15.Nəsrəddin Tusinin fəlsəfi dünyagörüşü Nəsrəddin Məhəmməd oğlu Tusinin dünyagörüşü (1201-1274) Orta əsr Şərqində həm böyük ensiklopediyaçı alim, həm də görkəmli filosof kimi ad-san qazanmışdır. İbn Yusif, Şəmsəddin Xosrov, Şahi Təbrizi (1184-1252) və başqalarından mükəmməl təhsil almış Nəsrəddin Tusi riyaziyyata, astronomiyaya, optikaya, mineralogiyaya və digər elmlərə dair dəyərli əsərlərlə yanaşı məntiqə, fəlsəfəyə, etikaya dair də orijinal traktatlar yazmışdır. İbn Əl-İbri Nəsrəddin Tusini “Marağada rəsədxana sahibi, bütün fəlsəfi elmlərdə şə’ni olan böyük filosof” kimi təqdim edərək yazır: Onun məntiqə, təbiətə, metafizikaya, evklid həndəsəsinə aid çoxlu əsərləri vardır, farsca “Etika” kitabı son dərəcə yaxşıdır”.
Nəsrəddin Tusinin yaradıcılığında “Etika”, “Mövcudatın bölküsü və onun cisimləri” və s. Fəlsəfi əsərlər mühüm yer tutur. İbn Sinanın “İşarələr və qeydlər” kitabına yazılmış şərh xüsusilə qiymətlidir. Filosof ağır şəraitdə Ələmut qalasında bir növ həbsdə olarkən onun üzərində işlədiyini qeyd edir. Burada İbn Sinanın mütərəqqi fəlsəfi fikirləri ortodoksal islam ideoloqlarının hücumlarından nəzakətlə qorunur, inkişaf etdirilir.Filosof göstərir ki, insanlar çox elm öyrənib, çox biliyə yiyələndikcə onların əqli yetkinliyi, idrak qabiliyyəti artır.
Marağa rəsədxanasındakı fəaliyyəti Nəsrəddin Tusiyə dünya şöhrəti gətirmişdir. O, oraya yaradıcı alimləri və filosofları də’vət etmiş, onların işləmələri üçün hər cür şərait yaratmışdır. 1266-cı ildən Nəsrəddin Tusi ilə bir yerdə çalışan Azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içi boş yer kürrəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Təəssüf ki, elm aləmində elə hesab edirlər ki, ilk coğrafi qlobusu guya alman alimi Martin Bahaym (1459-1507) hazırlamışdır. Nəsrəddin Tusi Marağa rəsədxanasında çalışan alimlərdən bir çoxuna dərs demişdir. Nəcməddin Katibi Qəzvini (1203-1277), Şəmsəddin Şirvani (?-1300), Qütbəddin Şirazi (1236-1311) və başqa təbiətşünas alimlər, məntiqçi filosoflar, bilavasitə Nəsrəddin Tusi məktəbinin yetirmələridir.