AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


GİLANDA ƏLİXANIN ÜSYAN VƏ TÜĞYANI, ƏBƏDİ



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə80/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   76   77   78   79   80   81   82   83   ...   96

 

GİLANDA ƏLİXANIN ÜSYAN VƏ TÜĞYANI, ƏBƏDİ 

DÖVLƏTİN QÜVVƏSİ İLƏ ONUN ÜZƏRİNƏ LƏŞKƏR 

GÖNDƏRİLMƏSİ, O ALÇAQ ADAMIN VƏ BİR DƏSTƏ 

FİTNƏKARIN HƏBS OLUNMALARININ ZİKRİ 

 

Fərhad  xanın  səyi  və  təşəbbüsü  ilə  yenidən  Biyəpəs 



Gilanının  hakimi  olan  Əlixan  öz  istiqlal  bayrağını  dalğalandırdı. 

Sücaətlərinə  görə  bütün  Gilan  adamlarından  üstün  olan  o  vilayət 

hərbçiləri  onun  başına  yığıldı.  Saxta  adam  olduğu  və  başına 

özbaşınalıq  havası  dolduğu  üçün,  az  vaxt  içərisində  onun  tifaqı 

dağıldı, qəddar  gilanlılardan  malı  və  mülkü (əqar) çox olduğundan 

qürurlanıb, qədəmini itaət dairəsindən kənara çıxardı, Fərhad xanla 

etdiyi  əhd-peymanı  unutdu,  dili  "üsyan"  kəlməsi  ilə  açılmağa 

başladı.  Biyəpəs  Gilanı  pak  hümayun  şəhriyarın  qədəmləri  ilə 

cənnət  meydanına  çevrilən  vaxt  o,  öz  bəxtinin  yoxluğundan  və 

iqbalının  dönüklüyündən  o,  amal  qibləsinin  (Şah  Abbasın  -Ş.F.) 

ayağı  altındakı  torpağı  öpmək  şərəfinə  yetmədi,  boş  xəyallara 

qapılıb qalibiyyətli ləşkərlə qarşılaşmaq üçün özünə ləşkər və yaraq 

hazırlamağa başladı. Yollarda və keçildlərdə çəpərlər dikəltdi, bütün 

əsas  yolları  bağladı.  Amma,  bunu  bilmədi  ki,  balaca  bir  alacəhrə 

quşu  (səvə)  ənginliyə  uçan  şahinin  qabağında  tab  gətirə  bilməz. 

Nəticədə, özünün bu cürətinə görə zavala uğradı. 

Xülasə,  elə  ki,  hümayun  fallı  şəhriyarın  Gilan  diyarına 

gəlişi zahir oldu və Əlixanın üsyanı xəbəri eşidildi, padşahın qəzəb 

bəhrinin dalğaları təlatümə gəldi, yuxarıda yazıldığı kimi, müzəffər 

əskərlər  Fərhad  xanın  sərkərdəliyi  ilə  onun  üstünə  şığıdılar.  Onlar 

Sefidrudu  keçib Biyəpəs  ülkasına  üz  tutduqda,  Əlixan,  qalibiyyətli 

əskərlər  hələ  gəlib  çatmazdan  əvvəl,  bərk  həyacana  düşdü,  onun 

ətrafına yığışan adamlar dağılışmağa üz tutdular. Dəstə-dəstə həmin 

nadan  və  cahildən  aralananlar,  xanın  yanına  gəlməyə  başladılar. 

Biyəpəsin  əksər  mahalları  qiyamətəsər  ləşkər  atlarının  ayaqları 

altında  döyəcləndi,  heç  kim  onun  köməyinə  yetmədi,  var-dövləti 

qarət  olundu.  Canında  zəiflik  və  halında  halsızlıq  görən  Əlixanın 

yaxın adamlarının əksəriyyəti fərar  yolunu önə tutdular, Əlixan isə 

böyük  qəm-qüssə  ilə  qədim  ata-baba  yurdu  olan  Fumən  ülkasına 

gəldi.  Oranın  da  camaatı  ona  itaətdən  boyun  qaçırdı  və  onunla 



834 

 

razılıq yolundan döndü. Əlixan Azərbaycan ləşkərinin hücumundan 



öz  hayında  olan  Əmirə  Müzəffərdən  də  kömək  ala  bilməyərək 

məyus  oldu  və  fikirləşdi  ki,  artıq  məmləkət  gəlinini  əlindən 

çıxarmışdır.  Var-dövlətini  dərya  kənarına  aparıb  gəmiyə  mindi  və 

yarımcan halda həlak burulğanından nicat sahilinə çıxa bildi. Fərhad 

xanın  dərya  kənarına  yolladığı  qorxmazlıq  meşəsinin  igidləri 

məqsədə yetişə bilmədilər. 

