Ümumdünya psixi sağlamlıq günü
Dünya əhalisinin psixi sağlamlıq problemləri ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək
məqsədilə hər il oktyabrın 10-da «Ümumdünya psixi sağlamlıq günü» (World Mental Health Day)
qeyd edilir. «Psixi sağlamlıqsız sağlamlıq olmur» devizi altında keçirilən bu gündə qlobal miqyasda
psixi pozuntular mövzusu cəmiyyətdə daha açıq müzakirə edilir, bu sahədə profilaktika və müalicə
xidmətlərinə sərmayə qoyulmasını stimullaşdırmaq üçün müəyyən tədbirlər görülür. Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 450 milyondan çox insan psixi
pozuntulardan əziyyət çəkir. Ancaq psixi sağlamlıq tək psixi pozuntuların olmaması demək deyil.
Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən
gəldiyi, səmərəli çalısa bildiyi salamatlıq, əmin-amanlıq vəziyyətidir. Konkret məqamda insanın
psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur. Dünya üzrə faktlar
göstərir ki, məsələn, davamlı sosial-iqtisadi təzyiq, yoxsulluq, o cümlədən təhsil səviyyəsinin aşağı
olması həm ayrı-ayrı fərdlər, həm də icmalar üçün psixi sağlamlığın risk amillərinə aiddir. Sürətli
sosial dəyişikliklər, işdə stress vəziyyəti, gender ayrı-seçkiliyi, sosial təcrid, qeyri-sağlam həyat
tərzi, zorakılıq təhlükəsi, fiziki xəstəliklər, eləcə də insan hüquqlarının pozulması da ÜST tərəfindən
psixi sağlamlığın pozulmasını şərtləndirən faktorlara aid edilir. Bundan əlavə, insanları psixi
pozuntulara həssas edən xüsusi psixoloji və şəxsiyyət amilləri, həmçinin genetik faktorlar və
beyində kimyəvi maddələrin tarazlığının itməsi kimi bioloji səbəblər də var.
ÜST-nin yaydığı məlumatda qeyd edilir ki, psixi pozuntuların yarıya qədəri 14 yasadək
başlayır. Hesablamalara görə, dünyada bütün uşaq və yeniyetmələrin təxminən 20%-nin psixi
pozuntuları və ya problemləri var. Bununla belə, ölkələrin əksəriyyətində uşaq psixiatrlarının sayı
çox azdır. Depressiya dünyada başlıca əlillik səbəbi olan xəstəliklərdəndir. Hər il yer üzündə orta
hesabla 800 min insan intihar edir. Özünəqəsdlərin ən yüksək faizi Şərqi Avropa ölkələrinin kişi
əhalisi arasında qeyd olunur.
Halbuki intiharın əksər hallarda səbəbi olan psixi pozuntular müalicə olunandır. Psixi
pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir
Müharibələr və digər fəlakətlər də psixi sağlamlığa əhəmiyyətli dərəcədə təsir göstərir.