AR-nın dünya ölkələri ilə xarici ticarət balansı (1992-2006)* (mln. ABŞ$)
İllər
|
CƏMİ
|
O cümlədən
|
|
|
Uzaq xarici ölkələrlə
|
MDB ölkələri ilə
|
1992
|
544
|
421
|
123
|
1993
|
175
|
110
|
65
|
1994
|
-141
|
71
|
-212
|
1995
|
-31
|
-87
|
57
|
1996
|
-330
|
-280
|
-50
|
1997
|
-12
|
-40
|
28
|
1998
|
-471
|
-298
|
-173
|
1999
|
-106
|
8
|
-114
|
2000
|
573
|
714
|
-141
|
2001
|
883
|
1105
|
-222
|
2005
|
8558
|
680
|
-544
|
2006
|
11639
|
2272. 9
|
-1168
|
2007
|
349735
|
-51779. 3
|
-23403. 4
|
*Cədvəl DSK-nın hər il buraxılan illik idxal-ixrac göstəriciləri əsasında tərtib edilmişdir.
Son dövrlərdə əhalinin istehlak mallarına olan tələbatının daha çox hissəsinin yerli mallar hesabına ödənilməyə başlanması və bu sahədə kompleks tədbirlər sisteminin həyata keçirilməsi böyük irəliləyişdir.
Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi altında qeyri-neft sektorunun sürətli inkişaf strategiyası müstəsna əhəmiyyət kəsb edir.
Tədiyə balansının strukturu təhlil edildikdə məlum olur ki, xidmətlər balansı əsasən aşağıdakı xidmətləri özündə birləşdirir: nəqliyyat xidmətləri, turizm xidmətləri, rabitə xidmətləri, tikinti xidmətləri və s. Xidmətlər balansında daxilolmalar (kredit) bölməsi Azərbaycan Respublikası tərəfindən digər ölkələrə göstərilən xidmətlərə görə alınan vəsaiti, onun ödənişlər (debet) bölməsi isə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə xarici rezidentlər tərəfindən göstərilən xidmətlərin dəyərini əks etdirir.
Xarici ölkələr tərəfindən Azərbaycana göstərilən xidmətlər içərisində turizm, tikinti və nəqliyyat xidmətləri müəyyən yer tutur. Tədiyə balansında öz əksini tapan qarşılıqlı xidmətlər dövriyyəsində nəqliyyat əməliyyatlarının payı 2000-ci ildə 35, 4% təşkil etmişdir. Nəqliyyat xidmətlərinin ümumi məbləğinin 54, 7%-i Azərbaycan rezidentləri tərəfindən xarici firmaların nəqliyyat vasitələrindən istifadə ilə əlaqədardır. Halbuki, başqa dövlətlərə Azərbaycan tərəfindən göstərilən nəqliyyat xidmətləri isə ondan iki dəfə azdır. Bunun isə böyük bir hissəsi TRACEKA proqramı çərçivəsində Respublika ərazisindən Orta Asiyadan Avropaya keçib gedən tranzit yük daşımaları ilə əlaqədardır. [44, 2000, s. 22]
Xidmətlər balansının passiv xarakter daşımasının və idxal olunmuş xidmətlərin artmasının əsas səbəblərindən biri son illər beynəlxalq neft kontraktları ilə bağlı işlərin həcminin çoxalmasıdır.
Balansın kəsirləri 2000-ci ildə 224, 7 mln. dollardan 2004-cü ildə 2238 mln. dollara çatmışdır. Araşdırmalar göstərir ki, bu neft sektorunda xarici xidmətlərin və xarici investisiyalar üzrə transfert ödəmələrin sürətlə artması nəticəsində baş verir. Belə ki, 2002-ci ildə xidmətlər balansının 875, 0 mln. dollarlıq kəsirinin 800 mln. dolları neft sektoru ilə əlaqədar olmuşdur.
Xidmətlər balansının tədiyə balansına göstərdiyi davamlı və ciddi təzyiq ölkədə infrastrukturun zəif inkişafı nəticəsində xarici firmaların xidmət sahəsində geniş fəaliyyətinə yol açmışdır. Ölkəmizdə son 5 ildə infrastruktur obyektlərinin sürətli inkişafını təmin edən strateji xətt bu boşluğun aradan qaldırılmasına yönəldilmişdir.
Bütün bunlar isə xidmətlər sektorunda infrastrukturun inkişafına daha ciddi diqqət verilməsini tələb edir.
Cari transfertlər əsasən humanitar, texniki və digər təmənnasız yardımlardan, pul baratlarından və beynəlxalq təşkilatlara üzvlük haqlarından ibarətdir. Cari əməliyyatlar hesabının digər bölmələrindən fərqli olaraq cari transfertlər üzrə saldo müsbətdir, yəni bu sahə üzrə daxilolmalar ödənişləri üstələyir.
Azərbaycanın tədiyə balansının mühüm fərqləndirici xüsusiyyəti onun mühüm tərkib hissəsi kimi kapitalın və maliyyənin hərəkəti hesabının rolunun sürətlə artması və balansın aparıcı elementinə çevrilməsidir. Bu hesab öz həcminə görə cari əməliyyatlar hesabını ötüb keçmişdir.
Tədiyə balansının kapitalın və maliyyənin hərəkəti bölməsində bir tərəfdən Azərbaycana xarici investisiyaların və maliyyə vəsaitinin daxil olmasını, digər tərəfdən isə Azərbaycandan xarici ölkələrə vəsaitin axmasını və ya xarici bankların depozitlərində maliyyə ehtiyatlarının saxlanılmasını əks etdirir. Bu bölmədə kapitalın hərəkəti 1996-2000-ci illərdə neft bonusu ilə bağlı daxilolmalardan ibarət idi. Maliyyənin hərəkəti bölməsi iqtisadiyyatın ayrı-ayrı sahələrinə birbaşa investisiyanı, ölkədə makroiqtisadi sabitliyi təmin etmək üçün müxtəlif beynəlxalq maliyyə qurumlarından, o cümlədən Beynəlxalq Valyuta Fondundan və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından alınan kreditləri əhatə edir. Bu bölmə son illərdə sürətlə artır.
