Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


İslam inqilabı - bəşər tarixinin yeni əsri



Yüklə 0,68 Mb.
səhifə12/38
tarix31.12.2016
ölçüsü0,68 Mb.
#3888
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

İslam inqilabı - bəşər tarixinin yeni əsri


Mən bu gün İran xalqına, dünyanın müsəlman xalqlarına, dünya miqyasında bizim inqilabımız və Böyük İmam Xomeynimiz haqda bir söz eşitmiş bütün şəxslərə inqilabımız və Allahın bu saleh bəndəsinin gördüyü işin təsiri haqda bir məqamı söyləmək istəyirəm. Bu bizim hərəkətimizin təməli və əsasıdır. Biz bu baxış əsasında yaşayır, mübarizə aparır və hərəkət edirik. O cümlə budur ki, İranda İslam inqilabının baş verməsi, dünyanın bu nöqtəsində İslam quruluşunun yaranması və bizim xalqımızın inqilabı və İslamı müdafiə etmək üçün öz əzəmətli rəhbərinin arxasında uzun mübarizələr aparması ilə dünyada fərqli xüsusiyyətlərə malik olan yeni bir dövr başlandı. Dünyanın maddi gücləri istəsələr də, istəməsələr də, Amerika istəsə də, istəməsə də, dünyada bu dövr başlanmışdır və davam edəcək. Bu yeni dövrün təsirləri həm zəif xalq və hökumətlər, həm də qüdrətli dövlətlər və böyük güclər üzərində hiss olunur.

Bəşər tarixində yeni dövr başlayanda heç kəs özünü onun təsirlərindən kənara çəkə bilməz. Keçən dövrlər də belə olmuşdur. Heç kəsin özünü dünyada güclü ilahi və insani təməllərlə başlayan bir dövrün təsirlərindən uzaq saxlaması mümkün deyil. Biz bunu elan etmək istəyirik. Yer üzünün bir çox xalqlarının və hökumətlərinin bu yeni dövrün təsiri altına düşməsinə və hətta dünyanın siyasi xəritəsinin dəyişməsinə baxmayaraq, dünyanın güclü siyasi analitiklərinin bu dövrün başlanmasını etiraf etmələrini gözləmirik. Onlar yeni dövrün başlanmasını etiraf etməzlər, lakin bu dövrün təsir altına düşmüşlər və onu hiss edirlər. Bu yeni dövrü və əsri İmam Xomeyni dövrü adlandırmalıyıq.

Həzrət İmam Xomeyninin vəfatının birinci ildönümü tədbirində çıxışdan: 1990.

İmam Xomeyni dövrünün xüsusiyyətləri

Bu dövrün heç zaman ayrılmayacaq bir neçə xüsusiyyəti vardır:

Bu xüsusiyyətlərdən biri dini etiqad və inancların yayılmasıdır. Beynəlxalq hegemon sistemin siyasəti bu idi ki, dini və mənəviyyatı bütünlüklə xalqların həyatından çıxarsın, bəşər cəmiyyətini dinsiz, imansız və ilahi dəyərlərə etiqadsız bir cəmiyyət kimi yetişdirsin. Bu yeni dövrdə isə həmin siyasətlərin tam əksi baş vermişdir. Xalqlar yalnız İranda və İslam ölkələrində dini inanclara qayıtmadılar, hətta dünya miqyasında və on illərlə dinin ziddinə yaşamış cəmiyyətlər arasında da dinə etiqad və mənəvi təmayül artmışdır.

Bu hərəkətin gələcəyi belə olacaq: harada mənəviyyat daha güclü, daha saf, daha sağlam və bəşər fitrətinə daha yaxın olsa, xalqlar tərəfindən daha çox seviləcək. Din və mənəviyyatın antidəyər sayıldığı, ələ salındığı dövr bitdi. Bu gün dinsizlik, imansızlıq və mənəvi etiqadsızlıq bir antidəyərdir. Dünyanın çoxlu yerlərində bu iş baş vermişdir, qalan yerlərdə də baş verəcək. Bu, yeni dövrün xüsusiyyətlərindəndir. Bu böyük insan dünyada bu dövrün bayrağını ucaltdı, heç kəsin inanmadığı halda ona çağırış etdi və ürəkləri yönəltdi.

