Azərbaycanda rus dilinin öyrənilməsi və onun vacibliyi
Rus dili eyni zamanda azərbaycanlılara yad olmayan bir
dildir. Respublikamızın tanınmış ziyalıları Azərbaycan xalqının
mədəni tərəqqisində rus dilini bilməyin müstəsna əhəmiyyətini
dəfələrlə qeyd etmişlər. Rus dilinin dəyərli olduğunu göstərmiş, onun
azərbaycanlılar tərəfindən öyrənilməsi üçün çalışmış ziyalılar
arasında aşağıda adları çəkilənləri xüsusən qeyd etmək lazım gəlir:
–
yazıçı,
maarifçi
və
dramaturq,
Azərbaycan
dramaturgiyasının təşəbbüsçüsü, materialist filosof və ictimai xadim
Mirzə Fətəli Axundzadə (1812–1878);
– yazıçı, şair, filosof, tarixçi və maarifçi alim Abbasqulu ağa
Bakıxanov (1794–1847);
– maarifçi və rus şərqşünaslıq elminin banilərindən biri
Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu Kazım bəy (1802–1870);
– şərqşünas və şair Mirzə Cəfər Əlimərdanbəy oğlu
Topçubaşov (1784/1790–1869);
– şair və maarif xadimi Seyid Əzim Şirvani (1835–1888);
– maarifçi-demokrat, bioloq, publisist və pedaqoq Həsənbəy
Səlimbəy oğlu Zərdabi (1842–1907);
– yazıçı, jurnalist və ictimai xadim Cəlil Hüseynqulu oğlu
Məmmədquluzadə (1866–1932);
– yazıçı, publisist, həkim və dövlət xadimi Nəriman Nəcəf
oğlu Nərimanov (1870–1925);
– yazıçı, dramaturq və ictimai xadim Əbdürrəhim bəy Əsəd
bəy oğlu Haqverdiyev (1870–1933);
– şair və fəal mədəniyyət xadimi Abbas Səhhət (Abbasqulu
Əlabbas oğlu Mehdizadə; 1874–1918);
– yazıçı və pedaqoq Süleyman Rzaqulu bəy oğlu Axundov
(Süleyman Sani; 1875–1939);
– Azərbaycanın müasir professional musiqi sənətinin və milli
operasının banisi, görkəmli bəstəkar, musiqişünas alim, publisist,
dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Əbdülhüseyn oğlu
Hacıbəyli (1885–1948);
– həmçinin başqa sənətkarlar.
Ruscadan
azərbaycancaya,
həmçinin
əksinə,
azərbaycancadan ruscaya tərcümə lüğətlərinin tərtibi hər iki dilin
öyrənilməsində mühüm əhəmiyyət kəsb etmişdir.
Üzeyir Hacıbəyli 1907-ci ildə «Mətbuatda istifadə olunan
siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki
lüğəti»ni nəşr etdirmişdir. Azərbaycan yazıçısı və maarif xadimi
Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə 1891-ci ildə «Lüğəti-rusi
və türki», 1894-cü ildə «Rus dilinin dilmancı», 1896-cı ildə «Rus
dilini özünəöyrədən dərs kitabı» («Самоучитель русского языка»),
1904-cü ildə «Lüğəti-türki və rusi», 1922-ci ildə «Rusca-türkcə
lüğət» əsərlərini yaratmışdır.
Görkəmli partiya və dövlət xadimi, publisist, alim və
tərcüməçi Ruhulla Əli oğlu Axundov ikicildlik «Rusca-türkcə
lüğət»in tərtibçilərindən biri və redaktoru olmuşdur. Həmin lüğət
1928–1929-cu illərdə çap edilərək oxucuların ixtiyarına verilmişdir.
Azərbaycan filosofu və ictimai xadimi Heydər Nəcəf oğlu
Hüseynovun redaktəsi ilə 1939-cu ildə «Azərbaycanca-rusca lüğət»,
1940–1946-cı illərdə dördcildlik «Rusca-azərbaycanca lüğət» çapdan
çıxmışdır. Sonuncu lüğət 1946-cı ildə Sovet Sosialist Respublikaları
İttifaqı Dövlət mükafatına layiq görülmüşdür.
1971–1978-ci illərdə üç cilddə «Rusca-türkcə lüğət» nəşr
olunmuşdur.
