8.1. Zehni tərbiyə
Zehni tərbiyə - (Bəzi pedaqoji ədəbiyyatda əqli tərbiyə də işlənir) uşaqların, şagirdlərin zehni qüvvələrinin, zehni təfəkkürünün, əqlinin, dünyagörüşünün, intellektinin məqsədyönlü inkişaf etdirilməsi prosesidir.
Zehni tərbiyə insanda mənəvi zənginlik yaratmaqla bərabər əxlaqi saflığın da əsasını qoyur. Biliklərə yiyələnmə prosesində intellektual qabiliyyətləır yaradıcı təfəkkür inkişaf edir, nəcib əxlaqi keyfiyyətlər formalaşır. Bu prosesdə insanlarda öz gücünə inam yaranır, bu inam isə təşəbbüskarlıq və yaradıcılıq meyllərinin yaranmasına səbəb olur.
Fənn və maraq dərnəklərinin, müxtəlif idraki klubların işi, kitab mütaliəsi, kitab üzərində müxtəlif işlər - rəy yazmaq, plan tutmaq, icmallaşdırmaq, tezis hazırlamaq və s., kitab və kitabxanalardan istifadə, tarixi yerlərə, muzey və sərgilərə, təbiətə ekskursiyaların təşkili, müxtəlif peşə sahibləri, elm adamları ilə görüşlər zehni tərbiyənin mühüm vasitələri hesab edilir.
Zehni tərbiyənin bir sıra vəzifələri vardır.
Zehni tərbiyənin birinci vəzifəsi təfəkkürü, əqli qüvvələri, potensial intellektual qabiliyyətləri inkişaf etdirməkdir. Təfəkkür beynin məhsuludur və bütün insanlara xasdır. Onun dialektik, məntiqi, mücərrəd induktiv, deduktiv, yaradıcı növləri vardır. Təfəkkürün inkişafı fikri fəallıqla, məntiqi və tənqidi düşüncə ilə, təhlil, müqayisə və ümumiləşdirmələr aparmaqla həyata keçirilir.
Düşüncə və fikirləşmək təfəkkürü inkişaf etdirir. Alman pedaqoqu A.Disterveq yazırdı ki, uşaqlara fikirləri deyil, fikirləşməyi öyrətmək lazımdır. Bilikləri deyil, bilikləri tapıb öyrənməyi öyrətmək lazımdır.
Təfəkkürün inkişafı ağlın inkişafına təsir göstərir. Psixoloqlar ağlın aşağıdakı keyfiyyətlərini göstərirlər: ağlın müstəqilliyi, ağlın tənqidiliyi, ağlın dərinliyi, ağlın çevikliyi, fikrin sürəti, fikrin məntiqiliyi.
Dostları ilə paylaş: |