Maddə 574. Diplomatik və ya xidməti pasport sahiblərinə lazımi kömək göstərilməməsi
Diplomatik və ya xidməti pasport sahibinə lazımi kömək göstərilməməsinə görə-
vəzifəli şəxslər əlli beş manatdan səksən manatadək məbləğdə cərimə edilir.
Maddə 575. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaşaması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması
575.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni:
575.1.1. Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına;
575.1.2. etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına;
575.1.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu, müvəqqəti və ya daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına;
575.1.4. iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına;
575.1.5. bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsinə;
575.1.6. ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına;
575.1.7. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə -
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
575.2. Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış və girişinə müəyyən müddətə məhdudiyyət qoyulmuş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin həmin müddət ərzində bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olmasına görə -
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər beş yüz manat məbləğində cərimə edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
575.3. Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycan Respublikasında olması, yaşaması və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: |