Populyasiyaların genetik adaptasiyası və homeostazı. Heteroziqot
vəziyyətində populyasiyalarda mövcud olan irsi dəyişkənlik, xüsusilə mutasiya
genetik quruluşu sürətlə dəyişdiyinə görə onlar ətraf mühitə dərhal uyğunlaşır.
Mutasiya prosesi həm də populyasiyalarda genetik polimorfizm (allellərin
sayının müxtəlifliyi, dominantlığa görə homoziqotluq, resessiv genlərə görə
homoziqotluq və s.) törədir. Polimorfizm həm də populyasiyaların mövcud
olması mexanizmini müdafiə edir. Heteroziqotluq dəyişilən ətraf mühitə
uyğunlaşmanı intensiv sürətdə təmin etdikdə seçmə heteroziqotun xeyrinə
yönəlir və balanslaşdırılmış polimorfizim əmələ gəlir, populyasiyada nəsildən
nəsilə ötürülən müxtəlif genotip və fenotiplərin nisbətində bərabərlik yaranır.
Populyasiyaların öz genetik quruluşunu sabit saxlaması xassəsini təmin edən
proseslər genetik homeostaz adlanır.