Hökmlər — fikri proseslərin baş verdiyi əsas akt və ya formadır.
Fikirləşmək hər şeydən əvvəl hökm verməkdir. Hər hansı fikri proses hökmlərdə ifadə olunur. Hökmlər insanın gerçək dünyanı onun xüsusiyyətlərində, əlaqə və münasibətlərində inikas etdirən dərk etmənin xüsusi formasıdır.
Hökmlərdə cisimlər, hadisələr arasında müəyyən əlaqənin olduğu, eləcə də cismin, hadisənin müəyyən keyfiyyətə malik olduğu təsdiq və inkar edilə bilər. Bu baxımdan hökmlər iqrari və inkarı olmaqla iki yerə bölünür. Məsələn, «Bu kitab maraqlıdır» dedikdə kitabda maraqlılıq keyfiyyətinin olduğunu təsdiq edirik. «Bu tələbə çalışqan deyil» dedikdə isə tələbədə çalışqanlıq əlamətinin olmadığını göstəririk. Ona görə də birinci hökm iqrarı, ikinci hökm isə inkarı hökmdür. Hökmlər ümumi, xüsusi və fərdi də ola bilirlər.
Ümumi hökmlərdə eyni sinfə, qrupa aid olan bütün cisim və hadisələrdə müəyyən bir cəhət ya təsdiq, ya da inkar olunur.
Xüsusi hökmlərdə isə iqrari və ya inkar bütün cisim və hadisələrə deyil, onlardan bəzilərinə aid edilir.
Fərdi hökmlərdə isə iqrar və ya inkar yalnız bir cisim və ya hadisəyə aid olur.
Bütün bunlarla yanaşı hömlərin şərti, təqsimi, zərurət və s. növləri də vardır. Psixoloji planda hökmlər – subyektin hərəkətidir, müəyyən məqsəd və motivlə bağlıdır, insanı nəyisə düşünməyə və hansı qərarı isə qəbul etməyə təhrik edir. Hökmlər fikri fəaliyyətin nəticəsidir, fikirləşən insanın müəyyən münasibətlərinin fikrin predmetinə olan münasibətidir. Hökmlər hərəki xarakter daşıyır, özündə sosial aspekti ehtiva edir.
Hökmlərin sosial aspekti onun strukturunu şərtləndirir, onun az və ya çox dərəcədə mürəkkəbliyi digər fikirlərə münasibəti ilə şərtlənib. Hökmlər ilk dəfə olaraq hərəkətdə formalaşır. Hər hansı hərəkət seçici xarakter daşıdığından, o nəyi isə təsdiq, inkar etdiyindən praktik əhəmiyyət daşıyır. Subyektin obyektə və digər adamlara münasibətlərini ifadə etdiyindən hökmlər emosionallıqla zəngindir. Hökmlərdə şəxsiyyət aşkar olunur, o, həmçinin iradi aktı ifadə edir.
Hökmlərdə digər insanlara qarşı olan münasibət real aləmə idraki münasibət əsasında müəyyənləşir. Hökmlərdə ehtiva olunmuş vəziyyət obyektiv olaraq həqiqətdir və ya yalandır, bu isə obyektiv gerçəkliyi inikas etdirməsindən asılıdır. Hər hansı hökmlər həqiqətə istiqamətlənib, lakin hər hansı hökm özlüyündə şərtsiz həqiqət deyil. Mühakimə hökm üzərində fikri işdir və həqiqətin yoxlanılmasına istiqamətlənib. Hökmlər mühakimənin həm çıxış, həm də son nöqtəsidir. Bu və ya digər halda hökmlər və həqiqətin təntənəsi üçün biliklər sisteminə qoşularaq ayrıca olmaqdan qurtulur. Mühakimələr əqli nəticə forması olaraq çıxış etdiyi hökmlər sistemini açır.