VAHİD ZAHİDOĞLU
“KİTABİ - DƏDƏ QORQUD”DA ARXAİK BİR FONETİK HADİSƏ
VƏ ONUN MÜASİR DİLDƏKİ İZLƏRİ
Açar sözlər: kök, q / k samitləri, -caq / -cıq şəkilçisi, samit düşməsi
Ключевые слова: корень, согласный q / k, окончание -caq / -cıq , выпадение согласного.
Key words: root, consonants q / k, ending -caq / -cıq, omission of consonant
Orta əsrlərdə yazıya alınmış “Oğuznamə”lərin ən mükəmməl nümunəsi olan və danışıq - folklor üslubunun çevik ifadə vasitələrini maksimum dərəcədə özündə əks etdirən ədəbi - bədii abidə kimi “Kitabi - Dədə Qorqud” təkcə dil tariximizin qaranlıq səhifələrinə işıq tutmur, həm də bir çox leksik vahidlərin, qrammatik formaların tarixi təkamül yollarını da müəyyənləşdirməyə imkan yaradır. Abidənin dilində elə fonetik hadisələr də vardır ki, onlar müasir dildə relikt halında kök və şəkilçiyə ayrila bilməyən müxtəlif daşlaşmış söz- formaların tərkibində bu və ya digər şəkildə qorunub saxlanmışdır. Həm dil tariximiz, həm də müasir Azərbaycan dilçiliyi üçün xüsusi əhəmiyyət kəsb edən belə fonetik hadisələrdən biri də sonu q və k samitləri ilə bitən sözlərə kiçiltmə - əzizləmə mənalı - caq və - cıq şəkilçiləri artırılarkən söz köklərindəki son samitin düşməsidir. Bu fonetik hadisə abidənin leksik- qrammatik strukturunda fonetik qanun səviyyəsində özünü göstərir. Başqa sözlə desək, “Kitabi - Dədə Qorqud”da sonu q və k ilə bitən elə bir söz yoxdur ki, bu şəkilçilər artırılarkən sondakı q və k samitləri düşməsin. Eyni vəziyyəti abidənin Drezden və Vatikan nüsxələrinin hər ikisində sistemli şəkildə müşahidə etmək mümkündür. Məs.: süñücük (< süñükcük), bıyıcaq (< bıyıqcaq), topucaq (< topuqcaq), qulacuq (< qulaqcuq), küçücük (< küçükcük), köşəcük (< köşəkcük), bəbəcük (< bəbəkcük), Baracuq (< Baraqcuq) və s.:
Məgər, bənüm xanım, ol arada oğlan atdan yıqılmışdı. Qarğa, quzğun qan görüb oğlanuñ üstinə qonmaq istərdi. Oğlanuñ iki köpəcügi (D- də: kəlbcügəzi) vardı. Qarğayı, quzğunı qovar(lar)dı, qondurmazlardı (V. 15); Qara qıyma gözlərüñ uyxu almış açğıl axı / On ikicə süñücügün (V - də : süñücəgüñ) örən olmış yığşur axı (D. 27); And içəyim bu gəz boğaz qısrağa bindigüm yoq / Binübəni qazavata varduğum yoq / Hay bən səni xub tanıram / Evüñüz ardı dərəcük / İtüñüz adı Baracuq (D- də: Baraq) degilmidür? (V. 47); Hey ana, Ərəbi atlar olan yerdə bir qulun olmazmı olur? / Dəvəsi olan yerdə köşəcügi (D- də: köşəgi) olmazmı olur? (V. 63); İki varduñ, bir gəldüñ, yavrum qanı? / Qarañu dündə bulduğum oğul qanı? / Bəbəcügüm (D - də: bəgüm) görinməz, bağrum yanar. (V.75); İki qoşa kardaşa beñzer senüñ qulacuğuñ (D. 99); Qıl kəpənək boyunçuğın sürər degil / Ağır buqağu topucağın dögər degil! (D. 144); Ağır buqağu topucağın dögər deyəyinmi? (D. 146); Bıyıcağı qararmış yigitcükləri çoq yemişəm / Yigitlikləri tutdı ola, gözüm, səni. (D. 233); Qazanı küçücük ölüm tutdı, uyudı. Məgər, xanum, Oğuz bəgləri yedi gün uyurdı. Anıñ içün küçücük ölüm derlərdi (D. 272); Küçücük tonuz şölənli / Bir torba saman döşəkli / Yarım kərpic yasduqlu / Yonma ağac tañrılı / Köpəgüm kafir (D. 281).