1976-cı ildə «Azərbaycanca-rusca frazeologiya lüğəti»
çapdan çıxmışdır.
Başqa müttəfiq respublikalarda olduğu kimi Azərbaycanda
da rus dili geniş öyrənilmişdir. Hələ 1979-cu ildə respublikamızda
1,6 milyondan çox adam rus dilini ikinci dil kimi sərbəst bilirdi [1,
səh. 202, sağ sütun].
Rus dilinin ideya-siyasi və beynəlmiləl tərbiyə vasitəsi kimi
müstəsna rolu yüksək qiymətləndirilmiş, onun respublikamızda
öyrənilməsi və tədrisinin daha da yaxşılaşdırılması zərurəti dəfələrlə
göstərilmişdir. Respublikamızın bütün ümumtəhsil (birinci sinifdən),
orta ixtisas və ali məktəblərində rus dili tədris olunmuşdur. Ali
məktəblərimizin çoxunda rus bölməsi (rus sektoru) və rus dili
kafedrası fəaliyyət göstərmişdir. Mirzə Fətəli Axundov adına
Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda
respublikanın milli məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimləri
hazırlanmışdır. Rus dili tədrisinin keyfiyyətini yaxşılaşdırmaq, rus və
Azərbaycan dillərinin qarşılıqlı təsirini öyrənmək məqsədilə 1977-ci
ildə Azərbaycan Sovet Sosialist Respublikası Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutunda «Rus dili» şöbəsi yaradılmışdır.
Rus dilinin milli məktəblərdə öyrənilməsi və tədris metodikasının
daha da təkmilləşdirilməsi problemləri ilə əlaqədar Azərbaycanda
vaxtaşırı beynəlxalq simpozium, ümumittifaq, respublika elmi-nəzəri
konfrans və seminar-müşavirələri keçirilmişdir.
XX əsrin axırlarında Sovet Sosialist Respublikaları İttifaqının
dağılmasının ardınca 1991-ci ildə Azərbaycan yenidən (ikinci dəfə)
müstəqillik əldə etdikdən sonra rus dilinə münasibətdə dəyişikliklər
baş verdi. Artıq orta məktəblərdə rus dili tədris olunmur, ölkəmizdə
təhsilin tam rus dilində olduğu heç bir məktəb fəaliyyət göstərmir,
yeni nəslin nümayəndələri rus dilindən çox ingilis dilini öyrənməyə
meyilli olublar. Bununla belə rus dilinə tam arxa çevrilməmişdir.
Saytlardan birində «Azərbaycanda rus dilinin təsiri qalırmı?» adlı
məqalədə qeyd edildiyi kimi, respublikamızda rus dilinin ünsiyyət
vasitəsi kimi «tamamilə yoxa çıxdığını» düşünmək olmaz. «Rusiya
izinin» hələ uzun müddət qalacağı heç kimdə şübhə doğurmur [5].
Başqa bir saytda «Rus dili bizə lazımdırmı?» adlı məqalə
yerləşdirilmişdir ki, burada rus dilinə tələbatın qaldığı bir daha
vurğulanır. Bu gün Azərbaycanda iş axtaran istənilən şəxs ixtisas
üzrə təhsil aldığını və təcrübəsinin olduğunu qeyd etməklə yanaşı,
«Rus və ingilis dillərində sərbəst danışa bilirsiniz?» sualına da cavab
verməli
olur.
Məktəblilər
arasında
rus
dili
dərsinin
keçirilməməsindən şikayət edənlərin sayı çoxalmaqdadır. Belə
məktəblilər yalnız tətil vaxtı rus dilini öyrənməklə məşğul olurlar.
