Maddə 586. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə
586.0. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə, yəni “Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq:
586.0.1. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən müdafiə nişanı və ya fərqləndirici nişan qismində istifadə edilməsinə;
586.0.2. fərqləndirici siqnallardan istifadə edilməsinə;
586.0.3. hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə;
586.0.4. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə;
586.0.5. müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar nişanlardan istifadə edilməsinə görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 587. Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunvericiliyin pozulması
Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin adlarının və sərhədlərinin özbaşına dəyişdirilməsinə və ya onların adlarının təhrif edilmiş formalarından istifadə edilməsinə görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: |