 

Şer 

 

Elə ki, olmadı bəxti onayar,  

Üzünə hər yandan bağlandı yollar.  

"Etdiyim əməldən peşmanam" dedi,  

Amma, peşmançılıq fayda vermədi.

588


 

 

 



Axırda  naəlac  qalıb  özünün  və  əcdadının  doğulub  boya-

başa  çatdığı  Fumənin  Zərmex  adlı  yerinə  pənah  apardı.  O  yerin 

adamlarının  əksəriyyəti  qorxusundan  ona  kömək  etməyə  başladı. 

Əlixan  Zərmexdən  olan  bir  neçə  tərəfdarı  ilə  sərt  dağlara  və 

keçilməz  meşələrə  üz  tutdu.  Həmin  meşələrə  ağacların  sıxlığından 

günəş  şüaları  çətinliklə  düşür,  yarpaqlarının  çoxluğundan  külək 

onları tərpədə bilmirdi. Əlixan həmin yerə sığındı, ehtiyat tədbirləri 

görməyə  başladı.  Biyəpəs  sərdarları  isə  aldıqları  əmrə  görə  onun 

axtarışına çıxdılar. 

Bir  neçə  gündən  sonra  məlum  oldu  ki,  Əlixan  Zərmexə 

getmiş,  qorxulu  və  hündür  yolları  olan  həmin  yerlərdə  aram 

tutmuşdur. Fərhad xan bu xəbəri eşidib əmr etdi ki, şücaətli qazilər o 

dağ  və  meşəni  muhasirəyə  alsınlar,  oranın  hər  tərəfini  müşahidə 

etməyə başlasınlar. [Buna görə də] piyadalar dəstə ilə həmin yerləri 

gəzib-dolaşmağa  başladılar.  Ağacların  çoxluğu,  gil  və  laylarının 

çətinliyi üzündən xəyal qoşununun belə keçə bilmədiyi ağır  yolları 

qət edən adamlar yüksəkliklərə qalxaraq şücaət göstərirdilər. O biri 

                                                           

588

 Beytlərin farscası: 



Ço şod bəxte-bidare-u coflxab,  

Bər u bəste şod rah-o rəye-səvab.  

Pəşiman şod əz hər çe xod kərde bud  

Və leykən nədamət nəmidaşt sud.  

 


835 

 

tərəfdən  də  Əlixan,  başçıları  Kamran  Lulmey  olan  tərəfdarları  ilə 



birlikdə,  müqavimət  qalxanın  üzünə  tutub,  imkan  olduqca,  canım 

qorumağa çalışdı. Tərəflər çox vaxt cəngəlliklərdə bir-birlərinə çatıb 

vuruşur  və  hərb  atəşi  şölələnirdi.  Əlixan  hər  gecə  bir  yerdə,  hər 

ləhzə  başqa  məkanda  olur,  nəzərlərində  dağ  və  çöl  bərabər  olan 

müzəffər döyüşçülərin qorxusundan bir an da bir yerdə qala bilmir, 

rahat  olmurdu.  O,  bu  minvalla  iki  ay  gün  keçirdi.  Baxmayaraq  ki, 

qazilər  bir  neçə  dəfə  meşədə  Əlixana  çatıb  cəng  etmiş  və 

adamlarının  çoxunu  qətlə  yetirmişdilər,  amma  o,  yenə  qaçıb  bir 

guşədə  gizlənmişdi.  Azərbaycan  vilayətindən  on  min  nəfərədək 

piyada  və süvari   adam toplayan  Zülfüqar  xan fərman alıb Gilana 

rəvan oldu,  Astara  və  Təvaleş  yoluyla  Kəskər üzərinə hücum etdi, 

dərya kənarındakı və başqa yolları zəbt etdi, həmin vilayətdə həmlə 

və qarət atəşi şölələndi. Əmirə Müzəffər  Kəskər camaatı  və Əmirə 

Səyavuşun oğlanları ilə gələrək istər-istəməz Əlixanla ittifaq etdilər, 

öz  yurdlarında  təmkin  göstərib  onunla  birlikdə  cəngə  yollandılar. 

Zülfüqar xan Azərbaycan ləşkəri ilə onlara hücum etdi, böyük hərb 

oldu,  Kəskər  camaatından  bir  miqdar  adam  qətlə  yetirildi,  onların 

var-dövlətləri  tarac  olundu.  Adı  çəkilən  əmirə  öz  yoldaşları  ilə 

məğlub  edildi  və  Əlixan  fərar  yolunun  üzünə  bağlanmış  olduğunu 

gördü.  Özünün  bəla  girdabına  qərq  olduğunu  bilib  sərgərdan  qaldı 

və cəngəlistana qədəm qoydu,  Kəskərin çox qadını  və uşaqları əsir 

götürüldü,  yerdə  qalan  adamlar  isə  öz  əhl-əyallarını  qorumaqdan 

ötəri itaətə gəlib Zülfuqar xan ordusuna qoşuldular, can və mallarını 

qorudular.  Sir  ovlayan  qazilər  Əmirə  Müzəffərin  və  onun  qardaşı 

oğlanlarının  tələbiylə  meşə  və  dağa  qədəm  basdılar,  [Əlixanı] 

axtarmaqla  məşğul  oldular.  Nəhayət,  bir  yerdə  onu  tapıb  üzərinə 

hücuma  keçdilər,  onu  yoldaşları  ilə  birlikdə  mühasirəyə  aldılar. 

Onlar canlarından keçərək, taqətləri çatana qədər döyüşdülər, amma 

özlərini aciz, fərar yolunu isə bağlı gördülər, əsir düşməkdən başqa 

heç bir çarə tapmadılar. Müzəffər qazilər adı çəkilən əmirəni onun 

qardaşı  oğlanları  ilə  birlikdə  tutub  gətirdilər.  Onların  həbsindən 

sonra, Zülfüqar xan Fərhad xanın ordusuna tərəf yollandı, gəlib ona 

birləşdi.  Bu  tərəfdən  də,  müzəffər  əsgərlər  dağ  və  meşənin  eniş-

yoxuşunu  tutub,  Əlixanın  tutulmasından  ötrü  cəhd  edirdilər. 

Əlixanın  vəziyyəti  get-gedə  çətinləşirdi.  Haraya  gedirdisə  orada 

döyüş meşəsinin sirlərini döyüşə hazır görürdü. Naçar qalıb gecənin 

zülmətində  ləşkər  və  qoşuna  xəbər  vermədən,  özünün  Kamran  və 

Kamranla  yekdil  olan  tərəfdarları  ilə  meşədən  çıxdı.  Müzəffər 



836 

 

ləşkərin  qarovulları  o  hüdudun  hər  tərəfini  əhatələyib  çıxış  yolunu 



qapadıqlarından, o, bir ev taparaq, oranın adamlarına sığındı. O evin 

sahibi, gilanlıların xislətinə uyğun olmayan mərdanəliklə, onu yaxşı 

qarşıladı  və  mühafizə  etməyə  başladı,  imkanı  olduqca  xidmətində 

dayanıb  onu  gizlətdi.  O  meşəni  şir  ovlayan  qazilər  yenə  də 

axtarırdılarsa  da,  ondan  əsər-əlamət  tapmırdılar.  Heç  kimin  ağlına 

gəlmirdi  ki,  Əlixan  evlərin  birində  gizlənmiş  olsun,  çünki  evlərin 

əksəriyyətində əzəmətli qazilər yerləşmişdilər və inanmırdılar ki, bu 

kəndin adamları həmin işə cürət etmiş olalar. 

Xülasə,  bu  iş  çox  uzandı.  Məqsəd  çöhrəsi  hicab  altından 

heç bir vəchlə görünmürdü. Buna görə də müzəffər əsgərlər məlala 

düşdülər,  bir  ləhzə  də  gözlərinə  yuxu  gəlmədi.  Amma,  nəhayət 

murad  küləyi  arzu  cinahından  əsməyə  başladı  və  o  düşmənin 

tutulması  xəbəri  gəlib  müzəffər  əsgərlərə  yetişdi.  Məsələ  belə 

olmuşdu:  O  ətrafda  olan  bir  dəstə  qazi  Əlixanın  gizlənməsini 

anlamış  və  axtarışa  başlamışdılar.  Ev  sahibi  mehmanlarını  bu 

vəziyyətdən  xəbərdar  etdi  və  onlar  məcbur  olaraq  gizləndikləri 

yerdən çıxıb cəngəlliyə üz tutdular. Bunu bilən qazilərin bir dəstəsi 

onların  arxasınca  getdilər,  meşənin  kənarına  çatdılar,  aralarında 

savaş  oldu,  hərb  atəşi  şölələndi.  Həmin  müxalif  adamlar  qazilərin 

şərini  uzaqlaşdırmağa  çalışdılar,  onların  bəziləri  yaralandı,  bəziləri 

isə  qətlə  yetirildi.  Cəngavər  igidlər  isə  onların  atdığı  oxlardan 

qətiyyən  çəkinməyərək,  Əlixandan  əl  çəkmirdilər.  Türkman 

qorçilərindən  biri  olan  Heydər  bəy  Dəvəlioğlu  gəlib  ona  çatdı. 

