Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Firudin bəy Əhmədağa oğlu Köçərli



Yüklə 3,59 Mb.
səhifə128/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   443
Firudin bəy Əhmədağa oğlu Köçərli (1863- 1920) böyük pedaqoq, görkəmli maarifpərvər, dəyərli ziyalı və tanınmış ədəbiy­yat­şünas alim olmuşdur.

O, 1879-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə daxil olmuş və 1885-ci ildə buranı bitirmişdir. Semi­na­ri­ya­da göstərdiyi müvəffəqiyyətinə görə ona “Məzkur ibtidai xalq müəl­limi” adı verilmiş və İrəvan Müəllimlər Gimnaziyasına müəllim gön­dərilmişdir.

1881-ci ildə yaranan və 34 il davam edən İrəvan Müəllimlər Seminariyasında Firudin Bəy Köçərli 10 il dərs demiş, mədəni-maarif işləri aparmış, məktəblər üçün yeni dərs proqramları, dərs və­saitləri tərtib etmiş, mətbuatda təhsilin, pedaqoji elmin müxtəlif sahələrinə dair məqalələrlə çıxış etmişdir. Seminariyada F.Köçər­li­nin müəllimi olmuş A.D.Çernyayevski yazırdı: ”Hazırda elə bir mət­­buat orqanı yoxdur ki, müəllim Köçərli orada xalqının ədə­biy­yatı, tarixi haqqında çıxış etməsin”. ”Ərəb əlifbası və onun nöq­san-ları” adlı silsilə yazıları həm ziyalılar, həm də xalq arasında böyük ma­rağa səbəb olub”.

Seminariyanı bitirdiyi zaman Firudin bəy artıq bir neçə əsərin müəllifi idi.Yunan filosofu Sokratın həyatı və əxlaqi görüşlərinə həsr olunmuş “Təlimati-Sokrat” əsərini də təxminən bu illərdə tərcümə edib qurtarmışdı.

İrəvan Müəllimlər Gimnaziyası F.Köçərli yaradıcılığına qüv­vətli təsir göstərmişdir. O, bu on il ərzində gimnaziyada pedaqoji fəaliyyəti ilə yanaşı ədəbiyyatımızın toplanması, tədqiqi, elmi şərhi sahəsində də bir sıra diqqətəlayiq işlər görür. F.Köçərli gimnaziyada işlədiyi dövrdə öz yaradıcılıq imkanlarından istifadə edərək 1890-cı ildə A.S.Puşkinin “Balıqçı və balıq nağılı” adlı əsərini tərcümə etmiş, daha sonra çap etdirdiyi Puşkinin “Torçu və balıq”, Ler­mon­tovun “Üç xurma ağacı” və M.Kolstovun “A kişi, niyə yatıbsan?” adlı şeirlərini 1895-ci ildə kitabça halında çap etdirmişdir.

On il İrəvan gimnaziyasında işlədikdən sonra, F.Köçərli 1895-ci ildə Qori Müəllimlər Seminariyasına işə dəvət olunmuşdur. Bu təyinat Köçərlini xeyli məmnun etmiş və o, böyük bir həvəslə özünə doğma bildiyi Qori seminariyasında işə başlamışdır. Çünki bir zamanlar dərs aldığı əziz müəllimləri ilə birgə çalışacaqdı. Hə­min ildən o, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbə­sin­də Səfərəli bəy Vəlibəyov, Popov, Qaraqanidze, Lamauri, R.Əfən-di­yev kimi zəmanəsinin mütərəqqi pedaqoqları ilə bir sırada çalış­mış, millətimizin böyük ziyalısı və alimi kimi xalqının maariflən­mə­sində, təhsil almasında böyük rol oynamışdır.

F.Köçərli Qori seminariyasına müəllim təyin olunan gündən bütün imkanlardan istifadə edir. Elm, maarif, mədəniyyət və tərəqqi baxımından geri qalmış Azərbaycan balalarının təlim-tərbiyəsi ilə ciddi məşğul olur.

