Demokratik rəhbərlik üslubu ən səmərəli ünsiyyət üslubu kimi qeyd edilir. Belə rəhbərlik üslubuna malik olan müəllim şagird kollektivi ilə razılaşır, onların təklifini nəzərə alır, daim müsbət emosional əlaqəyə üstünlük verir. Bu cür ünsiyyət üslubuna malik olan müəllimlər şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almağa çalışırlar. Onlar qiymətləndirmədə obyektiv, təmas yaratmaqda isə təşəbbüskardırlar. Təcrübə göstərir ki, pedaqoji ünsiyyətin demokratik üslubundan istifadə edən müəllimlərlə şagirdlər arasında olduqca səmərəli təmas yaranır. Şagirdlər bu cür müəllimlərlə ünsiyyətə daim can atır, onlardan hər cür köməklik gözləyirlər. Belə müəllimlər sanki sinifdə şagirdlərin “böyük yoldaşıdır”. Onlar yoldaş kimi özünə də, şagirdlərə də uşaqların gözüylə baxır, onlarla məhz yoldaş kimi ünsiyyət saxlamağa çalışırlar. Demokratik rəhbərlik üslubunun daha səmərəli olmasını göstərən əsas xüsusiyyətlərdən biri də hörmət və tələbkarlıq hissinin düzgün balanslaşdırılmasıdır.
Laqeyd rəhbərlik üslubuna malik olan müəllimlərin şagirdlərlə ünsiyyəti kortəbii xarakter daşıyır. Burada ünsiyyətin xarakteri müəllimin özündən deyil, şagirdlərdən asılı olur, şagirdlər tərəfindən diktə olunur. Belə müəllimlər şagirdlərin işinə qarışmamağa çalışırlar, özlərinin qətiyyətsizliyi ilə fərqlənirlər. Bu cür ünsiyyət üslubuna malik olan müəllimlər heç vaxt qarşıdakı məqsədi həyata keçirməyə can atmırlar. Ona görə də şagirdlər bu cür müəllimlə ünsiyyət zamanı öz tələbatlarını lazımi şəkildə ödəyəcəklərini güman etmirlər. Bütün bunların nəticəsi olaraq müəllim-şagird ünsiyyəti səmərəli nəticə vermədiyinə görə müəllimlər pedaqoji fəaliyyət prosesində müvəffəqiyyətə nail ola bilmir. Laqeyd üslubu üstün tutan müəllimlər sanki müəllim olduğunu unudurlar. Təlim-tərbiyə prosesində bu rəhbərlik üslubu səmərəli hesab olunmur.