Cəhrə arxasında bəzən gecələr Yanıqlı-yanıqlı nəğmə oxudu. Çoxları yatanda səhərə qədər O köynək toxudu, corab toxudu.
Göndərdi sovqatı sovqat dalınca, Özü də bilmədi haraya gedir. Bir bunu, bir bunu bildi ki, ancaq Dava hardadırsa, oraya gedir.
Kaş bircə görəydim bunu geyəni, Kimin geyməyinin mənası yoxdur. Bəlkə bir əsgərin nazikdir əyni, Bəlkə heç birinin anası yoxdur?
Çox şeylər düşündü ana ürəyi, Bəlkə də bəzisi bunu ar bilər. Sevmirəm hər yerdə məsəl deməyi, Analar çəkəni, analar bilər.
Keçdi dövlətindən, keçdi varından, Cəbhəyə çox şeylər o yola saldı. Rayonun hərbi komissarından Neçə yol yazılı təşəkkür aldı.
Corab toxuduqca o ilmə-ilmə Bir qəlbdə sanki üç çıraq yanırdı. Üç oğul dərdini zarafat bilmə, Dağ dayanmaz dərdə o dayanırdı.
Bəzən əl çəkmirdi pis yuxu ondan, Yuxuda səksənib bağırırdı o. Tənhalıq qəlbini sıxdığı zaman Qonşusu Gülgəzi çağırırdı o:
- Ağız, nə yatmasan, a canı yanmış, Dovşana dönmüsən elə payız-qış. Gözün yuxudadır, yanın yataqda, Nə var? Yatarsan da isti otaqda. Böyründə bağlama, qabağında çay. Yaman da arvadsan, anasan hay-hay... Azmı dövlətin var, azmı varın var? Davada elin var, qohumların var:
Oğluna göndərdin - bəsindir demək? Anasız olan da küsməsin gərək. Bir başlıq toxusan ortan nazilər, Yoxsa ki, əyilsən çinin əzilər?
Bir yaxşılıq elə, nə qədər sağsan, Gora beş arşın ağ aparacaqsan... Ağız, bir çölə çıx, qiyamətə bax, Bu zəhrimar qış da nə vaxt çıxacaq?
Çillədir, dərdi yox, ürəyi yoxdur, Deyirlər uruset yaman soyuqdur. Dünən Fərəc oğlu Qədim danışır, Deyir ölkə var ki, il boyu qışdır.
Altı ay gündüzdür, altı ay gecə, Əgər başın dəri, ayağın keçə Olmasa bir yolluq quruyar qanın, Gülgəzin əlindən qurtarar canın -
Deyib zarafat da elədi bir az, Qadın söhbəti ki, müxtəsər olmaz. Arada gah giley, gah qiybət olar, Biri evləndimi qiyamət olar... Gahdan min şəbədə qoşular qıza, Gah da ki, şöhrəti düşər ağıza: Nə bilim, var belə, cehiz də belə, Oğulsan onlarsız evlən toy elə.
Sonra da çox şeylər düşdü yadına, Hicran mizrab vurdu xatiratına: - Gülgəz, pis yuxular əl çəkə bircə... Hana toxuyuram gördüm bu gecə.
Elə toxuduqca qalxır yuxarı, Nə əvvəli vardır, nə də axırı... Düşündüm: ay canım, nə hanadır bu, Torpaqda bir ucu, göydə bir ucu...
Ürəyim döyündü, qanım qaraldı: Birdən göy kişnədi, hava qaraldı, İldırım şığıyıb düşdü dörd yana, Yandı toxuduğum yarımçıq hana...
“Ay yandım, ay yandım” - qışqırdım birdən, Yaxşı ki, ayıldım öz səsimə mən; Gördüm ki, eləyəm qan-tər içində, Ürəyim çırpınır qəhər içində.
Dünəndən bəridir bəlkə yüz kərə Təsaddıq vermişəm yetim-yesirə. Nə deyim, bayısın yuvası yansın, Hitlerin yurdunda ocaq qalansın. Keçdi, bu minvalla il gəldi keçdi, Dağlardan, daşlardan sel gəldi keçdi. Bitdi yol üstündə qızıl lalə də, Xınalı kəklik də, gur şəlalə də.
Yaydı yamaclara öz nəğməsini, Bir ana qəlbinin hicran səsini. Duydu elə bil ki, çoban tütəyi, O yandı yandıqca ana ürəyi...
Yandı ana qəlbi, yandı yenə də, Nə yaxın, nə də ki, uzaq eşitdi, Yandı, ümidi də, təsəllini də Ürək eşitmədi, qulaq eşitdi.
Mən ki, əzəl gündən bir canlı sazdım, Duyardım hər qəlbin sevinc səsini: Məni ana doğub, mən niyə yazdım, Bir ana qəlbinin faciəsini.
Yox, şair, sirdaşsan bu torpağınan, - Boşalt sinəsinə sinəndə nə var. Bir-iki duyğusuz duymamağınan Əlindən qələmi almayacaqlar.
Atəşlə yoğrulub sinəmdə ilham, Mayam nə ələmdir, nə göz yaşıdır. Hər kədərli nidam, hər qəmli misram Kədərə qarşıdır, qəmə qarşıdır. Bir nöqtə qoyardım kədərə, yasa; Hər qanun yazılsa təblə, ilhamla. Bir anın hökmü də əlimdə olsa Nuru sel edərdim, zülməti damla.
Uzun gecələri yatmadı ana, Xəyalı uzaqdan uzağa getdi. Mindi qəm atına, kədər atına Gah arana getdi, gah dağa getdi.
Komissar sarsıldı onun səsindən, Əyildi köksünə əyilməz başı. O niyə tutuldu, ta soruşma sən, Elə bil itmişdi doğma qardaşı.
Gəzindi, oturdu o neçə kərə, Qəlbindən keçəni baxış, göz dedi. Neçə qərargaha, neçə şəhərə Teleqram vuraraq xəbər istədi.
Elə bil qurudu qəlbinin qanı, Arzusu, ümidi daşlara dəydi. Bəs necə dindirsin indi ananı, Xəbər ağır gəldi, heç gəlməyəydi. Qara kağız gəldi oğul yerinə, Bəd xəbər arvadın qəddini əydi. Gülsənəm əl qatdı birçəklərinə, Xəbər ağır gəldi, heç gəlməyəydi. Gəlin də dağ çəkdi bir gün arvada, Alıb öz payını ayrıldı ondan. Eh, gəlin neyləsin, bu evdə o da Üç gün vüsal gördü, on üç il hicran. Səbri tükənərmiş dünyada eşqin: Dedi: “Mənə də ev, uşaq gərəkdir”. Ana düşündü ki, “ayrılır gəlin, Yoxsa balalarım dönməyəcəkdir?”
Sonra da özünü danladı qarı: “Buy, dilim qurusun, nə deyirəm mən, Oğlum sağ-salamat qayıtsın barı, Mini olacaqdır dərdindən ölən”.
Ət-ətdən, can-candan deyildi axı, Getdi, yad qızıydı, yad oldu yenə. Od alıb alışdı ana varlığı, Gəlin ər evində şad oldu yenə. Günlər atlı oldu, günlər tez ötdü, Nə vaxtsız, vədəsiz qocaldı arvad! Gözünün yağıyla oğul böyütdü, Ocaqlar başında tək qaldı arvad. Qasırğalar keçdi can otağından, Bir ömrün ömürlük tağı söküldü. Oğul həsrətindən, bala dağından Birçək də ağardı, bel də büküldü. Hər gün qapısını açdı gəlin, qız: Onu ana bildi kənd cavanları, Qapısı inəksiz, evi xalısız, Bucağı da unsuz qalmadı qarı. Nə desən göndərdi kolxoz evinə, Ləl olsun, fərqinə varanı kimdir? Milyonlar göz üstə saxlasa yenə Övladsız bir ana yetim kimidir. Baharsız təbiət batmazmı yasa Gülsüz bir bülbülə nə eşq, nə həvəs? Evinin dirəyi qızıldan olsa, Övladsız bir qara qəpiyə dəyməz. Ey ana, neyləyim sözlə, qələmlə; Qayıtmaz ömrünün gülü-gülşəni. Min oğul yolunu gözləsən belə, Vaxt-vədə bircə an gözləməz səni...
Axır ki, dərd yıxdı bir gün arvadı, Çökdü kənd əhlinin gözlərinə nəm. Bu itki ağrıtdı yaxını, yadı; Bir an sükut etdi elə bil aləm.
Hər gələn can umdu, can üstə ona, Əfsus ki, torpağın olasıydı o. Hamı söylədi ki, oğlunam, ana, Elə bil hamının anasıydı o.
Qəlbi dayandıqca o nər qarının Elin nəfəsini duydumu barı. Yığıldı başına oğullarının Uşaqlıq dostları, cəbhə dostları...