Elmi fəaliyyəti cəhətdən də Qori illəri Köçərlinin həyatında ən dolğun illərdir. Köçərli Qoridə işləyərkən Azərbaycan ədəbiy­ya­tında realist demokratik cərəyanın ən böyük nümayəndəsi, milli dra­ma­turgiyamızın banisi M.F.Axundovun yaradıcılığını ətraflı təd­qiq etməklə məşğul olmuş, ədibin yüzilliyi ilə əlaqədar olaraq, xüsusi bir kitabça yazmışdır.

Köçərli Qori seminariyasında müəllimlik etdiyi illərdə gürcü inqilabçıları ilə yaxın olmuş, onların köməyi sayəsində inqilabi ədə­biy­yat əldə edib oxumuşdur. 1906-cı ildə bolşevik qəzeti “Də­vət”də çıxış etməsi, zəhmətkeşləri çarizmə qarşı əlbir mübarizəyə çağır­ma­sı da göstərir ki, o, dövrün inqilabi ideyalarına biganə qalmamışdır.

F.Köçərli Qori seminariyasında bir neçə il müəllim, 1910-cu ildən 1918-ci ilədək isə Azərbaycan şöbəsinin rəhbəri vəzifəsində çalışır. Bu dövrdə o, tədrisdə Azərbaycan dilinə geniş yer ayrılması məsə­ləsinə ciddi fikir verir, ana dilimizin yad təsirlərdən qorun­ma­sın­da ziyalıları köməyə çağırırdı. Seminaryanın təzə rəhbərliyi isə vaxtını təhsilə deyil, daha çox intriqalara, azərbaycanlı seminarist­ləri təqib etməyə sərf edirdi. F. Köçərli 1893-cü ildə Tiflisdə çıxan “Ziyayi-Qafqaziyyə” qəzetində geniş məqalə ilə çıxış edib, dil mə­sə­ləsini kəskin müzakirəyə qoymuşdu. Bakıda çıxan qəzetlərdə də dil, məktəb, maarif, təhsil mövzusuna geniş yer verilirdi.

F.Köçərli dərindən dərk edirdi ki, məktəbin tərbiyə işinin ca­nı­nı yaxşı xalq müəllimi ilə yanaşı, ailənin düzgün tərbiyəsi təşkil edir. Çünki hamıdan ziyada xalqın qeydinə qalan, onun gözünü açan və qəlbini elm nuru ilə dolduran müəllim və onun yaxın kö­mək­­çisi ailədir.

F.Köçərli müəllimi durmadan öz üzərində işləməyə, bilik­lərini artırmağa və təcrübəsini zənginləşdirməyə çağırırdı. Müəllim şagirdlərin əqli inkişafı, görüş dairələrinin genişlənməsi üçün yalnız sinifdə dərslə kifayətlənməməli, işinə formal münasibət göstərmə­mə­lidir. F. Köçərli müəllimin fəaliyyətini yalnız məktəb və məktəb­dən­kənar təlim-tərbiyə işləri ilə məhdudlaşdırmır, onları daim ailə ilə əlaqə saxlamağa çağırırdı.

F.Köçərli pedaqoji mülahizələrində əsil insan və vətəndaş ye­tiş­dirməklə bağlı olan bu nəcib xüsusiyyətlərin formalaşması yo­lun­da əngələ çevrilən səbəbləri tənqid edərək, bir daha xatırladırdı ki, xal­qın bu cür ictimai tərəqqiyə çatmamasının səbəbi heç də dini islam məfkursi deyil, məişətə və vətəndaşlıq cəmiyyətinə aid mülki qanunlardır.

F.Köçərli bu yönümdən vətəndaş tərbiyəsi amilləri sırasında şəxsiyyət tərbiyəsini də mühüm vəsilə sanır, bununla əlaqədar ola­raq yazır ki, ”...tərbiyənin amilləri çox olmaqla bərabər qayət müx­tə­lifdir: insanı əhatə edən bütün şeylər, yaxud ona müəyyən təsir göstərən hallar bu qəbildəndir”.