Bu yeni dövrün başqa bir xüsusiyyəti insanların və xalqın milyonluq izdihamının təsirli roluna məna və məzmun verməkdir. Bizim imamımızın vasitəsi ilə başlayan və əhatə dairəsi İranla məhdud olmayan yeni dövrdə xalq kütlələri əsas amil və qərar sahibidir, cərəyanları yönəldən onlardır. Keçmişdə xalqın iştirakı ilə baş verən, lakin sonra vəziyyətləri dəyişən çoxlu inqilablar olmuşdur. İkinci dünya müharibəsindən sonra on illər boyu dünyaya hakim olan güclər bütün dünya xalqlarını onların istəklərinə təslim olmağa, qlobal güclərin iradəsi qarşısında danışmamağa və fərqli iradə göstərməməyə vərdiş etdirmişdilər. Bu gün belə bir dünyada siz birdən-birə Şərqi Avropa ölkələrində milyonlarla insanın bizim müsəlman xalqımızın şah rejimi ilə mübarizəsində olduğu kimi meydana çıxdığını və eyni üsulla hərəkət etdiyini görürsünüz. Başqa sözlə desək, bu yeni dövrün və yeni əsrin insani səciyyəsi qanın xəncərə qələbəsindən ibarətdir. Bu yeni dövrdə İranda olduğu kimi, xalq silaha sarılmadan yalnız boş əllə meydana çıxır, işğalçı və zalım hökuməti pis vəziyyətə salır. Bu üsul bu gün dünyada tanınmış bir üsuldur. Silahsız xalq kütlələrinin gücü bu gün dünyaya bəlli olmuşdur.

Böyük güclər bilsinlər ki, bundan sonra dünyanın heç bir yerində xalqın milyonluq izdihamının istəyi olmadan hakimiyyətdə qalmaq mümkün olmayacaq. Bu dalğa dünyaya nə qədər çox yayılsa, qanunsuz, zülmkar və antiinsani hökmranlıqların vəziyyəti bir o qədər ağırlaşacaq. Bu, bizim böyük imamımızın bu xalqın ayıqlığı və imanı sayəsində İranda gördüyü və dünyaya örnək göstərdiyi hərəkətdir. Buna görə siz görürsünüz ki, işğal olunmuş torpaqlar daxilində məzlum Fələstin xalqı illər sonra qiyam edir, işğalçı və zalım sionizm dövlətinin qəddarlığına və gücünə rəğmən, uğur qazanır.

Böyük imamın və bizim inqilabımızın dünya səviyyəsində yaratdığı yeni dövrün xüsusiyyətlərindən biri də böyük güclərin təsirindən azad olmaq pirinsipi, yəni bizim inqilabımızda “nə şərqçi, nə qərbçi” kimi tanınan məsələdir. İyirminci əsrdə dünyada baş verən təxminən bütün böyük inqilablarda mübariz xalq, yaxud qruplar bir istismarçı və ya hakimiyyət əleyhinə bir qədər uğurlu mübarizə apardıqdan sonra özlərini hansısa böyük gücə birləşdirirdilər. Bir xalqın özünə güvənməsi, Allaha təvəkkül edib zalım qarşısında dayanması, heç kəsə və heç bir gücə güvənməməsi, arxalanmaması İran xalqının Böyük İmamın rəhbərliyi ilə başladığı yoldur. Bu gün dünyada bu yola get-gedə çoxlu yolçular qoşulur.

Bizim imamımızın qiyam, müqavimət, Allaha inam, mənəvi dəyərləri uca tutmaq, onlara hörmətlə yanaşmaq və xalqa etimadla başlatdığı bu yeni dövr inşallah xalqları beynəlxalq istismarçıların boyunduruğundan xilas edəcək, böyük və qlobal maddi güclərin süqutunu yaxınlaşdıracaq. Bu o həzrətin gördüyü işlərdəndir. Bizim xalqımız özünün əzəmətli və müstəsna rəhbərinin arxasınca bu yeni dövrə qədəm qoyan, onun təməllərini möhkəmlədən və özünün güclü müqaviməti ilə bu iddiaların doğruluğunu dünya xalqlarına sübut edən birinci xalqdır.

