Rentgenoqrafiya metodu ağciyərlərin vizual görüntüsünün rentgen plyonkasında fiksasiyasına əsaslanır. Bu metod dəqiq görüntünün alınıb sonra tədqiq olunmasına imkan verir (şəkil 5.4, a).
Tomoqrafiya ağciyərlərin bütün hissələrində – traxeyada, bronx şaxələrində baş vermiş patoloji dəyişikliklərin müayinəsinə imkan verir. Ağciyərdə olan ləkələrin konturları, ləkələrin miqdarı bu metodla dəqiq müəyyən olunur. KT döş qəfəsinin en kəsiyini, döş qəfəsi orqanlarının dəqiq görüntüsünü kontrast maddə daxil edilmədən almağa imkan verir. Patoloji prosesin yayılma dərəcəsini, prosesin ağciyərlərin digər struktur hissələrinə nüfuz etmə xüsusiyyətlərini, limfa düyünlərinin vəziyyətini bu metodla müəyyən etmək olur.