Zehni tərbiyənin dördüncü vəzifəsi şagirdlərə zehni əməyin səmərli təşkili yollarını öyrətməkdir. Yəni nə vaxt zehni işlə məşğul olmalı, necə məşğul olmalı, hansı metodlardan istifadə etməli və s. öyrədilməlidir.
Zehni iş zamanı bu əməyin gigiyenasına əməl edilməlidir. Məsələn, hər bir saatdan bir 10-15 dəqiqəlik tənəffüs etmək, yüngül idman hərəkətləri etmək, gözlərin gimnastikasını etmək, havaya çıxmaq, otağın havasını dəyişmək, iş növünü dəyişmək faydalı hesab olunur.
Zəif işıqlı yerdə və ya çox işıqlı yerdə oxumaq gözlərə zərərdir. Yaxud da uzanmış vəziyyətdə oxumaq, avtobusda oxumaq yenə də gözlərə zərər verə bilər.
Bu sahənin tədqiqatçıları qeyd edirlər ki, zehni fəallıq gün ərzində, həftə ərzində, il ərzində eyni səviyyələrdə olmur. Səhər saatlarından başlayaraq saat 12-yə qədər zehni fəallıq yüksək olur, sonra tədricən zəifləməyə başlayır, günün ikinci yarısında zehni fəallıq axşam saatlarından başlayaraq saat 10-a qədər yüksək olur və sonra tədricən zəifləyir. Gecə saatlarında çalışmaq, yatmamaq üçün çay, qəhvə içmək sağlamlığa zərər olduğu kimi, zehni iş üçün də səmərəli hesab edilmir.
Həftə ərzində də zehni fəallıq eyni səviyyədə olmur. Həftənin 1-ci günü zehni fəallıq bir qədər aşağı ola bilir. İstirahət günündən sonra dincələn beyni işə salmaq üçün zehni işə başlamaq lazımdır.
İl ərzində də zehni fəallıq eyni dərəcədə olmur. Uzun yay boyu istirahətdən sonra sentyabr oktyabr ayları zehni işə alışmaq bir qədər çətin olur və insan tez yorulur. Sonrakı aylar zehni fəallıq yüksəlməyə doğru gedir.
Dostları ilə paylaş: |