Maddə 593. Möhürün (plombun) qəsdən zədələnməsi və ya qırılması
Bu Məcəllənin 297.1, 304.2, 317.2 və 491.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna edilməklə, səlahiyyətli vəzifəli şəxs tərəfindən vurulmuş möhürün (plombun) qəsdən zədələnməsinə və ya qırılmasına görə-
otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 594. İnzibati icraat haqqında qanunvericiliyin pozulması
594.0. İnzibati icraat haqqında qanunvericiliyin pozulmasına, yəni:
594.0.1. inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların qəbul olunmasına və ya qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması əsas hesab edilərək, müvafiq qərarın qəbulundan imtina edilməsinə, yaxud fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədlərin qəbulundan imtina edilməsinə;
594.0.2. inzibati orqan tərəfindən fiziki və ya hüquqi şəxsin müraciətinə əsasən ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrinin ona verilməməsinə;
594.0.3. inzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda inzibati icraatda iştirakına və özü-özünə etiraz etməməsinə və ya həmin qanuna əsasən iştirakına yol verilmədiyi hallarda ekspertin, mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına;
594.0.4. inzibati orqan tərəfindən ərizənin qəbul edildiyi gündən ən geci 3 gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayışın verilməməsinə və ya göndərilməməsinə, yaxud qanunda nəzərdə tutulmuş hallarda təkrar ərizənin yoxlanılmamasına və ərizə ilə bağlı müvafiq qərarın qəbul edilməməsinə və ya inzibati icraatda iştirak edən şəxslərin təqdim etdiyi və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətlərinin işə aid olmaması və ya əsassız olması səbəbindən qəbulundan imtina edilməsinə, yaxud maraqlı şəxsdən qanunvericilikdə nəzərdə tutulduğundan əlavə hər hansı digər məlumatın tələb edilməsinə;
594.0.5. inzibati aktın qəbul edilməsi, inzibati akta edilən düzəlişlər, inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə inzibati orqan tərəfindən maraqlı şəxslərə və ya onların nümayəndələrinə qanunda nəzərdə tutulmuş qaydada məlumatın verilməməsinə;
594.0.6. inzibati orqan tərəfindən inzibati icraatda iştirak edən şəxslərin inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar edilməməsinə;
594.0.7. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərarın qanunla müəyyən edilmiş müddət ərzində qəbul olunmamasına və ya inzibati şikayətin və icraatla bağlı materialların 3 gün müddətində şikayət instansiyasına göndərilməməsinə görə-
vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 594-1. Vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulması[80]
594-1.1. Vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına, yəni:
594-1.1.1. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciətin qəbul edilməməsinə;
594-1.1.2. vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsinə;
594-1.1.3. vətəndaşların qəbulunun “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməməsinə;
594-1.1.4. dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə -
vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.
Qeyd. Bu Məcəllənin 594-1.1.4-cü maddəsində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Dostları ilə paylaş: |