1996-2006-ci illərdə kapitalın və maliyyənin beynəlxalq hərəkəti hesabı üzrə yaranmış müsbət saldo 5, 7 mlrd. dollar məbləğinə çatmışdır ki, bu da balansın cari əməliyyatlar hesabının kəsirinin azalmasına səbəb olmuşdur. Bu məbləğ yalnız 2006-cü ildə 3023 mln. ABŞ dollarına çatmışdır. Kapitalın və maliyyənin hərəkəti hesabı üzrə daxilolma və ödənişlər başlıca olaraq neft sektoru ilə əlaqədardır. Belə ki, 2003-cü ildə həmin hesaba daxilolmaların 83, 9%-i, ödənişlərin 66, 6%-i, müsət saldonun isə 95, 9%-i neft sektoru ilə əlaqədar olmuşdur.
Kapital və maliyyənin hərəkəti hesabının digər mühüm maddəsini Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar təşkil edir. Bu maddə üzrə müsbət saldo 1996-2007-cü illərdə davamlı olaraq artmışdır.
Kapital hesabında baş verən əsas dəyişiklik 1998-ci ildən neft sektorunda xarici investisiyaların həcminin azalmasından irəli gəlir. 1999-cu ilin 4-cü rübündən etibarən isə xarici birbaşa investisiyalar mənfi saldoya malik olmuşdur ki, bu da neft sektorunda xarici şirkətlər tərəfindən mənfəətdən olan gəlir paylarının ölkədən çıxarmasını əks etdirir.
Xarici investisiyalar üzrə müsbət saldo sonra yenidən artmışdır. Onun məbləği 2001-ci ildə 220, 0 mln. dollardan 2004-cü ildə 4697 mln. dollara yüksəlmişdir. Birbaşa investisiyalar da yuxarıda göstərildiyi kimi əsas etibarilə neft sektoru ilə əlaqədardır. Azərbaycanda kapital bazarının zəif inkişafı ilə əlaqədar olaraq iqtisadiyyata qoyulan portfel investisiyaları yox dərəcəsindədir.
Hasilatın pay bölgüsü sazişləri çərçivəsində aparılan genişmiqyaslı işlər, habelə BTC kəmərinin işə düşməsi nəticəsində neft hasilatının yüksək templərlə artması və dünya neft bazarlarının əlverişli konyukturası tədiyə balansının cari hesabında iri həcmli profisitin formalaşmasına səbəb olmuşdur. 2006-cı ildə cari əməliyyatlar hesabının profisiti 3, 7 mlrd. $-a çatmış, nəticədə strateji valyuta ehtiyatlarının həcmi 4, 3 mlrd. $ ötmüşdür.
Bununla belə, əvvəlki illərdə olduğu kimi 2006-cı ildə də xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olmuş, neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo iqtisadiyyatın digər sektorlarının xarici valyutaya tələbatının maliyyələşdirilməsini və ölkənin valyuta ehtiyatlarının artmasını təmin etmişdir.
Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların idxalının və Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin tikintiləri ilə bağlı Türkiyə və Gürcüstan ərazilərindəki işlərin maliyyələşdirilməsinə sərf olunan vəsaitləri əks etdirir.
Milli Bankın hesabatından məlum olur ki, 2006-cı il ərzində ölkənin beynəlxalq iqtisadi fəaliyyətinin cari əməliyyatlar üzrə bütün sahələrində məcmu daxilolmalar və ödənişlər arasındakı balansda-cari əməliyyatlar hesabında 3707, 6 mln. $ məbləğində profisit yaranmışdır.
Cari əməliyyatlar hesabında profisitin yaranması əsasən neft-qaz sektoru üzrə malların ixracının artması ilə izah olunur. Belə ki, 2005-ci ildə neft-qaz sektoru üzrə malların ixracı 6, 9 mlrd. $ olmuşdursa, 2006-cı ildə bu göstərici 1, 8 dəfə artaraq 12, 1 mlrd. $-a çatmışdır. Bu isə öz növbəsində xarici ticarət balansının saldosunun da müsbət 3, 3 mlrd. $-dan 7, 7 mlrd. $-a qədər yüksəlməsini şərtləndirmişdir.
Milli Bankın məlumatlarına əsasən 2006-cı ildə xarici ticarət dövriyyəsi 18, 3 mlrd. $ təşkil etmiş və 2005-ci ilin müvafiq göstəricisindən 52, 4% çox olmuşdur. Ölkəyə idxal olunan malların həcmi 5, 2 mlrd. $ və ya ÜDM-in 26, 5 %-ni, ixracın həcmi isə 13, 0 mlrd. $ və ya ÜDM-in 65, 6%-ni təşkil etmişdir. Xarici ticarət balansı 7, 7 mlrd. $ məbləğində və ya ÜDM-in 39 %-i həddində müsbət saldo ilə nəticələnmişdir.
Bütövlükdə, əvvəlki illə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 6, 3 mlrd. $, o cümlədən ixrac 5, 4 mlrd. $, idxal isə 0, 9 mlrd. $ məbləğində artmışdır.
Hesablamalar göstərir ki, malların ixracı üzrə ümumi artımı 28, 4%-i qiymət və çeşid faktoru ilə, 71, 6% isə fiziki həcm faktorunun artımı ilə bağlı olmuşdur. Malların idxalına gəldikdə isə qiymət və çeşid faktoru üzrə 98, 9%, fiziki həcm faktoru üzrə isə 1, 1% artım olmuşdur
Xarici ticarətin daha da sərbəstləşdirilməsi, yanacaq kompleksinin ixracat yönümlü müəssisələrində istehsalın inkişafı, habelə dünya bazarında neftin əlverişli konyunkturu ixracatın daha da artmasına təkan vermiş və 2006-cı ildə əmtəə ixracı 2005-ci ilə nisbətən 1, 7 dəfə artaraq 13, 0 mlrd. $ çox olmuşdur. Nəticədə ixracın ÜDM-də xüsusi çəkisi keçən illə müqayisədə 4, 7% artaraq 65, 6%-ə çatmışdır. Bu isə ölkənin dünya iqtisadiyyatına daha sıx inteqrasiya olunduğunu, onun açıqlıq dərəcəsinin yüksəldiyini göstərir.
