Tələbələrin pedaqoji təcrübəsinin təşkili
Bilal Həsənli
ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
Ali məktəblərdə gələcək müəllimlərin hazırlığını pedaqoji təcrübə olmadan təsəvvür etmək mümkün deyildir. Pedaqoji təcrübə təlim-tərbiyə prosesinin tərkib hissəsi olub, tələbələrin nəzəri hazırlığının praktik fəaliyyətlə birləşdirilməsini təmin edir. Məşhur pedaqoq V.V.Blonski deyirdi ki, pedaqogikanı yalnız kitablarla öyrətmək mümkün deyil. Həm də təcrübə, özü də təqlidedici yox, yaradıcı, dərk edilmiş təcrübə zəruridir.
Yaradıcı fəaliyyət tələbi məktəb həyatının, pedaqoji prosesin təbiətindən irəli gəlir. Belə ki, təhsillə bağlı normativ sənədlərin tətbiqi konkret situasiyada məhz yaradıcı yanaşma zəminində uğur qazanmağa təminat verir. Yaradıcılıq məktəb həyatının cövhərini təşkil edir, çox zaman pedaqoji mühitdə, dərsdə yaranmış situasiya müəllimdən qeyri-ənənəvi yanaşma tələb edir.
Təsadüfi deyildir ki, tələbələrin pedaqoji təcrübəsi müəllimlik peşəsinə gedən yolda şox mürəkkəb və məsuliyyətli mərhələ kimi dəyərləndirilir. Tələbələr qazanılmış bilik və bacarıqları praktikada tətbiq edərək gələcək peşə fəaliyyəti üçün zəruri olan səriştələrə yiyələnirlər. Özü də bu prosesdə tələbə həm öyrənən, həm də öyrədən kimi çıxış edir. Belə ki, o, pedaqoji təcrübə zamanı metodist, pedaqoq, psixoloqun rəhbərliyi altında müəlllimlik peşəsinin sirlərini öyrənir, həm də dərs dediyi sinifdə şagirdlər qarşısında müəllim kimi çıxış edir, dövlət təhsil proqramının icraçısı kimi məsul bir fəaliyyət həyata keçirir.
Bu prosesdə filoloq tələbələr fənn üzrə nəzəri bilik və bacarıqları dərinləşdirir və möhkəmləndirirlər. K.D.Uşinski bu məsələ ilə əlaqədar yazırdı ki, tədris metodlarını tətbiq etmək bacarığına yalnız uzunmüddətli, böyük zaman tələb edən pedaqoji təcrübə zamanı yiyələnmək mümkündür. Pedaqoji təcrübə zamanı tələbələrin ümumtəhsil məktəblərində şagirdlərin təlim-tərbiyəsi işini müstəqil həyata keçirmək bacarığı formalaşdırırlır. Onlar seçdikləri müəllimlik peşəsinin xüsusiyyətlərinə, incəliklərinə bələd olur, müstəqil fəaliyyətdə özlərini gənc müəllim kimi təsdiqləyir. Tələbələr fənn üzrə dərsliklərdən öyrəndikləri təlim-tərbiyənin qanunauyğunluqlarını, prinsiplərini təcrübə, əməli fəaliyyət zamanı daha dərindən, şüurlu dərk edir, peşə səriştələrinə yiyələnir, dərslikdən, müəllim üçün metodik vəsaitdən yaradıcı istifadə təcrübəsi qazanırlar.
Pedaqoji təcrübənin məqsədi tələbələrin məktəb mühitində pedaqoji fəaliyyətin konkret şəraitini öyrənməsi, kurikulumun tələblərinə uyğun olaraq Azərbaycan dili, ədəbiyyat fənləri və onların tədrisi texnologiyası, nəzəri ümumpeşə (pedaqogika, psixologiya üzrə) bilik və bacarıqlarını tətbiq etmələrinə nail olmaqdır. Tələbələr həm kafedra müəllimlərinin, həm də orta məktəb müəllimlərinin iş təcrübəsini öyrənir, müasir metod və üsulların tətbiq olunduğu, müxtəlif tipli Azərbaycan dili və ədəbiyyat dərsləri keçirlər. Pedaqoji təcrübə zamanı qarşıda duran mühüm vəzifələrdən biri də tələbələrdə kommunikativ səriştələrin formalaşdırılması, dil və ədəbiyyat fənlərinin tədrisi metodikası üzrə elmi-tədqiqatçılıq fəaliyyətinə marağın inkişaf etdirilməsidir.
Təcrübəçi tələbənin pedaqoji fəaliyyətin bütün sahələrinə nüfuz etməsi (planlaşdırma, interaktiv dərsə hazırlıq, mövzu ilə bağlı sual və tapşırıqlar, iş vərəqləri hazırlanması, müasir tədris metodlarından, əyani vəsaitlərdən, kompyuter texnologiyasından, əlavə mənbələrdən, fəndaxili, fənlərarası əlaqədən istifadə imkanlarının müəyyənləşdirilməsi və s.) gələcək dil-ədəbiyyat müəlliminin çoxcəhətli fəaliyyət istiqamətləridir. Bu baxımdan tələbələrin dərs deməklə yanaşı, şagirdlərin fəal iştirakı ilə sinifdənxaric tədbirlər (ədəbi gecə və səhərciklər, ədəbi viktorinalar, kitab müzakirələri, divar qəzeti hazırlanması və s.) təşkil etməsi də mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar təcrübəçi tələbədən həm də təşkilatçılıq və tədqiqatçılıq fəaliyyətinin metodikasına yiyələnməyi tələb edir.
