İncəsənət ictimai şüur forması olub, həm də dünyanın mənəvi-praktiki dərk olunmasının xüsusi tipidir. İctimai şüur formalarının hər biri ətraf aləmi özünəməxsus üsullarla, (elm – anlayışlar, kateqoriyalar vasitəsilə, hüquq – qanunlarla, əxlaq – davranış normaları ilə və s.) əks etdirir. İncəsənət isə insan şüurunda gerçəkliyin bədii surətlər vasitəsi ilə in’ikası formasıdır.
Dini şüur. Öz mənşəyinə görə ən qədim şüur formalarından biri olan din cəmiyyətin lap ibtidai pillələrində meydana gəlmişdir. Dinin mahiyyətini və meydana gəlmə səbəblərini cəmiyyətin və təbiətin qarşılıqlı əlaqəsini analiz etmədən açmaq olmaz. İbtidai insanların təbiət qüvvələri qarşısındakı acizliyi, onlara tə’sir etmək imkanının məhdudluğu dini şüurun meydana gəlməsi üçün əsas şərtlərdən olmuşdur. Dinin ilk formaları təbiət hadisələrini, ayrı-ayrı cisimləri, heyvanları ilahiləşdirməklə əlaqədar olmuşdur. Dinin bu ibtidai formalarının (animizm, totemizm) qalıqları sonralar yaranmış dinlərdə də özünü göstərir.
Fəlsəfi şüur. Fəlsəfi şüur da başqa şüur formaları kimi ictimai münasibətlərlə əlaqədardır. Bu əlaqə vasitəli xarakter daşıdığı üçün adətən o, hər hansı münasibətlər sisteminə bilavasitə aid edilmir. Fəlsəfi şüurun ictimai münasibətlərlə əlaqəsi dini və estetik şüurun əlaqəsi kimidir. Əxlaq, siyasi və hüquqi şüur bilavasitə insanlar arasındakı münasibətlərin nəticəsi olduğu halda, fəlsəfi şüur onlardan fərqli olaraq, gerçəkliklə və insanlar arasında mövcud münasibətlərlə genetik, funksional surətdə əlaqədardır. Fəlsəfə digər ictimai şüur formalarının təşəkkül tapmasının və inkişafının mexanizmini izah edir.
26.Fəlsəfədə qanun və qanunauyğunluq anlayışları Fəlsəfədə hadisələrin qarşılıqlı səbəb əlaqələrinin müxtəlifiyinə baxmayaraq, onların öyrənilməsi çox müxtəlifdir.
Ən ümumi formada qanun– şeylər, hadisələr və ya proseslər arasındakı müəyyən zəruri münasibətdir ki, bu da onların daxili təbiətindən, onların mahiyyətindən irəli gəlir. Qanun anlayışı obyektiv aləm hadisələrinin vəhdətinin, əlaqəsinin və qarşılıqlı asılılığının insanın dərk etməsi pillələrindən biridir. Bu anlayış elm və fəlsəfənin uzun zaman davam edən inkişafı nəticəsində hasilə gəlmişdir.
Qanun» və «qanunauyğunluq» terminləri eyni cür münasibətləri ifadə edir, buna görə də onlar çox vaxt eyni mənada işlənir. Lakin bu terminlərin işlədilməsində müəyyən bir fərq də vardır. Qanun hadisələr arasındakı konkret zəruri əlaqəyə deyilir. «Qanunauyğunluq» termini isə, hər şeydən əvvəl, hadisələrin müəyyən düzgünlüyü, ardıcıllığını göstərmək üçün işlədilir. Məsələn, ilin fəsillərinin dəyişməsində müəyyən düzgünlük müşahidə olunur: yayın ardınca payız, payızın ardınca qış gəlir və i.a. Bu düzgünlükdə, ardıcıllıqda qanunauyğunluq təzahür edir. Günəşin və ayın tutulmasının dövrülüyü haqqına bunu söyləmək olar. «Qanunauyğunluq» termini müəyyən bir hadisənin təsadüfi olmadığını qeyd etmək lazım gəldiyi hallarda da işlədilir