F.Köçərli xalqın tarixini tədqiq, təhlil etmək, öyrətmək və öy­rən­mək üçün nağılların, tapmaca və bayatıların, atalar sözləri və mə­səllərin, sayaçı sözlərinin əhəmiyyətini xüsusi qeyd etmiş və “Ba­lalara hədiyyə” adlı əsərində də bu hikmətli el ədəbiyyatı nü­munələrindən geniş istifadə etmişdir. Bu kitabın yazılması və tərtibi demək olar ki, gənc nəsli şifahi xalq ədəbiyyatı nümunələri ilə tanış etmək və onun tərəqqisinə kömək etmək məqsədi güdmüşdür. Bu kitab əsrimizin ilk illərində uşaq ədəbiyyatının müvəffəqiyyətli nü­mu­nələrindən biri olmuş və müəllifin bu sahəyə dair ədəbi və pe­daqoji fikirlərini özündə təcəssüm etdirmişdir. F.Köçərli şifahi xalq ədəbiyyatını yazılı ədəbiyatın bünövrəsi hesab etmiş və məhz buna görə gənc nəslin təlim tərbiyəsi işində folklor nümunələrini zəruri saymışdır. “Balalara hədiyyə” adlı əsərini də bu prinsip əsasında tər­­tib etmiş, folklara və folklor nümunələri ruhunda yazıl­mış əsər­lərə üstünlük vermişdir. Bu da təsadüfi deyildi. Müəllifə gö­rə, Azərbaycan xalqının uzun illər boyu öz məişətinə, adət və ənə­nəsinə dair yaratdığı nağıl, hikmətli sözlər, incə mənalı tapma­ca­lar, uşaqları əyləndirən, onların ürəyinə yatan yanıltmaclar zaman keç-dik­cə unudulmaqdadır. Bunun qarşısını almaq üçün F.Köçərli öz xal­qını və vətənini sevən hər bir şəxsdən bu qiymətli inciləri, mə-nə­vi nemətləri toplamağı və yeri gəldikcə daha geniş mənada bun­lardan istifadə etməyi hamının vətəndaşlıq borcu sayır. Bu məq-səd­lə ta qədim zamanlardan bu günə qədər ağızdan-ağıza, dildən-dilə düşmüş mahnıları, tapmacaları, hikmətli sözləri və məsəlləri qiy­mətli bir inci kimi nəşr etməyi və geniş oxucu kütləsinin istifadəsinə verməyi özünə borc bilir.

Kitabda Azərbaycan xalqının uzun əsrlər boyu öz məişətinə, adət və ənənəsinə dair yaratdığı və yaşatdığı nağıl, mənzumə və hikmətli sözlər, tapmacalar, yanıltmaclar toplanmışdır. Müəəlif bu nadir el ədəbiyyatını oxucunun istifadəsinə vermiş və həm də uşaq­ların təlim-tərbiyəsi işində bu ölməz sənət incilərinin köməyini alqış­lamışdır. Kitabın müqəddiməsində müəllif yazırdı ki, “Balalara hədiyyə olaraq millətimizin yaratdığı nağıl və hekayələrdən, məsəl və tapmacalardan və bir çox dürlü mənzumələrdən məcmuəni tərtib qıldım ki, onlar unudulub xatirələrdən çıxmasın...Zənnimcə, bu məc­­muəni kim oxusa, böyük ya kiçik, onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq. Bu səbəb ki, onda dərc olunan əsər­lərin cümləsi onların həyatına və təbiətinə müvafiqdir. Böyük adam­ların ürəklərinin açılmağına səbəb bu olacaqdır ki, onlar mü­ta­liə əsasında öz uşaqlıq vaxtlarını bilaixtiyar xatirələrinə gəti­rəcək­lər. Bu isə, yəni qəlbi şad etmək özlüyündə bir xidmətdir”.