Əlixanın  yoldaşı  Kamranın  atdığı  iki  oxun  ona  dəyməsinə 

baxmayaraq, Heydər bəy atdan piyada olub Əlixanın üstünə cumdu, 

bəxti  gətirdi,  onun  kəmərinə  əl  ataraq  tutub  saxladı.  Əlixanı  onun 

əlindən  xilas  etmək  istəyən  Kamran  yalın  şəmşirlə  onun  üstünə 

yüyürdü  və bir neçə yerdən onu yaraladı.  Heydər bəy öz qeyrət  və 

mərdanəliyindən yenə də Əlixandan əl çəkmədi, amma yaraları ağır 

olduğumdan  əli  gücdən  düşmüşdü  və  daha  Əlixanı  tutub  saxlaya 

bilmirdi.  O  qədər  saxladı  ki,  qazilərin  biri  arxadan  gəlib  Əlixanı, 

başqa  bir  qazi  isə  Kamranı  qucaqlarına  çəkdilər.  Habelə,  onların 

yoldaşları  bir-bir  tutuldular.  Bu  işdən  xəbər  tutan  müzəffər 

əsgərlərin  və  amalları  zəfər  olan  qazilərin  hücumu  nəticəsində 

müxaliflər  tutuldular  və  cənab  xanın  yanına  gətirildilər.  Onları  da 

Əmirə  Müzəffər  və  qardaşı  oğlanları  kimi  zəncirləndilər. 

Müxaliflərin  tutulmaları  baradə  paytaxta  məktub  göndərildi. 

Əlahəzrət  zilləllah  şah  Fərhad  xanı  həddindən  artıq  təltiflərlə 



837 

 

nəvazişləndirildi,  Əlixanı  tutan  şəxsə  isə  qiymətli  xələtlər,  daş-



qaşlarla  bəzənmiş  kəmər  və  ciqqə  verdi,  onu  əlli  İraq  tüməni 

məbləğinə  bərabər  olan  əlli  min  kəpəki  pul  ilə  də  sərəfraz  etdi. 

İgidlik  və  şücaət  göstərib  şəhadət  dərəcəsinə  çatan  Heydər  bəyin 

ailəsinə  də  nəvaziş  göstərdi,  xosrovanə  inayət  göstərərək  onları 

şahanə  xələtlərlə  mükafatlandırdı.  Kəskər  vilayətinin  hakimliyi 

Abdal Sultan Qacara verildi. 

Xülasə,  Fərhad  xan  dünyanı  tutan  şəhriyarın  fərmanı  ilə 

Gilan  işlərini  və  rəiyyətin  şəraitini  lazımi  kimi  yoluna  qoydu. 

Zülfüqar  xan,  zəfər  nişanlı  əsgərlər  və  Gilanın  əzəmətli  adamları 

olan Müzəffər və Kamranla birlikdə səadətli astanaya üz tutdu. Elə 

ki,  Qəzvin  darüssəltənəsinə  gəlib  çatdılar,  ali  əmrə  görə  şəhərin 

başıpozuqları,  oğruları,  məsxərəbazları,  əclaf  və  dalaşqan  adamları 

qaval,  nağara  və  dümbək  (tonbək)  ilə  Əlixanı  qarşılamağa 

yollandılar,  onu  tam  həşəmətlə  şəhərə  gətirdilər.  O,  Çehelsütun 

qəsrində kamkar şəhriyarın hüzuruna gəldi. Bu şer onun vəziyyətini 

ifadə edir: 

 

Şer 

 

O kəs ki, çıxdı sözündən sənin inad ilə,  

Onu gətirdilər çəkərək asitanına, ey şah.

