Ali məktəbdə təlim prosesinin bütün mərhələlərində tələbənin ən çox istifadə olunan müstəqil iş formaları aşağıdakılardır: • mühazirəni işləmək və konspektləşdirmək; • tədris ədəbiyyatından və əlavə mənbələrdən istifadə etmək; • seminar məşğələlərinə hazırlaşmaq; • laborator və praktik tapşırıqları icra etmək; • istehsalat və pedaqoji təcrübədə iştirak etmək; • kurs və buraxüış işləri yazmaq; • tədris və elmi- tədqiqat işləri ilə məşğul olmaq və s.
Məsləhətlər (konsultasiya) latınca «consultatio» sözündən götürülüb mənası müşavirə, müzakirə deməkdir. Məsləhətlər ali təhsil müəssisələrində təlimin təşkilinin geniş yayılmış formalarıdır. Onlar tədris planına daxil olan fənlər üzrə tələbələrin müstəqil işlərinə məqsədəuyğun şəkildə istiqamət vermək üçün təşkil olunur. Məsləhətlər, bir qayda olaraq, mühazirələr, seminar və praktik məşğələlər, habelə tələbələrin müstəqil işləri ilə bağlı olur. Zaçot və imtahanqabağı tələbələrin məsləhətə daha çox ehtiyacı olur. Məsləhətlərin təşkili formaları müxtəlifdir. Məsləhətlərin ən geniş yayılmış forması «sual- cavab»dır: bir və ya bir neçə tələbə suallar verir, müəllim onları cavablandırır. Bəzən müəllim məsləhəti tələbələrin sualları əsasında təşkil edir. Tələbələrin sualları ilə başlayan, sonra müəllimin tələbələrlə özünəməxsus söhbət – diskussiya formasında davam edən, problem sualların qoyulduğu və həlli yolları aydınlaşdırılan məsləhətlər ən məhsuldar məsləhətlərdir.