Tələbə təcrübə zamanı məktəbhəyatında , pedaqoji reallıqda mövcud olan təlim-tərbiyə problemlərini həll etməyi öyrənir, onda peşə səriştəliliyinin əsası qoyulur. Ali məktəb auditoriyalarında öyrənilənlərlə yanaşı, təcrübə zamanı canlı təəssüratlar, müşahidələr, dediyi dərslərin doğurduğu hislər, düşüncələr, şagirdlər, fənn müəllimləri, məktəb rəhbərliyi ilə ünsiyyət tələbələrin praktik fəaliyyət təcrübəsini zənginləşdirir, onların gələcək peşə fəaliyyəti, özünütəkmilləşdirməsi üçün təməl rolunu oynayır.
Təcrübəçi tələbə müəllimin bütün vəzifələrini yerinə yetirməyə hazır olmalıdır. O, dərs dediyi sinfin dil-ədəbiyyat müəllimi, sinif rəhbəri ilə sıx ünsiyyətdə olmalı, onların iş təcrübəsini dərindən öyrənməli, təlim-tərbiyə fəaliyyətini təhlil etməli, özü üçün zəruri nəticələr çıxarmalıdır. Şagirdlərin bilik, bacarıq, inkişaf səviyyəsinin, yaradıcı fəallığının obyektiv müəyyənləşdirilməsi və təlim prosesində nəzərə alınması, ciddi pedaqoji problem olan müəllim- şagird münasibətlərinin düzgün tənzimlənməsi baxımından bu, çox əhəmiyyətlidir. Tələbə xüsusən pedaqoji təcrübənin əvvəlində fənn müəlliminin dərslərinin dinlənilməsi zamanı şagirdlərin davranışını, bilik, bacarıq səviyyəsini, müşahidə etməli, uşaqların hər birinə fərdi yanaşma imkanlarını dəqiqləşdirməlidir. Bu baxımdan sağlamlıq imkanları məhdud olan uşaqlara xüsusi diqqət yetirilməli, inklüzivlik gözlənilməlidir.
Tələbələrin təlim-tərbiyə fəaliyyəti metodist, pedaqoq, psixoloq tərəfindən qiymətləndirilir. Eyni zamanda hər bir tələbə öz pedaqoji fəaliyyətini təhlil etməli, dəyərləndirməlidir. Dərsdə, dərsdənkənar vaxtlarda şagirdlərlə ünsiyyət zamanı müəllimin öz fəaliyyətini addım-addım qiymətləndirmək, tənqidi yanaşma, pedaqoji refleksiya bacarığı inkişaf etdirilir.
Metodist müəllimin təcrübəçi tələbələrin dərslərinin dinlənilməsi zamanı aşağıdakı keyfiyyət göstəricilərinə diqqət yetirməsi məqsədəuyğundur:
Təcrübəçi tələbənin dərsinin qiymətləndirilməsi meyarları
|
1. Təlim materialına dərindən bələdlik
|
7. Kompyuter texnologiyasından, əyanilikdən istifadə
|
2.Müəllimin nitq səriştəliliyi
|
8. Fərqli iş formalarından (fərdi, cütlük, kiçik qrup, böyük qrup) istifadə
|
3. Fəndaxili , fənlərarası əlaqə yaradılması
|
9.İnteraktiv təlim metodlarından istifadə
|
4. Sosial həyatla əlaqə yaradılması
|
10. Şagirdlərin tədqiqatçılıq fəaliyyətinin, dialoq və əməkdaşlığın təmin edilməsi
|
5. Problemli suallardan, iş vərəqlərindən istifadə
|
11. Fərdi və qrup işinin qiymətləndirilməsi
|
6. Müxtəlif səviyyəli tapşırıqlardan istifadə (differensiallıq, fərdi, inklüziv yanaşma)
|
12. Vaxtın məqsədyönlü bölgüsü
|
Təcrübə zamanı şagirdlərlə münasibətdə pedaqoji etikanı gözləməsi, öz daranışına, geyiminə, nitqinə xüsusi diqqət yetirməsi də zəruridir. Böyük sənətkar S.Vurğun yazırdı ki, müəllimlik bir incə sənətdir. Bu yolu hər gedən incə olmalıdır. Şair bununla ilk növbədə müəllimin peşə etikasını daim gözləməsinin zərruliyini nəzərdə tuturdu. Müəllimlik peşəsinin astanasında duran tələbələrimiz Mövlana Cəlaləddin Ruminin bu kəlamlarını da unutmamalıdır: “İnsanlar iki cürdür: bilikli və nicat yoluna girib bilik öyrənməyə çalışan. Bilikli bələdçiyə bənzəyir: yola çıxanların işinə yarayır.” Filologiya fakültəsində yüksək ixtisaslı müəllim hazırlığı istiqamətində aparılan məqsədyönlü işlər, yaradıcı mühit, tələbələrin peşə bilik və bacarıqlarının səviyyəsinin yüksəldilməsinə, yaradıcı fəaliyyətə yönləndirilməsinə xüsusi diqqət pedaqoji təcrübə zamanı qarşıya qoyulan məqsədlərə nail olunacağına təminat verir. Müqəddəs müəllimlik peşəsində ilk addımlarını atan bütün fəal, yaradıcı tələbələrimizə uğurlar arzulayırıq.
Bilal Həsənli
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim
Dostları ilə paylaş: |