24.Mənlik şuurunun səviyyələri İnsan şüuru tələb edir ki, dünyaya münasibətdə müəyyən fəal mövqeyin daşıyıcısı olmaq e”tibarilə subyekt özünü digər subyektlərdən seçib ayırsın. İnsanı özünü seçib ayırması, özünə müəyyən münasibət bəsləməsi, öz imkanlarını obyektivcəsinə qiymətləndirməyi bacarması insan xarakteristikasının spesifik formasını təşkil edib mənlik şüuru və ya özünüdərketmə adlanır. Mənlik şüuru insanın özünə doğru yönəltdiyi şüurudur. Onun obyekti şüurun özüdür.
Müxtəlif səviyyələrdə və müxtəlif formalarda təzahür edən mənlik şüuru tarixi inşkişafda götürülən mürəkkəb törəmədir. Onun hal-əhval adlanan birinci forması insanın öz varlığını elementar şəkildə başa düşməsinə və özünü onu əhatə edən cisimlər və insanlar sırasına daxil etməsinə əsaslanır. Hətta şeylərin mövcudluğunun insandan və onun şüurundan kənarda elementar tərzdə qavranılması belə mənlik şüurunun müəyyən formasını tələb edir. Hər hansı bir cismin mövcudluğuna inanmaq üçün onun qavranılması prosesinə insanın digər təbii və sosial sistemlər içərisində yerini müəyyən edən və onda baş verən, mahiyyətcə xarici aləmdəki dəyişikliklərdən fərqlənən prosesləri nəzərə ala bilən bir mexanizm daxil edilməlidir.
Mənlik şüurunun ikinci səviyyəsi insanın öz-özünü hər hansı bir insan birliyinə, ayrıca bir mədəniyyətə və ya sosial qrupa məxsus olan varlıq kimi dərk etməsilə bağlıdır.
Nəhayət, bu prosesin inkişafının ən yüksək üçüncü səviyyəsini “Mənlik” şüurunun yaranması təşkil edir. Bu səviyyədə insan öz “Mən”inin digər şəxslərdən oxşar və fərqini – özünün nadir varlıq olmasını və təkrar olunmazlığını, sərbəst hərəkətlərə qadir olmasını, hərəkət və davranışları üçün mə”suliyyət hissi daşımasını, onlara nəzarət etməyin və onları düzgün qiymətləndirməyin vacibliyini dərk edir.
Lakin mənlik şüuru özünüdərkin müxtəlif forma və səviyyələri olaraq qalmır. Mənlik şüuru həm də özünü qiymətləndirmə və özünə nəzarətdir. Mənlik şüuru insanın özünü özü üçün ideal kimi qəbul etdiyi “Mən” ilə tutuşdurmasının və bu müqayisənin gedişində özü haqqında razılıq və ya narazılıq hissinin yaradılmasını tələb edir.