Sporadik şəkildə söz kökündəki q və k samitlərinin düşməsinə digər yazılı abidələrdə də təsadüf edilir: totaçux (< totaqcuq “dodaqcıq”- Q. Bürhanəddin), ufacıq (< ufaqcıq “xırdaca, kiçicik” – M. Ə. Sabir); əski Anadolu mətnlərində: ənücək (< ənükcək), əsrücək (< əsrükcək) və s.
Bir sıra hallarda bu fonetik hadisənin nəzərə alınmaması “Kitabi - Dədə Qorqud”un bəzi mətn tərtibçilərini yanlış oxunuş variantları seçməyə, abidənin mətnindən istifadə edən tədqiqatçıları isə səhv nəticələr çıxarmağa istiqamətləndirmişdir. Məsələn: D. 27 - dəki سکوجککsüñücügüñ (< süñükcügüñ) “sümükcüyün” sözünü H. Araslı süküciyin, Ş. Cəmşidov sinəcigin, S. Əlizadə süñücigiñ şəklində oxumuşlar. H. Araslı özünün oxunuş variantını izahsız buraxmış, Ş. Cəmşidov mətnə düzəliş vermək yolunu seçmişdir; mətndəki yazılış şəklini əsla onun verdiyi şəkildə oxumaq mümkün deyil. S. Əlizadə qrafik kompleksi düzgün oxusa da, mənasını yanlış olaraq “qol - qıçını” şəklində izah etmişdir. Buradan da aydın olur ki, tərtibçi “Kitabi - Dədə Qorqud”da geniş yer tutan məlum fonetik hadisənin fərqinə varmamışdır. D. 233 - dəki بیجاغی bıyıcağı (< bıyıqcağı) “bığcığı” qrafik kompleksini H. Araslı müçağı, Ş. Cəmşidov bacağı, S. Əlizadə bığçağı şəklində oxumuşlar. S. Əlizadənin nəşrində sözün mənası düzgün təyin edilsə də, bığcağı oxunuş variantı sözün tarixi - etimoloji məzmununu əks etdirmir. Azərbaycan nəşrlərindən fərqli olaraq türk nəşrlərində göstərilən sözlər düzgün transliterasiya edilmiş və mənaları dəqiq şərh olunmuşdur.
M. Kaşğarinin “Divanü luğatit - türk” əsərində bu fonetik hadisə haqqında xüsusi qeyd yoxdur. Bu barədə ilk məlumata XVI əsrdə türk dilinin elmi qrammatikasını yazmış Berqamalı Kadrinin “Müyəssirətül - ülum” əsərində təsadüf edilir. Müəllif göstərir ki, əgər ikidən çox hərfdən ibarət olan ismin sonunda kəf və qaf hərfləri varsa, onlara kiçiltmə bildirən -cak şəkilçisi artırılarkən söz kökündəki kəf və qaf düşür: balıcak (< balıkcak), sucucak (< sucukcak).
Berqamalı Qədrinin qeydləri təsdiq edir ki, bu fonetik hadisə Oğuz dillərinin əvvəlki dövrləri üçün də xarakterikdir və -caq forması -cıq şəkilçisinə nisbətən daha qədimdir.