“Balalara hədiyyə” əsərinin səhifələrində kiçik həcmli nağıllar xüsusi zövqlə seçilmiş və qruplaşdırılmışdır. Məlum olduğu kimi, xalq yaradıcılığı ilə bağlı olan bu hikmətli nağıllar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb etmişdir. Xalqımızın arzu və istəkləri ilə bağlı olan bu nağıllarda təs­vir və tərənnüm olunan mərd, mübariz, igid, dözümlü, qorxmaz, çə­tin və ağır anlarda ağıl və zəka ilə, təmkinlə, səbrlə bütün ma-neə­ləri aradan qaldıran qəhrəmanları xalq sevmiş, gənc nəslin nüma-yən­dələri də bəzi hallarda özlərini bu əfsanəvi qəhramanlara oxşat­maq istəmişlər. Bu cəhətdən F.Köçərlinin seçdiyi və qruplaşdırdığı nağıllar öz məzmun və ideyasına, sağlam məfkürəsinə, mündəri­cə­si­nə görə kitabın yarandığı dövr üçün çox səciyyəvi idi.

F.Köçərli gənc nəslin hərtərəfli inkişafı üçün yalnız nağıl­lar­dan deyil, şifahi xalq ədəbiyyatının bayatı,layla, sayaçı sözlər, atalar sözləri və məsəlləri, atmaca və tapmacalarından da istifadə etmiş, müxtəlif həyati hadisələləri qələmə almışdır. F.Köçərli “Balalara hədiyyə” kitabında bayatılardan da geniş istifadə etmişdir. Məsələn, vətənə məhəbbət hissi aşılayan müəllif dağları vəsf edir.Təbiətin füsunkar gözəlliklərini özündə əks etdirən bu dağları bahar fəslində bərli-bəzəkli, toylu-büsatlı, güllü-bülbullü, qış fəslində isə qarlı-boranlı təsvir edir.

“Balalara hədiyyə” kitabı bəhs etdiyimiz janrlarla məhdud­laşmır. Burada bu və ya başqa mətni tamamlayan, fikri aydın­laş­dı­ran məsəllərə, tapmacalara, yanıltmaclara və müxtəlif uşaq oyun­la­rı­na geniş yer verilmişdir. Qeyd etmək lazımdır ki, məsəllər, tap­ma­ca­lar, yanıltmaclar və s. müstəqil şəkildə deyil, hər mətnin sonunda, şeir və hekayənin məzmun və ideyasına müvafiq şəkildə veril­mişdir.

F.Köçərlinin apardığı müşahidələr, verdiyi hökmlərdən və gəldiyi nəticələrdən çıxış edərək demək olar ki, onun müxtəlif sahələrdə elmi-nəzəri fikirləri olduğu kimi, dilimizin təmizliyi, saflığı uğrunda apardığı mübarizə həm ədəbiyyatşünasın öz sağlı­ğın­da və həm də sonrakı illərdə böyük əhəmiyyət kəsb etmiş, Azər­bay­can uşaq ədəbiyyatının inkişafına böyük təsir göstərmişdir. F.Kö­­çərlinin qələmindən çıxan bir çox məqalələr və bədii əsərlər uşaqlara doğma ədəbiyyatı sevdirmək, onları ümumxalq dilinin zən­gin­likləri ilə tanış etmək ruhunda yazılmışdır.Ümumiyyətlə, F.Kö­çər­li gənc nəslin təlim-tərbiyəsi işində uşaq ədəbiyyatının roluna böyük əhəmiyyət vermişdir.

F.Köçərlini düşündürən mühüm məsələlərdən biri semin­a­ri­yanın Azərbaycan şöbəsinin Qoridən köçürülməsi olmuşdur. Firu­din bəy Bakıda olarkən “Nəşri-maarif” cəmiyyətinin iclasında çıxış edərkən ziyalılara seminariyanın Azərbaycan şöbəsində vəziyyətin ağır olduğunu söyləmiş və bölgələrimizdən birinə köçü­rülməsini tək­lif etmişdi. Lakin nə rus çarlığı, nə də gürcü knyazlığı buna icazə vermirdi. Onun qərarı isə qəti idi: ”Necə olursa-olsun, seminariyanı Azərbaycana gətirməliyik ki, oxuyanla­rın sayı çoxalsın, ailələrin “Qo­ri uzaqdır, mən uşağımı ora göndər­mərəm” bəhanəsi də kəsilsin”.