Bizim böyük inqilabımızın özünəxas səciyyələri vardı. Dəfələrlə xalqımızın və inqilabla tanış olanların təhlillərində təkrar olunan bu xüsusiyyətlər ilk dəfə olaraq bir inqilabda müşahidə olunurdu: İslama arxalanmaq, İslam hakimiyyəti qurmaq məqsədi, azadlıq, istiqlaliyyət, ictiami ədalət və sair bu kimi siyasi anlamlara yenidən baxış və İslam dəyərləri üzərində qurulan dünyaya və cəmiyyətə doğru getmək.

Həzrət İmam Xomeyninin vəfatının birinci ildönümü tədbirində çıxışdan: 1990.



İnqilabın təsirlərindən biri: müsəlmanlıqla fəxr etmək

Dünya müharibəsində İranın adını Orta Şərqin yolayrıcı qoymuşdular. Çünki bura uzun müddət Şərqi Asiya ilə Avropa arasında yeganə rabitə yolu olmuşdur. Bu ölkənin başqa bir üstünlüyü odur ki, Fars körfəzinin kənarında, Oman dənizinin sahilində və ən həssas bölgədə yerləşir. Amerikanın və qeyrilərinin müstəmləkə fəaliyyətlərinin qızğın çağında və hegemonluğun ən qüdrətli dövründə birdən-birə çox həssas bir nöqtədə möhtəşəm və misilsiz bir şəxsin rəhbərliyi və İslamın tamamilə dəyişib qorxusunu götürdüyü qəhrəman bir xalqın hissləri, duyğuları, ayıqlığı, ixlaslı və sadiq qüvvələri vasitəsi ilə əzəmətli bir inqilab baş verdi və onların bütün planları alt-üst oldu. Əvvəlcə inanmadılar, nə baş verdiyini anlaya bilmədilər. Siz məşhədlilər özünüz dəqiq müəyyən edə bilərsinizmi Məşhəd və yaxud Xorasan əhalisinin daxili inqilabının zirvəsi hansı an və hansı zamandır?! Heç kəs müəyyən edə bilməz. Allahın lütf və mərhəməti, qeybi yardımlar və dövrün imamının nəzəri birdən-birə xalqı dəyişdirdi. İnqilab Allahın müsəlmanlara ən böyük hədiyyəsi olan rəhbərin arxasınca sürətlə hərəkətə keçdi və bu xalqın atdığı hər bir addım on addım qədərincə irəlilədi.

Biz on beş il öncəki xalqıq? On beş il öncə İranda vəziyyət necə idi? Bizim və sizin Məşhədimizdə nə baş verirdi? Gənclər necə idilər? Universitet necə idi? Elmi hövzə necə idi? İndi necədir? Bu dəyişiklik on beş il ərzində həyata keçəsi dəyişiklikdirmi?! Bu, Allahın möcüzəsindən, mənəvi diqqətdən və qeyb aləmindən çaxan şimşəkdən başqa bir şeydirmi?!

Bu inqilab başlandı və inkişaf etdi. Bu inqilabın ilk təsiri dünya səviyyəsində yüzəlliillik müstəmləkə binasını yerlə-yeksan etməsi idi. Hansı binanı? Müstəmləkəçilik müsəlmanların ruhiyyəsini əzmək üçün yüz əlli il zəhmət çəkmişdi. Müsəlman dünyada özünün müsəlman olması ilə qürur duymurdu. Sizin hansınız görmüş, yaxud eşitmisiniz ki, tağut dövründə dünyanın hər hansı bir yerində - Avropada, Amerikada, yaxud ucqar bölgələrdə kimsə başını dik tutub fəxrlə desin ki, mən müsəlmanam. O zaman da müsəlman olmaq fəxr idi, amma heç kim bunu hiss etmirdi, ruhiyyələr sarsılmışdı. İnqilab gəlib bu vəziyyəti dəyişdirdi. Müsəlmanlar dünyanın hər bir yerində İslam kimliyi hiss etdilər və ruhlandılar. Buna görə biz deyirik ki, bu inqilabi hərəkat böyük güclərə öz zərbəsini vurmuşdur və onar bir iş görə bilmirlər.

İmam Rzanın (ə) doğum günündə Xorasan vilayətinin müxtəlif təbəqələri, məmurları, din alimləri və ruhaniləri ilə görüşdəki çıxışdan: 1990.

İmamın rəftarının əsas məqamları

Bizim böyük imamımızın rəftarında olan əsas cəhətlər bir-iki deyil. Bu uca və dəyərli insanın həyatının müxtəlif cəhətləri İslam ümməti tərəfindən öyrənilməlidir. Lakin bununla yanaşı onun həyatında iki-üç əsas məqam var və onlar İslamın bugünkü missiyasına iman gətirən bizlərin diqqətindən yayınmamalıdır.

Birinci məsələ budur ki, o özünün bütün işlərini Allah üçün görürdü. Müxtəlif üsullara, yollara, tərbiyə və təsirlərə malik müsəlmanlar onun əzəməti, yolu və sözü qarşısında eyni formada təslim oldular və ona qoşuldular. Bəlkə də bu nailiyyət onun ixlasından irəli gəlirdi. O, Allahdan ötrü danışırdı, Allahdan ötrü hərəkət edirdi, Allahdan ötrü qəzəblənirdi, Allahdan ötrü dəstəkləyirdi, Allahdan ötrü insanların razılığını əldən verməyə və yalqız hərəkət etməyə də razı idi.

Onun əsas cəhəti ixlası idi. Onun yolunu da yalnız ixlasla getmək mümkündür. Xalqda Allaha şükür olsun ki, bu ixlas var və onu göstərmişdir. Böyüklər, öncüllər, rəhbərlər, din alimləri, mütəfəkkirlər və ziyalılar da harada bu ixlası işlətsələr, ixlasla çalışsalar, Allah üçün danışıb işləsələr, uğur qaçılmazdır. Yəni söz sədaqətlə və Allahdan ötrü olsa, yararlı qəlblərə öz təsirini göstərəcək, Allah ona bu təsiri bağışlayacaq. O həzrət belə idi.

Məhz buna görə düşmənlər onun bir kəlmə sözündən və bir işarəsindən qorxuya düşür, dostlarsa ümidlənirdilər. Çətin hadisələrdə imamın sözü yalnız İran daxilində yox, hətta bütün İslam dünyasında qəmli ürəklərə ümid bəxş edib hərəkəti təmin edə bilirdi. Bu xüsusiyyətə heç kim əhəmiyyətsiz yanaşmamalıdır; xüsusən də biz və özləri üçün mühüm məsuliyyət və vəzifə tanıyanlar.

Başqa bir məqam budur ki, onun İslam dünyasına dair geniş baxışı vardı və həmin baxışın ardınca müsəlmanların birliyinin zəruriliyinə güclü inam gəlirdi. Bu mühüm məsələdir. Söhbət bundan getmir ki, İslam məzhəblərinin, yaxud firqələrinin, müxtəlif siyasi, etiqadi və digər qrupların nə qədər tərəfdarı, nə qədər siyasi və ictimai gücü var və yaxud yoxdur. Söhbət bundan gedir ki, biz İslam dünyasının problemlərinə çarə axtarırıqsa, yaxud daha doğrusu, İslam və Quranın ucalığı, əzəməti və iqtidarı üçün mübarizə aparırıqsa, bu, müsəlmanlar arasında ixtilaf və çəkişmə ilə uyğun gələn deyil. İmam inqilabın qələbəsindən öncədən bu məqsədi izləyir və tövsiyə edirdi, inqilabın qələbəsindən sonra da eyni məqsədi daha çox rəhbər tutdu.

İmam Xomeyninin vəfatının birinci ildönümü mərasimində iştirak edən xarici qonaqlarla görüşdəki çıxışdan: 1990.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin