8.3. Mənəvi tərbiyə
“Mənəviyyat” ərəbcə “Məna” sözündən yaranmışdır. İnsanın mənası, dəyəri deməkdir. Mənəviyyat insanın qəlbinin, ürəyinin gücü, paklığı, təmizliyi, düzlüyü deməkdir. Ona görə də mənəvi tərbiyə qəlb tərbiyəsi ilə bağlıdır. Mənəviyyаt insanın daxili aləmini, xarakterini, insanlara, ətraf aləmə, hadisələrə münasibətini əks etdirən fərdi kateqoriyadır. Mənəviyyat insаnın intеllеktuаl və təbii mаhiyyətidir ki, bu, оnun ruhi tərbiyəsini, daxili aləmini xarakterizə edir və özünü ifadə edir. Bura ilk növbədə insanın şərəfi, namusu, vicdanı, milli-mənlik şüuru, vətəndaşlıq qeyrəti, fədakarlığı, milli-mənəvi dəyərlərə hörməti, keçmişimizi, tariximizi, dilimizi, mədəniyyətimizi, adət və ənənələrimizi dərindən öyrənməsi, habelə xeyirxahlığı, mərhəmət və qayğıkeşliyi, həssaslığı və humanizmi, tolerantlığı, müasirliyi, insanlara hörmət və sevgisi, vətənə məhəbbəti kimi mənəvi keyfiyyətlər daxildiur.
Mənəviyyat insanın olduğu kimi görünməsi, göründüyü kimi olmasıdır. Mənəviyyat insanın daxili aləminin zənginliyinin göstəricisidir. Mənəvi cəhətdən zəngin insanın sağlamlığı da mükəmməl olur. Mənəvi cəhətdən zəngin insan həyatdan zövq alır və rahat yaşayır. Mənəvi cəhətdən zəngin insan hər cür çətinliyə dözə bilir, ən çətin anlarda belə düzgün qərarlar çıxara bilir.
Ulu öndərimiz Heydər Əliyev gənclərin mənəvi tərbiyəsi haqqında, mənəviyyat haqqında Azərbaycan Gənclərinin Birinci Ümumrespublika Forumundakı nitqində belə demişdir: “Xalqımızın tarixinin əsasını təşkil eləyən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır... Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir... mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz... Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. Budur mənəvi tərbiyənin məzmunu!
Məktəbdə mənəvi tərbiyə sahəsində işlər aşağıdakı istiqamətlərdə aparılmalıdır:
-
Məktəblilərdə mənəvi şüur formalaşdırmaq (yaxşılığı və pisliyi, xeyirxahlığı və bədxahlığı, gözəli və çirkini, həqiqini və saxtanı ayırd etməyi bacarmaq, mill-mənəvi şüur, milli mənlik, vətən, millət təəssübkeşliyi, fədakarlıq, soykökünə bağlılıq və s.)
-
Məktəblilərdə mənəvi hisslər yaratmaq (vicdan, şərəf, ləyaqət, namus, borc, inam, məsuliyyət, vətənpərvərlik, vətəndaşlıq və s.)
-
Məktəblilərdə mənəvi mövqe formalaşdırmaq (Həyatın çətin məqamlarında fədakarlıq göstərmək, xeyirxah münasibətdə olmaq, insanlara hörmət, qayğı və həssaslıqla yanaşmaq, kömək və yardım etmək və s.)
-
Məktəblilərdə mənəvi sima formalaşdırmaq (səbr və təmkinli olmaq, tolerantlıq, mütəşəkkillik, dəqiqlik, sədaqətlilik, mərdlik, cəsurluq, mədəniyyət və nəzakətlilik, sadəlik və təvazökarlıq, düzlük və doğruçuluq, dostluq və yoldaşlıq, mərhəmət və qayğıkeşlik və s.)
-
Məktəblilərdə mənəvi dаvrаnış, adət və vərdişlər fоrmаlаşdırmaq (Vətənə, xalqa xidmət etməyə hazır olmaq, xalqın adət və ənənələrinə hörmət, mənəvi davranış nümayiş etdirmək, düzgün müstəqil qərar çıxarmaq, ədəbli, nəzakətli ünsiyyət və rəftar etmək, insanlara xeyirxah münasibətdə olmaq).
Mənəvi tərbiyə iki tərəfli prosesdir. Tərbiyə edən tərbiyə olunana tərbiyəvi təsir göstərir və tərbiyə olunanda mənəvi keyfiyyətlər davranışında, hərəkətlərində özünü göstərir. Bu o zaman davranışda, əməldə özünü göstərir ki, mənəvi keyfiyyətlər sadəcə olaraq əzbərlədilmir, bu keyfiyyətlər hərəkət və davranışda formalaşdırır.
Şаgirdlərin mənəvi tərbiyəsində yаş, fərdi, psixoloji və cinsi хüsusiyyətlər nəzərə аlınmаlıdır.
Dostları ilə paylaş: |