589


 

 

Həzrət  padşah  əsirlərə  töhmət  və  məzəmmətlə  xitab  etdi, 



onlar isə öz xəcalətli başlarını aşağı dikib dayandılar. Hökmə görə, 

onları Qəzvin daruğəsi Şeyx Əhməd ağanın evinə apardılar. Bir neçə 

gündən sonra qərara alındı ki, qoy Şeyx Əhməd ağa onları Ələmut 

qalasına aparıb qala  mühafizlərinə təhvil  versin. Şeyx deyilən sözə 

əməl  etdi  və  bundan  sonra  onlardan  heç  bir  xəbər  eşidilmədi. 

Tutulub  gətirilənlərdən  Gilan  fitnə-fəsadının  baiskarı  olan  Kamran 

şücaətli gənc olduğu üçün Əlixana səmimiyyət, vəfadarlıq və layiqli 

xidmət etdiyinə görə həzrət Cəm məqamlı şah onun qanından keçdi, 

o, iltifata layiq görüldü və elə həmin gün onun zəncirlərini açdılar, 

başdan-ayağa  şahanə  xələtlər  geyindirdilər,  Kamran  xasseye-şərifə 

mülazimləri silkinə layiq görüldü. Sübhanallah, necə də qəribə işlər 

                                                           

589

 Beytin farscası: 



Səri ke gərdən əz əmrət keşid gərdunəş,  

Bər asitane-tə inək keşan-keşan avərd. 



838 

 

baş  verir  və  qeyb  pərdəsinin  arxasından  nələr  görünür.  Əhali  belə 



güman edirdi ki, Əlixanm üsyanına və Gilan fəsadına əsas səbəbkar 

olan  Kamran  [başqa]  düşmənlərə  ibrət  [dərsi],  olsun  deyə  dünya 

tutan padşahın cəzasına və qəzəbinə məruz qalacaqdır ki, qoy bütün 

adamlar  bundan  xəbərdar  olsunlar.  Hamı  gözləyirdi  ki,  cah-cəlallı 

şah ona nə kimi cəza verəcəkdir. Xaliqin istəyi o xəlayiqin istəyinə 

xilaf olduğuna görə iş belə alındı. 

 

Şer 

Çəkilsə cahanda bütün qılınclar,  

Allah isləməzsə kəsilməz damar.

590


 

 

GİLANIN BAŞQA DÜŞMƏNLƏRİNİN DƏ ƏLƏ 

KEÇİRİLMƏLƏRİ VƏ ONLARIN AQİBƏTLƏRİNİN ZİKRİ 

 

Əlixanın  həbsindən  sonra  Gilandakı  fitnə  sakitləşdi.  O 



fitnə-fəsadın  baiskarları  olan  Bu  Səid  və  Talişə  Kuli  meşə  və 

cəngəlliklərdə  sərgərdan  olub  hər  gün  bir  məkanda,  hər  gecə  bir 

yerdə (məqam) gün keçirirdilər. Ali nəvvab tərəfindən onlara "Əgər 

etdiklərindən peşiman olub bu astanəyə gələrlərsə, onların təqsirləri 

əfv olunacaq  və şahanə şəfəqqətə layiq görüləcəklər"  məzmununda 

dəfələrlə  istimalətnamələr  göndərilməsinə  baxmayaraq  onlar  bu 

səadəti  əldən  qaçırmırdılar.  Bir  müddət  sonra  Bu  Səid  Lahicana  - 

Kiya Fəridunun evinə gəldi ki, onu ali saraya aparıb, təqsirinin əfv 

olunmasını  şahdan  xahiş  etsin.  Əlahəzrət  şah  qeybdən  gələn  bir 

ilhamla  Kiya  Fəriduna  məktub  göndərib  Bu  Səidə  inanmamağı  və 

onun tezliklə ali saraya göndərilməsini tapşırdı. 

Bu Səid bir neçə gün Kiya Fəridunun mehmanı oldu. Kiya 

onun  üçün  səfər  ləvazimatı  hazırladı  və  onu  arxayınlaşdırmaqdan 

ötrü istədi ki, özü də onunla birlikdə yola düşsün. 

Bu əsnada, şahın söylədiyi kimi də oldu. Belə ki, Bu Səid 

Kiya Fəriduna etibar etmədi, fürsət taparaq qəflətən evindən eşikdə 

namərdcəsinə  qılınc  çəkib,  Kiryanı  şəhid  etdi,  yanındakı  bir  neçə 

nəfər aqibətsiz düşmənlə meşə və cəngəlliyə üz tutdu. 

                                                           

590


  Beytin farscası: 

Əgər tiğe-aləm becənbəd ze cay  

Nəbərrəd rəgi ta nxahəd xoday. 


