Sabitlər isə proqramın icrası prosesində dəyişikliklərə məruz qalmayan kəmiyyətlərdir, məsələn, “pi” ədədi.
Seçilmiş tipə uyğun dəyişən operativ yaddaşda müəyyən xanada yerləşir. Verilənləri strukturlaşdırdıqda dəyişənləri tiplərə görə rasional bölmək lazımdır. Dəyişənlərin bu sadaladığımız tipləri konkret dillərdə geniş əhatə olunduğu üçün biz bu fənn çərçivəsində onları təkrarən öyrənməyəcəyik.
"Verilənlərin strukturu və alqoritmlər" kursunun öyrənilməsi hər hansı konkret proqramlaşdırma dilinin tətbiqinə əsaslanmır, amma biz, fənnin öyrənilməsində əhatə edilmiş alqoritmləri və verilənlərin strukturunu Python dilinin əsasında izah edəcəyik. Alqoritmlərin mürəkkəbliyinin təhlilində isə, bəzi hallarda, psevdokodlardan istifadə ediləcəkdir.