2006-cı ildə ölkənin qeyri-neft sektorunun payına düşən ixrac mallarının ümumi dəyəri 2005-ci ilə nisbətən 22, 7% artaraq 939, 3 mlrd. $-a çatmışdır. Bu artım əsasən maşınqayırma və kimya məhsullarının, əlvan və qara metalların və kənd təsərrüfatı məhsullarının ixracının artımı hesabına olmuşdur.
2005-ci illə müqayisədə 2006-cı ildə ölkəyə idxal olunan istehlak mallarının strukturunda ərzaq mallarının xüsusi çəkisi 3, 6% azalmışdır. İdxalı əvəz edən yeyinti məhsullarının istehsalının inkişafı burada əsas faktor olmuşdur.
Fiziki şəxslərin idxalını (915, 4 mln. $) və humanitar malları (33, 6 mln. $) da nəzərə almaqla 2006-cı il ərzində ölkəmizə 1860, 8 mln. $ məbləğində istehlak malları gətirilmişdir. Bunun da 35%-i, yəni 651, 4 min. $ ərzaq məhsullarının payına düşür.
İdxalın strukturunda investisiya yönümlü maşın-avadanlıqların və malların xüsusi çəkisi 25, 1% təşkil edərək 1319, 9 mln. $ olmuşdur. Bunun da 81, 2%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində ölkəyə cəlb olunmuş investisiyalar hesabına idxal olunmuş mallar təşkil edir. Bundan başqa 2006-cı il ərzində ölkəyə 465, 1 mln. $ dəyərində təbii qaz və ümumi məbləği 1623, 5 mln. $-a bərabər olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da gətirilmişdir
2006-cı ildə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuşdur və həmin xidmətlərin ümumi həcmi 3, 8 mlrd. $ təşkil etmişdir. Bunun da 2, 9 mlrd. $ qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, 939, 9 mln. $ isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərdir. Beləliklə, xidmətlər balansının saldosu mənfi 1923, 4 mln. $ olmuşdur ki, bu da ÜDM-in 9, 7%-ni təşkil edir. Müqayisə üçün, bu göstərici 2005-ci ildə 15, 7% təşkil etmişdir.
Xidmətlər balansının kəsiri əsasən beynəlxalq kontraktlar çərçivəsində ölkənin neft-qaz sektorunun fəaliyyəti ilə bağlıdır. Belə ki, bu sektorda görülmüş işlərin yerinə yetirilməsi ilə əlaqədar ölkədə istifadə olunmuş 3, 7 mlrd. $ məbləğində xarici investisiyaların 1, 6 mlrd $-ı tikinti-quraşdırma və digər xidmətlərlə bağlı xərclərə görə xarici dövlətlərin rezidentlərinə ödənilmişdir. Bu isə xidmətlər balansının kəsirinin 83, 3%-ni təşkil edir.
Cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 930, 2 mln. $ təşkil etmişdir
Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 2005-ci ilə nisbətən 17, 0% artaraq 566, 3 mln. $ (ÜDM-in 2, 9%-i) təşkil etmişdir.
2006-cı ildə ölkə iqtisadiyyatında istifadə olunmuş xarici kapitalın ümumi həcmi 5, 1 mln. $ təşkil edərək əvvəlki ilin göstəricisindən 3, 3% çox olmuşdur. Bu göstəricinin əvvəlki dövrlərə nisbətən nəzərə çarpacaq dərəcədə artmamasının əsas səbəbi beynəlxalq neft-qaz kontraktları çərçivəsində iri layihələrin xarici investorlar tərəfindən maliyyələşdirilməsinin tamamlanma mərhələsinə çatması ilə əlaqədar neft-qaz sektoruna cəlb olunan birbaşa xarici investisiyaların əvvəlki ilə nisbətən 9, 9% azalması ilə bağlıdır. Nəticədə, neft-qaz sektorunda istifadə olunmuş birbaşa investisiyaların ümumi məbləği keçən ilə nisbətən 377, 6 min. $ azalaraq 3, 4 mlrd. $ təşkil etmişdir.
İqtisadi artım və neftin qiymətinin yüksəlməsi ölkənin tədiyə qabiliyyətində də öz əksini tapır. 2007-ci ilin 9 ayında cari əməliyyatlar hesabında 6 mlrd. ABŞ dollarına yaxın və ya ÜDM-in 31 faizi səviyyəsində profisit yaranmışdır. Neft-qaz sektoru üzrə ixracın 62 faiz artması nəticəsində ticarət balansında 10, 2 mlrd. ABŞ dolları müsbət həcmində saldo yaranmışdır.
Cari hesabda yaranmış böyük profisit nəticəsində hesabat ilində ölkənin strateji valyuta ehtiyatlarının həcmi 3 mlrd. ABŞ dollarından çox artaraq, 7 mlrd. ABŞ dollarını ötmüşdür. Hazırda ölkənin strateji valyuta ehtiyatlarının qeyri-neft sektoru üzrə mal və xidmətlərin idxalını maliyyələşdirmə müddəti beynəlxalq normadan 5 dəfə yüksəkdir.
10. 5. Xarici iqtisadi fəaliyyətin vergiyə cəlb edilməsi mexanizmi.
Hüquqi və fiziki şəxs beynəlxalq bazarlara çıxdıqda onların vergi problemləri artır. Hər bir dövlət öz vergi sisteminə, öz vergi dərəcələrinə və müvafiq vergi qanunvericiliyinə malikdir. Buna görə də qlobal səviyyədə kommersiya fəaliyyəti ilə məşğul olarkən aşağıdakıları nəzərə almaq lazımdır: milli vergiləri və vergi qanunlarını; xarici dövlətlərdə mövcud olan vergiləri və vergi qanunlarını; beynəlxalq vergi qanunlarını.
