Ədəbiyyat
1. Верещагин Е.М.”Психологическая и методическая характеристика двуязычия. (билингвизма)”, Москва,1968, стр.131.
2. Баранникова Л.И. “Сущность интерференции и специфика ее проявления.” Москва, Наука, 1972, стр.88.
3. Məmmədov N.X. “Dil əlaqələri probleminin tədqiqi.” Türkologiya, Bakı, 2000, N-1-4, s.69-80.
4. Məmmədli N. “Alınma terminlər”. Bakı, ”Elm” nəşriyyatı 1997.
Ə.V. TANRIVERDİ
MÜASİR AZƏRBAYCAN DİLİ HAQQINDA BƏZİ FİKİRLƏR
Açar sözlər: Azərbaycan dili, orfoqrafiya, bədii mətn, dilçilik
Ключевые слова: азербайджанский язык, орфография, художественный текст, лингвистика
Key words: Aзeri language, orthography, literary text, liguistics
Müasir Azərbaycan dilinin ümumi vəziyyətini belə səciyyələndirmək olar: çoxsaylı qəzet və jurnallarımız Azərbaycan dilində nəşr olunur; radio və tele-viziyalarımızda aparıcı dil məhz Azərbaycan dilidir; uşaq bağçalarından başlamış ən nüfuzlu ali məktəblərimizə qədər tədris və təlim-tərbiyə işləri əsasən Azərbaycan dilində aparılır; parlamentimizdə yalnız Azərbaycan dilindən istifadə olunur (1992-ci ildən); Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi rəsmiləşdirilmişdir (1995); Azərbaycan dili dünyanın mötəbər qurumlarının tribu-nalarından eşidilir... Bütün bunlar Azərbaycan dilinin fəaliyyət dairəsinin əvvəlki dövrlərlə müqayisədə üstün mövqedə olduğunu açıq-aydın göstərir. Amma bu istiqamətlərin hər birini elə inkişaf etdirməliyik ki, indiki qloballaşma dövründə dilimiz itkilərə məruz qalmasın, zənginliyini qoruya bilsin.
Azərbaycan dilçiliyinin son iyirmi ildəki inkişafını belə ümumiləşdirmək olar: orfoqrafiya, orfoepiya, dialektologiya və terminologiyaya dair lüğətlər nəşr edilib; fonetika, leksikologiya, onomalogiya, morfologiya və sintaksislə bağlı araşdırmalar təkcə sinxronik yox, həm də diaxronik müstəvidə aparılıb; M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri Azərbaycan dilinə tərcümə olunub; “Dədə Qorqud kitabı” ilə bağlı onlarla monoqrafiya, yüzlərcə tezis və məqalə çap olunub... Bu qeydlər onu deməyə əsas verir ki, Azərbaycan dilçiliyi XX əsrin 80-ci illərinə qədərki səviyyəsindən fərqli olaraq, daha çox dərininə inkişaf edib. Əlbəttə, bu sahədəki araşdırmalarımız da təkmilləşdirilməlidir.
Azərbaycan dilindən istifadə zamanı qüsurlar da müşahidə olunur:
Azərbaycan dilinin orfoqrafiya lüğətində (Bakı, 2004) bir sıra sözlərin səhv verilməsi mətbuatda xüsusi olaraq vurğulanır: kompüter – kompyuter; şeiriyyət – şeriyyət...”. Amma bu da var ki, orfoqrafiya lüğətində düzgün verilmiş onlarca söz mətbuat səhifələrimizdə, hətta elmi əsərlərimizin dilində belə səhv yazılır. Məsələn, orfoqrafiya lüğətindəki alğı-satqı, kəşməkəşli, apelyasiya kimi sözlər daha çox alqı-satqı, keşməkeşli, apellyasiya şəklində işlənir.
Reklam lövhələrində hər hansı bir məlumat, heç şübhəsiz ki, ilk olaraq Azərbaycan dilində verilməlidir. Amma bir sıra hallarda bunun tam əksi müşahidə olunur. Bəzən isə reklamların yalnız ingilis və rus dillərində təqdiminə rast gəlinir (bu barədə çox bəhs olunub);
-dır4 xəbərlik şəxs şəkilçisinin –dı4 formasında verilməsinə təsadüf olunur: məktəbdir-məktəbdi, həkimdir-həkimdi, oxumuşdur-oxumuşdu, demişdir-demişdi... Bu, qrammatik normaların ən ciddi pozuntularından biri hesab oluna bilər;
Bir sıra ziyalılarımızın Türkiyə vətəndaşları ilə söhbətləri zamanı şu, şöylə, əvət, əfəndi və s. kimi söz və ifadələrdən istifadə etmələri, eyni zamanda intonasiyalarını Türkiyə türkcəsinə uyğunlaşdırmaları müşahidə olunur ki, bu da qətiyyən yolverilməzdir. Yeri gəlmişkən, bu prosesdə qarşı tərəf əsasən Türkiyə türkcəsindən istifadəyə üstünlük verir.