Qocalar deyir ki, üç gün, üç gecə Üzünü qibləyə döndərmədi o. “Yox, yox, üç balamı mən görməyincə Ölmərəm” - deyərək can vermədi o. Gah kilid vuruldu ayaqlarına, Nəfəsi təngidi, gözləri axdı. Gah da ki, səs gəldi qulaqlarına, Yenə də səksəndi, yenə də qalxdı... “Oğlumun səsidir, bəs özü hanı, Budur, budur gəlir, ağ geyib ancaq. Xeyir, o ölümdür, açdı qapını, Bu da Gülsənəmdir, aldanmayacaq.. Odur, dişlərini qıcayıb yenə, Yox, gülür, dalımca gəl deyir mənə. Qoymayın gözümə necə də baxır, Pəncərədən girir, qapıdan çıxır. Bir baxın, necə də əliqanlıdır, Çəkil, Gülsənəm də dəliqanlıdır. Qıy vursam dağlar da düşər lərzəyə, Bu saatca külün sovrular göyə. Yetməzmi zəhrimar yağdı dilindən? Bir gün də yaxşılıq gəlsin əlindən. Demirəm yaşayım beş yüz il, min il; Mənə ömür deyil, möhlət gərəkdir. İtil gözlərimdən, ey ölüm, itil, Gülsənəm oğulsuz ölməyəcəkdir... Sən məni tək qarı tanıma ancaq, Bir bax, dövrəmdəki duranlara bax, Bir kəndə, bir elə etibarım var; Mənim dağlar yıxan oğullarım var. Qara yel əsəndə çöllərimizə, Ölüm gətirəndə yağılar bizə, Onları göndərdim ölümə qarşı. Onda tökülmədi mənim göz yaşım; Götür qılıncını, məndən uzaq gəz, Ölüm öldürənin anası ölməz. İtil, Gülsənəmi tək qarı bilmə “! Kənardan səs gəldi: “- Ana, əyilmə! Əyilmə, anacan, hələ sağıq biz, Əyilmə, dadına çatacağıq biz!”
Qarı sayaqladı üç gün, üç gecə, Dedi son nəfəsdə bu sözü bircə: “Yoxsa oğullarım, əli heç kəsin Mənim gözlərimə torpaq tökməsin”.
Adınla bir ulu dağ gəldi yada, Bir an da vüqarsız dayanmadın sən. Can ana, can, ölüm ayağında da Bala ölümünə inanmadın sən.
Yox, onlar ölmədi, qanıyla onlar Yazdılar düşmənə ölüm hökmünü, Bizimlə görüşür o qəhrəmanlar Hər il bəzənəndə Doqquz may günü.
Vaxt olur başıma dolanır aləm, Üç vətən oğlunu saldıqca yada, Fəqət ürəyimdən səs gəlir bu dəm: Ölməzdir - ölənlər vətən yoldunda.
Onlar deyildimi aşılmaz dağın, Keçilməz meşənin bağrını yaran, Şopenin, Şandronun, Heynenin, Baxın Yurduna süngüdə həyat aparan!
O günlər, o günlər arxada qalıb, Sağalmaz olsa da vurduğu yara. Tankların, topların səsini alıb Onlar vermədimi traktorlara?!
Görürəm onları, gələndə bahar, Çöllər gül-çiçəkdən min don geyəndə. Görürəm onları körpə uşaqlar Məktəb yollarında nəğmə deyəndə.
Onlar el yolunda keçdi canından, Min cavan böyüyüb kamala yetdi. Sevib-sevilənlər görüşən zaman Deyirəm onlar da vüsala yetdi.
Görürəm hər üçü gəzir dünyanı, Səsləri duyulur Reynin səsində; Görürəm, sülhsevər Almaniyanı Görəndə dünyanın xəritəsində.
Bu gün bir qəhrəman dağlar yaranda Görürəm onların yürüşünü mən. Çexin, bolqarın da dodaqlarında Duyuram onların gülüşünü mən.
Enməz şöhrətini, sönməz adını Vətən göylərinə nəqş etdi onlar. Yox, onlar ölmədi, öz həyatını Öz doğma xalqına bəxş etdi onlar.
Halaldır çörəyin, südün, ey ana, Bir də məzarına qoy baş əyim mən! Qoy bu gün o layla bəstəkarına Şerimlə, sözümlə layla deyim mən.
Hərbə lənət deyən ana səsində O ananın səsi duyulsun bu gün! Yel əssə, quş səksə sərhəddimizə Dağlar da, daşlar da ayılsın bu gün! Ekvator xəttinə “sülh” yazsın ellər, Nidamız Marsa da yayılsın bu gün!
Şimşəklər qanadım, sellər ilhamım, Küləklər nəfəsim qoy olsun bu gün! Qəlbimin bu sadə şeriyyətindən Bir ana heykəli qoyulsun bu gün!