Müxtəlif ölkələrdə vergitutmanın müxtəlifliyi və bir-birindən fərqlənməsi, beynəlxalq ikiqat vergitutma halını yaratmaqla yanaşı, xarici iqtisadi fəaliyyətə vergitutma baxımından müəyyən üstünlüklər də verir. Belə ki, müxtəlif ölkələrdəki vergi dərəcələri arasındakı fərqdən, daha liberal qanunlardan istifadə edərək kapitalı və gəlirləri daha əlverişli vergi qanunvericiliyi mövcud olan ölkəyə köçürmək mümkündür.
Klassik siyasi iqtisaddan məlumdur ki, üç əsas istehsal amili-əmək, torpaq, kapital və bunlara müvafiq olaraq üç əsas gəlir forması-əmək haqqı, renta və mənfəət mövcuddur. Klassik ənənələrə sadiq qalaraq istehsal amillərinin və gəlirlərin aşağıdakı təsnifatını verə bilərik.
Gəlirlərin müasir təsnifatında aktiv və passiv gəlirlər fərqləndirilir. Xarici iqtisadi əməliyyatlar aparılan zaman aktiv gəlirlər hər hansı xarici dövlətin ərazisində daimi nümayəndəlik vasitəsilə aparılan kommersiya fəaliyyətidir. Bunun üçün isə həm fiziki, həm də hüquqi şəxslər üçün vergi domisili olmalıdır. Vergi domisili vasitəsilə alınan gəlirlər rezidentlik prinsipi əsasında, daimi nümayəndəliyi gəlirləri isə ərazi prinsipi əsasında vergiyə cəlb olunur. Aktiv gəlirlər vergi ödəyicilərinin (fiziki və hüquqi şəxslərin) məcmu gəlirlərinə daxil edilir və onlar iki əsas gəlir vergisini-şəxsi gəlir vergisini(fiziki şəxslər) və korporasiyaların mənfəət vergisini (hüquqi şəxslər) ödəməyə cəlb olunurlar. Bu iki verginin bütün mənbələri əhatə etmədiyi hallarda, vergilərin digər növləri də tətbiq edilir: əmlak vergisi, kapitalın artımına görə vergi, mülkiyyət bir şəxsdən digər şəxsə keçən zaman ödənilən vergilər və s.
Passiv gəlirlər onları götürən şəxslərin həmin yurisdiksiyada daimi nümayəndəliyinin olması ilə əlaqədar deyildir. Passiv gəlirlər xarici investisiyalı müəssisələrdə onların fəaliyyətinə tam nəzarət etmədən portfel investisiyası forması pay iştirakı nəticəsində yaranır. Bundan əlavə bura faizlər, dividentlər və royalti də daxildir. Bu gəlirlərin formalaşdığı dövlət ərazi prinsipini rəhbər tutaraq xarici investorun (qeyri-rezidentin) xeyrinə mənfəətin (gəlirin) bölüşdürülməsindən xüsusi vergilər tutur.
Xarici iqtisadi fəaliyyət zamanı birbaşa və dolayı vergitutma mexanizmini fərqləndirmək lazımdır. Birbaşa vergitutmada rezidentlik və ərazi mənsubiyyəti prinsipi aşağıdakı kimidir: Rezidentlik prinsipi fiziki və ya hüquqi şəxsin onun vergi domisilinin mövcud olma yeri üzrə vergi məsuliyyətini nəzərdə tutur. Həmin prinsipə əsasən təsərrüfat subyektinin gəlirləri fiziki və ya hüquqi şəxsin rezident olduğu ölkədə vergiyə cəlb olunur.
Bundan fərqli olaraq, ərazi mənsubiyyəti prinsipinə müvafiq olaraq hər hansı bir dövlətin ərazisində yaranan gəlir həmin dövlətdə vergiyə cəlb olunmalıdır. Bu cür gəlirlər digər dövlətin ərazisində yerləşən rezidentlərin xeyrinə bölüşdürülərkən xüsusi vergi tutulur (qeyri-rezidentin xeyrinə mənfəətin və ya gəlirin bölüşdürülməsindən vergi).
Formal olaraq rezidentlik prinsipinin tətbiqində yuxarıda göstərildiyi kimi inkişaf etmiş iqtisadiyyata malik ölkələr maraqlıdırlar. Belə ki, bu prinsip müxtəlif ölkələrdə əməliyyatlar aparan transmilli korporasiyaların bütün qlobal gəlirlərindən vergi tutmağa imkan verir. Ərazi prinsipi isə mahiyyət etibarilə transmilli korporasiyaların gəlirlərinin real olaraq formalaşdığı ölkələr üçün, yəni kapital idxal edən öləkələr üçün sərfəlidir. Bu ölkələrdən gəlirlərin faizlə, dividendlər və royalti şəkildə çıxarılması gəlirlərin (mənfəətin) bölüşdürülməsi üçün vergilərin tətbiqinə səbəb olur.
Real olaraq, həm inkişaf etmiş iqtisadiyyata malik ölkələr, həm də inkişaf etməkdə olan ölkələr öz vergi suverenliklərindən istifadə edərək, milli vergitutmada hər iki prinsipdən istifadə edirlər. Bu isə beynəlxalq ikiqat vergitutmaya səbəb olur.
Dünya praktikasında rezidentlik prinsipi xalis formada daha çox fiziki şəxslərin vergiyə cəlb olunması üçün səciyyəvidir. Əgər fiziki şəxs ikiqat vergitutmaya məruz qalırsa, xarici dövlətlər ya öz qeyri-rezidentlərini şəxsi gəlir vergisindən azad edirlər, ya da onlar üçün aşağı vergi dərəcələri (adətən 15%-dən aşağı) tətbiq edirlər.