Sonrakı əsrdə polyak alimi Meninskinin qələmə aldığı “Türkcə- ərəbcə- farsca sözlük (Thesaurus)” adlı əsərin (1680) qrammatika bölümündə isimdən isim düzəldən - cək / - cak şəkilçiləriinə aid verilmiş misallar içərisində eyni fonetik hadisəyə aid büyücek (< büyükcek), alçacak (< alçakcak), kabucak (< kabukcak), soucak (< soukcak), küçücek (< küçükcek), ılıcak (< ılıkcak) sözləri vardır. Meninski eyni zamanda sonu k' və k ilə bitən sözlərə -rak, - rek şəkilçisi artırılarkən əksər hallarda sondakı samitin mühafizə edildiyini (uvakrak, soukrak, büyükrek, gevşekrek, yüksekrek), müəyyən hallarda isə bu tipli sözlərin fonetik variantlarla (alçakrak / alçağrak / alçarak, küçükrek / küçürek / kiçirek , titrerek / titrekrek) işləndiyini nəzərə çarpdırır. Müəllif - cık, - cik şəkilçili sözlərdə də eyni prosesin baş verdiyini, bu şəkilçilərin kəf və qaf hərfləri ilə bitən sözlərə artırıldığı zaman söz kökünün sonundakı hərflərin düşdüyünü müvafiq nümunələrlə təsbit edir: etek- etecik, köpek - köpecik, etmek - etmecik. Lüğətin “Sözlük” bölümündə eyni fonetik hadisəyə aid bir sıra sözlər verilmişdir: çanacik (< çanakcik) , dudacik (< dudakcik), irmacik (< irmakcik), kalpacik (< kalpakcik), kazıcik (< kazıkcik), kıvrıcik (< kıvrıkcik), uvacik (< uvakcik), yapracik (< yaprakcik), yumşacik (< yumşakcik), çubucik (< çubukcik), enicik (< enikcik), eşecik (< eşekcik), köpecik (< köpekcik), yüksecik (< yüksekcik), körücik (< körükcik). Bununla yanaşı, bəzi sözlərdə söz kökündəki son samitin mühafizə edildiyi də diqqəti cəlb edir: belekçik, körükçik.
XVI əsrə aid farsca- türkcə sözlükdə ilerürecük (öndünrecük (<öndünrekcük) nümunələrində - rək şəkilçisi - cik şəkilçisindən əvvəl gəldikdə k samiti düşür1
Hazırda bu fonetik hadisəyə ən çox oğuz qrupu türk dillərində rastlanır: krım- tatar. kaşıçık (< kaşıkçık), bayraçık (< bayrakçık), balıcık (< balıkcık) , kobeleçik (< kobelekçik “göbələkcik”), yumruçık (< yumrukçık), alçacık (< alçakcık), tos - tomalaçık (< tos - tomalak “yumruca”); türkmən. sovucak (< sovukcak), arrıcak (< arrıkcak “arıqcıq, arıqca”), qorkacık (< qorkakcık), keyicek (< keyikcek), mıssıcak (< mıssıkcak “yumşaqcıq”); türk. büyücek (< büyükcek), küçücek / küçücük (< küçükcek / küçükcük), ufacık (< ufakcık), yüksecik (< yüksekcik), çabucak (< çabukcak “tezliklə, tezcə”), parmacık (< parmakcık) , çiçecik (< çiçekcik), bebecik (< bebekcik), eşecik (< eşekcik)*; qaqauz. köpecik (< köpekcik), üzücek (< üzükcek), kuyrucak (< kuyrukcak) və s.
Söz kökü ilə şəkilçinin qovşağında q, k samitlərinin düşməsinə bəzi başqa türk dillərində də tək - tək hallarda təsadüf edilir: karay. ayaçəx (< ayaxçəx); qırğ. könöçök (< könökçök), kuyruçuk (< kuyrukçuk) və s.
Müasir Azərbaycan dilində bu hadisə sistemli şəkildə özünü göstərməsə də, ədəbi dilimizdə və dialektlərdə işlənən bir neçə sözün tərkibində relikt halında onun izləri qorunub saxlanmışdır: alçacıq (< alçaqcıq), kiçicik (< kiçikcik), artıcaq (< artıqcaq), yumşacıq (< yumşaqcıq), gödəcik (< gödəkcik), kiçicik (< kiçikcik), qovucuq (< qovuqcuq) və s.
“Kitabi - Dədə Qorqud”un mətnində xüsusi mövqeyə malik olan bu səsdüşümü hadisəsinin mahiyyətini və səbəblərini aydınlaşdırmaq üçün həmin prosesə bilavasitə təsir edən şəkilçilərin etimologiyası üzərində dayanmaq lazım gəlir. Əksər tədqiqatçıların fikrinə görə, diminutiv mənalı - caq, - cıq, - ca şəkilçiləri eyniköklüdür. Həmçinin türkologiyada ümumi qənaət belədir ki, bu şəkilçilərin kar ç samiti ilə olan - çaq, - çıq, - ça fonetik variantları daha qədim tarixə malikdir.