839 

 

Kiya  Fəridunun  öldürülməsi  xəbəri  cah-cəlallı  şaha 



çatdıqda,  Qəzvin  hakimi  Şeyx  Əhməd  ağanı  Gilana  göndərdi  ki, 

Gilan  camaatına  Bu  Səidin  və  Talişə  Kulinin  axtarışını  tapşırsın, 

ülka-ülka  gəzib  o  mülkün  sahiblərini  xəbərdar  etsin  ki,  heç  kəs 

gecələr  onlara  öz  evlərində  yer  verməsin,  harada  olursa-olsunlar 

tutaraq  onları  o  yerin  hakiminə  təhvil  versinlər.  Həmçinin  Qənbər 

bəy  Gözüböyüklünün  bir  dəstə  əsgərlə  Kuhdəm  yoluyla  gedərək 

Talişə  Kulini  tutmaları  haqqında  belə  bir  hökm  olundu: 

"Azərbaycan,  Kəskər,  Təvalis  və  Biyərəs  adamları  hücuma  keçib 

harada olursa-olsun onu tapsınlar". 

 

Bu Səidin və Talişə Kulinin öldürülmələri: 



 

Fərmanı  alanlar  onlara  buyurulan  hökmə  əməl  etdilər. 

Çoxlu səylərdən sonra Bu Səidi sun qaziləri və Rankuh hakimi Vəli 

Sultanın mülazimləri, Talişə Kulini isə bir neçə qardaşı oğlanları və 

qohumlarıyla  birlikdə  Kuhdəm  adamlarından  olan  Hüseyn  xan 

Kuhdəminin mülazimləri tutub şahın yanına gətirdilər. 

Bu  Səid  şücaətli  bir  cavan  idi.  O,  Kiya  Fəriduna  qarşı 

qəddarlıqla  namərdlik  etdiyi  üçün  ağır  cəzaya  məruz  qaldı,  çünki 

etibarını itirmişdi. Cəza şəhnəsi onun qətli ilə məşğul oldu, [amma] 

Talişə  Kuli  və  qohumlarının  günahı  bağışlanıldı.  Azacıq  sonrasa 

onun xəyanəti zahirə çıxdı. Talişə Kuli indiyədək ələ keçməyən öz 

yoldaşlarına yazmışdı ki, düşmənçilikdən   geri   çəkilməsinlər   və   

qızıldaşlara   itaət etməsinlər. 

Bu xəyanət aşkar olunduqdan sonra onu  Mir Abbasın səyi 

ilə qətl etdilər və  Gilan əmirlərindən Mir Abbasdan başqa heç kim 

sağ qalmadı. 

Bu  hadisələrdən  sonra,  elə  Mir  Abbas  da  ağılsızlığının 

çoxluğundan  Lahicanın  sipəhsaları  olub,  Gilan  işləri  ilə  məşğul 

olmaq  iddiasında  oldu  və  bu  istək  onun  qətli  ilə  nəticələndı. 

Əlahəzrətin gecələrin birində Qəzvinin Səadətabad meydanında seyr 

və  tamaşada  olduğu  vaxt  o  zaman  şahın  izzət  büsatının  yaxın 

adamlarından  olan  Məlik  Cahangir  Kəcun  sərxoşluq  nəticəsində 

məst olduqdan sonra qılıncını qınından sıyırıb, özünü göstərmək, ya 

da  zarafat  etmək  fikri  ilə  yanındakılara  həmlə  etdi.  O,  bu  əsnada 

özünü  Mir  Abbasa  yetirərək  ardıcıl  zərbələrlə  onu  ayaqdan  saldı. 

Onu  qətl  etdikdən  sonra,  İstanbula  gedərək  Gilanda  fitnə  yaradan 

Xan  Əhmədin  vəkili  Xacə  Hüsaməddinin  qardaşı  Xacə  Sultan 


840 

 

Mahmudu  ədəm  yoluna  yolladı.  Hamı  onun  sərxoşluğuna  və 



divanəliyinə  dözməkdəydi.  Amma,  hər  şeyin  xırdalığına  varan 

adamlar  başa  düşdülər  ki,  bunlar  cahandarlıq  işlərini  tənzimləyən 

adamın (yəni Şah Abbasın - Ş.F.) işarəsi olmadan baş verə bilməzdi. 

Mir Abbasın qətlindən sonra başqa  gilanlılar da etibarsızlıq etdilər 

və Gilan hərbiçilərindən heç kim sağ qalmadı. 