Beləliklə, 1918-ci ilin yayında rus çarının yıxılmasından və gür­cü knyazlarının başlarının hökumət qurmağa qarışmasından isti­fadə edən böyük ziyalı F.Köçərli seminariyanı Qazaxa köçürür. Azər­baycan Xalq Cümhuriyyəti dövründə Firudin bəy Qazax se­mi­nariyasının direktoru kimi fəaliyyətə başlayır.

Qazax seminariyasında tarix-coğrafiya dərslərini Əli Hüsey­nov, ədəbiyyat dərslərini Köçərlinin keçmiş tələbələrindən olan Yusif Qasımov, pedaqogika dərslərini isə seminariyanın direktoru Köçərli özü aparırdı.

Göründüyü kimi, Köçərli Qazax seminariyasında təkcə dərs demək, yaxud bir müdir kimi təşkil etməklə fəaliyyətini məh­dud­laş­dır­mır, yaşının 60-a yaxınlaşdığına baxmayaraq, yenə də ikiqat hə­vəs­lə çalışır, özfəaliyyət dərnəkləri təşkil edir, yaşlılardan ötrü sa­vad kursları açırdı. Qazaxda ilk uşaq evi yaradılmasının təşəb­büs­karı da F.Köçərli ilə onun həyat yoldaşı Badisəba xanım olmuşdur.

F.Köçərli yeni məktəblər açılması uğrunda ardıcıl mübarizə aparırdı. Pedaqoji işdə yenilikçi olan Köçərli köhnə məktəbin qüsur və nöqsanlarını da ardıcıl tənqid edir, vaxtı keçmiş əxlaq və tərbiyə normalarını yeni və müasir normalarla əvəz etməyə çağırırdı. Kö­çər­li təlimdə vaxtı keçmiş sxolastik üsulun əleyhinə çıxır və cə­sa­rətlə göstərirdi ki, öz gözəl uşaqlıq illərini ərəb hərflərini əz­bər­ləməklə keçirən balalarımızın zəhməti hədər gedir, onların hafizəsi kütləşir, biliyə həvəsi azalır, nəhayət on-on iki ildən sonra, böyük yaşlı adamlar kimi yetişəndə belə, yenə də onlar savadsız qalırlar.

Köçərli təlim-tərbiyə işində böyük rolu olan dərslik və proq­ramların tərtibinə böyük əhəmiyyət verirdi. Xüsusilə dərsliklərə, xalqın gələcəyi olan minlərlə balaların istifadə edəcəyi qiraət kitab­la­rına qarşı o, daha tələbkar idi. Köçərli tədris proqramlarının müəl­lif­lərindən tələb edirdi ki, onların tərtib etdikləri proqramlar əhatəli və ardıcıl olub, həmin fəndən dərs deyən müəllimin əsas vəzifəsinə-yüksək mənimsəməyə nail olmağa kömək etsin. F.Köçərlinin tərtib etdiyi Azərbaycan dili proqramı müəllifin başqalarından tələb et­dik­lərinə özünün şəxsən necə riayət etdiyini göstərmək üçün əhə­miy­yətlidir. Köçərlinin həmin proqramda təqdir etdiyi pedaqoji prinsip induktiv prinsip olub, təlim prosesində sadədən mürəkkəbə, asandan çətinə doğru təcrübəsinə əsaslanır. Bu isə öz növbəsində keçilən materialın şagirdlərin böyük bir qismi tərəfindən mənimsənməsi üçün ən yaxşı təminat yaradır.

Köçərli müasir ədəbiyyat məsələləri ilə yanaşı Azərbaycan ədə­biyyatının tarixini tədqiq etməklə də müntəzəm məşğul ol­muş­dur. Ədəbiyyat tarixi məsələləri bütün ədəbi tarixi boyu onu maraq­landırmışdır. Tənqidi məqalələrində də o, tez-tez ədəbiyyat tarixinə müraciət edir, ədəbi müqayisələr aparır, ənənələrdən danışır, bu ənənələrın müasir ədəbiyyata tətbiqinin yollarını göstərirdi.