Korporasiyalar üçün vergitutmanin hər iki prinsipinin tətbiqi xarakterikdir. Rezidentlik prinsipi əsasında korporasiyaların bütün gəlirləri (qlobal gəlirləri) və həmçinin ərazi prinsipi əsasında qeyri-rezidentlərin gəlirləri vergiyə cəlb olunur. Bir sıra ölkələr, adətən “vergi sığınacaqları”, bir qayda olaraq öz rezidentlərinə münasibətdə ərazi kriteriyasından çıxış edirlər, yəni yalnız öz yurisdiksiyalarında alınan gəlirləri vergiyə cəlb edirlər, onların xarici dövlətlərin ərazisində əldə etdikləri gəlirləri isə vergidən azad edilir. İnkişaf etmiş ölkələr içərisində Fransa və İsveçrə korporasiyaların gəlirlərinin vergiyə cəlb edilməsində bu metoddan istifadə edirlər.
Dolayı vergitutma mexanizminə diqqət yetirmək lazımdır. ƏDV təyinat yeri və mənşə ölkəsi prinsipləri. Bütün iqtisadiyyat çərçivəsində ƏDV-nin tutulması üçün baza ümumi investisiya məbləği çıxılmaqla, idxal və ixrac nəzərə alınmaqla Ümumi Daxili Məhsuldur. Rezidentlik və ərazi mənsubiyyəti prinsiplərində olduğu kimi ƏDV-nin tutulması zamanı iki vergitutma prinsipindən istifadə olunur: ərazi təyinatı prinsipi və mənşə ölkəsi prinsipi.
Ərazi təyinatı prinsipinə görə hər hansı yurisdiksiyaya son istehlak üçün gətirilmiş mallar, həmin malların istehsal olma yerindən asılı olmayaraq ƏDV-yə cəlb olunur. Bu prinsip onu nəzərdə tutur ki, ƏDV son istehlaka tətbiq olunur və ona görə də idxal ƏDV-yə cəlb olunur, ixrac isə cəlb olunmur.
Mənşə ölkəsi prinsipi onu nəzərdə tutur ki, hər hansı bir ölkədə istehsal olunmuş mallar və xidmətlər, həmin malların və xidmətlərin son istehlak yerindən asılı olmayaraq ƏDV-yə cəlb olunurlar. Bu halda ixrac vergiyə cəlb olunur, idxal isə cəlb olunmur və ƏDV məhsul istehsalından tutulan vergi kimi çıxış edir. ƏDV üçün vergi bazası rolonu məcmu daxili investisiyalar çıxılmaqla ÜDM oynayır.
Hazırda dünya iqtisadiyyatında ərazi təyinatı prinsipi əsasında tutulan ƏDV daha geniş tətbiq olunur, yəni ixrac vergidən azad olunur, mal və xidmətlərin idxalı isə vergiyə cəlb olunur. Vergilərin tutulmasına nəzarətin vergi orqanlarından başqa, idxalı həyata keçirən fiziki və hüquqi şəxslərin hesabatlarına əsasən həm də gömrük orqanları aparırlar. [115, s. 303-305]
Xarici iqtisadi fəaliyyət aparılan zaman əldə edilən aktiv və passiv gəlirlərin vergiyə cəlb edilməsinin özünəməxsus və bir-birindən fərqli xüsusiyyətləri mövcuddur.
Azərbaycan Respublikasında beynəlxalq vergi münasibətlərində rezidentlik prinsipini həyata keçirmək üçün Vergi Məcəlləsi ilə «rezident» və «qeyri-rezident» anlayışları 13. 2. 5. maddəsi ilə aşağıdakı kimi təsbit edilmişdir. [5, s. 11-12]
Aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs rezident hesab edilir:
- təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;
- təqvim ili irçərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
- Vergi Məcəlləsinin 13. 2. 5. 1 maddəsinin ikinci və üçüncü abzasında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
- daimi yaşayış yeri;
- həyati mənafelərinin mərkəzi;
- adətən yaşadığı yer;
- Azərbaycan Respublikasının vətəndaşları;
Fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun;
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarə edilən istənilən hüquqi şəxs.
Qeyri-rezident:
- Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;
- Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;
- məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən keçməklə bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs:
Göstərilən müddəalar Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə aid edilmir.
Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;
Məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən keçməklə bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;
Bu məcəllənin 13.2. 6.1-ci və 13.2. 6.2-ci maddələri Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə aid edilmir;
- Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;
- rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.
Vergi ödəyicisinin ailə üzvləri; ər-arvadlar; valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər; vərəsələr; doğma (ögey) bacılar (qardaşlar); bacı və qardaş övladları.
Mənbə və ya ərazi prinsipi ilə vergitutmanı həyata keçirmək üçün «Azərbaycan mənbəyindən əldə edilən gəlir» anlayışı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13. 2. 16 maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə görə Azərbaycan mənbəyindən gəlir aşağıdakılardır:
- Azərbaycan Respublikasında muzdlu işdən gəlir;
- Azərbaycan Respublikasında istehsal edilmiş malların istehsalçı tərəfindən təqdim edilməsindən gəlir;
- Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir;
- Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid edilən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, o cümlədən belə daimi nümayəndəlik vasitəsilə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) aid edilə bilən eyni cinsli, yaxud bənzər (oxşar) malların (işlərin, xidmətlərin) təqdim edilməsindən, habelə daimi nümayəndəlik vasitəsilə həyata keçirilən fəaliyyətə aid edilə bilən fəaliyyətdən və ya ona oxşar fəaliyyətdən əldə edilmiş gəlir;
Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar;
- vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən;
- Məcəllənin 114. 7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən;
- xərclərin Vergi Məcəlləsinin 141-ci maddəsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir;
- rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir, həmçinin bu hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir;
- rezidentlərdən alınan faizlər şəklində gəlir;
- rezident tərəfindən ödənilən pensiya;
- Azərbaycan Respublikasının ərazisində daimi nümayəndəliyi və ya əmlakı olan şəxsdən alınan faizlər şəklində gəlir - həmin şəxsin bu faizlər üzrə borcu bu cür daimi nümayəndəlik və ya əmlakla bağlıdırsa;
- Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlak üçün alınan royalti şəklində gəlir, yaxud Məcəllənin 13. 2. 23-cü maddəsində göstərilən və Azərbaycan Respublikasında saxalanılan və ya istifadə edilən əmlakın təqdim edilməsindən gəlir;
- Azərbaycan Respublikasında istifadə edilən daşınan əmlakın icarəyə verilməsindən əldə edilən gəlir;
- Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan əldə edilən gəlir, o cümlədən bu əmlakda iştirak payının təqdim edilməsindən gəlir;
- aktivlərin 50 faizindən çox olan hissəsi birbaşa və ya dolayısı ilə Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan ibarət olan müəssisənin səhmlərin və ya iştirak payının təqdim edilməsindən gəlir;
- rezidentin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan əmlak təqdim edilməsindən əldə etdiyi digər gəlirlər;
- idarəetmə, maliyyə xidmətləri göstərilməsindən əldə edilən gəlir - bu gəlir rezident hüquqi şəxsin və ya qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində yerləşən daimi nümayəndəliyi tərəfindən ödənilirsə, yaxud o, həmin müəssisə və ya onun daimi nümayəndəliyi ilə bağlanmış müqaviləyə əsasən əldə edilmişdirsə;
- Azərbaycan Respublikasında risqin sığortası və ya təkrar sığortası haqqında müqavilə üzrə ödənilən gəlir;
- Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya daşınmalar həyata keçirilərkən telekommunikasiya və ya nəqliyyat xidmətlərindən gəlir;
- Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan və Məcəllənin əvvəlki maddələrində əhatə edilməyən digər gəlirlər. Bu maddəyə uyğun olaraq gəlirin mənbəyi müəyyən edilərkən gəlirin ödənildiyi yer, həmçinin onun birbaşa və ya dolayısı ilə ödənilməsi nəzərə alınmır.
Ödəmə mənbəyində dividenddən vergi tutulması Məcəllənin 122-ci maddəsi ilə aşağıdakı qaydada həyata keçirilir:
- rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
- dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən həmin qaydaya uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.
- həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.
Ödəmə mənbəyində faizlərdən vergi tutulması (maddə 123):
Rezident banklarına, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərdən, gəlir bu Məcəllənin 13. 2. 16-cı maddəsinə uyğun olaraq gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Faizlərin faktiki sahibi fiziki şəxsdirsə, Məcəllənin 123. 1-ci və 123. 4-cı maddələrinə uyğun olaraq vergi tutulmuş faizlər həmin fiziki şəxslərə ödənildikdən sonra onlardan bir daha vergi tutulmur.
Faizlərin faktiki sahibi mənfəəti vergiyə cəlb olunan rezident müəssisədirsə və ya qeyri-rezidentin daimi nümayəndəliyidirsə, bu Məcəllənin 123. 1-ci maddəsinə uyğun olaraq vergi tutulmuş faizləri alan həmin müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi hesabladığı verginin məbləğini, ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri vermək şərti ilə bu mənbədə ödənilmiş verginin məbləği qədər azaldır.
Həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən ödəniş mənbəyindən 10 faiz dərəcəsi ilə vergi tutulur.
Ödəmə mənbəyində icarə haqlarından və royaltidən vergi tutulması qaydası aşağıdakı kimidir: (maddə 124).
- daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.
İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən bu Məcəllənin 124. 1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.
- Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir.
Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması isə aşağıdakı qaydada həyata keçirilir:
Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:
- dividend - Vergi Məcəlləsinin 122-ci maddəsinə uyğun olaraq;
- faizlər - Vergi Məcəlləsinin 123-cü maddəsinə uyğun olaraq;
- rezident müəssisənin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri - 4 faiz;
- Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz;
- rezident müəssisəsinin və ya sahibkarın aşağıdakı ödəmələrdən;
- muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər, o cümlədən Məcəllənin 13. 2. 16. 2-ci, 13. 2. 16. 10-cu, 13. 2. 16. 12-ci və 13. 2. 16. 14-cü maddələrinə göstərilən xidmətlərdən alınan gəlir və Azərbaycan mənbəyində əldə edilən digər gəlirlər - 10 faiz;
- rezident müəssisəsinin və ya sahibkarın muzdlu işlə əlaqədar ödədiyi gəlir - Vergi Məcəlləsinin 101-ci maddəsində göstərilən dərəcələrlə;
- icarə haqları və royalti - Vergi Məcəlləsinin 124-cü maddəsinə uyğun olaraq.
Bu maddənin məqsədləri üçün qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən və ya onun adından aparılan ödəmələr rezident müəssisənin ödəmələrinə bərabər tutulur.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87. 4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır.
Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentin xeyrinə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.
Məcəllənin 127. 1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.
Vergi Məcəlləsində güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlir 128-ci maddə ilə müəyyənləşdirilmişdir.
Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir.
Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi Vergi Məcəlləsində müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və ya maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun müvcud olduğu ölkə başa düşülür.
Gəlirlərin qeyri-rezidentlərin xeyrinə bölüşdürülməsi zamanı vergitutmanın digər mühüm xüsusiyyətlərindən biri də odur ki, faiz ödəmələri və royaltiyə nisbətən mənfəətin dividend formasında ixracı daha yüksək vergiyə məruz qalır. Bütün bunlardan əlavə bir çox inkişaf etmiş dövlətlərin vergi qanunvericiliyinə əsasən faiz ödəmələri vergiyə cəlb olunan mənfəət hesablanarkən ümumi mənfəətdən çıxılır, çünki onların ödənilməsi müəssisənin ilkin öhdəliyidir. Belə ki, həmin müəssisənin kapitalına borc formasında investisiyalar qoyulur. Vergitutmanın bu xüsusiyyətindən gəlirlərin (mənfəətin) bülüşdürülməsi zamanı vergilərin aşağı salınması məqsədilə firmadaxili kreditləşmədə geniş istifadə olunur. Vergilərin minimallaşdırılması məqsədilə transmilli qrupun tərkibində passiv gəlirlərin bir formasının digər formaya çevrilməsi mümkündür.