 

ƏLİXANIN VƏ GİLAN ÜSYANKARLARININ HƏBS 



OLUNMALARINDAN SONRA BAŞ VERƏN  

HADİSƏLƏRİN ZİKRİ 

 

Elə  ki,  ölkələr  tutan  şəhriyar  Gilan  işlərindən  xatircəm 



oldu, bir neçə gün Qəzvin darüssəltənəsində eyş-işrət bayrığını göyə 

qaldırdı.  [Sonra]  belə  bir  hökm  etdi  ki,  Səadəğabad  meydanını 

bəzəyib  oranı  çırağban  etsinlər.  Bu  vəzifə  söhbət  yasovulu  Əlpan 

bəy  Qacara  tapşırıldı.  Bundan  ötrü  meydanın  ətrafındakı  dükanlar 

bu  güclü  dövlətin  əmirləri,  dövlət  başçıları,  yüzbaşılar,  qorçilər, 

saray  mülazimləri,  şəhər  və  ordu-bazar  əhalisi  arasında 

bölüşdürüldü,  hökm  olundu  ki,  onların  hər  biri  qarşısına  çıxan 

dükanı qoy on iki zər (bir zər 104 sm-dir  - Ş.F.) irəli çəksin, oraya 

tirlər  və  sütunlar  bağlasın,  hər  mərtəbə  üzərində  çardaq  (çəhartaq) 

inşa  etsin  və  binalar  üçün  çıraq  hazırlasın  (təbiye),  fənər  (fanus) 

assın, belə ki, hər bir dükanın min ədəddən çox fənəri olsun. 

 

Şer 



 

Şamlar və fənərlər yandı o qədər  

Yerə qibtə etdi göydə fələklər.

591


 

 

Sözün  qısası,  Qəzvinin  Səadətabad  meydanının  ətrafı 



abadlaşdarıldı,  şam  və  çıraqların  çoxluğuna  göylər  qibtə  etdilər. 

Əlahəzrət  şah  şərq  və  qərb  tərəflərində  inşa  olunmuş  gözəl 

imarətlərdə  bir  neçə  gecə-gündüzünü  başa  vurdu,  şərafətli  vaxtını 

eyş,  şadyanalıq,  çovkan  oyunu,  qəbəq*  tullamaq  (qəbəqəndazi) 

                                                           

591


 Beytlərin farscası: 

Ze bəs şəm-o fanus k-əfruxtənd,  

Dele-rövşənane fələk suxtənd. 


841 

 

oyunu ilə keçirdi. Meydandakı məclis və söhbətlərdən yorulduqdan 



sonra səltənətin zəruri işlərinin icrasına başladı. 

Lahicanın  idarə  olunması  və  Biyəpiş  Çilanın  əmirəl 

üməralığı  Dərviş  Məhəmməd  xan  Rumluya  inayət  olunduğu  üçün, 

bunun  əvəzində  Şiraz  əyaləti  Fərhad  xana  verildi.  Məmləkətlərin 

əksər  işləri  bu  uzun  ömürlü  (ruzəfzun)  dövlət  tərəfindən 

aparıldığından, belə qərara alınmışdı ki, özbaşınalıq edən hakimlər 

gərək  işdən  kənar  olunsunlar  və  onların  yerinə  dövlət  tərəfindən 

tərbiyət  olunub  öz  canlarından  keçməyi  bacaran  adamlar  təyin 

edilsinlər.  Əfşar  əmirlərinin  əlində  olan  Kuh-Giluyə  və  Xuzistanın 

işləri  indiyədək  nizama  düşməmişdi.  Qarışıqlıq  başlayan  vaxt 

özbaşına  olaraq  həmin  mülkü  işğal  edən  adamlar  hakimlik  etməyə 

başlamışdılar.  Onların  hamısı  cahanpənah  dərgaha  qayıtmaq 

istəyirdilərsə  də,  amma  şah  onlardan,  xüsusilə  möhkəmlikdə 

dünyada  məşhur  olan  Şüştərə  məxsus  Səlasel  qalasının 

kutvallarından  xatircəm  deyildi.  Onlar  padşahın  əmrlərinə  şahın 

mübarək istəyincə əməl etmirdilər. Ərəbistan valisi Mir Mübarəkdən 

ədəbsiz  hərəkətlər  baş  verirdi.  Buna  görə  də,  şah  Xuzistan, 

Ərəbistan  sərhədi  və  Kuh-Giluyə  işlərinin  nizamlanmasından  ötrü 

həmin  yerlərə  hümayun  yürüş  etmək  qərarına  gəldi.  Özlərinin 

qəbahətli əməllərini başa düşən əfşar qəbilələri  vəziyyətləri barədə 

düşünməyə  başladılar,  Seyid  Mülarəklə  danışdılar,  Ərəbistanı 

özlərinə sığınacaq yeri (molca) etdilər. Buna görə də, şahanə etibara 

layiq Murad bəy Cilovdarbaşı* Şamlını hümayun yürüşün müjdəsini 

çatdırmaqdan,  o  sərhədin  vəziyyətini  təhqiq  etməkdən  və  Şüstər 

qalasını tutmaqdan ötrü yolladı. O yerin hakimi Şahverdi xan Əfşar 

ləşkər  əyanlarının  fikrinin  əksinə  olaraq  dövlətxahlıq  və  dövlətə 

bağlılığını nümayiş etdirdi, Muradbəyə izzət və ehtiram göstərib onu 

qalaya apardı, qalanın açarını ona verdi və istədi ki, özü çıxıb qalanı 

tərk etsin. Murad bəy buna mane olub onu şahanə inayətdən arxayın 

etdi, başqa adamları isə qaladan çıxardı. 

Amma,  o,  nəhayət  əfşar  tayfasının  hücumundan  qorxub, 

onlarla  birgə  olan  Şahverdi  xanı  qalada  tutaraq  qətlə  yetirdi, 

beləliklə  də  əfşar  tayfasını  özünə  qarşı  qaldırdı,  onların  arasında 

fitnə və çaxnaşma yüksəldi. Qalanı əlində saxlayan Murad bəy oranı 

tüfəngçilər  vasitəsiylə  qorumaqda  davam  edirdi.  Əfşar  ləşkərinin 

əyanları  Seyid  Mübarəkin  yanına  gedərək,  ondan  kömək  istədilər. 

Seyid  Mübarək  bu  dudmana  sədaqətdən  dəm  vurmasına  və  oğlu 

Seyid  Naziri  sədaqətlə  ali  saraya,  şahın  xidmətinə  göndərməsinə 



842 

 

baxmayaraq,  əfşarların  təhriki  ilə  Ərəbistandan  Xüzistana  ləşkər 



çəkdi,  Dizfulu  ələ  keçirdi,  Şüstər  qalasının  üstünə  gələrək,  oranı 

mühasirəyə aldı. Bu məsələ cah-cəlal bargahının başçılarına (haceb) 

gəlib yetişdi. Ondan əvvəl  Şahverdi xan  Abbasi  də onunla birlikdə 

olan bir dəstə əlvar camaatı ilə Luristana gəldi, oranın hakimi olan 

əmisi  oğlu  Sultanhüseynə  hücum  etdi,  onu  tutdu,  qətlə  yetirdi  və 

istədi  ki,  Luristanda  bir  də  öz  istila  və  iqtidar  bayrağını  qaldırsın, 

amma  qəhr  qəhrəmanı  olan  padşahdan  qorxub  öz  fikrini  həyata 

keçirə  bilmədi.  O,  Luristan  hüdudunda  heyvanlar  kimi  (hərəkətül-

məzbuh)  hərəkət  edirdi.  Cahanı  bəzəyən  rəy  belə  oldu  ki,  bu 

vəziyyəti yoluna qoymaqdan ötrü cah-cəlal qoşunu o səmtə hərəkət 

etsin.  Bu  güclü  dövlətin  yaxşılığını  istəyən  kəslər  belə  ərz  etdilər: 

"Əgər o vilayətin işləri dərgah qulamlarının birinə tapşırılsa kifayət 

olar  və  daha  hümayun  məiyyətin  yürüşünə  ehtiyac  yeri  qalmaz." 

Buna görə də, sərhəd işlərinin nizamlanması Luristan Bərucərdindən 

Ərəbistanın  Əqsasına  qədər  bəyənilən  rəy  sahibi  olan  vəzir  Hatəm 

bəyə və Fərhad xana tapşırıldı və onlar o tərəfə yollandılar. Bir dəstə 

əzəmətli əmir də, o cümlədən Hüseyn xan Şamlı, Nədr xan Möhrdar 

və  başqaları  onlara  həmrah  oldular,  yola  düşdülər.  Əlahəzrət  şah 

əzəmət  və  kamranlıqla  Kaşan  və  İsfahanın  seyrinə  getdi  və  bir 

müddət  orada  eyş-işrət  etdi.  O,  oradan  Qəzvin  darüssəltənəsinə 

qayıdıb qış fəslini eyş və kamranlıqla başa vurdu. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin