasında texnologiya məşğələsinin metodları aşağıdakılardır: əyani metod, şifahi metod və praktik metod. Əyani metod. Uşaq bağçasında əyani metodlar geniş yer tutur. Əyani metoddan yeni biliyin öyrənilməsində daha çox istifadə olunur. Əyani metodda natural obyektlər (əşya və hadisələr-natural obyekt dedikdə alət, müxtəlif məmulatlar və əşyaların özləri nəzərdə tutulur), əyani vasitələr (şəkillər, model nümunələri və s.) və texniki vasitələr (videofilmlər, maqnitafon yazıları, televiziya verlişləri və s.) mühüm yer tutur. Əyani metodun bir növü müşahidədir. Müşahidə ətraf mühitdəki cisim və hadisələri məqsədyönlü, planlı, qısa və uzunmüddətli qavrama prosesidir. Onun məqsədi cisim və hadisələri sadəcə göstərmək deyil, ətraf mühitdə baş verən dəyişmələri uşaqlara müşahidə etdirməkdir. Uşaqlar yaşlıların əməyini, nəqliyyatın hərəkətini, heyvanların xarakteri və həyat tərzini, bitkilərin inkişafını müşahidə etməklə çox şey öyrənirlər. Tərbiyəçi uşaqları tədricən müşahidə etmək bacarığına və qabiliyyətinə yiyələndirir. Bu baxımdan müşahidənin təşkili və keçirilməsi üçün bir sıra şərtlərə əməl edilməlidir. Belə ki, elə şərait və vaxt seçilməlidir ki, uşaqlar müşahidə ediləsi keyfiyyəti obyektdə görə bilsinlər. Müşahidənin səmərəliyini (onun öyrədici, inkişaf etdirici və tərbiyəedici xarakterini) təmin etmək üçün tərbiyəçi aşağıdakı tələblərə əməl etməlidir. a. Müşahidəni keçirmək üçün uşaqların qarşısında aydın və konkret məqsəd qoyulmalı. b. Planlaşdırma müşahidənin məzmununu əks etdirməlidir. c. Obyekt çox da böyük olmamalı, uşaqların yaş və anlaq səviyyəsinə uyğun gəlməlidir. d. Keçirilən müşahidə uşaqların əqli fəallığına və müstəqilliyinə kömək etməlidir. Müşahidə uşaqların “tədqiqatçılığına”, öyrənmə, axtarma marağına və əmək fəaliyyətinə öz təsirini göstərməlidir. e. Müşahidə dəqiq və konkret sözlərlə müşaiyət edilməli, uşaqlarda tam təsəvvür yaratmağa və söz ehtiyatının artmasına müsbət təsir göstərməlidir. Əşyaların göstərilməsi daha çox yayılmış təlim tərzlərindən biridir. Uşaqlar ətrafdakılara baxır, oyuncaqları, ev əşyalarını, əmək alətlərini, şəkil, yapma və quraşdırma vasitələrini müşahidə edir, bu zaman bilmədikləri bir çox əlamət və hadisələri öyrənirlər. Tərbiyəçi əşyanı elə göstərməlidir ki, həm onun haqqında qısa məlumat verə bilsin, həm də uşaqlar onu yaxşı görsünlər. Şəkil və illüstrativ materialların nümayiş etdirilməsi. İllüstrasiya – şəkil, sxem, model və ya əşyanı gətirib göstərməkdir. Demonstrasiya isə tərbiyəçinin təcrübə göstərməsidir. İllüstrasiya əşyanı statikada göstərməyə, demonstrasiya isə hadisəni, əşyanı dinamikada göstərməyə deyilir. Bu metoddan istifadə edərkən alınmış və ya tərbiyəçi tərəfindən çəkilmiş şəkillərdən istifadə etmək olar. Şəkildə müəyyən alətlər və ya əməliyyatlar göstərilə bilər. Nümunələrin göstərilməsi əmək fəaliyyəti və quraşdırma işlərində mühüm əhəmiyyətə malikdir. Nümunə şəkillərdən, applikasiya və quraşdırma işlərindən ibarət ola bilər. Bəzi uşaqlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün tərbiyəçi uşaqlara bir neçə nümunə göstərir, onlardan hansı mühümdürsə, onun üzərində daha çox iş təşkil edir. Fəaliyyətdə göstərmə. Texnologiya məşğələsi zamanı görülən işin keyfiyyətini yaxşılaşdırmaq üçün işin yerinə yetirilmə ardıcıllığını tərbiyəçi özü uşaqlara göstərməlidir. Kəsmə və quraşdırma işlərində təlimin bu tərzindən geniş istifadə edilir. Əməliyyatları uşaqlara göstərmək üçün hamının görə biləcəyi yer müəyyən edilməlidir ki, müşahidə səmərəli olsun. Göstərmə aydın dəqiq elementlərlə yerinə yetirilməlidir. Tərbiyəçi hər bir əməliyyatı sözlə müşayiət etməlidir. Uşaq bağçasında texniki vasitələrin tətbiqi. Təlim prosesində ekran vasitələrindən və radiotexnikadan əyani vəsait kimi istifadə edilir. Təlim zamanı videofilmlər, maqnitafon yazıları, televerlişlər və kompüter texnikasından istifadə etməklə yüksək müvəffəqiyyətlərə nail olmaq olar