Müasir Oğuz qrupu türk dillərində, o cümlədən də Azərbaycan dilində diminutiv mənalı - cıq şəkilçisi məhsuldar şəkilçilərdən hesab olunur. Digər türk dilləri üçün - ğına, - çak, - kay, - aç və s. formalar daha çox xarakterikdir. Bununla belə, - cıq şəkilçisinə başğırd, tatar, çuvaş, yakut, qazax və başqa dillərdə də rastlanır. Adətən - cıq şəkilçisinin əski forması - caq (< çaq) şəkilçisi hesab edilir. Bəzi türkoloqlar -ca kiçiltmə şəkilçisinin də q ünsürünün düşməsi ilə bu formadan yarandığını irəli sürürlər. Azərbaycan dilində - çaq /-caq şəkilçisi ilə işlənən bir neçə isimdən düzəlmiş söz qalmışdır: dilçək, oduncaq və s. Bu sözlərdə kiçiltmə mənası nisbətən azalmışdır.
İlk dəfə O. Bötlinq - çaq, - çıq, - ça şəkilçiləri arasında semantik yaxınlığı təsbit etmiş və onların çağ ismindən törəndiyini göstərmişdir. Daha sonra bu fikir P. M. Melioranski və digər türkoloqlar tərəfindən inkişaf etdirilmişdir. J. Deni bu tezisi daha ətraflı şəkildə əsaslandırmışdır. Onun sxeminə görə, - cıq, - caq və -ca şəkilçiləri çağ sözündən törəmiş, çağ sözünün özünün arxetipini isə onunla eyni semantik yükə malik olan çañ forması təşkil edir. Müasir türkoloji tədqiqatlarda bu fikir böyük əksəriyyət tərəfindən qəbul edilir. Lakin - ça/ - ca - nın çağ/ çaq sözündən törəməsi ehtimalı inandırıcı təsir bağışlasa da, -caq / -cıq şəkilçisinin bu sözə bağlı olması o qədər də həqiqətəuyğun görünmür. Bu baxımdan A. fon Qabenin etimologiyası daha çox diqqəti cəlb edir. A. fon Qabenə görə, - cıq şəkilçisi kiçiltmə mənalı iki formanın: - c və - ıq şəkilçilərinin calaqlanması yolu ilə yaranmışdır. - caq şəkilçisini də A. fon Qaben eyni şəkildə izah edir: - c + -aq . V. Banq, Q. Ramstedt və başqa türkoloqlar da bu fikrə şərik çıxırlar. Biz də bu fikrin həqiqətə daha yaxın olduğu qənaətindəyik. Kiçiltmə mənalı - ç və - k şəkilçilərinə aid qədim yazılı abidələrdə və müasir türk dillərində bir sıra örnəklər vardır. - ç şəkilçisi: qəd. türk. ataç “atacıq”, ögüç “anacıq”; alt. kayınaş “qayıncıq”, ayağaş “bardaqcıq”, biçiqəş “kitabcıq”; uyğur. (dialekt) akaş “qardaşcığaz”, kiziş “qızcığaz”; xakas. xulağas “qulaqcıq”; şor. kuzuruğaş “quyruqcuq”; yakut. arağas “sarımtıl”; azərb. anaş (< anaç), ataş (< ataç) və s.