Azərbaycan ailələrində bəzən yeni doğulmuş uşaqlara ilk olaraq ingilis və rus dillərinin öyrədilməsinə təsadüf olunur ki, bu da mənəviyyatımıza vurulan zərbələrdən biridir. Burada Y.A.Komenskinin bir fikrini xatırlatmaq yerinə düşür: “ana dilinə yiyələnmədən adama xarici dil öyrətmək – uşağa yeriməyi öyrətmədən at minməyi öyrətmək kimi bir şeydir”.
Azərbaycan dilçiliyi üzrə araşdırmalarda aşağıdakı məsələlərə daha çox diqqət yetirmək lazım gəlir:
Orfoqrafiyaya dair çap olunmuş lüğətlər təkmilləşdirilərək yenidən nəşr olunmalıdır;
Daha çox orta məktəb kursunu əhatə edən orfoepiya sözlükləri müasir tələblərə tam cavab vermədiyi üçün orfoepiyaya dair tədqiqatlara istinad olunmaqla “Azərbaycan dilinin orfoepiya sözlüyü” hazırlanmalıdır (bu, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və ali məktəblərin filologiya fakültələrinin mütəxəssislərinin birgə fəaliyyəti ilə asanlıqla reallaşdırıla bilər);
Əsası M.Kaşğari tərəfindən qoyulmuş morfonologiya məsələləri üzrə araşdırmalar kompleks və sistemli şəkildə aparılmalıdır;
Fonetika, leksikologiya, onomalogiya və qrammatikaya dair araşdırmalarda qədim abidələrimizin dili mütləq nəzərə alınmalı, problemə daha çox tarixi-linqvistik müstəvidə yanaşılmalıdır. Burada yalnız iki faktı qeyd etməklə kifayətlənirik: 1) 1940-cı ildə əlifbadan çıxarılmış “ή” (sağır nun, velyar ή) səsinin hərfi işarəsi bu gün də məna dolaşıqlığı yaradır: kitabıήı-kitabını, ataήı-atanı, .... Digər tərəfdən, müasir ədəbi dilimizdə “ή” səsinin olmaması miή-min, doή-don kimi sözlərin omonimlər başlığı altında öyrənilməsinə səbəb olmuşdur; 2) müasir ədəbi dilimizdə kök və şəkilçi morfemlərinə parçalanmayan “dinlə” sözünün kök hissəsini (din) məhz M.Kaşğarinin “Divan”ına istinadən dəqiqləşdirmək mümkündür: tın (nəfəs almaq, soluq), tınqla – dinləmək...;
Anadilli ədəbiyyatımızın dilindəki assonans, alliterasiya, təşbeh, metafora, antiteza, inversiya kimi bədii təsvir və ifadə vasitələri daha çox mətn semantikası müstəvisində tədqiq olunmalıdır;
Yazılı abidələrimizin dilindəki akkumulyativlik müəyyənləşdirilməli, eyni zamanda bu tədqiqatlara istinad etməklə bir sıra söz və ifadələrin bərpasına çalışmaq lazımdır. Məsələn, müasir ədəbi dilimizdə II növ təyini söz birləşməsi modelində olan “süd qardaşı” vahidi M.Kaşğarinin “Divan”ında “əmikdəş”, Kişvərinin dilində isə “əmiktaş” şəklindədir. Müqayisələr “süd qardaşı”nın əvəzində “əmikdəş” sözünün işlədilməsinin daha uğurlu olduğunu göstərir.
Bədii mətnlərdə dilçilik məsələlərinin poetik şəkildə ifadəsi müəyyənləşdirilməlidir. Nümunə: IX-XI əsrlərdə aid “Oğuznamə”dəki “söz sözü çəkər”, “Söz sözdən açılur”, “Söz torpaq kibidir, eşdikcə örər” kimi deyimlərin məna yükü F-de Sössürün “...İstənilən söz həmişə onunla bu və ya digər surətdə assosiasiyaya qadir olan hər şeyi yada sala bilər” fikri ilə eyni semantik şaxədə birləşir. Bu isə o deməkdir ki, “Oğuznamə”də poetik şəkildə ifadə olunmuş nəzəri fikirlər Avropa dilçiliyini ən azı min il qabaqlamışdır.
Azərbaycan dili dərsliklərində fikri təsdiq üçün verilən nümunələrin bədii-estetik siqlətinə xüsusi olaraq diqqət yetirilməlidir. Yeri gəlmişkən, bu sahədə tutarlı mənbələrimiz kifayət qədərdir. Məsələn, Bəkir Çobanzadə 1928-ci ildə yazdığı “Türk qrameri” kitabında hal kateqoriyaından bəhs edərkən “Gətirəndə el gətirər, yel gətirər, sel gətirər. Aparanda el aparar, yel aparar, sel aparar” kimi nümunələri verir. Bu mənada Azərbaycan dili dərsliklərində “Əhməd yaxşı oxuyur”, “Tural top oynayır”, “Zəng vuruldu, dərs başlandı” kimi cümlələrdən imkan daxilində imtina olunmalı, əksinə, “Qar üzərinə qan tammış kibi qızıl yanaqlım!” (“Kitab”), “At türkün qanadıdır” tipli nümunələrə üstünlük verilməlidir.
Ulu Dədə Qorqudun dilini yad təsirlərdən qorumalı, yaşatmalı, təkmilləşdirməli və zənginləşdirməliyik.
Dostları ilə paylaş: |