Rus dilindən uzaqlaşmaq cəhdlərinin təcrübi olaraq uğursuz nəticələr
verdiyi göz qabağındadır. Rus dili üzrə dərs saatlarının azaldılması və
hətta bir çox məktəblərdə tamamilə ləğv edilməsi qətiyyən düzgün
addım deyildir. Elmi ədəbiyyatları mənimsəməkdə problemlərin
özünü büruzə verməyə başlaması rus dilini kənara qoymağın labüd
nəticəsidir. Azərbaycan dilində lazımi elmi ədəbiyyatı tapmağın
kifayət qədər çətin olması, ali məktəblərdə tərcümə mərkəzlərinin
yaradılmaması, yaxud olanlarının çox zəif işləməsi, mütərcimliklə
məşğul olan qurumların sayının çox az olması, akademik
tərcümələrin zəifliyi onsuz da ürəkaçan olmayan vəziyyəti bir qədər
də gərginləşdirir. Xüsusilə gənc nəslin elmlə məşğul olan
nümayəndələri üçün rus dili çox mühüm əhəmiyyət kəsb edir. Rus
dilinin öz yerini ingilis dilinə verməsi bizim ölkə üçün uğurlu iş
deyildir. Buna əlavə olaraq dərslərin azaldılması nəticəsində xeyli
sayda rus dili müəllimi ixtisara düşdüklərindən onlar peşələrini
dəyişmək məcburiyyətində qalmışlar.
Rus dili akademik icmalara, beynəlxalq sahəyə çıxmaq üçün
əvəzedilməz bir vasitədir. Mənbədə qeyd edildiyi kimi, söhbət ingilis
dilinin və digər dillərin əleyhinə çıxmaqdan getmir. Məsələ rus
dilindən uzaqlaşmaqla zəngin elmi mənbələrdən ayrı düşməyin
fəsadlarının çoxalmasında və buradan doğan narahatlıqdadır.
Ümumtəhsil məktəblərinin bəzisində rus bölməsinin olması
Azərbaycan bölmələri üçün rus dili saatlarının azaldılması üçün əsas
ola bilməz. Azərbaycan bölməsi şagirdlərinin rus dilini öyrənmələri
daha vacibdir və onları belə bir hüquqdan məhrum etmək başa
düşülə bilməz. Orta məktəblərdə ümumiyyətlə xarici dil dərslərinin
səviyyəsinin qənaətbəxş olmaması «əcnəbi dil kurları bazarında» rus
dili dərslərinin artmasına təkan vermişdir. Məktəb rəhbərlərinə
könüllü olaraq rus dili dərslərinin keçirilməsinə icazə verilməsi
mövcud tələbatın ödənilməsinə hesablanmış addımlardan biridir. Hər
halda bu gün Azərbaycanda rus dilinə tələbat hələ ki, azalmayıb. Rus
dilini bilmək hər kəsin karına gəlir. Müəssisələrin qəbul şöbəsində
işləyən insanlardan tutmuş xarici şirkətlərdə çalışanlara, jurnalistdən
tutmuş dövlət rəsmisinə qədər hər kəs üçün rus dilini bilmək vacibdir
[3].
Həqiqətən zaman keçdikcə məlum oldu ki, müəssisələrin
çoxunda rus dilindən geniş istifadə olunur, araşdırıcılarımız
tərəfindən rus dilində olan mənbələrə çox tez-tez müraciət edilir. İki
ölkə arasında əlaqələrin genişlənməsi rus dilinə olan tələbatı bir daha
artırır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda Rusiya kapitalı ilə
yüzlərlə müəssisə fəaliyyət göstərir.
2007-ci ildə Azərbaycan paytaxtı Birinci Beynəlxalq
Mstislav Rostropoviç Festivalına uğurlu ev sahibliyi etmiş, görkəmli
musiqiçiləri və məşhur kollektivləri bir səhnəyə toplamışdır.
2010-cu ildə Azərbaycan-Rusiya forumu yaradılmışdır.
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov Azərbaycan-Rusiya forumunun
müstəsna əhəmiyyət kəsb etdiyini öz müsahibələrində dəfələrlə
vurğulamışdır. Onun hələ 2014-cü ildə verdiyi müsahibələrindən
birində deyilir: «Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan-
Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Biz ictimai-siyasi,
ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edirik. Rusiya
Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri
səmərəli və dinamik inkişaf edir». Azərbaycan-Rusiya forumu iki
ölkənin həyatında xüsusi yer tutmuş, özünün vacibliyini və
səmərəliliyini sübut etmiş, dövlətlər arasında etimada əsaslanan
konstruktiv və işgüzar əlaqələrin davamlı olmasını nümayiş
etdirmişdir. Belə bir forumun nisbətən qısa müddətdə regionlararası
iqtisadi əməkdaşlığın prioritet istiqamətlərinin müzakirə edildiyi,
müştərək layihələrin həyata keçirilməsinin ictimai-siyasi, mədəni-
humanitar məsələlərinin və digər aspektlərinin müzakirə edildiyi
mühüm məkana çevrilməsi xoş təsir bağışlayan danılmaz bir fakt
kimi qiymətləndirilmişdir. Tamamilə aydındır ki, iştirakçılarının sayı
ilbəil artan forum çərçivəsində ünsiyyət forması bir tərəfdən
Azərbaycan və Rusiya regionları arasında yeni qarşılıqlı faydalı
əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərinstrateji
tərəfdaşlığının möhkəmlənməsinə şərait yaradır.
Rusiyanın nüfuzlu ali məktəblərindən olan Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Birinci Ümumdünya
Forumu kimi qeyri-adi bir tədbir 2013-cü ildə məhz Bakıda
keçirilmiş, oraya dünyanın 30 ölkəsindən 400-dən çox qonaq
gəlmişdir. Azərbaycanda Rusiya ili çərçivəsində I Beynəlxalq Rus
Kitabı Festivalı elə Bakıda keçirilmişdir. Postsovet məkanında ilk
Rus Kitabı Evi Bakıda açılmışdır. Burada bakılılar və şəhərin
qonaqları Rusiyanın aparıcı nəşriyyatlarının geniş çeşiddə kitab
məhsulları ilə tanış olmaq üçün gözəl imkan qazanmışlar.
Azərbaycan Respublikası polietnik və polikonfessional ölkə
olmaqla multikulturalizm sahəsində çox böyük təcrübəsi və zəngin
mədəni-mənəvi irsi ilə həmişə dünyanın müxtəlif mədəniyyətlərinə,
başqa xalqlarına və dinlərinin təmsilçilərinə münasibətdə tolerantlıq
nümayiş etdirmişdir. Buna görə də Cənubi Qafqazda etnik rusların ən
çox məhz Azərbaycanda yaşaması, onların öz identikliyini,
mədəniyyətini, özünəməxsus dil və din xüsusiyyətlərini qoruyub
saxlaması tamamilə qanunauyğun haldır. Azərbaycanda rus
kəndlərinin adlarının dəyişdirilməməsi qeyd edilməyə layiq olan və
rus millətinə məxsus yerli əhalinin tarixi yaddaşına hörmətlə
yanaşıldığına dəlalət edən mühüm bir məqamdır. İsmayıllıda
İvanovka, Gədəbəydə Slavyanka, Masallıda Kalinovka, Qubada
Alekseyevka, Vladimirovka və bir sıra başqa kənd adlarının olması
bunu bir daha təsdiq edir.
Azərbaycanla Rusiya arasında ictimai-siyasi və humanitar-
mədəni münasibətlərin mühüm amillərindən biri respublikamızda rus
dilinin qorunub saxlanması və inkişaf etdirilməsidir. Böyük rus şairi
Aleksandr Sergeyeviç Puşkinin dili bu günə qədər Azərbaycanda öz
mövqeyini itirməmişdir. Rus dilinin milli təhsil sistemindən
sıxışdırılıb çıxarılmaması əlamətdar haldır. Tədrisin rus dilində
aparıldığı təhsil müəssisələrinin və həmin məktəblərdə bilik alanların
sayının qənaətbəxş səviyyədə olması buna əyani sübutdur.
Saytlardan birində 2014-cü ilin 21 iyununda verilmiş məlumata görə,
327 orta təhsil müəssisəsində tədris Azərbaycan və rus dillərində, 16
məktəbdə isə yalnız rus dilində aparılır. Ölkəmizin 27 universitetində
tədris prosesi iki dildə aparılır. Rus dilində təhsil alan şagird və
tələbələrin sayı yüz min nəfərdən çoxdur. Qeyd etmək yerinə düşər
ki, son illərdə həm orta məktəblərdə, həm də ali təhsil
müəssisələrində rus bölməsinə qəbulun artması müşahidə olunur [2].
Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri –
Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Respublikamızın
paytaxtında Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət
Universitetinin filialı açılmışdır. Şəhərimizdə Rusiya İnformasiya-
Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Səməd Vurğun adına Rus
Dram Teatrının çox populyar olduğunu uzun-uzadı izah etməyə
ehtiyac yoxdur. Rusiyanın bir sıra informasiya agentliklərinin
Azərbaycanda müxbir məntəqələrinin olması yalnız təqdirəlayiq hal
kimi qiymətləndirilə bilər. Ölkəmizdə rus dilində əllidən çox qəzet və
jurnal nəşr edilməsi, külli miqdarda Rusiya dövri nəşrlərinin
yayılması, «Bakinski raboçi» qəzetinə əlavə kimi Rusiya mətbuatının
«Vesti iz Rissii» daycestinin buraxılması, Bakıda rus icmasının
mədəni və mənəvi irsinin, adət və ənənələrinin qorunub
saxlanılmasında mühüm rol oynayan Rus Pravoslav Kilsəsinə dərin
hörmətlə yanaşılması, Müqəddəs Miradaşıyan Qadınlar Kafedral
Kilsəsinin ərazisində Azərbaycan hökumətinin köməyilə Pravoslav
Dini-Mədəni Mərkəzinin açılması sevindirici hallardandır.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin başçısı Natalya
Krasovskaya «İnterfaks» agentliyinə müsahibəsində bəyan etmişdir
ki, postsovet respublikalarından yalnız Azərbaycan maksimal
həcmdə rus dilini və rus mədəni irsini qoruyub saxlamışdır. Sovet
İttifaqının süqutundan sonra Rusiyaya Azərbaycandan çox az sayda
rus dönmüşdür. Bunun səbəbi rusların özərinin ikinci vətənlərindən
ayrılmaq istəməmələri olmuşdur. Əlbəttə, rusların belə bir istəyi
ölkədə dəstəklənmişdir. Natalya Krasovskayanın sözlərinə görə,
Azərbaycanda istənilən tarixi abidəyə dözümlü münasibət var, kilsə
və sinaqoqlar məscidlərlə eyni dərəcədə qorunur, insanlar rus
ədəbiyyatını çox sevirlər. Ümumiyyətlə, Azərbaycanda müntəzəm
olaraq həyata keçirilən multikulturalizm siyasəti öz səmərəsini verir.
Bunun nəticəsi olaraq Azərbaycan dünyada ruslara ən yaxşı
münasibət göstərilən ölkələrdən biridir. Ən ucqar kəndlərdə belə
insanların rus dilini anlamaları ürəkaçan haldır. Paytaxt Bakıda
demək olar ki, hər kəs rusca danışa bilir. Əlbəttə, rus dilinə bəslənilən
gözəl münasibət xalqların yaxınlaşmasına kömək edir [6].
Ümumiyyətlə, başqa xalqların dilinə, dininə, mədəniyyətinə
Azərbaycanda bəslənilən münasibət artıq təkcə Avropada deyil, hətta
bütün dünyada təqdir olunur. Saytlardan birində haqlı olaraq qeyd
edildiyi kimi, Azərbaycan multikulturalizmi ölkəmizin simasının
əsas cizgilərindən biridir. Bu gün dünyanın 7 ölkəsində və
respublikamızın 8 universitetində «Azərbaycan multikulturalizmi»
fənni tədris edilir [4].
Bir sözlə hazırda respublikamızda rus dilinə olan maraq
yenidən canlanmışdır. Rus dilində olan mənbələrin mənimsənilməsi
elmimizin inkişafına güclü təkan verə bilər. Xüsusən səhiyyə
sahəsində rus dilində olan ədəbiyyatlara tələbat çoxdur.
İstifadə olunmuş mənbələr
1. Azərbaycan Sovet Ensiklopediyası [Mətn]. On cilddə,
Bakı, Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası, VIII
cild, 1984, 608 səh.
2. http://www.axar.az
3. http://www.anspress.com
4. http://www.azerbaijan.news.az
5. http://www.bbc.com
6. http://www.interfax.az
7. https://ru.wikipedia.org
8. Арефьев Александр Леонардович. Русский язык на
рубеже XX–XXI веков [Электронный ресурс]. Москва, Центр
социального прогнозирования и маркетинга, 2012, 482 стр., səh.
391
9. Всероссийская перепись населения 2010 года. Том 4.
Национальный состав и владение языками, гражданство. 3.
Население по национальности и владению русским языком.
Федеральная служба государственной статистики (2001–2015)
10.
Голодец Ольга Юрьевна. Русский язык знают около
260 миллионов человек в мире // РИА Новости (28 ноябрь 2014
года)
Dostları ilə paylaş: |