9.5 Estetik və əxlaqi şüur.
ESTETİK ŞÜUR
İctimai şüurun ən qədim formalarından biri estetik şüurdur (hərfi mənası hissi, hissedən deməkdir). O, bizi əhatə edən dünyanı konkret hissi, bədii obrazlar vasitəsilə əks etdirir. Çox vaxt estetik şüur və incəsənət anlayışlarını eyniləşdirirlər. Doğrudan da onlar bir-birilə çox yaxındır, lakin tam eyni deyildir. Belə ki, incəsənət bədii dəyərlər yaratmağa yönələn fəaliyyət, bədii istehsaldır. Estetik şüur isə bu fəaliyyəti nəzəri qiymətləndirir, beləliklə də onun ictimai əhəmiyyətini artırır. Həm də göstərilməlidir ki, estetik anlayışı incəsənətə nisbətən daha genişdir. O, sosial varlığın bütün tərəflərinə sirayət edir. Belə ki, cəmiyyətin və təbiətin bütün obyektləri estetik hisslər yarada bilir (təbiətin gözəlliyi, maddi və mənəvi mədəniyyət əsəri, insanlar, onların əmək, idman fəaliyyəti və sair). Başqa sözlə deyilsə, insanın praktiki fəailyyətinin bütün tərəfləri onda müəyyən estetik hisslər və fikirlər doğurur.
Estetik şüurun yaranmasının ilkin əsasını varlığın özündəki xassələr (ölçü, harmoniya, simmetriya, bütövlük, gözəllik və sair) təşkil edir. Onlar özünün konkret hissi və əyaniliyi ilə insanların diqqətini cəlb edir. Yəni onların şüurunda və qəlbində özünəməxsus hisslər formalaşdırır. Beləliklə, estetik hisslərin mənbəyi varlığın universal və çoxtərəfli münasibətləridir. İncəsənətin özü də insanın bu münasibətləri mənimsəməsi kimi yaranır. Dünyanı mənəvi anlamağın xüsusi növü olan incəsənətin tarixi bəşər həyatının qədim çağlarına gedib çıxır. Lakin ilk dövrlərdə incəsənət əsərləri (qayaüstü rəsmlər, heykəl fiqurları, ayinləri ifadə edən rəqslər və sair) estetikdən daha çox dini magik xarakter daşıyırdı. Bunlardakı müxtəlif maddi obrazlar, simvollar, birgə ritual hərəkətləri vasitəsilə ibtidai insanlar praktiki aləmə öz fəal münasibətini ifadə edirdilər. Sonralar ictimai inkişaf gedişində təbiət hadisələrinin və cəmiyyətdəki münasibətlərin sözün əsl mənasında estetik cəhətdən qavranılması baş verdi. Nəticədə mənəvi istehsalın xüsusi növü kimi incəsənət formalaşıb təkmilləşdi. O, xüsusi seçilmiş professionalların (sənətkarlar, şairlər, musiqiçilər və sair) əməyi ilə yaradılır. Əlbəttə, bu fakt incəsənətdə xalq yaradıcılığının böyük rol oynadığını inkar etmir
Əxlaqi şüur
Əxlaqi şüur ictimai şüurun spesifik forması olub, ictimai münasibətləri əks etdirən anlayış və təsəvvürlərin məcmusundan ibarətdir. Anlayışlar sistemi hər hansı bir təlimin – siyasi, dini, estetik və s. özünəməxsus «dilidir» və bunlarsız əsas ideyaları ifadə etmək mümkün deyil. Ən ümumi anlayışlar kateqoriyalar adlanır ki, bunlar vasitəsilə gerçəklik müxtəlif səviyyələrdə dərk edilir. Əxlaqi şüurun anlayışlarının spesifikliyi ondan ibarətdir ki, onlar cəmiyyətin və şəxsiyyətin mənəvi həyatını özünəməxsus şəkildəəks etdirir. Bu anlayışlardan har hansı bir hərəkətin qiymətləndirilməsi zamanı da istifadə edilir. Əxlaqi şüurun əsas anlayışlarına xeyir və şər, borc və vicdan, şərəf və ləyaqət, əxlaqi hisslər, əxlaq normaları, əxlaqi prinsiplər, əxlaqi ideal, əxlaqi qiymətləndirmə və s. aiddir. Əxlaqi şüur insan həyatının əhəmiyyətli tərəflərini – insanların bir-birinə, cəmiyyətə və bütün dünyaya münasibətlərini əks etdirən norma, adət, ənənə, dəb, baxış, ideya, emosiya, hiss və təsəvvürlərdən ibarətdir ki, bunlar da xeyir, şər, ədalət, vicdan, ləyaqət və s. anlayışlarla ifadə olunur.
Əxlaqi şüur anlayışının təşəkkülü hələ qədim dövrlərdən başlayır. Etika ilə məşğul olan ilk filosoflar – Platon, Aristotel, Epikur və başqaları əxlaqın əsas anlayışlarının bir çoxunun, məsələn, ədalət, xoşbəxtlik, müxtəlif fəzilətlər və s.-ni dərin təhlil etmişlər. Hətta müxtəlif anlayışların təsnifatına, içərilərindən ən əsaslarının seçilməsinə də cəhd göstərmişlər. Əsas anlayışın müəyyən edilməsinə, digər anlayışların onun üzərində qurulmasına da təşəbbüs göstərilmişdir. Bu istiqamətdə hərə öz variantını qurmağa çalışsa da, antik etikanın əsas anlayışı xoşbəxtlik sayılırdı. Həzz (zövq almaq) də bu qəbildən idi. Epikur hesab edirdi ki, bütün fəzilətlər öz təbiətinə görə gözəl həyatla əlaqədardır, həzz isə həyatın bizə verdiyi ilk və fitri xoşbəxtlikdir. Sonralar İ.Kant əsas anlayış kimi borcu diqqət mərkəzinə qoyur və onun vasitəsilə digər anlayışları müəyyən etməyə çalışır.
Antik etikanın diqqət mərkəzində, həmçinin, əxlaqi şüurun əsas anlayışlarından olan şəxsiyyətin mənəvi keyfiyyətləri dururdu ki, bunlar da «fəzilət» və «qəbahət» adlanır. «Fəzilət» dedikdə, müsbət əxlaqi keyfiyyətlər – əməksevərlik, təvazökarlıq, nəzakət, xeyirxahlıq, səmimilik, vicdan, düzlük, cəsarət, mərdlik, öz səhvini etiraf etmək, başqasının halına yanmaq və s., «qəbahət» dedikdə isə mənfi əxlaqi keyfiyyətlər – xainlik, yalançılıq, yaltaqlıq, namərdlik, paxıllıq, vəfasızlıq, kobudluq, qorxaqlıq, cəsarətsizlik, ikiüzlülük, riyakarlıq, şöhrətpərəstlik və s. nəzərdə tutulur. «Xalis» əxlaqi və ya qeyri-əxlaqi mənəvi keyfiyyətlər olmur. Yalnız ictimai qiymətləndirmə mənəvi keyfiyyətləri əxlaqi və ya qeyri-əxlaqi, «fəzilət» və ya «qəbahət» kimi müəyyən edə bilər
İntibah fəlsəfəsi.
Dostları ilə paylaş: |