Maddə 546. Gömrük işi sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi
Gömrük işi sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 547. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının icra edilməməsi
Azərbaycan Respublikası Hesablama Palatası sədrinin qərarı ilə dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 548. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma[75]
548.1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə[76]-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir[77].
548.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə[78]-
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
548.3 Bank fəaliyyətinə dair prudensial normativlərin və tələblərin pozulması aşkar edildikdə, həmin pozuntunun aradan qaldırılması barədə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişinin vaxtında icra edilməməsinə görə -
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.[79]
Dostları ilə paylaş: |