- k şəkilçisi. Bu forma - ak , -ək şəklində altay, tuva, xakas və çuvaş dillərində daha çox işlənir: itək “itcik” (“Kitabi - tərcüman”), alt. koyonok (koyon “dovşan”+ -ok) “dovşancıq”, çıçkanak (çıçkan “siçan”) “siçancıq”, yabızak (yabız “alçaq”) “alçaqcıq”, tayızak (tayız “dayaz”) “dayazcıq”; tuv. ōlak “oğlancıq”, töjək “kötükcük”, koyğunak “dovşancıq”; xak. ağazax “ağaccıq”, xozanak “dovşancıq”; çuv. sĕdĕk “südcük”, çĕbĕk “cücəcik”, kĕbĕk “köynəkcik”, yabalak “əşyacıq”, varak “yarğancıq” və s. Türk dillərində iki və hətta üç kiçiltmə bildirən şəkilçinin bir - birinin ardınca işlənməsi hallarına təsadüf edilir: alt. kısçağaş “qızcığaz”; karay. kızğınaçəx “qızcığaz”; tuva. xölçüqəş “gölcüyəz”; özbək. toyçəkkinə “dayçacığaz”, kuziçəkkinə “quzucuğaz”, köprikçəqinə “körpücük”; xakas. kiməcəqəs “qayıqcıq”, turacağas “evcik”; azərb. bircəcik və s. Bütün bunlara əsasən, -çaq və -çıq (> -caq və -cıq) formalarının da etimoloji cəhətdən eyni mənalı -ç və -k şəkilçilərinin bir - birinə calaqlanması yolu ilə yarandığını irəli sürmək mümkündür.
Böyük bir ehtimalla sonu q və k samitləri ilə bitən sözlərə - cıq və - caq şəkilçiləri artırılarkən söz kökündəki son samitin düşməsində fonoloji və semantik amillərlə yanaşı bu amilin də rolu olmuşdur. Yəni əslində kiçiltmə şəkilçisi olmayan q və k samitlərinin dilin genetik yaddaşında kiçiltmə bildirən şəkilçilərlə eyniləşdirilməsi və kiçiltmə bildirən bir neçə şəkilçinin yanaşı işlənməsi, kök və şəkilçilərin calaqlanması prosesində q və k samitlərinin müvafiq olaraq ğ və y samitlərinə çevrilməsi və bu samitlərin qonşu samitlərlə müqayisədə zəif mövqeyə düşməsi yuxarıda haqqında bəhs etdiyimiz fonetik hadisənin meydana çıxmasında rol oynayan başlıca amillər kimi götürülə bilər. Müasir Azərbaycan dilində və dialektlərimizdə işlənən alçaraq (< alçaqraq), yumşaraq (< yumşaqraq), gödərək (< gödəkrək) formalarında söz köklərindəki q və k samitlərinin düşməsini də eyni səbəblərlə izah etmək mümkündür. Həmçinin azacıq (türk. azacık və azıcık), türk. daracık “darca, sıxca”, biricik “bircəcik” sözlərinin köklərinə artırılmış və müasir dil nöqteyi- nəzərindən tədqiqatçıların səsartımı kimi qiymətləndirdikləri a, ə saitləri, çox güman ki, qədim kiçiltmə bildirən -aq, -ək şəkilçisinin qalığıdır. Müq. et: azacıq / azıcıq (< azaqcıq / azıqcıq), daracık (< dar +ak+cık), biricik (< birək + cik / bir + ik + cik).
Diminutiv mənalı - q, - k şəkilçiləri ilə - cıq, - cik şəkilçilərinin eyni sözün tərkibində ard - arda işlənməsinə “Kitabi - Dədə Qorqud”un Vatikan nüsxəsində də təsadüf edilir. Drezden nüsxəsində Qaraçuq Çobanın qardaşlarının adları Qıyangüc, Dəmürgüc, Vatikan nüsxəsində Qıyangüç və Dəmürəcik şəklindədir. Tədqiqatçılarının, demək olar ki, hamısı Drezden nüsxəsindəki Qıyangüç və Dəmürgüç şəxs adlarındakı güç formantını güc “qüvvət” sözü ilə eyniləşdirmişlər. Halbuki burada güç formantı diminutiv mənalı - qaç, - gəç şəkiçisinin fonetik variantıdır. Müq. et.: alt. kuşkaç, tuva. kuşkaş “quşcuğaz”, yakut. sonoğos “dayça” və s. Dəmürəcik şəxs adı isə - ək kiçiltmə şəkilçisindən k samitinin düşməsi nəticəsində Dəmürəkcik (Dəmür + - ək + - cik) formasından yaranmışdır.
Dostları ilə paylaş: |