Xarici iqtisadi fəaliyyətlə məşğul olarkən digər mümkün risklərlə (siyasi, kommersiya, valyuta və s. ) yanaşı, həm də vergi risklərini də ayırmaq lazımdır. Vergi riski müəyyən ölkədə vergi siyasətinin dəyişməsi ilə, yeni vergitutma formalarının tətbiqi ilə, gəlir (mənfəət) vergisinin dərəcələrinin dəyişilməsi ilə, yeni gömrük rüsumlarının tətbiqi ilə, vergi güzəştlərinin ləğvi ilə və sair bu qəbildən olan hallar ilə əlaqədar ola bilər.
Vergi riskləri sığorta olunmur və tam şərti olaraq onları gözlənilən və gözlənilməyən risklərə bölmək olar. Gözlənilməyən risklər adətən, siyasi məsələlərlə bağlı olur. Gözlənilən riskləri isə ölkənin vergi siyasətindəki meyllərə əsasən qabaqcadan proqnozlaşdırmaq olur.
Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici və müştərək müəssisələrin vergiyə cəlb edilməsi də mühüm məsələlərdən biridir. Ölkəmizin zəngin təbii sərvətləri, əlverişli iqlim şəraiti və yüksək ixtisaslı kadr potensialı xarici investorlara iqtisadiyyatımıza öz sərmayə qoyuluşlarını artırmaq üçün şərait yaratmışdır.
Statistik məlumatlara əsasən son on ildə 1995-2005-ci illər Azərbaycan iqtisadiyyatına yönəldilən xarici sərmayə qoyuluşu 375, 1 mln. dollardan 4893, 2 mln. dollara yüksəlmişdir. 2006-cı ildə isə daha 3333, 1 mln. AZN qoyulmuşdur. Bunun böyük bir hissəsi neft sənayesinə, qalan hissəsi isə iqtisadiyyatın digər sahələrinə yönəldilmişdir. [44, s. 490]
Bu gün Azərbaycanda 796-dan çox xarici investisiyalı müəssisə fəaliyyət göstərir və ölkə üzrə bütün müəssisələrin ümumi sayında onların xüsusi çəkisi 5 faizdən artıq təşkil edir. Bu müəssisələrin istehsal etdikləri məhsulun və xidmətlərin həcmi 1999-cu ildə 2880 milyard manatdan (təxminən 720 milyon ABŞ dollarından artıq) 2005-ci ildə 7081 milyard manata çatmışdır. [37, s. 46-51]
Ötən illər ərzində dövlət büdcəsinə daxilolmalarda xarici investisiyalı müəssisələrdən ödənilən vergilərin xüsusi çəkisi də xeyli artmışdır. Əgər bu göstərici 1995-ci ildə cəmi vergi daxilolmalarına nisbətən 2, 4 faiz olmuşdursa, 1999-cu ildə 23, 6 faizə, 2000-ci ildə isə 21, 7%-ə qədər yüksəlmiş və sonrakı illərdə mütəmadi olaraq artır.
Təbii ki, xarici investisiyaların iqtisadiyyatımıza cəlb olunmasına təsir edən amillərdən biri də xarici investorlar üçün əlverişli vergi mexanizminin yaradılmasıdır. Dövlətin vergi siyasətinin başlıca istiqamətlərindən biri də məhz, ölkədə xarici investorların və iş adamlarının normal işləməsi üçün əlverişli iqtisadi şəraitin yaradılması, onlar üçün vergiqoymada müəyyən güzəştlərin nəzərdə tutulmasıdır.
Çünki Ümummilli liderimiz Heydər Əliyevin apardığı uzaqgörən siyasətin prioritet istiqamətlərindən biri milli bazarın dünya bazarı ilə, milli iqtisadiyyatın dünya iqtisadiyyatı ilə intensiv inteqrasiyanın düzgün təşkil edilməsi olmuşdur. [80, s. 13]
Azərbaycan Respublikasının Vergi Məcəlləsində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün vergi ödəyiciləri üçün eyni vergiqoyma şərtləri nəzərdə tutulmuş və ayrı-ayrı vergi ödəyicilərinə münasibətdə diskriminasiya halları yolverilməzdir. Xarici investisiyalı müəssisələr də yerli vergi ödəyiciləri kimi eyni vergilərin ödəyiciləridirlər və vergi qanunvericiliyində nəzərdə tutulmuş imtiyaz və güzəştlər onlara da şamildir. Bundan başqa, xarici hüquqi şəxslərin mənfəətinin investisiyaya yönəldilən hissəsi vergiyə cəlb olunmadan azaddır. Yuxarıda göstərildiyi kimi onların Azərbaycan Respublikasındakı mənbələrdən dividend və faizlər şəklində əldə etdikləri gəlirlər, habelə qeyri-rezidentin xeyrinə köçürülən hər hansı məbləğlər 10 faiz, nümayəndəlik yaratmadan Azərbaycan Respublikası ərazisində iş və xidmətlərin göstərilməsindən əldə etdikləri gəlirlər - 15 faiz, lizinq əməliyyatları üzrə ödəmələr və sığorta ödəmələri - 4 faiz, beynəlxalq rabitə və beynəlxalq daşımalardan əldə etdikləri gəlirlər isə - 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.
Eyni zamanda, Vergi Məcəlləsində Azərbaycan Respublikası ərazisində neft sazişləri əsasında karbohidrogen fəaliyyətini həyata keçirən xarici şirkətlər üçün xüsusi rejimli vergitutma mexanizmi nəzərdə tutulmuşdur. Bu şirkətlər üçün vergiqoyma məsələləri Azərbaycan Hökuməti ilə podratçı-xarici şirkətlər arasında bağlanmış müvafiq protokollarla tənzimlənir. Bu protokollara əsasən Azərbaycan Respublikası ərazisində karbohidrogen fəaliyyətini həyata keçirən xarici subpodratçı şirkətlər gördükləri iş və xidmətlərə görə əldə etdikləri gəlirlərdən yalnız ödəniş mənbəyində tutulan mənfəət vergisinin ödəyiciləridirlər. Bu verginin dərəcələri neft konsorsiumlarından asılı olaraq müəyyən edilmiş və 5 faiz, 6, 25 faiz və ya 8 faiz təşkil edir. Ödəniş mənbəyində tutulan mənfəət vergisindən başqa, bu şirkətlər karbohidrogen fəaliyyətindən əldə etdikləri gəlirlərindən respublika vergi qanunvericiliyində müəyyən edilmiş digər vergiləri ödəməkdən azaddırlar. Neft sazişləri üzrə podratçı tərəf sayılan xarici şirkətlərin karbohidrogen fəaliyyətindən əldə etdikləri gəlirləri isə həmin sazişlərlə müəyyən olunan dərəcələrlə yalnız mənfəət vergisinə cəlb olunmalıdırlar.
ATƏT-in eksperti Boqdan Marçevskinin fikrinə görə, “Azərbaycanın vergi sistemi qeyri-adidir, çünki iqtisadiyyatın üç müxtəlif sahəsində üç cür vergi sistemindən istifadə olunur. Birinci sistem ölkənin 1 yanvar 2001-ci il tarixində qüvvəyə minən yeni Vergi Məcəlləsində əks olunmuşdur. Bu yeni qanun bir neçə vergi növünü geniş əhatəli vahid bir məcəllədə toplamışdır. Yeni Məcəllə “Hasilat Bölgüsü Müqaviləsinə uyğun olaraq Azərbaycanın neft və qaz sənayesi ilə bağlı Gürcüstan və Türkiyə ərazisindən keçəcək əsas neft kəmərinin çəkilməsilə əlaqədar fəaliyyət göstərən müəssisələr istisna olmaq şərti ilə hamıya şamil edilir. İkinci vergi sistemi əsas boru xətti ilə əlaqədar fəaliyyət göstərən şirkətlər, üçüncü sistem isə “Hasilat Bölgüsü Müqaviləsində müəyyən edilən iqtisadi fəaliyyətə aid edilir. [317, s. 15]
Hazırda Azərbaycan Respublikasının Vergi Məcəlləsində ölkəmizdə xarici investorların və iş adamlarının normal fəaliyyəti üçün vergiqoymada kifayət qədər imtiyaz və güzəştlər nəzərdə tutulmuşdur.
Beləliklə, yuxarıda göstərildiyi kimi beynəlxalq vergitutma milli vergitutmaya nisbətən daha mürəkkəbdir. Qlobal iqtisadiyyatda vergi ödəyicisinin rezident olduğu ölkə ilə gəlir mənbəyi olan ölkənin maraqları üst-üstə düşür. Bu sahədə müvafiq sazişlər imzalamış bütün tərəflər üçün və ayrı-ayrı vergi ödəyiciləri üçün məcburi olan beynəlxalq hüquq normaları mövcuddur.
Beynəlxalq iqtisadi münasibətlərdə vergilər həm xarici iqtisadi fəaliyyətin tənzimlənməsi vasitəsi kimi, həm də dövlət gəlirlərinin əsas mənbələrindən biri kimi çıxış edərək sahibkarlar üçün əsas xərc amillərindən biridir. Sahibkarlar beynəlxalq vergi planlaşdırmasının əsas mexanizmlərindən istifadə edərək, öz işgüzar fəaliyyətləri zamanı müxtəlif vergi risklərini nəzərə almalıdırlar. Beynəlxalq ikiqat vergitutma fiziki və hüquqi şəxslər üçün əlavə vergi yükü olaraq, yalnız bütün dövlətlərin vergi siyasətlərinin bir-biri ilə uzlaşdırılması yolu ilə tənzimlənə bilər. Müasir dünyada vergi harmonikləşdirməsinə hələ tam nail olmaq mümkün olmadığından, beynəlxalq səviyyədə vergitutma probleminin yeganə həlli yolu ikiqat vergitutmanın aradan qaldırılması sahəsində konvensiyaların bağlanılmasıdır. Eyni zamanda hər bir ölkə birtərəfli qaydada az və ya çox dərəcədə öz rezidentləri üçün ümumi vergi məbləğinin minimallaşdırılmasını təmin edə bilər.
Xarici iqtisadi fəaliyyət zamanı nəzərə alınmalı olan əsas vergi növləri bunlardır: hüquqi şəxslərin mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, kapital və əmlak vergisi, əlavə dəyər vergisi, gömrük rüsumları və gəlirin (mənfəətin) bölüşdürülməsindən vergilər. Digər bərabər şərtlərlə birlikdə vergitutmada daha güzəştli şərtlər təklif edən ölkələr kapital və əmtəə resurslarının öz ərazilərinə axmalarına şərait yaradırlar. Ölkənin vergi iqlimi (vergi sistemi tipi, əsas vergi növləri və onların dərəcələri, vergi güzəştlərinin xarakteri, beynəlxalq vergi sazişlərinin mövcudluğu) hazırda investisiya qərarlarının qəbul olunmasında ən başlıca müəyyənedici amildir. Bu, daha yüksək vergi dərəcələri tətbiq edən ölkələri öz vergi siyasətlərinə müvafiq dəyişikliklər etmək məcburiyyətində qoyur, əks halda bu ölkələr vergi sığınacaqları ilə rəqabət apara bilməzlər.
Sonda onu qeyd etmək lazımdır ki, dövlətlə vergi ödəyicisi arasında davam edən qarşıdurma prosesi indi yeni - beynəlxalq inkişaf mərhələsinə qədəm qoymuşdur.
.
Dostları ilə paylaş: |