Gənc Köçərli hələ İrəvan gimnaziyasında müəllimlik etdiyi illərdə Azərbaycan yazıçıları haqqında məlumat toplamağa başla­mışdı. Müəllif həm özünə qədərki ədəbiyyatşünasların əsərlərindən, həm də özünün əldə etdiyi materiallardan istifadə edərək rusca yazdığı “Azərbaycan ədəbiyyatı”adlı kitabda oxuculara Azərbaycan ədəbiyyatı haqqında müxtəsər məlumat vermək istəmişdi.

F.Köçərlinin çoxəsrlik Azərbaycan irsini toplayıb, elmi prin­sip və ardıcıllıqla öyrənərək öz tədqiqatının nəticələrini “Azər­bay­can ədəbiyyatı” əsərində xalqın istifadəsinə verməsi onun böyük xid­mətlərindən sayılır. Bu əsəri yazmaqla F.Köçərli müasir Azər­bay­can ədəbiyyat tarixçiliyi elminin əsasını qoymuş və beləliklə, gələcək tədqiqatçılar üçün geniş bir yol açmışdır.

F.Köçərlinin pedaqoji irsində diqqəti cəlb edən mühüm mə­sə­lə­lərdən biri də qadın təhsili məsələsidir. O, qadınları yüksək qiy­mət­ləndirir və dönə-dönə qadınların təhsili problemlərinə toxunurdu.

F.Köçərli düzgün olaraq qeyd edirdi ki, islama qədər Ərəbis­tan­da qadın dözülməz vəziyyətdə olmuş, onun heç bir hüququ ol­ma­mış­dır. İslama qədər ərəblər arasında vəhşi adətlərdən biri məhsul ol­mayan illərdə açlıq və çətinliklərdən qorxaraq öz qız uşaqlarını diri-diri quma basdırmaq idi. Bəzən də onları qul kimi satırdılar. İs­lam­dan sonra bu vəhşi adət dəyişildi. Qadın və kişi bərabər hü­quq­lu oldu.

Ədibin bir sıra məqalələri vardır ki, onları qadın azadlığına həsr etmişdir. Həmin məqalələr: “İslamın qadına münasibəti”, “Keç­­­mişdə müsəlman qadını” və “Müsəlman qadını hal-hazırda” ol­muşdur. Bu məqalələrdə F.Köçərlinin qadın hüququnun mü­da­fiə­çi­si olduğu və onların uşaq tərbiyəsindəki rolu açıqlanır. F.Köçərli gös­tərirdi ki, qadına elə yüksək hüquq verilməlidir ki, müasir öl­kə­lə­rin qadınlarına verilən təhsil və başqa hüquqlardan yüksəkdə da­yansın.

XIX əsrdə Tiflisdə müsəlman ibtidai qız məktəbi açmaq tə­şəb­büsü bütün Qafqaz müsəlmanlarının ictimai və mədəni hə­ya­tın-da çox mühüm hadisə idi. Dövrün məşhur maarifçisi və pedaqoqu F.Köçərli yazırdı: “Müsəlman qız məktəbinin açılması Qafqaz mü-səl­manlarının tarixində yeni dövrün başlanğıcı olacaqdır”. F.Köçərli qız məktəbinin əhəmiyyətini qadınların özlərinin köləlikdən azad olun­masından başqa, həm də ailənin ümumi həyat tərzinin yax­şı­laş-ması baxımından qiymətləndirirdi. O yazırdı ki, müsəlman qız-la­rı-nın məktəbi bitirməsi ilə öz vəzifəsini yaxşı başa düşən təhsilli ev-dar qadınlar və analar meydana gələcək və tədricən bütün mü-səl­man­ların həyat tərzi, istər ailədə, istərsə də kənarda yaxşılığa doğru yenidən qurulacaqdır. F.Köçərli ailə tərbiyəsinin yaxşıla­şa­ca­ğını ay­rı­ca qeyd edir. O yazırdı ki, bir tərəfdən atalar öz uşaqlarının təhsilli və təcrübəli anadan tərbiyə aldıqlarını görüb özlərini xoşbəxt hesab edəcəklər, digər tərəfdən indiyə qədər nökərlərin və meh­tər­lərin himayəsində böyüyən uşaqların özləri xoşbəxt olacaqlar.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin