Maddə 472. Sığorta növünün qanunsuz aparılması
Sığortaçı tərəfindən hər hansı sığorta növünün sığorta nəzarəti orqanından müvafiq icazə almadan aparılmasına görə -
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 473. Sığorta qanunvericiliyinin aktuarilərlə, müstəqil ekspertlərlə, müstəqil auditorlarla və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı tələblərinin pozulması
473.1. Aktuarilər (bu Məcəllənin 473.2-ci və 473.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), müstəqil ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən sığorta qanunvericiliyinin onların fəaliyyəti ilə bağlı müəyyən edilmiş tələblərinin pozulmasına görə -
iki yüz manat məbləğində cərimə edilir.
473.2. Məsul aktuari tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tələblərə riayət olunmadan rəyin tərtib edilməsinə, həmçinin aktuari rəyinin sığortaçıya və sığorta nəzarəti orqanına vaxtında təqdim edilməməsinə görə -
üç yüz manat məbləğində cərimə edilir.
473.3. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda məsul aktuari tərəfindən yazılı məlumatın sığorta nəzarəti orqanına verilməməsinə görə -
beş yüz manat məbləğində cərimə edilir.
Dostları ilə paylaş: |